Məhkəmə qərarları › İş №2-1(106)-575/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-575/2025

26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-575/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2018ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(120)-1095/2025 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyim saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-cl illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə ona verilən məzuniyyət hüququm pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Gömrük İdarəsində 2015-ci ildən 2023-cü ilin sentyabr ayının 6-dək baş müfəttiş vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç bır töhmət və xəbərdarlıq almamış.2023-cü ilin sentyabr ayında işdən azad olunarkən son haqq hesabının verilməsi ilə əlaqədar hüquqları pozulmuşdur.Belə ki, 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqı verilməmişdir. Bundan başqa o, Biləsuvar Gömrük İdarəsində 2015-2022-cİ illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə ona verilən məzuniyyət hüququ pozulımaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik verilməmişdir. Tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 30 aprel 2024-cü il tarixdə ərizə pretenziya göndərilsə də heç bır cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı X5 (bundan sonra - iddiaçı) Dövlət Gömrük Komitəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cu il tarixədək hər ay gecə növbəsində işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının və 2015- 2022-ci illər ərzində məzuniyyət haqqı olan 490.34 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Biləsuvar Gömrük İdarəsində baş müfəttiş vəzifəsində çalışmışdır. Həmin dövrdə heç bir töhmət və xəbərdarlıq almamışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay gecə növbəsinə çıxsa da işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat məbləğində olan əmək haqqı Ödənilməmişdir. Bundan başqa 2015-2022-ci illər ərzində məzuniyyət hüququ pozulmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi- hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamaiı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Belə ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə cavabdehə müraciət etmədən Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırki iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.Yuxanda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(120)-1095/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd edilmişdir ki, “İddiaçı 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlarda işləməsi barədə şifahi qaydada məlumat vermiş, ona axşam və gecə növbəsi verildikdən sonra, növbəti gün istirahət gün istirahət günün verilmədiyini bildirmişdir, lakin məhkəmə tərəfindən verilmiş sorğular əsasında bu məlumat təsdiq edən hər hansı məlumat təqdim edilməmişdir, həmçinin iddiaçı tərəfindən bu barədə əsaslı sübut təqdim edilməmişdir, məhkəməyə bunu təkzib edən heç bir sənəd verilməmişdir.” Bununla bağlı iddiaçı qeyd edir ki, yuxarıda qeyd edilən faktları təsdiq edən yeganə sübut işə davamiyyəti qeydə alınması üçün işçilərə verilmiş elektron kartlardır. Bu kartlar vasitəsilə gündəlik olaraq işçilərin hansı saatda işə gəldiyini və hansı saatda işdən çıxdığını müəyyən etmək olur. Bununla bağlı iddiaçı tərəfindən qeyd edilən kartın texniki ekspertizasının keçirilməsi ilə bağlı məhkəməyə vəsatət vermiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Cavabdeh tərəfindən isə bu məlumatlar qərəzli olaraq məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan kartla bağlı ekspertiza keçirilsə idi məlum olardı ki, iddiaçı tərəfindən iş saatından əlavə çalışmalar olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(120)-1095/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(120)-1095/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir.

9. Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir.

80. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

81. Xidmət şəraitindən asılı olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Belə vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

82. Müstəsna hallarda gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər. Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

83. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada boş vəzifəni müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.

93. Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.

96. Gömrük orqanlarının rəhbərləri xidmətdə fərqlənməyə, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə görə gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına əmək haqqı fondu daxilində 50 faiz həcmində əlavələr təyin edə bilərlər.

131. Gömrük orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş mənbələrdən yaranan gömrük sisteminin büdcədənkənar inkişaf fondu və dövlət büdcəsi ilə nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 30.3. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir: 30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü; 30.3.2. 10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü; 30.3.3. 15 ildən çox əmək stajına görə —6 təqvim günü;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “2018ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə ona verilən məzuniyyət hüququ pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlarda işləməsi barədə şifahi qaydada məlumat vermiş, ona axşam və gecə növbəsi verildikdən sonra, növbəti gün istirahət günü verilmədiyini bildirmişdir, lakin məhkəmə tərəfindən verilmiş sorğular əsasında bu məlumat təsdiq edən hər hansı məlumat təqdim edilməmişdir, həmçinin iddiaçı tərəfindən bu barədə əsaslı sübut təqdim edilməmişdir, məhkəməyə bunu təkzib edən heç bir sənəd verilməmişdir. Cavabdeh orqan tərəfindən isə xx.xx.2024-cü il tarixli, 3-33-1500/2-001018/2024 nömrəli məktubla İddiaçı əmək məzuniyyətində olması və iş qrafiki barədə X12 tərəfindən hazırlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli tabel məlumatları göndərilmişdir, digər tabel məlumatları təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqı”nı tələb etməkdə haqlı deyildir. Lakin, iddiaçının tərtib etdiyi cədvəl üzrə göstərdiyi 2015-2022-ci illər üzrə hər təqvim ili üzrə əlavə ödənişli 6 gün əmək məzuniyyətinin hesablanaraq ona məbləğin ödənilmədiyini iddia etmişdir, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 89-cu bəndinə əsasən, Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü əlavə ödənişli məzuniyyət verilməsi göstərilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçıya 2020-ci il tarixdən 3 təqvim günü əlavə ödənişli məzuniyyət hesablanmağa başlanmışdır. Qeyd olunanlara istinadən məhkəmə İddiaçı “Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbini də əsaslı hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məktub ünvanlamışdır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş Hüseynov X2 şəhəri, X13 küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE №0114019 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 9-3/2-2795/2024 nömrəli məktubunda göstərilmişdir ki, 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində, Cənub Ərazi Baş Gömrük İdarəsinin X12nda, Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində baş müfəttiş vəzifəsində iş müddətilə bağlı bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Adıçəkilən Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidmətifəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində, Cənub Ərazi Baş Gömrük İdarəsinin X12nda, Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində baş müfəttiş vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-33/2-017850/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xüsusi rütbəli şəxs olmadığından qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun barəsində məlumat vərəqi doldurulmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 287251/2024 saylı məktubunda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 2-1 (120)-3611/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Müraciətə əsasən vətəndaş İddiaçı (Biləsuvar, № 324676) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 100/182Ş nömrəli əmrdən görünür ki, 1956-cı il təvəllüdlü, ali təhsilli İddiaçı ştat cədvəlinə müvafiq maaşla, 3 aylıq sınaq müddəti ilə X8 İdarəsinin baytarlıq xidməti bölməsinin baş müfəttişi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-33-1500/2-001018/2024 nömrəli məktubun ilə məhkəməyə İddiaçı əmək məzuniyyətində olması və iş qrafiki barədə X12 tərəfindən hazırlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il tarixli tabel məlumatları göndərilmişdir. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 155/084E nömrəli əmrdən görünür ki, X10 baytarlıq xidməti bölməsinin baş müfəttişi İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan xidmət illəri üçün xx.xx.2015-ci il tarixdən 30 (əsas gün: 30) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1800/161E nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020- ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2020-ci il tarixdən 15 təqvim günü (əsas gün 15) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1800/161E nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2020-ci il tarixdən 15 təqvim günü (əsas gün 15) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1800/151E nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2021-ci il tarixdən 17 təqvim günü (əsas gün 17) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1800/562E nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2021-ci il tarixdən 15 təqvim günü (əsas gün 13, əlavə gün 2) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1800/521E nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan xidmət illəri üçün xx.xx.2022-ci il tarixdən 18 təqvim günü (əsas 15 gün, əlavə gün 3) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1800/095E nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2022-ci il tarixdən 15 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1800/119E nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023- cü il tarixədək olan xidmət illəri üçün xx.xx.2023-cü il tarixdən 36 (əsas 30 gün, əlavə gün 6) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1000/892Ş nömrəli əmrdən görünür ki, X10 baş müfəttişi İddiaçı dövlət büdcəsindən maliyyələşən müəsisələrdə çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2023-cü il tarixdən işdən azad olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin baytarlıq xidməti bölməsinin baş müfəttişi vəzifəsinə işə daxil olmuş, xx.xx.2023-cü il tarixinədək həmin vəzifədə çalışmış və dövlət büdcəsindən maliyyələşən müəsisələrdə çalışmanın yaş həddinə çatdığına görə işdən azad olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan hüquqi əsas olmadığından iddiaçının həmin müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının “2018-ci ilin may ayının 10- dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının hesablanaraq ödənilməsi” tələbi ilə bağlı onu qeyd edir ki, həmin iddianı təsdiq edən əsaslı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş “sübut etmə vəzifəsi”nin bölüşdürülməsi prinsipi baxımından iddiaçının xeyrinə hər hansı inzibati aktın qəbul edilməsi və yaxud hərəkətlərin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bununla belə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsini rəhbər tutaraq iddiaçının apellyasiya şikayətinin dəlilləri, o cümlədən şfahi məhkəmə iclasında verdiyi vəsatətləri əsasında 09 oktyabr 2025-ci il tarixli sorğu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu vermiş və İddiaçı hansı gün növbələrində (saatları dəqiq göstərməklə) işə cəlb olunması, o cümlədən X4 Sisteminin (VAİS) kartı ilə apardığı əməliyyatlar barədə məlumatların məhkəməyə təqdim olunmasını tələb etmişdir. İnzibati orqanın xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçı ilə informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqavilə dayandırılmış, elektron imza kartı ləğv edilmiş hesab edilərək balansdan silinmişdir. Bu səbəbdən iddiaçının Dövlət Gömrük Komitəsinin X4 Sistemindən apardığı əməliyyatlar barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Beləliklə də aparılmış araşdırma zamanı iddiaçının həqiqətən də iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay axşam və gecə növbəsinə və iş vaxtından artıq iş saatlarında işə cəlb olunması sübut olunmamışdır. İddiaçının digər tələbi Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin bu tələblə bağlı belə qənaətə gəlmişdir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 89-cu bəndinə əsasən, Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü əlavə ödənişli məzuniyyət verilməsi göstərilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçıya 2020-ci il tarixdən 3 təqvim günü əlavə ödənişli məzuniyyət hesablanmağa başlanmışdır. Məhkəmə kollegiyası iddia tələbinin həmin hisəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsininin gəldiyi nəticə ilə razılaşsa da, əsaslandırması ilə razılaşmır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 89-cü bəndinə əsasən gömrük orqanlarında xidmət illərinə görə 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü əlavə ödənişli məzuniyyət gömrük orqanlarının vəzifəli şəxslərinə verilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Həmin Əsasnamənin 2-ci bəndinin sonuncu abzasından görünür ki, gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3. maddəsində nəzərdə tutulmuşdur ki, dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. İşin mübahisələndirilməyən faktiki hallarından da görünür ki, iddiaçı 2015-2023-cü illər aralığında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin baytarlıq xidməti bölməsinin baş müfəttişi vəzifəsində çalışmışdır və onun xüsusi rütbəsi olmamışdır. Başqa sözlə, iddiaçı dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanında çalışsa da onun həmin çalışdığı dövrdə icra etdiyi baş müfəttiş vəzifəsi xüsusi rütbə nəzərdə tutulmayan vəzifə kimi qiymətləndirilməlidir. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli, 9-3/2-2795/2024 nömrəli məktubundan da göründüyü kimi iddiaçının 2015-2023-cü illər aralığında icra etdiyi baş müfəttiş vəzifəsi dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınır. Odur ki, iddiaçının əlavə ödənişli məzuniyyət tələbi ilə bağlı mübahisəyə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 89-cü bəndi deyil, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları tətbiq olunmaldır. “Dövlət qulluğu haqqında” Qanunun 30-cu maddəsində 5 ildən 10 ilədək əmək stajına görə 2 təqvim günü əlavə məzuniyyət nəzərdə tutulmuşdur. İddiaçının müvafiq orqanda 8 il işlədiyini və 2020-ci ildə 5 ilinin tamamlandığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 2020-ci il tarixdən 2 təqvim günü əlavə ödənişli məzuniyyət hesablanmağa başlanmışdır. Başqa sözlə iddiaçı Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində baytarlıq xidməti bölməsinin baş müfəttişi vəzifəsində işlədiyi dövrlərə münasibətdə əlavə ödənişli məzuniyyət haqqının yaranması həmin İdarədə çalışmağa başladığı tarixdən (xx.xx.2015) 5 il sonra yaranır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşıraq hesab edir ki, iddiaçı həm 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının hesablanaraq ödənilməsini, həm də 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsini tələb etməkdə haqlı olmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(120)-1095/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar