Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-181/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X10 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, İddiaçı, üçüncü şəxslər X6 və vəkili Vəkil, X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3548/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaq) qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaq) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Salyan rayon kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 ticarət sahəsinin X4 barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 ticarət sahəsinin X3 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın ləğv edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 10 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-3548/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmiş, həmçinin mübahisələndirilən qərarlardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X19 oqlu Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən doyüşlərdə həlak olmuşdur. O şəhid ailəsi kimi dövlət və qeyri dövlət qurumlarına müraciət edərək, Səlyan rayon Həsən Əliyev 22 ünvanda yerləşən ticarət obyektini işlətmək ücün onunla icarə müqaviləsi bağlamağı xahiş etmişdir. Buna baxmayaraq hansısa maraqlar hesabına həmin obyekt başqa şəxsə satılmışdır. İlkin olaraq onun müraciəti olduğu ücün hesab edir ki, məhkəmə qaydasında araşdırılma aparılmalı və Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 ticarət sahəsini X4 barədə olan qərar ləğv edilməlidir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı həmin qərarı qəbul edərkən inzibati orqan kimi çıxış etmişdir. “İnzibati orqanların Təsnifatı”nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 5-ci bəndində göstərildiyi kimi, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan sayıla bilər. Hazırda mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, 61 saylı qərar qəbul olunarkən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı inzibati orqan kimi çıxış etmiş və həmin qərar inzibati aktdır. Həmin qərardan onun xəbəri olmamışdır. Üçüncü şəxs binadan istifadə etməyə başladıqdan sonra o, həmin binanın üçüncü şəxsə verildiyindən xəbər tutmuşdur. Cavabdehin dəlilləri ondan ibarət olmuşdur ki, Azərittifaqın mülkiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə dövlət mülkiyyəti olmayıb, payçıların xüsusi mülkiyyətidir. Müraciətdə qeyd olunan Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanda yerlə ikimərtəbəli mağaza binasının 1-ci mərtəbəsi kooperasiyanın payçısının mülkiyyətində 2-ci mərtəbəsi isə onların istifadəsində olduğundan həmin binanın digər şəxsə icarəyə verilməsi qeyri-mümkündür. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçının hazırki məsələdə şəxsən özünün hüquqi marağı yoxdur, məsələnin arxasında öz marağı naminə başqa şəxs durur. Məsələnin mahiyyəti ilə bağlı isə bildirir ki, iddiaçı kooperativ üzvü olmadığına və əmlak payçıların mülkiyyətində olduğuna görə istənilən halda iddiaçının məcburən icarəsinə verilə bilməz. 3-cü şəxsin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, mübahisələndirilən qərarlar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı tərəfindən qəbul edilmişdir, təmsil etdiyi qurum isə qərarı icra etmişdir. 3-cü şəxs X14 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, atası kooperativin payçısı olmuş və həmin əmlak onun icarəsində olmuşdur. Özü də həm payçı olmuş, həm də icarədar olmuşdur, bu əsasla da əmlakn bir hissəsi ona satılmışdır. 3-cü şəxs X14 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, həmin əmlakın bir hissəsi də mərhum atasına satılmışdır, çünki atası 22 il ərzində kooperativin üzvü və payçısı olmuşdır. İddiaçının isə həmin əmlakı tələb etməklə və qərarların ləğv edilməsi ilə bağlı subyektiv hüququ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, surəti iş materiallarına əlavə edilmiş: -Salyan rayon Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli (protokol 1) müvəkkillər yığıncağının qərarından görünür ki, Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanda yerləşən 22 saylı iki mərtəbəli mağaza binasının 1-ci mərtəbəsinin satılmasına razılıq verilməsi məqsəduyğun sayılması, obyektin satılmasına razılıq veriməsinin Azərittifaq idarə heyətindən xahiş edilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli, 8 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 saylı mağaza binasının, sahəsi 288.5 kv.metr olan 2-ci mərtəbəsinin 20.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyyətinin sədri və X15 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. -xx.xx.2022-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 saylı mağaza binasının, sahəsi 270.8 kv.metr olan 1-ci mərtəbəsini 25.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyyətinin sədri ilə X16 arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. X5 xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının məzmunundan görünür ki, Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 saylı mağaza binasının, sahəsi 270.8 kv.metr olan 1-ci mərtəbəsinin 25.000 manata X2 razılıq verilməsi qərara alınmışdır. X5 xx.xx.2022-ci il tarixli, 62 saylı qərarının məzmunundan görünür ki, Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 saylı mağaza binasının, sahəsi 288.5 kv.metr olan 2-ci mərtəbəsinin 20.000 manata X1 razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş və sonuncu tərəfindən qəbul edilmiş məktubun məzmunundan görünür ki, iddiaçıya pozulmuş hüququnun nədən ibarət olmasının şərh edilməsinin zəruriliyi və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermək hüququ izah edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən qeyd edilən məslələrə hər-hansı münasibət bildirilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. -110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi kooperativlərin əmlakı üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu yaranır və kooperativin mülkiyyəti hesab olunur. Həmçinin qanunvericilik istənilən hüquqi və yaxud fiziki şəxslər arasında razılaşmaların azadlığı prinsipini müəyyən etmişdir. Odur ki, hazırki iş üzrə cavabdehin öz mülkiyyətində olan əmlakı hər-hansı şəxsə, xüsusilə də kooperativin payçısına satması kooperativin üzvü olmayan digər şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması kimi qiymətləndirilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququnun olmaması baxımından iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırılması məsələsinə qiymət verilməsi zərurəti aradan qalxmış olur. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3548/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-181/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-181/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver