Məhkəmə qərarları › İş №2-1(106)-64/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-64/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-64/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(120)-115/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 26 oktyabr 2022-ci il tarixli, 2-1(120)-115/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş 0,05 hektar torpaq sahəsi (həyətyanı sahə, fərdi yaşayış evi tikintisi məqsədilə) ilə bağlı adına JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə verildikdən sonra o, adıçəkilən torpaq sahəsini hasara alaraq orada müxtəlif ağaclar əkmişdir. Yaşamaq üçün müəyyən tikili də tikərək ailə üzvləri ilə bərabər orada 20 il müddətində yaşamışdır. Adıçəkilən torpaq sahəsi verildiyi vaxtdan hal-hazıradək onun istifadəsindədir. O, həmin şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0,05 hektar torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirərək bu barədə çıxarış almaq istəyir. Bu məqsədlə o, cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmişdir. Bununla da, cavabdeh tərəfindən onun konstitusion hüququ pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə aid məlumatların ərazi idarəsinin elektron məlumat bazasında olmadığını, həmin şəhadətnamənin ikinci nüsxəsinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş arxiv sənədləri arasında aşkarlanmadığını, həmin şəhadətnaməyə aid hər hansı bir məlumat olmadığını nəzərə almamışdır. Həmçinin sözügedən torpaq sahəsinin faktiki olaraq sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, tərəflərindən iddiaçıya verilmiş imtinada torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında həmin şəhadətnaməyə aid hər hansı bir məlumatın olmadığının müəyyənləşdirildiyi qeyd edilsə də, sonradan aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsində Füzuli rayonuna aid 2000-2002-ci illərlə bağlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabı yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Füzuli rayon Horadiz bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən üçüncü şəxs Füzuli rayon Horadiz bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 1 nömrəli qərarı ilə bələdiyyə ehtiyat fondundan 0,05 hektar torpaq sahəsi həyətyanı məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin müdiri Şahid1 və Dövlət Yerquruluşu Lahiyə İnstitutunun müdiri F.Cəfərov tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********94 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı müraciətə əlavə edilmiş JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə aid məlumatların ərazi idarəsinin elektron məlumat bazasında olmadığı müəyyən edilmişdir. Bundan əlavə, həmin şəhadətnamənin ikinci nüsxəsi ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş arxiv sənədləri arasında aşkarlanmamış, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında həmin şəhadətnaməyə aid hər hansı bir məlumat olmadığı müəyyənləşdirilmişdir. Eyni zamanda, həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin həyətyanı məqsədi üçün ayrılması qeyd edilsə də, şəhadətnamənin qaiməsi /sertifikatı/ hissəsində torpaq sahəsi dəmyə kimi göstərilmişdir. Həmçinin Füzuli rayon Horadiz şəhəri ərazisində torpaq islahatı aparılmadığı üçün torpaq sahəsinin mülkiyyət növü müəyyənləşdirilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 16 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı barəsində Füzuli rayon Horadiz bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olan sənədlər arxivə təhvil verilməmişdir. Arxivdə saxlanılan İddiaçı ilə Füzuli rayon Horadiz bələdiyyəsi arasında bağlanmış xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surəti məhkəməyə təqdim edilir. Həmin məktuba əlavə edilmiş Füzuli rayon Horadiz bələdiyyəsinin sədri Şahid2, alıcı İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin müdiri Şahid1 iştirakı ilə tərtib edilmiş xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı torpaq sahəsi almaq barədə müraciəti əsasında Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 0,05 hektar torpaq sahəsinin İddiaçı satılması və bunun müqabilində İddiaçı tərəfindən bələdiyyənin bank hesabına əvvəlcədən 200382 manat haqq ödənilmiş olmasına dair akt tərtib edilmişdir. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsində xx.xx.2001-ci il tarixdə 04 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********47 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 0,05 hektar torpaq sahəsinin ayrılmasına dair arxivdə olan sənədlərin surətləri məhkəməyə təqdim edilir. JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə arxivdə aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarının surətindən görünür ki, Horadiz qəsəbə sakinlərinə qəsəbənin ehtiyat fondunun alqı-satqı predmeti olan qəsəbənin gələcək inkişafı üçün ayrılmış torpaq sahəsindən həyətyanı məqsədilə 1,05 hektar torpaq sahəsinin satılması və torpaq satılacaq qəsəbə sakinlərinin adlı siyahısının qərara əlavə edilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş torpaq sahəsinin planının surətindən görünür ki, Füzuli rayon Horadiz bələdiyyəsi ərazisindən İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin planı tərtib edilmişdir. İşdə olan Füzuli rayon Horadiz bələdiyyəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 09 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı verilən 0,05 hektar torpaq sahəsinin heç bir sənədi bələdiyyədə yoxdur. Ümumiyyətlə, 2001-ci, 2002-ci, 2003-cü, 2004-cü və 2005-ci illərə aid sənədlər hazırda bələdiyyə arxivində mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2233 nömrəli ekspert rəyinin nəticə hissəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad edilməklə qeyd edilmişdir ki, Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı, torpaqların alqı-satqısına dair xx.xx.2001-ci ildə bağlanmış akt və torpağın mülkiyyətə verilməsinə dair JN-001D (kod: ********) nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Füzuli rayon Horadiz şəhəri ərazisində yerləşən 0,05 hektar torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı, torpaqların alqı-satqısına dair xx.xx.2001-ci ildə bağlanmış akt və torpağın mülkiyyətə verilməsinə dair JN-001D (kod: ********) nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Füzuli rayon Horadiz şəhəri ərazisində yerləşən 0,05 hektar torpaq sahəsinin xx.xx.2001-ci ildə (qərarın qəbul edildiyi dövrdə) və xx.xx.2001-ci ildə (alqı-satqı aktının bağlandığı dövrdə) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla, yaşayış məntəqələri torpaqları kateqoriyasına, hal-hazırda isə xüsusi mülkiyyətdə oları torpaq sahəsi olmaqla, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid ərazi olduğu müəyyən olundu. Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı, torpaqların alqı-satqısına dair xx.xx.2001-ci ildə bağlanmış akt və torpağın mülkiyyətə verilməsinə dair JN-001D (kod: ********) nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Füzuli rayon Horadiz şəhəri ərazisində yerləşən 0,05 hektar torpaq sahəsinin koordinatlarının başqa şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olundu. Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı, torpaqların alqı-satqısına dair xx.xx.2001-ci ildə bağlanmış akt və torpağın mülkiyyətə verilməsinə dair JN-001D (kod: ********) nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Füzuli rayon Horadiz şəhəri ərazisində yerləşən 0,05 hektar torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müəyyən olundu. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3- 02/2-4688/2023 nömrəli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı məhkəmə sorğusunda qeyd olunan suallarla bağlı aşağıdakılar müəyyən edilmişdir. Məhkəmə sorğusunda qeyd edilən torpaq sahəsinə dair adlı siyahı və bələdiyyə qərarının icrası ilə əlaqədar digər sənədlərin surəti məhkəməyə təqdim edilir. "xxxx" MMC-nin arxivində saxlanılan sənədlər Dövlət Yerquruluşu Layihə İnstitutunun arxiv sənədləridir. İnstitut əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrəli fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və onun tabeliyində "xxxx" MMC yaradılmışdır. Hal-hazırda sözügedən qurum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tabeliyindədir. İddiaçıya təqdim edilmiş JN-001D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni təsdiq edənlər – ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin müdiri Şahid1 (xx.xx.1997-ci il tarixli, 140 nömrəli əmrlə şöbə müdiri vəzifəsinə təyin edilmişdir) və Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru X2 (xx.xx.2000-ci il tarixli, 155 nömrəli əmrlə direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixli, 23 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir) dair telefon nömrələri və hal-hazırda yaşadıqları ünvanlarla bağlı məlumat "xxxx" MMC-nin arxivində mövcud deyildir. Həmin məktuba əlavə edilmiş Füzuli rayon Horadiz bələdiyyəsinin perspektiv inkişaf üçün nəzərdə tutulmuş ərazisindən həyətyanı məqsədlə satılacaq torpaq sahəsi olan vətəndaşların siyahısının surətindən görünür ki, həmin siyahıda İddiaçı (0,05 hektar) da adı qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş Füzuli rayon Horadiz bələdiyyəsinin perspektiv inkişaf fondundan əhaliyə satılması nəzərdə tutulmuş ərazinin planının surətindən görünür ki, həmin planda İddiaçı satılması nəzərdə tutulmuş torpaq sahəsi də öz əksini tapmışdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o, iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə Füzuli rayon Horadiz bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. İddiaçı müharibə veteranı idi. İddiaçının müraciəti əsasında ona Füzuli rayon Horadiz bələdiyyəsi tərəfindən 0,05 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçıya torpaq sahəsi ayrılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə məktub göndərilmiş və Füzuli rayon şöbəsi də torpağın alqı-satqısına öz razılığını bildirmişdir. Daha sonra da iddiaçıya ayrılmış torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə göndərilmiş və həmin sənədlər əsasında da iddiaçının adına JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərkən sənədlərin təhvil-təslimində səhvə yol verilibsə, iddiaçının burda heç bir təqsiri yoxdur. İddiaçı torpaq sahəsinin ayrılmasını indi də xatırlayır. Füzuli rayon Horadiz bələdiyyəsi tərəfindən qanuni qərar qəbul edilmiş, həmin qərar əsasında da iddiaçıya torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında surəti olan xx.xx.2021-ci il tarixdə 04 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktda olan müvafiq imza onun tərəfindən icra edilmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunana kimi həmin Komitənin Füzuli rayon şöbəsinin sədri vəzifəsini icra etmişdir. İddiaçı müharibə veteranı idi. İddiaçının müraciəti əsasında ona Füzuli rayon Horadiz bələdiyyəsi tərəfindən 0,05 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçıya torpaq sahəsi ayrılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin alqısatqısına razılıq bildirilmişdir. Daha sonra isə iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinə dair torpağın mülkiyyə mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi üçün tərəflərindən müvafiq sənədlər toplanaraq Komitəyə göndərilmiş və həmin sənədlər əsasında da iddiaçının adına JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bugün də iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinə dair müəyyən sənədlərin Komitənin bazasında yaradılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi) arxivində olmasının səbəbi budur. 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərkən iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı sənədlərin tam şəkildə təhvil verilməməsində iddiaçının heç bir təqsiri yoxdur. İş materiallarında surətləri olan xx.xx.2021-ci il tarixdə 04 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktda və JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan müvafiq imzalar onun tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 139-1.1.5-ci) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.5) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin faktiki hallarından görünür ki, İddiaçı torpaq sahəsi almaq barədə müraciəti əsasında Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 0,05 hektar torpaq sahəsi İddiaçı satılmış və barədə Füzuli rayon Horadiz bələdiyyəsinin sədri Şahid2, alıcı İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin müdiri Şahid1 iştirakı ilə tərtib edilmiş torpaqların alqı-satqısına dair akt xx.xx.2001-ci il tarixdə 04 nömrə ilə qeydiyyata alınmışdır. Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya ayrılmış sözügedən 0,05 hektar həyatyanı torpaq sahəsinə dair iddiaçının adına JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin müdiri Şahid1 və Dövlət Yerquruluşu Lahiyə İnstitutunun müdiri Füzuli Cəfərov tərəfindən imzalanaraq təsdiq edilmişdir. İddiaçı həmin şəhadətnamə əsasında sözügedən 0,05 hektar həyatyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, sözügedən JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə aid məlumatların ərazi idarəsinin elektron məlumat bazasında olmadığı müəyyən edilmişdir. Bundan əlavə, həmin şəhadətnamənin ikinci nüsxəsi ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş arxiv sənədləri arasında aşkarlanmamış, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında həmin şəhadətnaməyə aid hər hansı bir məlumat olmadığı müəyyənləşdirilmişdir. Eyni zamanda, həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin həyətyanı məqsədi üçün ayrılması qeyd edilsə də, şəhadətnamənin qaiməsi /sertifikatı/ hissəsində torpaq sahəsi dəmyə kimi göstərilmişdir. Həmçinin Füzuli rayon Horadiz şəhəri ərazisində torpaq islahatı aparılmadığı üçün torpaq sahəsinin mülkiyyət növü müəyyənləşdirilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı ilə 0,05 hektar torpaq sahəsinin İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından onlar mötəbər sayılır. Cavabdehin imtinasında göstərilən dəlillər hüquqların dövlət reyestrində qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqan ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçıya sözügedən 0,05 hektar həyatyanı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı bir daha öz təsdiqini tapmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsində qeyd edilən dövrdə Füzuli rayon Horadiz bələdiyyəsinin sədri olmuş Şahid2 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin müdiri olmuş Şahid1 şahid qismində dindirilmiş və verdikləri ifadələrdə iddiaçıya sözügedən torpaq sahəsinin ayrılmasına dair iş materiallarında olan müvafiq sənədlərdəki imzaların onlara məxsus olduğunu təsdiq etmişdirlər. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş JN-001D (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə aid məlumatların cavabdeh inzibati orqanın elektron məlumat bazasında olmaması, həmin şəhadətnamənin ikinci nüsxəsinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş arxiv sənədləri arasında aşkarlanmamış olması iddiaçının təqsiri deyildir və həmin hallar iddiaçının ziyanına qiymətləndirilə, bu səbəbdən onun həmin torpaq sahəsinə mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Həmçinin cavabdeh inzibati orqan imtinasında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında sözügedən şəhadətnaməyə aid hər hansı bir məlumatın olmadığının müəyyənləşdirildiyini qeyd etsə də, işə apellyasiya qaydasında baxılarkən cavabdeh inzibati orqanın nümayəndəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsində Füzuli rayonuna aid 2000-2002-ci illərlə bağlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabının olmadığını bildirmişdir. Həmçinin cavabdeh inzibati orqan imtinasında sözügedən şəhadətnamədə torpaq sahəsinin həyətyanı məqsədi üçün ayrıldığının qeyd edildiyini, lakin şəhadətnamənin qaiməsi /sertifikatı/ hissəsində torpaq sahəsinin dəmyə kimi göstərildiyini, həmçinin Füzuli rayon Horadiz şəhəri ərazisində torpaq islahatı aparılmadığı üçün torpaq sahəsinin mülkiyyət növünün müəyyənləşdirilmədiyini qeyd etmişdir. Eləcə də, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin faktiki olaraq sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdehin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2233 nömrəli ekspert rəyində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad edilməklə qeyd edilmişdir ki, Füzuli rayon Horadiz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı, torpaqların alqı-satqısına dair xx.xx.2001-ci ildə bağlanmış akt və torpağın mülkiyyətə verilməsinə dair JN-001D (kod: ********) nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Füzuli rayon Horadiz şəhəri ərazisində yerləşən 0,05 hektar torpaq sahəsinin xx.xx.2001-ci ildə (qərarın qəbul edildiyi dövrdə) və xx.xx.2001-ci ildə (alqı-satqı aktının bağlandığı dövrdə) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla, yaşayış məntəqələri torpaqları kateqoriyasına, hal-hazırda isə xüsusi mülkiyyətdə oları torpaq sahəsi olmaqla, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid ərazi olduğu müəyyən olundu. Sözügedən 0,05 hektar torpaq sahəsinin koordinatlarının başqa şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olundu. Həmçinin həmin 0,05 hektar torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müəyyən olundu. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(120)-115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar