Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-466/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X9, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2-1(120)1518/2024 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın dayandırıldığı vaxtdan bərpa olunması və sosial yardım üzrə 2023-cü ilin iyul-avqust ayları üzrə ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 2006-cı ildə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı olmuşdur. Bundan sonra həyat yoldaşı vəfat etmiş və o, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan da 2 övladı dünyaya gəlmişdir. Hər iki ailəlikdən nikahı qeydə alınmamışdır. Övladlarının atalığı müəyyən edilmişdir. Hazırda 6 övladı ilə birgə ünvan 1 ünvanında yerləşən anasına məxsus 19,8 kv.metr sahəsi olan 1 otaqlı mənzildə anası və qardaşı ilə birgə yaşayır. xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi ilə Kürdəmir şəhəri, Soltan Şıxalıyev küçəsində yerləşən sahibkar X4 məxsus ərzaq mağazasında satıcı işləyir. Ünvanlı sosial yardımın alınması ilə bağlı xx.xx.2022-ci il tarixli **********01102 nömrəli müraciəti əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ailəsinə 882 manat məbləğində ÜDSY ödənişi təyin edilmiş və o, həmin məbləği xx.xx.2023-cü il tarixə kimi almışdır. xx.xx.2023-cü il tarixdə özlərini DSMF-nin işçiləri kimi təqdim edən adlarını bilmədiyi 2 nəfər şəxs yaşadığı ünvana gəldilər, mənzildə telefonla çəkliş aparıblar və övladlarının şəkillərini çəkiblər, onların, anasının və qardaşının doğum haqqında şəhadətnamələrinə və şəxsiyyət vəsiqələrinə baxıblar. Bundan sonra yaşadığı mənzilin qarşısındakı küçədə saxlanmış minik maşınlarını çəkdilər və həmin maşınlardan onun istifadə etməyi ilə maraqlanıblar. Həmin maşınlar qonşulara məxsusdur və onlardan onun istifadə etmək hüququnun olub-olmaması ilə əlaqədar maraqlanıblar. O, bu barədə onlara bildirb ki, bu maşınlardan onun istifadə etmək hüququna dair heç bir rəsmi sənəd mövcud deyil. Bundan sonra növbəti ayın, yəni 2023-cü ilin iyul ayının yardımını almaq üçün kartını Bank aparatına salmış və karta pul vurulmadığını müəyyən etmişdir. Bundan sonra DSMFnin Kürdəmir rayon filialına müraciət etmiş və burada ona sosial yardımın təyin olunmasından imtina bildirişi təqdim etmişlər. Bildirişlə tanış olduqda ona məlum oldu ki, imtinanın səbəbi istifadəsində nəqliyyat vasitəsinin olması qeyd olunmuş və yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Bir mənalı olaraq diqqətə çatdırır ki, ailənin nə mülkiyyətində, nə də ki, istifadəsində nəqliyyat vasitəsi mövcud deyil. Bundan sonra bu barədə xx.xx.2023-cü il tarixdə ƏƏSM-nin X20 teleqram ünvanlamış, xx.xx.2023cü il tarixdə isə Göyçay şəhərində Nazirliyin aparat rəhbəri Fuad Musayevin qəbulunda olmuşdur və baş vermiş hadisəni olduğu kimi ona söyləmişdir. Bundan əlavə bu barədə 4 dəfə “142'’ qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə ünvanına DSMF-nin X1 üzrə Mərkəzi Filialından məktub daxil olmuş və şikayətinin araşdırıldığı bildirilməklə guya istifadəsində “Volswagen Touareg” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olması aşkar edilmişdir. Təkrarən bildirir ki, ailənin mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur, o cümlədən məktubda qeyd olunan minik maşını. Bundan sonra məktubda qeyd olunan “Volswagen Touareg” markalı 99- OY-397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimə məxsus olması barədə Yol Polis Xidmətindən məlumat almış və ona məlum oldu ki, həmin minik maşını Bakı şəhəri, Xətai rayonu, Zığ şössesi, ev 22B, giriş 2, mənzil 21-də yaşayan X6 məxsusdur və etibarnamə ilə Kürdəmir rayonu, Atakişili kənd sakini X3 istifadəsindədir. Bundan sonra Taleh Zərbalıyevlə əlaqə saxlamış və sözügedən minik maşınının qeydiyyat şəhadətnaməsinin və elektron talonun surətlərini əldə etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(120)-1518/2024 saylı qərarı ilə iddianın təmin olunması və “sosial yardımın dayandırıldığı vaxtdan bərpa olunması və sosial yardım üzrə 2023-cü ilin iyul-avqust ayları üzrə ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********01102 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış X1 nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 882 manat məbləğində ÜDSY təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixdə monitorinq aparılmış və ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq, yəni ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkar edilmişdir. Belə ki, iddiaçı monitorinq zamanı istifadəsində avtomobil olmasını bildirmiş, həyata keçirilmiş monitorinq video çəkilişlə qeydə alınmış, müayinə zamanı verilən məlumatlar akta qeyd edildikdən sonra İddiaçı şəxsi imzası ilə təsdiqlənmişdir. X18 filialı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə iddiaçı və onun ailə üzvlərinin adına rəsmiləşdirilən etibarnamələr (mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olmasına dair) və onların qüvvədə olma müddəti barədə sorğu ünvanlanmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş məlumatlara əsasən "Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə Bakı səhəri 5 saylı notariat ofisində İddiaçı adına (xx.xx.2022-ci ildə xitam verilmişdir), xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində X11 adına (xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür) etibarnamələrin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Belə ki, “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əmək haqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Eyni zamanda 10.4-cü maddədə göstərilmişdir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan sosial yardımın ödənilməsi dayandırılaraq daxil olan müraciətə imtina verilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarının ləğv olunması və iddianın təmin olunmaması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, onun hal-hazırda altı övladı vardır və onları tək böyüdür. Cavabdeh tərəfin qeyd etdiyi avtomobil ona məxsus deyil və ümumiyyətlə heç vaxt istifadəsində olmamışdır. Ona ünvanlı sosial yardım təyin olunarkən işləmiş və hər ay 350 manat əmək haqqı almışdır. 2022-ci ilin dekabr ayında həmin işindən azad olunmuş və 2023-cü ilin yanvar ayında yeni fəhlə işinə qəbul olunmuşdur. 2023-cü ilini iyul ayına qədər həmin işdə işləmişdir. Əmək haqqında artım olmamış, eyni qaydada 350 manat əmək haqqı almışır. İşdən çıxıb yeni işə qəbul olunması barədə cavabdeh tərəfə məlumat verməmişdir və belə bir öhdəliyinin olmasını da bilməmişdir. Göstərdiyi əsaslara görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabeh tərəfin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirdi ki, iddiaçının X7 ilə xx.xx.2023-cü il tarixindən bağlanmış aktiv əmək müqaviləsi mövcud olmuş, həmin məlumatı gizlətmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunvericilik; “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində qeyd olunmuşdur ki, sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan Qanunun 6-cı maddəsinə əsasən; -6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 7-ci maddəsi; -7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; -7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; -7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunun 10-cu maddəsinə əsasən; -10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, ailənin ünvanlı dövlət sosial yardım ödənişi əsassız olaraq dayandırılmışdır. Qeyd olunan ödənişin dayandırılmasının hüquqi əsası kimi ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixdə monitorinq aparılmış və ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq, yəni ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi (iş yerinin dəyişməsi) aşkar edilmişdir. Göründüyü kimi ünvanlı sosial yardımın dayandırılması üçün iki əsas müəyyən olunmuşdur. Hər iki əsas üzrə birinci instansiya məhkəməsində hərtərəfli araşdırma aparılmış müəyyən olunmuşur ki, İddiaçı, onu ailə üzvləri X2 və X11 adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Eyni zamanda diqqətə çatdırır ki, **-OY-*** dövlət qeydiyyat nişanlı "VOLKSWAGEN TOUAREG" markalı nəqliyyat vasitəsi 19.01,2022-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatda olan 24.11,1983cü il təvəllüdlü X5 adında qeydiyyatdadır. Bundan başqa apellyasiya baxışında əldə olunmuş məlumatlardan aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər X8 ilə bağladığı əmək müaviləsi əsasında hər ay 345 manat əmək haqqı almışdır. Həmin məlumatın verilməməsi mübahisəsiz hal olsa da, nəzərə alınmalıdır ki, iddiaçıya ünvanlı sosial yardım təyin olunan zaman da o, işləmiş və eyni məbləğdə əmək haqqı almışdır. Göründüyü kimi, İddiaçı əvvəlki işdən çıxıb yeni işə qəbul olunmaqla, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verməmiş, stabil vəziyyətdə qalmışdır. Eyni zamanda bu hal da nəzərə alınmalıdır ki, cavabdeh tərəfin informasiya ehtiyatlarında və sistemlərində onun iş yerini dəyişməsi və yeni əmək müqaviləsi bağlaması barədə məlumatlar vardır. Belə ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 10.2-ci maddəsində qeyd olunmuşdur ki, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Kollegiyanın qənaətinə görə yeni əmək müqaviləsinin bağlanmasını cavabdeh tərəfin informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar sıyahısına aid etmək və bu halı istisna kimi qiymətləndirilmək olar. “İnzibati icraat haqqında” Qanunun 24.2.-24.4-cü maddələrinə müvafiq olaraq inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Monitorinq zamanı müəyyən edilmiş avtomobilin iddiaçı tərəfin həyətində olması əsası ilə cavabdeh tərəfin səlahiyyəlti şəxslərinin öz mülahizəsinə əsasən Aynur Kərimoba və ya ailə üzvlərinin istifadəsində olması kimi qiymətləndirilməsi əsas verir ki, aidiyyəti vəzifəli şəxslər öz təşəbbüsləri ilə heç bir araşdırma aparmamışlar, yalnız faktiki görünüşə görə qərar qəbul etmişlər. “Ünvanlı sosial dövlət yardımı haqqında” qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. “Yaşayış minimumu haqqında” Qanunun 1.0.9-cu maddəsi ilə müyyən edilmişdir ki, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. Qanunun 1.0.2.-ci maddəsinə əsasən isə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Qeyd olunan Qanunun 5.1- 5.3.-cü maddələrinə görə ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir. Ölkə üzrə əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin , ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri, eləcə də iddiaçının ünvanlı dövlət sosial yardımının dayandırılmasına əsas olmuş hallar məhkəmə araşdırmasınin nəticəsi ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əmlaka müvəqqəti sahiblik və ya istifadə etmə, istifadə edənin özününkü kimi qiymətləndirilməsi tamamilə qanunsuz yanaşmadır. Monitorinq zamanı əmlak müəyyən olunmuş olsa belə, yenə də dəyərləndirmə ehtiyac meyarına uyğun aparılmalı, bu hala uyğun qərar qəbul olunmalıdır. Bu tip yanaşmaların hüquqi nəticəsi olaraq hüququ təmin olunmuş şəxslər qanuni mənafelərindən məhrum olmuş olurlar və bu da eyni zamanda əsassız məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(120)1518/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-466/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-466/2024
26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver