Məhkəmə qərarları › İş №2-1(106)-348/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-348/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-348/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Lənkəran şəhəri İcra Hakimiyyətinə “X9 və X6 işə götürən özəl və dövlət müəssisələrinin konkret adı və ünvanı ilə bağlı informasiya sorğunun tam, doğrudüzgün, əl imzası ilə cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-951/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “X9 və X6 işə götürən özəl və dövlət müəssisələrinin konkret adı və ünvanı ilə bağlı informasiya sorğunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnformasiya sorğunun cavablandırılması, informasiya sorğusunu tam, obyektiv cavablandırmaqdan qəsdən yayındığı üçün ciddi tədbir görülməsi üçün xüsusi qərardad çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-951/2025 qərardadı ilə iddia tələbinə “X9 və X6 işə götürən özəl və dövlət müəssisələrinin konkret adı və ünvanı ilə bağlı informasiya sorğunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Media Haqqında" Qanunun müvafiq maddələrini rəhbər tutaraq, Redaksiyamız tərəfindən, X4 və X7 əkinə yararlı torpaq sahəsinin olub-olmaması barəsində, bundan başqa, həmin Müəssisələrdə təhsil alan tələbələr üçün,istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədi ilə,dövlət və özəl işəgötürən müəssisələrlə müvafiq müqavilələrin olub-olmaması barəsində informasiya sorğusunun cavablandırılmasını xahiş etmişdir. Lakin,Peşə Təhsili üzrə Dövlət Agentliyi informasiya sorğularının tam,doğru-düzgün,əl imzası ilə cavablandırmaqdan açıq-aşkar imtina edir. Hesab edir ki, Peşə Təhsil üzrə Dövlət Agentliyi, bununla ciddi qanun pozuntusuna yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-951/2025 saylı qərarı (Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-951/2025 saylı qərarının ləğv edilərək qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsində informasiya sahibinin açıqlamalı olduğu informasiyaların siyahısı dəqiq göstərilmişdir. Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Qanunda göstərilən bu faktlar nəzərə alınaraq müəssisələrin əməkdaşlıq etdiyi dövlət və özəl işəgötürən təşkilatlar haqqında məlumatların İddiaçı verilməsi məqsədəuyğun hesab edilməmişdir. X8 Məhkəməsi zəruri maddi və prosessual hüquqi normalara əsaslanmadan, kifayət qədər araşdlrma aparmadan xx.xx.2025-ci il tarixli 2-1(120)-951/2025 nömrəli qərarı ilə iddiaçının informasiya sorğusuna tam və əl imzası ilə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinı qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə mövqeyini əsaslandırarkən mübahisənin predmeti ilə bağlı zəruri maddi və prosessual hüquqi normalara istinad etməmiş, informasiyanın açıqlanmasının qanuni məhdudiyyətləri nəzərə alınmamışdır. Göründüyü kimi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən informasiya sahibinin açıqlamalı olduğu məlumatların siyahısına əsasən hazırki iş üzrə konkret işəgötürən müəssisələrin ad və ünvanlarının açıqlanması vəzifəsi yaranmır. Lakin məhkəmə məsələyə səthi yanaşaraq iddiaçının xeyrinə qərar qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-951/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 72.İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Maddə 72.İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Maddə 29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: Maddə 29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası; Maddə 29.1.2. büdcə proqnozları; Maddə 29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; Maddə 29.1.4. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar; Maddə 29.1.5. dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar; Maddə 29.1.6. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar; Maddə 29.1.7. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları; Maddə 29.1.8. dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar; Maddə 29.1.9. bu Qanunun 9.1-ci maddəsi ilə müəyyənləşdirilən informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar; Maddə 29.1.10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan; Maddə 29.1.11. normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən; Maddə 29.1.12. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar; Maddə 29.1.13. dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar; Maddə 29.1.14. ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar; Maddə 29.1.15. dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən; Maddə 29.1.16. dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək; Maddə 29.1.17. dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar; Maddə 29.1.18. dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar; Maddə 29.1.19. dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar; Maddə 29.1.20. kütləvi tədbirlərin proqramları; Maddə 29.1.21. dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar - bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək; Maddə 29.1.22. dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar; Maddə 29.1.23. dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar; Maddə 29.1.24. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin), həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar; Maddə 29.1.25. təbii inhisar subyektləri – istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar; Maddə 29.1.26. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar; Maddə 29.1.27. əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar - bu dəyişikliklər edilənədək; Maddə 29.1.28. məhkəmə aktları; Maddə 29.1.29. qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar; Maddə 29.1.30. informasiya sahiblərinin reyestri; Maddə 29.1.31. ictimai rəy sorğusunun nəticələri; Maddə 29.1.32. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar; Maddə 29.1.33. dövlət sirri təşkil edən məlumatların siyahısı; Maddə 29.1.34. açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar. Maddə 29.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. kommersiya sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar; Maddə 7.1. Mülki-hüquq müqavilələrinə məxfilik haqqında şərtlərin daxil edilməsi, yaxud bu müqavilələrlə bərabər yazılı formada razılaşma bağlanması kommersiya sirri rejiminin müəyyən edilməsinin zəruri şərtidir. Maddə 7.2. Mülki-hüquq müqavilələrinə əsasən kommersiya sirrini əldə edən və onun yayılmasına yol verən, yaxud kommersiya sirrinin digər şəxslərə verilməsi qaydası barədə müqavilənin şərtlərini pozan konfident müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı Salmanov X2 Peşə Liseyi və X6 işə götürən özəl və dövlət müəssisələrinin konkret adı və ünvanı ilə bağlı informasiya sorğunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Media haqqında” Qanunun 6.3 və 17.1-ci maddələrini rəhbər tutaraq X10 və X4 əkin üçün yararlı torpaq sahələrinin olub-olmaması barəsində, Liseyin işəgötürən özəl və dövlət müəssisələri ilə (konkret müəssisələrin adını və ünvanını göstərməklə), müqavilələrin olub-olmaması ilə bağlı, həmçinin Peşə təhsilinin üstünlükləri ilə bağlı sorğu ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə tam cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəyicə ilə razılaşmayaraq mübahisənin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə xx.xx.2024-cü il tarixdə sorğu verərək X4 əkinə yararlı torpaq sahəsinin olubolmaması, həmin müəssisədə təhsil alan tələbələr üçün istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədilə dövlət və özəl işəgötürın müəssisələrlə müqavilələrin olub-olmaması və peşə təhsilinin üstünlükləri barədə məlumat verilməsini istəmişdir. İddiaçı eyni məzmunda sorğu ilə xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək X7 əkinə yararlı yararlı torpaq sahəsinin olub-olmaması, həmin müəssisədə təhsil alan tələbələr üçün istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədilə dövlət və özəl işəgötürən müəssisələrlə müqavilələrin olub-olmaması və peşə təhsilinin üstünlükləri barədə məlumat verilməsini istəmişdir. Sorğu verərkən iddiaçı “Media haqqında” Qanunun 6.3 və 17.1-ci maddələrinə əsaslanmışdır. İddiaçının sorğularına müvafiq olaraq verilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarda iddiaçının sorğusuna ətraflı cavab verilmiş, sadəcə liseylərin istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədilə müqavilə bağladığı hüquqi şəxslərin adı və konkret ünvanı barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-1-ci maddəsi nəzərə alınmaqla iddiaçıya təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını aşağıdakı hüquqi normalar çərçivəsində dəyərləndirməyi zəruri hesab edir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsində informasiya sahibinin açıqlamaq vəzifəsi daşıdığı informasiyaların siyahısı göstərilmişdir. Bunların siyahısına ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası, büdcə proqnozları, dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr, dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar, dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar, dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları, dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bu Qanunun 9.1-ci maddəsi ilə müəyyənləşdirilən informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar, normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan, normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar, dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar, ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar, dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən, dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək, dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar, dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar, dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar, kütləvi tədbirlərin proqramları, dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar - bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək, dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar, dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin), həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar, təbii inhisar subyektləri – istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar, tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar, əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar - bu dəyişikliklər edilənədək, məhkəmə aktları, qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar, informasiya sahiblərinin reyestri, ictimai rəy sorğusunun nəticələri, informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar, dövlət sirri təşkil edən məlumatların siyahısı, açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar daxildir. Həmin Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. “Kommersiya sirri haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən mülki-hüquq müqavilələrinə məxfilik haqqında şərtlərin daxil edilməsi, yaxud bu müqavilələrlə bərabər yazılı formada razılaşma bağlanması kommersiya sirri rejiminin müəyyən edilməsinin zəruri şərtidir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən mülki-hüquq müqavilələrinə əsasən kommersiya sirrini əldə edən və onun yayılmasına yol verən, yaxud kommersiya sirrinin digər şəxslərə verilməsi qaydası barədə müqavilənin şərtlərini pozan konfident müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır. “İnformasiya əldə etmək haqqında” Qanunun 21.1.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda informasiya sahibi sorğunun icrasından imtina edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normaları əsasında belə qənaətə gəlir ki, iddiaçının sorğusuna cavabdehin natamam cavab verməsi ilə bağlı hərəkətləri qanuni və əsaslıdır. Əvvəla qeyd olunmalıdır ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsi çərçivəsində dəyərləndirdikdə aydın olur ki, hazırki iş üzrə cavabdehin mülki-hüquqi müqavilə bağladığı hüquqi şəxslərin adını və ünvanını açıqlamaq vəzifəsi qanunvericiliklə müəyyən olunmayıb. Hətta cavabdeh tərəfindən iddiaçının sorğularına verilən cavabda həmin məlumatların açıqlanmasının hüquqazidd olduğu qeyd edilmişdir. Bu da hesab etməyə əsas verir ki, müqavilə ilə kontragent hüquqi şəxslər sorğu verilən məlumatların yayılmaması ilə bağlı razılığa gəlmişlər ki, həmin razılaşma avtomatik olaraq sözügedən məlumatlarla bağlı kommersiya sirri rejimi yaradır və bu da cavabdehin üzərinə həmin məlumatların üçüncü şəxslərə təqdim edilməməsi vəzifəsini qoyur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 72.İİ maddəsini nəzərə alaraq qeyd edir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İddiaçının sorğularının məzmunundan görünür ki, o, cavabdeh inzibati orqana sorğu verərkən “Media haqqında” Qanunun 6.3 və 17.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi həmin normalar sorğunun icra edilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki, “Media haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Həmin Qanunun 17.1-ci maddəsinə görə isə media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, sorğunun verilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçı hər hansı təqibə məruz qalmamış və ona təzyiq göstərilməmişdir. Halbuki, “Media haqqında” Qanunun 6.3-cü maddəsi jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsinin yolverilməzliyi ilə bağlı müddəaları özündə ehtiva edir. Digər tərəfdən isə jurnalistlərin fəaliyyətinin azadlığı mütləq xarakter daşımadığı kimi, qanunla məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-1-ci maddəsini nəzərə alaraq qeyd edir ki, cavabdehin iddiaçının sorğusuna natamam cavab verməsi də informasiya əldə olunması ilə bağlı məhz qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri qorunmuş, iddiaçının hansısa subyektiv hüququ pozulmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli sorğusuna qanunun yol verdiyi çərçivədə, yəni Lənkəran və X7 əkin üçün yararlı torpaq sahələrinin olub-olmaması, Peşə təhsilinin üstünlükləri ilə bağlı suallara ətraflı şəkildə cavab verilmiş, sadəcə sözügedən liseylərin tələbələr üçün istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədilə müqavilə bağladığı dövlət və özəl işəgötürən müəssisələrin adı və konkret hüquqi ünvanı ilə bağlı məlumatlar iddiaçıya təqdim edilməmişdir. Bununla da “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-1-ci maddəsinin tələbləri qorunmuş, iddiaçının hansısa subyektiv hüququ pozulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq və yuxarıda qeyd edilən əsalardan çıxış edərək iddianın mümkün sayılmamasını məqsədəuyğun hesab edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-951/2025 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar