Məhkəmə qərarları › İş №2-1(106)-543/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-543/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-543/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(120)-24/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 05 saylı, xx.xx.2019-cu il tarixli Meşə Fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilə əsasında ayrılmış 21.0 ha torpaq sahəsinə icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 29 aprel 2025-ci il tarixli, 2- 1(120)-24/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən keçirilmiş mütəxəssis rəyi və ekspertiza rəyindən görünür ki, İddiaçı icarəyə verilmiş 21.0 ha torpaq sahəsi xx.xx.2019-cu ildə icarəyə verildiyi vaxt və hazırda dövlət mülkiyyətində olmaqla Meşə fondu torpaqları kateqoriyasına aiddir. Hazırda qeyd olunan 21.0 ha torpaq sahəsində İddiaçı tərəfindən nar bağı salınmış və iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunur. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin icarəyə verildiyi vaxt və hazırda dövlət mülkiyyətində olmaqla Meşə fondu torpaqları kateqoriyasına aid olduğu üçün iddiaçının icarə hüququnun qeydə alınmamasına hər hansı bir əsas müəyyən edilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X6 Təsərrüfatı Mərkəzi aralarında 11 sentyabr 2019-cu il tarixdə 95 saylı meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kəndin yaxınlığında Arazboyu meşəbəyliyinin 5,9 kvartalının 12,1 bölməsindən 21 hektar meşə bitkiləri ilə örtülü olmayan sahə 15 il müddətinə icarəsinə verilmişdir. Torpaq sahəsinin icarəsi ilə bağlı qanunda nəzərdə tutulan sənədləşmə işləri aparılmışdır. Müqavilənin şərtlərinə əməl etməklə müqavilədə nəzərdə tutulan işləri görür. Həmin tarixdən sonra o, torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə 10 oktyabr 2020-ci il, 07 dekabr 2020-ci il tarixli məktublarla müraciət etmişdir. İdarə iki dəfə ona cavab vermiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixli cavabda göstərmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sözü gedən torpaq sahəsi kənd təsərrüfatı örüş torpaqlarına aid olsa da təqdim olunmuş sənədlərə, idarənin mütəxəsisləri tərəfindən aparılmış yoxlama ölçü işlərinə əsasən torpaq sahəsi aqrobağ salınması məqsədi ilə ayrılmış və faktiki olaraq üzərində nar ağacları əkilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə istifadəyə və icarəyə verilməsini nəzərdə tutur. Cavabdeh onun müraciətinə cavab verərkən qanunun tələblərini pozmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözü gedən torpaq sahəsi kənd təsərrüfatı örüş torpaqlarına aid olsa da, təqdim olunmuş sənədlərə, idarənin mütəxəsisləri tərəfindən aparılmış yoxlama ölçü işlərinə əsasən torpaq sahəsi aqrobağ salınması məqsədi ilə ayrılmış və faktiki olaraq üzərində nar ağacları əkilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü, 47-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə istifadəyə və icarəyə verilməsini nəzərdə tutur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: -B seriyalı, 004757 saylı Torpaqdan istifadə hüququna aid dövlət aktının surətindən görünür ki, X8 Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən müddətsiz istifadə üçün göstərilən sərhəd daxilində 5721.0 ha torpaq sahəsi X4 Birliyinə verilmişdir. -05 saylı, xx.xx.2019-cu il tarixli Meşə Fondu torpaqlarının icarəyə verilməsi barədə müqaviləyə əsasən, X6 Təsərrüfatı Mərkəzi İddiaçı 15 il müddətinə X6 X1 meşəbəyliyinin 5,9 kvartalının 1,2,1 bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş 21.0 ha meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından sahə ayırmağı öhdəsinə götürmüş və əvəzində İddiaçı 21 ha torpaq sahəsi üçün 550 manat illik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4091 ekspert rəyinində bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: -Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli 05 nömrəli müqaviləyə əsasən, İddiaçı icarəyə verilmiş 21.0 ha (İ hissə-17,5 ha və İİ hissə- 3.5 ha) torpaq sahəsinin döngə nöqtə koordinatları müəyyən edilməklə ərazisi ölçülmüşdür. Həmin torpaq sahəsi xx.xx.2019-cu ildə icarəyə verildiyi vaxt və hazırda dövlət mülkiyyətində olmaqla Meşə fondu torpaqları kateqoriyasına aiddir. Hazırda qeyd olunan 21.0 ha torpaq sahəsində İddiaçı tərəfindən nar bağı salınmışdır. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və müqavilədə qeyd olunan bəndlərə uyğun olaraq təyinatı üzrə istifadə olunur. Torpaq sahəsi Azərbaycan Respublikası Meşə Məcəlləsinin 22-ci maddəsinə əsasən, təyinatına görə icarə hüququnun predmeti ola bilər. Torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinə dair icarə hüquqlarının İddiaçı adına qeydə alınması digər şəxslərin hüquqlarını pozmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -31-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. -31-ci maddəsinin 6-cı bəndinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: -1-ci maddəsinə əsasən meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələridir. -14-cü maddəsinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyrimeşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. -15-ci maddəsinə əsasən müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar meşə fondu sahələrindən istifadə hüququnun əsaslarıdır. -22-ci maddəsinə əsasən Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Cavabdeh iddiaya qarşı etirazda və apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş məqsədli torpaqlara aid olmasına istinad etmişdir. Lakin iş materiallarında mövcud olan ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin meşə fondu torpaqlarına aid olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktında və iddiaya qarşı etirazda qeyd olunan dəlillər təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(120)-24/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar