Məhkəmə qərarları › İş №2-1(106)-506/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-506/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-506/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(120)-838/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 6088.67 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə və artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar vergi ödəyicisinin ərizəsinin verildiyi xx.xx.2019-cu il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin ödənilməsi barədə rəylərin verilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 04 aprel 2025-ci il tarixli, 2-1(120)- 838/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən hər hansı səbəbə görə artıq ödənilmiş və ya vergi orqanı tərəfindən artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması mexanizmini təsbit etmişdir. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırki mübahisə İddiaçı tərəfindən artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmasının gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi xx.xx.2019-cu il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizini ödənilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin verginin hesablanması yaxud yenidən hesablanması barədə iddiaçıya heç bir əsaslandırma olmadan sadəcə olaraq bidiriş göndərməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçıların müraciətinə formal olaraq yalnız qanunvericiliyin normalarının sadalanması ilə verilən cavab inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın işin hallarının hərtərəfli araşdırılması vəzifəsini müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Bundan başqa, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi tarixdə iddiaçının xx.xx.2019-cu il tarixə 6088,67 manat artıq ödəməsi mövcud olmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, vergi ödəyicisi qismində çıxış edən iddiaçı gecikdirilmiş hər gün üçün 6088,67 manat məbləğin 0,1% məbləğində faiz borcunu tələb etmək hüququna malikdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqanın xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, və xx.xx.2020-ci il tarixli cavab məktublarında artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını geri qaytarmaqdan imtina etmişdir. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə 6442,42 artıq ödəmənin yaranması əks olunmuşdur. İddiaçı tərəfindən 2019-cu il üzrə fiziki şəxslərin gəlir vergisinin cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmədiyi təqdirdə iddiaçının hesab vərəqəsinə xx.xx.2019-cu il tarixdə FŞGV2019 Cari (arayış) işlənmişdir. İddiaçı tərəfindən 2019-cu il FŞGV bəyannaməsi təqdim edilmədiyi halda xx.xx.2019-cu il tarixdə kimsə saxta bir imza ilə 6 Saylı Ərazi Vergilər Baş İdarəsinə arayış formasında bəyannamə təqdim etmişdir və dərhal bu bəyannaməyə Kameral vergi yoxlaması aparılmışdır. Artıq ödəmə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının bank hesabına qoyulmuş sərəncam nəticəsində qanunsuz və əsassız olaraq bank hesabından silinmişdir. 2019-cu il Gəlir vergisi cari bəyannaməsinə əsasən keçirilən kameral vergi yoxlaması və göstərilən səbəblər tamamilə əsassızdır. Belə ki, qeyd edilən bəyannamə iddiaçı tərəfindən göndərilməmişdir, iddiaçının əvəzindən ona aid olmayan imza ilə arayış təqdim edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 may 2021-ci il tarixli, **********771600 nömrəli qəranın ləğv edilməsi ilə əlaqədar Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə 6 saylı Ərazi Baş Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 may 2021-ci il tarixli, **********771600 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2391/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə apellyasiya instansiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Artıq ödəmənin qaytarılmasından imtina barədə cavabdeh inzibati orqanın dəlilləri formal mülahizələrə əsaslanmaqla sırf deklarativ və konkret olmayan xarakter daşıdığından əsassızdır. Cavabdeh tərəfindən iddianın mümkün sayılmaması haqqında vəsatət təqdim edilmiş, vəsatətdə qanunvericiliyin normaları sadalanmış, lakin iddianın mümkün sayılmamasının hüquqi və faktiki əsasları şərh edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı artıq ödəmənin qaytarılması barədə müraciətləri qanunvericiliyin tələblərinə uyğun araşdırılmış, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın tələblərinə uyğun yenidən müraciət edilməsi, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı barədə məlumat verilmişdir. Eyni zamanda, əlavə məlumata ehtiyacı olacağı təqdirdə 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi vergi ödəyicisinə təklif edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı onun hüquq və vəzifələri izah olunmasına baxmayaraq, artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidən vergi orqanına müraciət etməməsi və cavabdehin imtinasını təsdiq edən sübutun ümumiyyətlə işin materiallarında olmaması artıq ödəmələrin qaytarılmasının gecikdirilməsinin vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyini təsdiq edən əsas səbəbdir. Artıq ödəmənin qaytarılması barədə ərizədə göstərilən məlumatlar mövcud qaydaların tələblərinə uyğun düzgün şəkildə doldurulmadığı üçün iddiaçının gecikdirilmiş müddət üçün faizin ödənilməsini tələb etməsi əsassızdır. Lakin, birinci instansiya məhkəməsi onu qeyd etməmişdir ki, 6088.67 manat vergi məbləğinin qaytarılması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin qaytarılması vaxtını xx.xx.2019-cu il tarixdən müəyyən etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etmə formasına uyğun olmadığı halda qeyd olunan tarixi və müddəti hansı əsaslarla müəyyən etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının vəkili isə stasionar qaydada müalicə alması səbəbindən məhkəmə iclasında iştirak edə bilməməməsini əsas göstərərək, iclasın təxirə salınmasını xahiş etmiş, lakin müalicə almasını təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: -87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; -87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. -87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. -3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: -4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; -4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; -4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. -6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İş materiallarında olan: -Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı adına səhv verilmiş bəyannaməyə əsasən sərəncamla alınmış 6088.67 manat məbləğində artıq ödəmə qeyd edilmişdir. -Artıq ödənilmiş vəsaitin qaytarılması haqqında iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli məktubda bildirilir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Azərbaycan Respublikası "Vergi Məcəlləsi" ilə tənzimlənir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 saylı Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları"na uyğun həyata keçirilir. Artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarda nəzərdə tutulmuş nümunəvi ərizə forması ilə müraciət olunmalıdır. Qaytarmaya əsas verən səbəblər ərizədə qeyd olunmalı və təsdiqedici sənədlər əlavə olunmalıdır. Qeyd olunanlarla əlaqədar artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarda nəzərdə tutulmuş nümunəvi ərizə forması iddiaçıya təqdim olunur. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi ödəyicisinin artıq ödədiyi vəsaitləri geri qaytarılması və ya əvəzləşdirilməsi vergi ödəyicisinin hüququdur. Həmçinin vergi qanunvericiliyi vergi orqanı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən etmişdir ki, iddiaçı bu müddət ərzində ərizə vermişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi qanunverici artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmalı olduğunu müəyyən etmişdir. Cavabdeh inzibati orqan bu tələbə riayət etmədiyindən iddiaçı gecikdirilmiş günlər üzrə 6088,67 manat məbləğin 0,1% məbləğində faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. İşin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(120)-838/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar