Məhkəmə qərarları › İş №2-1(106)-233/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-233/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-233/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-408/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “Səbuhi” Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Səbuhi” Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 15 noyabr 2023-cü il tarixli, 2- 1(120)-408/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "Torpaq icarəsi haqqında" Qanun torpaqların icarəyə verilməsinin əsaslarını, icarəyəverənlə icarəçi arasında yaranan münasibətləri tənzimləyir. İşdən göründüyü kimi, cavabdeh istinad etdiyi icarə müqaviləsinin iştirakçısı deyil və onun həmin müqaviləyə əsaslanan tələb hüququ yoxdur. "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə aid edildiyi təsbit olunsa da, sonuncu bu səlahiyyətləri vergi-hüquq münasibətləri müstəvisində həyata keçirməli deyil. Bundan əlavə, kameral vergi yoxlaması üzrə icraat formal aparılmış və mübahisələndirilən qərarlar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim olunması üçün zəruri şərait yaratmadan qəbul olunmuşdur. Halbuki, iddiaçının müvafiq qaydada məlumatlandırıldığı halda, uyğunsuzluğun aradan qaldırılmasını şərtləndirən zəruri sənədləri vergi orqanına təqdim etməsini istisna edən xüsusat müəyyən edilmir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Səbuhi” kooperativinin fəaliyyəti kənd təsərrüfatı sahəsi üzrə heyvandarlıq və balıqçılıqdan ibarətdir. Fəaliyyətini həyata keçirmək üçün Salyan rayonu dövlət ehtiyat fondu torpaqlarıdan 8 ha və 12 ha heyvandarlıq məqsədi ilə və Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 37-s saylı sərəncamı ilə 49.5 ha balıqçılıq məqsədi ilə təbii sututar ərazidən torpaq sahəsi ona icarə müqaviləsi əsasında verilmiş, xx.xx.2020-ci il tarixdə 37 saylı icarə müqaviləsi bağlanmışdır. Balıqçılıq məqsədi ilə ayrılan torpaq sahəsi əvvəllər istifadəsində olmuş, lakin sərəncamın vaxtı bitdiyi dövrdən (xx.xx.2018-ci ildən) yeni sərəncam alana qədər həmin sahədən istifadə edilməmişdir. 2020-2021-ci illərdə COVİD-19 Pandemiya dövründə fəaliyyət göstərməmiş və bu dövrlərdə ona torpaq vergisi hesablanmışdır. Torpaq vergisi ödəyicisi olmağı barədə heç bir məlumat olmamışdır. Çünki əvvəl də bu torpağın icarəçisi olduğu vaxtlarda torpaq vergisi tələb edilməmişdir. 2019-2020-ci illər üzrə ümumilikdə Kooperativdən vergi tələb edilə bilməzdi. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə kargüzarlığına bu verginin ödəyicisi olmağı barədə məktub göndərilmiş və xx.xx.2021-ci il tarixdə 142800 manat torpaq vergisi və 30622 manat faiz heasablanmışdır. xx.xx.2021-ci il tarixdə torpaq vergisi bəyannaməsi təqdim edilmiş, xx.xx.2021-ci İl tarixdə yenidən kameral qaydada 59000 manat torpaq vergisi hesablanır. Kameral hesablanan tarixə onun şəxsi hesab vərəqisində 20.25 manat əsas borcu var idi. Kameral hesablamadan sonar 67258.4 manat əsas bocu 4978 manat faiz borcun olduğu göstərilir. Bu da riyazi hesablamaya görə düzgün görünmür. 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********310600 nömrəli Qərarla 2019-cu il üzrə 19811,76 manat, **********312000 nömrəli Qərarla 2020-ci il üçün 19640,87 manat, **********313700 nömrəli Qərarla 2021-ci il üçün 19640,87 manat torpaq vergisi ödəməli olduğu göstərilmişdir. Qərarlardan etdiyi şikayət AR İİN yanında DVX tərəfindən **********986600 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarla təmin edilməmişdir. Bu qəradan şikayəti də AR İİN Apelyasiya Şurasının xx.xx.2022-ci il tarixli 03 saylı Qərarı ilə təmin edilməmişdir. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi Məcəlləsinə əsasən ilk növbədə sututar ərazidən istifadə etdiyinə əsasən kənd təsərrüfatı sahəsi hesab edilməklə vergidən azad olunmalı idi. Əgər azad olunmadığı müəyyən edilirsə AR VM 203.1 maddəsi tətbiq edilməli idi. Torpaq Məcəlləsi Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyalan), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Təqdim edilən sənədlərdən göründüyü kimi Korperativə icarəyə verilən sahə kənd təsərrüfatı təyinatlı torpaqdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 37-s saylı sərəncamı ilə 49.5 ha balıqçılıq məqsədi ilə təbii sututar ərazidən torpaq sahəsi istifadəyə icarə müqaviləsi əsasında verilmişdir. Sərəncamda su fondu kimi qeyd olunsada bu su fondu deyil kənd təsərrüfatı təyinatlı torpaqdır. İlk növbədə bu nəzərə alnımalıdır. Torpaq vergisini ödəməyə vaxtnda cəlb olunmamış tədiyyəçilər ən çoxu axırıncı iki il üçün vergi ödəyirlər. Göründüyü kimi torpaq vergisi kənd təsərrüftaı təyinatlı torpaqlardan tutulmur və tutlmalı olduğu halda sabit məbləğdə hesablanmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2005-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “çaylarda, göllərdə, su hövzələrində və süni göllərdə balıqçılıq”dan ibarət olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı vergi ödəyicisinin balıqçılığın inkişafı məqsədilə dövlət orqanları ilə torpaqların icarə müqaviləsi bağlanmasına baxmayaraq, torpaq vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-2021 -ci illlər üçün ümumilikdə 142800,0 manat torpaq vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********826400 nömrəli, **********815000 nömrəli və **********814300 nömrəli qərarlar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən xx.xx.2021-ci il tarixdə 2019-2021-ci illər üçün torpaq vergisi bəyannamələri təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 19811,76 manat, 2020-ci il üzrə 19640,87 manat, 2021-ci il üzrə 19640,87 manat torpaq vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarlar qəbul olunmuşdur. Vergi ödəyicisi şikayətində süni su tutarlarda balıq yetişdirməklə məşğul olduğunu, içarəyə götürülmüş torpaq sahəsində heç bir tikilinin olmadığını və fəaliyyət sahəsinin kənd təsərrüfatı sahəsinə aid olduğunu qeyd edərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla hesab edilir ki, vergi ödəyicisinin iddiası təmin edilməməlidir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin Salyan rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 37 s saylı sərəncamına əsasən icarəyə götürdüyü torpaq sahələrinin balıqçılığın inkişaf etdirilməsi məqsədilə icarəyə verildiyi və Azərbaycan Respublikası Statistika Komitəsinin İqtisadi fəaliyyət növlərinin təsnifatına əsasən balıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı fəaliyyət sahələrinə şamil edilmədiyi ücün icarəyə götürülmüş torpaq sahələrinin təyinatı sənaye, tikinti, nəqliyyat, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı sahələrə aid edilərək kameral vergi məbləği hesablanmışdır. İddiaçının nümayəndəsinin araşdırmaya təqdim etdiyi zahatında 2018-ci ilədək fəaliyyət göstərdiyini qeyd etməsinə baxmayaraq xx.xx.2017-cü il tarixdən fəaliyyətini dayandırdığı, 2018-ci ildən 2020-ci ilədək icarə müqaviləsi üzrə müddətin bitməsini, 2020-ci ildən fəaliyyətini bərpa etməsini, bu müddət üzrə torpaq vergisi bəyannaməsi təqdim edilməməli olduğunu qeyd etməsinə baxmayaraq 2019-2021-ci illər üzrə torpaq vergisi bəyannamələrinin təqdim olunduğu müəyyən edilmişdir. Bununla yanaşı təqdim edilmiş təsdiqedici sənədlərə əsasən Salyan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 37s saylı sərəncamına əsasən balıqçılığın inkişaf etdirilməsi məqsədilə 49,5 ha torpaq sahəsi illik icarə haqqı 1000 manat olmaqla 15 il müddətinə icarəyə verilmişdir. Balıqçılıq təsərrüfatı üçün istifadə edilən torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməmişdir. Buna əsasən balıqçılıq subyektlərinin mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurların tutduğu sahəyə görə torpaq vergisi Vergi Məcəlləsinin 206.3-cü maddəsi ilə müəyyən edilmiş digər xüsusi təyinatlı torpaqlar üzrə müəyyən olunmuş dərəcələrlə hesablanır. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Vergi Məcəlləsinin 206.3-cü maddəsinin müddəalarına əsasən digər səhərlər və rayon əzlərində sənaye, tikinti, nəgliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı frmaglar üzrə torpağ sahəsinin 10000 kvadrat metrədək olan hissəsinin hər 100 kvadrat metrinə görə 4 manat, 10000 kvadrat metrdən yuxarı olan hissəsinin hər 100 kvadrat metrinə görə 8 manat, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə 10000 kvadrat metrədək olan hissəsinin hər 100 kvadrat metrinə görə 2 manat, 10000 kvadrat metrdən yuxarı olan hissəsinin hər 100 kvadrat metrinə görə 4 manat olmaqla torpaq vergisi hesablanır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Beləliklə torpaq sahələrini icarəyə verən Salyan rayonu İcra Hakimiyyətinin torpaq vergisi tədiyyəçisi olmadığını, icarəyə verilmiş torpaq sahələrinin balıqçılığın inkişaf etdirilməsi məqsədilə verildiyini, balıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı fəaliyyət sahələrinə aid edilmədiyini, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmadığını, qeyd olunanlara əsasən balıqçılıq subyektlərinin mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurların tutduğu sahəyə görə torpaq vergisi Vergi Məcəlləsinin 206.3-cü maddəsi ilə müəyyən edilmiş digər xüsusi təyinatlı torpaqlar üzrə müəyyən olunmuş dərəcələrlə hesablanmalı olduğunu, vergi ödəyicisinin iddiasının sübuta yetirilmədiyini nəzərə alaraq iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. Prosessual məsələlər İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin torpaq vergisinə münasibətdə iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında xx.xx.2022-ci il tarixli yeni qərar qəbul edilmiş, həmin qərar mübahisələndirilməmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli qərarla iddiaçıya 2019-cu il hesabat dövrü üzrə 19.811,76 manat, xx.xx.2021-ci il tarixli, **********312000 nömrəli qərarla 2020-ci il üzrə 19.640,87 manat, xx.xx.2021-ci il tarixli, **********313700 nömrəli qərarla 2021-ci il üzrə 19.640,87 manat torpaq vergisi hesablanmışdır. -xx.xx.2022-ci il tarixli, **********118500 nömrəli qərarın məzmunundan görünür ki, iddiaçıya 2019-cu il hesabat dövrü üzrə 19.811,76 manat torpaq vergisi hesablanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən 2019-cu il hesabat dövrü üzrə torpaq vergisi yeni qərarla müəyyən edilmiş, bununla da əvvəlki qərarın hüquqi qüvvəsi baxımından mübahisə predmeti olmaması halı ortaya çıxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2019-cu il hesabat dövrü üzrə torpaq vergisi məbləğini mübahisələndirdiyindən sözügedən qərarın qanuniliyi araşdırılmalı, bu əsasla iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda işin yenidən araşdırılması zamanı həmin qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Qeyd olunan məsələlər bilavasitə birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan işin yeni araşdırmaya qaytarılması zərurəti ortaya çıxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(120)-735/2024 nömrəli qərarı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-408/2023 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar