Məhkəmə qərarları › İş №2-1(106)-351/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-351/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-351/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şərifov Sarvan Şərif oğlunun, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2-1(120)-1735/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizəni və ərizəyə əlavə edilmiş apellyasiya şikayətini nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 01 dekabr 2020-ci il tarixli, 2- 1(120)-1735/2020 nömrəli qərarı ilə İddiaçı iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin iddiaçı apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2-1(120)-1735/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2-1(120)-1735/2020 nömrəli qərarı qəbul edilərkən o, məhkəmə iclasında iştirak etmişdir. Mübahisələndirilən qərar onun yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilsə də, həmin qərarı onun evdə yaşayan ailə üzvləri qəbul etmişdirlər. Ailə üzvlərinin səhhətlərində problem var, mübahisələndirilən qərar poçt vasitəsilə onlara göndərilsə də, xəstəlikləri ilə əlaqədar ailə üzvləri ona bu barədə vaxtında məlumat verməmişdirlər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2-1(120)-1735/2020 nömrəli qərarının surəti 22 dekabr 2020-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq iddiaçının apellyasiya şikayəti 28 iyul 2023-cü il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 02 il 07 ay 6 gün müddət keçdikdən sonra poçt orqanına təqdim edilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Lakin iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2-1(120)-1735/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar