Məhkəmə qərarları › İş №2-1(106)-582/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-582/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-582/2025 18.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cəlilabad Rayon Komanlı Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Cəlilabad Rayon Komanlı Bələdiyyəsinə qarşı “qəbirüstü tikilinin sökülərək 1 metrlik qəbirlərarası orta məsafənin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli e-2-1(120)-2688/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Cəlilabad Rayon Komanlı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, “...X10 və X2 dəfn olunduqları yerlər arasındakı məsafə 1 metr 30 santimentrə bərabərdir, lakin Qaydalara zidd olaraq X2 qəbirüstü tikilisinin X6 qəbri tərəfdə yerləşən divarı bu məsafəni 30 santimetrə bərabər edir. Qəbirlər arasında məsafənin, qəbirüstü tikililərin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyən olunan tələblərə (bundan sonra: Qaydalar) uyğun olubolmaması barədə məhkəmənin diqqətinə çatdırırlar ki, Qaydalarda başdaşı üçün ölçü və tələblər müəyyənləşdirildiyi halda X2 qəbrinə yerləşdirilən başdaşı sayı 2 ədəddir və müəyyən olunmuş tələblərə cavab verməməkdədir. Qaydalarda qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr müəyyən edildiyi halda X2 və X6 qəbirlərinin uzun tərəfləri arasındakı məsafə X2 qəbirüstü tikilisinin ölçüləri hesabına hal-hazırda 30 santimetrə bərabərdir. Həmçinin, qeyd edilməlidir ki, Qaydalarda qəbirlərin ətrafının hasara alınması qadağan edildiyi halda X2 qəbri hasara alınmışdır. Qaydalarda qəbirüstü tikililərə anlayış verilərkən 2.1.16-cı maddədə bu tikililərin dinlərə uyğun olaraq məzarların üstündə quraşdırılmış qəbirüstü daşlar və dayaqlar olduğu vurğulansa da, X2 qəbirüstü tikilisi daha geniş bir tikilidən ibarət olmaqla və dam quraşdırılmaqla inşa edilmişdir. X7 qəbri daha əvvəlki tarixdə salındığı üçün X2 qəbri salınan tarixə kimi Qaydalarla müəyyən edilmiş məsafə üzrə və digər tələblərə uyğun idi. X6 qəbrinin üzərində Qaydalardan kənar tikili, dirək mövcud deyildir. X7 dəfn tarixi xx.xx.2004, X2 dəfn tarixi xx.xx.2023 tarixidir.” Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Komanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...X10 və X1 rayon Şıxlar kənd qəbiristanlığında dəfn olunmuşlar. Onların dəfn tarixlərinə dair müəyyən edilmişdir ki, X10 xx.xx.2004-cü il tarixdə, X8 isə xx.xx.2023-cü il tarixdə dəfn edilmişdir. ...Qəbiristanlıqda tərəflərindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, X10 və X2 dəfn olunduqları yerlər arasındakı məsafə 1 metr 30 santimetrdir. X2 qəbrinin üzərində 2 başdaşı ucaldılıb, qəbrin üzərində dama malik tikili inşa edilmişdir. Sözügedən tikiliyə görə qəbirlərarası məsafə hazırda 30 santimetrdir, X7 məzar yeri isə təkcə qəbirdən ibarətdir.” İ-ИЕ 392615 saylı şəhadətnamədən görünür ki, X10 ilə X4 arasında 3.11.1963-cü ildə nikah bağlanmışdır. İddiaçı tələb üzrə cavabdeh orqana müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X10 2004-cü ildə Cəlilabad Rayon Komanlı Bələdiyyəsinə daxil olan Şıxlar kənd qəbiristanlığında dəfn edilmişdir. 2023-cü ildə vəfat edən X8 isə ərinin məzarının yanında dəfn edilmişdir. X9 məzarına 2 ədəd başdaşı qoyulmuş, məzarın ətrafına qanunsuz hasar çəkilmiş, qəbirüstü tikili inşa edilmiş, inşaat vaxtı qanunvericiliyin qəbirüstü tikililərə dair heç bir tələbi gözlənilməmiş, Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 522 nömrəli “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 4-cü abzasda qeyd edilən tələbləri və qəbirlərarası orta məsafə standardları kobud şəkildə pozulmuşdur. İnşaat vaxtı dəfələrlə Quliyev Yaqubun yaxınlarına xəbərdarlıqlar edilmiş, qanunun normalarının, eyni zamanda mənəvi adətlərin pozulmaması tələbləri qarşı tərəfə çatdırılmışdır. Əri el ağsaqqalı olmuş, küsülüləri barışdırmış, millətinə və dövlətinə bağlılığı, gördüyü xeyir işlərlə hər kəsin məhəbbətini qazanmışdır. Kənddə on illər əvvəl ilk asfalt örtüyünün çəkilməsi, elektrik xətlərinin çəkilməsində ərinin təşəbbüsü, maddi və mənəvi dəstəyi bu gün də əhali tərəfindən yad edilir. Yaqub Quliyevin məzarının ətrafında və üzərində inşa edilən tikili şərəf və ləyaqətlərinə qarşı addım kimi dəyərləndirilir. Eyni zamanda Quliyev Yaqubun məzarının üzərindəki tikilinin dirəkləri məsafə olmadan ərinin məzarının yanına bərkidilməsi, torpağın üzərinə tökülən örtüyün məzara toxunması, həmin örtüyün keyfiyyətsiz olması ucbatından çat və aralanmaların meydana gəlməsi ərinin məzarının təhlükəsizliyinə təhdid meydana gətirərək çökməsinə şərait yaradır. Qış aylarında yağış və qarın Quliyev Yaqubun qəbirüstü tikilisinin dam örtüyündən birbaşa ərinin məzarına tökülməsi məzarın çökməsi, deformasiyaya uğraması, həm görüntü, həm də keyfiyyətcə aşınması üçün münbit şərait yaradır. “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 21.1-ci bəndinə əsasən qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. 21.2-ci bəndə görə qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. Qaydaların 22-ci bəndinə əsasən qəbrin ətrafı hasara alınmamalıdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla ərinin məzarı tərəfdə yerləşən digər məzarın hasarı (divarı) 1 metr Quliyev Yaqubun məzarına doğru geri çəkilməli, qəbirlərarası 1 metrlik məsafə təmin edilməli, qəbirüstü tikilinin hasarı sökülməlidir. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli e-2-1(120)-2688/2025 nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəməyə ünvanladığı məktubda iddianı qəbul etmiş, iddia tələbinin həqiqətən də inzibati orqan olaraq onun öhdəliklərinə aid olduğunu etiraf etmişdir. Qanunvericiliyə əsasən qəbiristanlıqların idarə edilməsi, salınması və sair məsələlər bələdiyyələrin səlahiyyətindədir. İddiaçı tərəfindən edilən müraciətlərə cavabdeh tərəfindən məhəl qoyulmaması nəticəsində digər məzarın qəbirüstünün qanunsuz inşa edilməsi Bələdiyyənin inzibati, publik hüquqi öhdəliklərinin icrasından boyun qaçırması deməkdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 1.3. Ələt azad iqtisadi zonasında inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxılması “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: ... 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, qəbirlərarası məsafə qanunvericiliyin tələblərinə uyğun şəkildə olmuş, məsafəni azaldan isə X2 qəbirüstü tikilisi olmuşdur. Belə olan halda mübahisəli hal qəbirlərarası məsafənin gözlənilməməsi deyil, qəbir ətrafında tikilən tikilidir ki, həmin qəbirüstü tikilinin sökülməsini isə iddiaçının inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) mübahisələndirmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən edilir ki, X10 və X2 dəfn olunduqları yerlər arasındakı məsafə 1 metr 30 santimentrə bərabərdir, lakin X2 qəbirüstü tikilisinin X7 qəbri tərəfdə yerləşən divarı bu məsafəni 30 santimetrə bərabər edir. Qəbirlərarası məsafə qanunvericiliyin tələbinə uyğun olmuş, məsafəni azaldan isə X2 qəbirüstü tikilisi olmuşdur. Belə olan halda mübahisənin yaranmasına səbəb qəbirlərarası məsafənin gözlənilməməsi deyil, qəbir ətrafında tikilən tikili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 1.1ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. Kollegiya qeyd edir ki, cavabdeh (Bələdiyyə) inzibati orqan olsa da, mübahisə inzibati orqanın (publik) hüquq sahəsindəki fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı olmayan məsələdir. Mübahisənin yaranmasına səbəb qəbirlərarası məsafənin gözlənilməməsi deyil, qəbir ətrafında əlavə tikilinin tikilməsi səbəb olmuşdur ki, buda Bələdiyyənin fəaliyyət istiqaməti ilə bağlı olmayan məsələdir. İddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki qaydada iddia qaldırmalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli e-2-1(120)-2688/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar