Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-547/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və İmişli Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və X5 ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və İmişli Rayon İcra Hakimiyyətinə qarşı “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə “işə buraxılma və əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(120)-3055/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2006-cı il tarixdə doldurulmuş ИT-İ seriyalı ******* №-li əmək kitabçasının 17-ci bəndindəki qeydə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə “X8” MMC-yə İmişli rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmiş, 18-ci bəndindəki qeydə əsasən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, əmək kitabçasının 61-ci səhifəsində isə qeyd edilir ki, “18 nömrəli qeyd etibarsız hesab edilsin, möhür var.” “X8” MMC ilə İddiaçı arasında 12 yanvar 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə görünür ki, iddiaçı İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin gösterilməsi üzrə köməkçi peşəsinə işə qəbul olunmuş, əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X7 Mərkəzi tərəfindən verilmiş 3-17-7/2-Ə-542-03/6/2024 saylı 28 dekabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “...Mediasiya prosesinin tətbiqi barədə X8nə etdiyi xx.xx.2024-cü il tarixli təkliflərinə Mərkəzdə aidiyyəti üzrə baxılmışdır. Onunla Mərkəz arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanaraq İmişli rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir və onunla bağlanmış əmək müqaviləsi hal-hazırda qüvvədədir. İmişli rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli Rayon İcra Hakimiyyəti, İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (İcraçı) və X8 arasında “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. Sazişin 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və s) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. İctimai işçilərin əməkhaqları təhkim olduqları İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilmiş iş davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilən işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ona cari il may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün iş günü qeyd edilmədiyindən əmək haqqı ödənilməmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli Kommunal X2 yaşıllaşdırma və sanitar-təmizlik idarəsində “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2024cü il tarixli əmək müqaviləsi əsasında təmizlik işində işləmişdir. Lakin cavabdeh təşkilat onu işə buraxmır və əmək haqqı ödəmir. Cavabdehin etirazları: Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 24 aprel 2025-ci il tarixli 2-1(120)- 3055/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(120)-3055/2025 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin baxılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmişli Mənzil-Kommunal X1 Yaşıllaşdırma və sanitar-təmizlik idarəsində “X8” MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında təmizlik işində işləmişdir. Ona bildirilmişdir ki, müqavilə müddətsiz bağlanır. Sonradan bilmişdir ki, müqavilənin müddəti bir aylıq nəzərdə tutulmuşdur. “X8” MMC-nin direktor müavini Emin İsmayılovun 16 aprel 2024-cü il tarixli əmrinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, o aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində işə bərpa barədə iddia qaldırmışdır. İşə baxılarkən cavabdehin nümayəndəsi onu işə bərpa etdikləri üçün iddiadan imtina etmişdir. Məhkəmə 2(004)-349/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Buna baxmayaraq, İmişli Mənzil-Kommunal X4 işə buraxmamışdır. Bununla bağlı təqsir İmişli Rayon İcra Hakimiyyətində olmaqla, cavabdehin inzibati orqan olmasını bildirib, inzibati məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Apellyasiya şikayətinə etiraz: Cavabdeh İmişli Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən apellyasiya şikayətinə dair etiraz məhkəməyə təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı işə buraxma öhdəliyinin cavabdeh İmişli Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin üzərinə qoyulması və məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsində iddia qaldırmış və işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməməsi barədə xx.xx.2025-ci il tarixli 2(036)-275/2025 saylı qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, İddiaçı ilə İmişli Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin arasında əmək münasibəti yoxdur. Buna görə də iddia tələbi ona cavab verməli olmayan İmişli Rayon Mənzil-Kommunal X3rşı qaldırılmasının hüquqi əsası yoxdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 4-1. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərindən yaranmaqla, əmək qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələbinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərindən yaranmış mübahisədir. Qanunvericiliyin tələbinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onunla 12 yanvar 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsindən çıxış edərək tələb irəli sürür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(120)-3055/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.