Məhkəmə qərarları › İş №2-1(106)-618/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-618/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-618/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(120)-1454/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Seriya AO № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli Hərbi hissədə xidmət keçdiyi qeyd edilmişdir. N nömrəli Hərbi hissə komandirinin 26 may 2014-cü il tarixli 131 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının 16 may 2014-cü il tarixli 050əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12 və 13-cü maddələrinin “b” bəndlərinə müvafiq olaraq bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş aşağıda adları göstərilən hərbi vəzifəlilər müvafiq vəzifələrə təyin edildiklərinə görə, 26 may 2014-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsin və vəzifələrinin icrasına başlasınlar.

1. Ehtiyyatda olan əsgər İddiaçı, təlim bölüyünün sanitar təlimatçısı Əsas: Təyinat vərəqələri”. N nömrəli Hərbi hissə komandirinin “Hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqlarının icrası haqqında” 01 oktyabr 2020-ci il tarixli 495 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...1. N nömrəli Hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat tağımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilsin. Döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilsin.

2. Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilsin: 2.8. Təlim bölüyü: qorunan obyektlərin bilavasitə mühafizəsi üzrə tarpşırıqları yerinə yetirsin. Cəlb edilən şəxsi heyət - N nömrəli Hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti.

3. xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli Hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı aşağıdakı kimi tərtib edilsin:

100. Təlim bölüyünün sanitar-təlimatçısı, MAAHHXHQ çavuş, İddiaçı, Təlim bölüyü.” N nömrəli Hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarının tibb təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-Məlumatda” iddiaçı barəsində qeyd edilmişdir ki, “...Xidmət etdiyi hərbi hissə: 054; rütbəsi: baş çavuş; vəzifəsi: təlim bölüyünün sanitar-təlimatçısı; hərbi hissəyə və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi: Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 021 nömrəli Briqada komandirinin 27 sentyabr 072 nömrəli döyüş əmri; iştirak etdiyi ərazilər: Kürdəmir; hansı qismində iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub: döyüş əməliyyatlarında hərbi hissənin şəxsi heyətinin və Hərbi Hava Qüvvələrin ehtiyat komanda məntəqəsində döyüş fəaliyyətləri aparan rəhbər heyətin sağlamlığının qorunub saxlanması üzrə tibbi təminat tapşırıqlarını həyata keçirmişdir.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 2/2-254 nömrəli məktubunda qeyd olunmuşdur ki, “... Təqdim olunmuş arayış-məlumatın 6, 7 və 8-ci bəndlərində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən baş çavuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.”

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 950 nömrəli Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 021 nömrəli döyüş əmrinə əsasən N nömrəli Hərbi hissədə Vətən müharibəsində fəal şəkildə iştirak etmişdir. Xidməti yüksək qiymətləndirilmiş, dəfələrlə orden, medal və fəxri fərmanla təltif olunmuşdur. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir.

Cavabdehin etirazları:

Cavabdeh iddaya etirazda qeyd etmişdir ki, döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə, şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. N nömrəli Hərbi hissə tərəfindən tərtib edilmiş arayış-məlumatda iddiaçının Kürdəmir rayon ərazisində tibbi təminat üzrə tapşırıqları icra etdiyi qeyd olunmuşdur.

Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(120)-1454/2025 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:

İddiaçının apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir.

Apellyasiya şikayətinə dair etiraz:

Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

(11-ci abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin əmrinə müvafiq olaraq döyüş bölgəsi hesab olunmayan Kürdəmir rayonunda təlim bölüyünün sanitar təlimatçısı kimi hərbi xidməti fəaliyyəti Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtləri ödəmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 11-ci abzasında qeyd olunan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, N nömrəli Hərbi hissə komandirinin “Hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqlarının icrası haqqında” 01 oktyabr 2020-ci il tarixli 495 nömrəli əmri ilə Hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat tağımı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilmiş, döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilmişdir. Qeyd edilən əmrdə göstərilir ki, Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilsin: 2.8. Təlim bölüyü: qorunan obyektlərin bilavasitə mühafizəsi üzrə tarpşırıqları yerinə yetirsin, cəlb edilən şəxsi heyət - N nömrəli Hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti, xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli Hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı aşağıdakı kimi tərtib edilsin: 100. Təlim bölüyünün sanitar-təlimatçısı, MAAHHXHQ çavuş, İddiaçı, Təlim bölüyü. Həmçinin, N nömrəli Hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarının tibb təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-Məlumatda” iddiaçı barəsində qeyd edilmişdir ki, “...Xidmət etdiyi hərbi hissə: 054; rütbəsi: baş çavuş; vəzifəsi: təlim bölüyünün sanitar-təlimatçısı; hərbi hissəyə və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi: Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 021 nömrəli Briqada komandirinin 27 sentyabr 072 nömrəli döyüş əmri; iştirak etdiyi ərazilər: Kürdəmir; hansı qismində iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub: döyüş əməliyyatlarında hərbi hissənin şəxsi heyətinin və Hərbi Hava Qüvvələrin ehtiyat komanda məntəqəsində döyüş fəaliyyətləri aparan rəhbər heyətin sağlamlığının qorunub saxlanması üzrə tibbi təminat tapşırıqlarını həyata keçirmişdir.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(120)-1454/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar