Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-621/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-731/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir. Cavabdeh həmin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını abonent kodu barədə məlumatın gizlədilməsi, ailənin “Ərizə-bəyannamə”də göstərildiyi ünvanda yaşamaması və maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması ilə əsaslandırmışdır. “Abunə haqqında” məlumatdan görünür ki, elektrik enerjisinin verilməsi ilə bağlı İddiaçı **********00574 və X5 **********00158 nömrəli abunə kodu ilə qeydiyyata alınmış və istifadə etdikləri elektrik enerjisinin sərfiyyatı ilə bağlı ayrı-ayrı sayğaclara malikdirlər. İddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ünvanlı dövlət sosial yardım təyin edilmişdir. “Abonentin saldosu”ndan görünür ki, X5 təbii qazın verilməsi ilə bağlı **********04920 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı 26 dekabr 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab olunması və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il təvəllüdlü X7 ilə Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir, övladı azyaşlı olduğu üçün ona qulluq edir. Ailənin mülkiyyətində hər hansı əmlak, ev, torpaq, nəqliyyat vasitəsi yoxdur. İş yeri olmadığı üçün stabil rəsmi gəliri də yoxdur. Yaxın qohumların, əsasən də anasının aldığı ərzaqlarla, qida məhsulları ilə yaşayırlar. Başqa heç bir ümidi və ya kömək üçün üz tuta biləcəyi bir kimsə yoxdur. Övladının tələbatlarını ödəmək imkanı demək olar ki, yoxdur. Onun istəklərini həyata keçirmək, təhsil alması üçün lazım olan istər geyim, istər təhsil ləvazimatlarını almağa maddi imkanı yoxdur. Belə vəziyyətdə yaşamaq isə demək olar ki, qeyri-mümkündür. Orta aylıq gəlirinin ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğu üçün ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq Biləsuvar rayonunun notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8 avqust 2023-cü il tarixli təmsilçilik ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra cavabdeh) VEMTAS elektron sistemi vasitəsilə online qaydada müraciət etmişdir. Dəfələrlə etdiyi müraciətlərə müxtəlif səbəblərdən imtina cavabları verilmişdir. İki müraciətinə verilən imtinaların hər ikisində qeyd edilmişdir ki, “ailənin əmlaki barədə məlumatın gizlədilməsi”. Bununla bağlı bildirir ki, onun yalnız çox az miqdarda həyətyanı torpaqdan başqa əmlakı yoxdur. Həmin həyətyanı torpaq sahəsini də ÜDSY (ünvanlı dövlət sosial yardımı) üçün müraciət zamanı cavabdehə bildirmiş, daha sonra “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” yuxarıda da qeyd etdiyi kimi onun heç bir gəliri yoxdur. Ona qarşı bu imtina qanunsuzdur. Digər imtinalar da bu kimi qanunsuz və qərəzli formada cavabdeh tərəfindən qəbul edilmişdir. Çünki, cavabdeh tərəf ona və qızına görə bundan əvvəlki il üçün ünvanlı dövlət sosial yardımı ödəmişdir. Ailənin yaşayışında heç bir dəyişiklik olmadığı halda bu dəfə cavabdeh tərəf ona ÜDSY verməkdən qanunsuz olaraq imtina edilmişdir. Cavabdehin imtina cavabları formal xarakter daşıyır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********1003 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkar edilmiş və maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə icazə verilməmişdir. Növbəti dəfə xx.xx.2023-cü il tarixli **********81004 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən ailənin əmlakı barədə məlumatın gizlədildiyi, ailənin “ərizəbəyannamə”də göstərdiyi ünvanda yaşamaması, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkar edilmişdir. Növbəti dəfə xx.xx.2023-cü il tarixli **********22101 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən abonent kodu barədə məlumatın gizlədildiyi, ailənin “ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamaması aşkar edilmiş, maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamışdır. Növbəti dəfə xx.xx.2023-cü il tarixli **********22101 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən ailə tərkibinin düzgün göstərilmədiyi, abunent kodu barədə məlumatın gizlədildiyi, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilmədiyi aşkar edilmiş, maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamışdır. Aparılan müayinə zamanı təmsilçi İddiaçı valideynləri ilə ayrı yaşadığını bildirsə də, göstərilmiş olan hissədə yaşayış əlamətləri aşkar edilməmiş, eyni zamanda mətbəxin valideynləri ilə ortaq istifadə edilməsi aşkar edilmişdir. Maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur. Qeyd olunan ünvanda yaşayan şəxslərin ayrı-ayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir. Eyni zamanda ərizə bəyannamədə qaz abonent kodu barədə məlumatların göstərilməməsinə baxmayaraq, mənzildə qaz xətti və qaz sayğacı aşkar edilmişdir. Maddi-məişət şəraitinin yoxlanılmasının həyata keçirilməsi üçün qeyd olunan ünvana gəlinsə də, iddiaçı həyətyanı sahəyə baxış keçirilməsinə icazə verməmişdir. xx.xx.2025-ci il tarixli etiraza əlavədə iddiaçının xx.xx.2023-cü il tarixli **********22101 nömrəli ərizə ilə müraciət etməsi göstərilmiş, qalan məsələlər ilkin etirazda olduğu kimi təkrarlanmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-731/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, ünvanda iki ədəd bir mərtəbəli mənzil vardır. Mənzillərdən birində təmsilçi özü və övladının, digərində isə valideynlərinin yaşadığını bildirmişdir. Bundan əlavə ünvanda qaz xəttinin olması və həmin mənzillərdə qaz xəttindən istifadə olunması aşkarlanmışdır. İşıq və qaz xəttlərinin hər iki mənzildə birgə istifadə olunduğundan həmin mənzillərin mətbəx şəraitinin və birgə təsərrüfat halının araşdırılması üçün digər mənzilə də baxış keçirilməli olduğu təmsilçiyə izah olunsa da, o, həmin mənzilə baxış keçirilməsinə icazə verməmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-731/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X4 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. “İnzibati icraat haqqında” Qanun: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; ... 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. ... 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mətbəxdən iddiaçının valideynləri ilə ortaq istifadə etməsi onların birgə təsərrüfat idarə etməsi anlamına gəlmir, video görtüntülərdən iddiaçının yaşadığı, həmçinin onun valideynlərinin də evinə baxış keçirilməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçının ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı müraciətlərini təmin etməkdən imtina edərkən hər dəfə müxtəlif əsaslar üzrə qərarlar qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. Qanunvericiliyin tələblərinə görə üvanlı dövlət sosial yardımın təyin edilməsi üçün daxil olmuş müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ona görə də, müraciət üzrə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı imtina səbəblərinə istinad etməklə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilməsi yolverilməz və qanunsuzdur. Cavabdeh imtinaya əsas təşkil edən halları eyni anda aşkar etməli və bir dəfə qəbul etdiyi qərarla onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır. Kollegiya ünvanlı sosial yardımın təyin edilməsindən cavabdehin imtinasında (xx.xx.2023-cü il tarixli) göstərilmiş əsaslara və apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı ərizə-bəyannamədə qeyd edilən ünvanda övladı ilə valideynlərindən ayrı yaşayır, həmin ünvanda onun və atasını adına elektrik sərfiyyatını qeydə alan ayrı-ayrı sayğac mövcuddur. Ailələrin mətbəxdən ümumi istifadə edilməsi onların birgə təsərrüfat aparması anlamına gəlmir. Apellyasiya şikayətində “...ərizə bəyannamədə qaz abonent kodu barədə məlumatların göstərilməməsinə baxmayaraq, mənzildə qaz xəttinin və mənzillərdə qaz xəttindən istifadə olunması aşkarlanmışdır.” göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, mənzillərdən birində təbii qazdan istifadə edilir, iddiaçının yaşadığı evdə isə təbii qazdan istifadə edilmir. İddiaçı tərəfindən maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmışdır. Qeyd edilənlər məhkəmə iclasında diskə (video) baxış keçirilən zaman da müəyyən edilmişdir. Kollegiya cavabdehin istinad etdiyi “abonent kodu barədə məlumatın gizlədilməsi” məsələyə münasibətdə həmçinin qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə formal olaraq hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, bu halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, qeyd edilən hal o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən məlumatın qeyd edilməməsi deyil, yalnız belə nəticələrə səbəb olan məlumatın qeyd edilməməsi imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən hal sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatla yoxlama zamanı aşkar edilən arasındakı uyğunsuzluq halına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Onsuz da cavabdehə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilən zaman ünvanda ayrı-ayrı elektrik sayğaclarının olması məlum idi. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər. Hətta, iddiaçının yaşadığı evdə qaz xətti olduğu və xətdən istifadə edildiyi müəyyən olunardısa və ərizədə bu barədə məlumat göstərilməsə idi bu hal Qaydaların 3.7.6-cı bəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin bəndə görə ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilər. Cavabdeh isə Qaydaların 3.7.6-cı bəndində göstərilən səbəbin mövcud olduğunu sübut etmədən və əsaslandırmadan imtina qərarı vermişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müraciətə baxılarkən cavabdeh inzibati icraatın gedişində müxtəlif vaxtlarda müxtəlif imtina səbəblərinə istinad etməkdə haqlı deyildir. Bu, qanuna uyğun və səmərəli idarəçilik prinsipləri ilə ziddiyyət təşkil edir. Sözügedən inzibati praktika həmçinin şəxsin özünün səmərəli hüquqi müdafiəsinin qurulmasına da ciddi mane təşkil edir. Belə ki, qeyd edilən vəziyyətlərdə o, inzibati orqanın dəyişən və qeyri-müəyyən mövqelərinə münasibətdə hüquqi müdafiə həyata keçirməli olur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-731/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-621/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-621/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver