Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-635/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1558/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq etmiş, o cümlədən xx.xx.1997-xx.xx.2007-ci il tarixlərdə - Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmiş, həmin qurum ləğv edildiyindən xx.xx.2007-ci il tarixdən nazirliyin sərəncamında olmuş, xx.xx.2008-xx.xx.2024-cü il tarixlərdə isə İmişli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləmiş, yaş həddinə çatması barədə ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun ədliyyə orqanlarında qulluq illəri xx.xx.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil etmişdir.” İddiaçı cavabdehə müraciət edərək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işlədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinə istinad edərək bildirmişdir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 35 ildən az olduğundan ona ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyil. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə görə ədliyyə orqanlarında qulluqda olmanın yaş həddi 60 yaşdır. Ədliyyə orqanlarında qulluq illəri xx.xx.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil edir. Hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh pensiya kapitalını da nəzərə almamışdır. Belə ki, onun pensiya kapitalı qanunla nəzərdə tutulduğundan xeyli çox, yəni 65000 manatdan çoxdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılmış və iddiaçıya ünvanlanmış xx.xx.2020-cü il tarixli **********8 nömrəli imtina məktubunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az (19 il 11 ay 19 gün), xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-84397/2024 nömrəli imtina məktubunda isə xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 35 ildən az olması səbəbindən əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdə məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il quiluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, Qanunun 20.19-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizm funksiyalarının 81-100 faiz (İ dərəcəli) pozulmasına görə əlilliyi müəyyən edilmiş, ədliyyə orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) də ədliyyə işçisi kimi əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iddiaçının qulluq stajı 35 ildən az olduğundan, 65 yaşı tamamlanmadığından və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmadığından ona ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1558/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1558/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1558/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə mövcud olması zəruridir. Başqa sözlə, iddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ədliyyə işçisi qismində işlədiyi və həmin vəzifədə azı 35 il qulluq stajına malik olduğu təqdirdə, ona həmin pensiya təyin oluna bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ədliyyə orqanlarında qulluq illəri (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 35 il qulluq stajına malik olmadığından, onun yuxarıda istinad edilən normada nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. İddiaçının apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1558/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-635/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-635/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver