Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-651/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmətə çağırışa möhlət verilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı “hərbi xidmətə çağırışa möhlət verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-2518/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Seriya SX ******* nömrəli xx.xx.2016-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olmamış, xx.xx.2015-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixlərdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi qiymətləndirilmişdir. İstanbul Gedik Universitetinin xx.xx.2024-cü il tarixli 65891546-302.10.01 nömrəli arayışından görünür ki, Vəlizadə X1 Gedik Universitetinin tələbəsidir, təhsil səviyyəsi magistratura, təhsil forması - əyani, tədris ili - 2024-2025, normal tədris müddəti - 2 il, maksimal tədris müddəti - 3 il, hazırlıq kursu - 1 il, tələbəlik statusu: aktiv-gözləmədədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırış işini tənzimləyən qanunvericilik aktlarında bir sıra dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən ali təhsil pilləsinin magistratura səviyyəsində təhsil alanlara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün yaş həddi (26 yaş) müəyyən edilmişdir. Lakin bu hal dəyişikliyə qədər ali təhsil müəssisələrinə daxil olmuş və təhsilini davam etdirən çağırışçılara şamil olunmur.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı təqdim etdiyi “İstanbul Gedik Universitetində” təhsil alması barədə arayışa əsasən təhsilini davam etdirmək üçün çağırışdan möhlət hüququ veriləcəkdir.” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Sizin 3-17-4/1-5402/2025 nömrə ilə qeydiyyata alınmış çağırışçı İddiaçı dair aparılmış yekun tibbi müayinə barədə daxil olmuş 4-18-2/2-734/2025 nömrəli xx.xx.2025ci il tarixli müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı (bundan sonra-Qərar) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və müvafiq altsistemə daxil edilən göndəriş (Forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişində vətəndaşa “Digər mikobakteriyalar tərəfindən törədilən infeksiyalar” diaqnozu qeyd edilmişdir. Çağırışçının anamnestik məlumatlarına və Agentlikdə aparılmış laborator, instrumental müayinə nəticələrinə əsasən “Digər mikobakteriyalar tərəfindən törədilən infeksiyalar” diaqnozu inkar edilmiş və həmin diaqnoz üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında çağırışçının həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş, nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənməməsinə dair qərar qəbul edilmişdir. Vətəndaşın ətraflı müayinəsi zamanı onda “Keçirilmiş ağciyərin vərəmindən sonra kiçik qalıq əlamətləri, zərif fibroz şəklində” diaqnozu təyin edilmişdir. Həyata keçirilmiş yekun tibbi müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə uyğun olaraq “Keçirilmiş ağciyərin vərəmindən sonra kiçik qalıq əlamətləri, zərif fibroz şəklində" diaqnozu ilə göndərişdə (Forma-44) göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya (maddə 2, bənd ç, A-3 kateqoriya hərbi xidmətə yararlıdır) üzrə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.” Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 21.15-ci maddəsinə əsasən əyani təhsilalma formasında magistraturada təhsil alanlara-müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla) müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsi həmin Qanuna dəyişiklik edilməsi barədə 27 dekabr 2024-cü il tarixli 111-V11QD nömrəli Qanun qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixdən sonra magistratura səviyyəsi üzrə ali təhsil müəssisəsinə daxil olan çağırışçılara şamil olunur. Türkiyə Respublikası İstanbul Gedik Universitetində ali təhsil pilləsinin magistratura səviyyəsində əyani təhsil almağınız barədə arayış Qanuna edilmiş dəyişiklikdən əvvəlki tarixdə (xx.xx.2024-cü il) təqdim edildiyi üçün Sizə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi qanunamüvafiq hesab edilir və bu barədə Xidmətin İmişli rayon şöbəsinə müvafiq məlumat verilmişdir.” “Buta Clinic” tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı “spinal anesteziya altında iki tərəfli varikoselektomiya əməliyyatı” olunmuş, iddiaçıya 1 ay ərzində istirahət rejimi və ağır fiziki işdən imtina, 10 gün sonra kontrol baxışa gəlmək” tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı “ona hərbi xidmətə çağırışa möhlət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının İstanbul Gedik Universitetinin Hüquq fakültəsində inzibati hüquq üzrə xx.xx.2024-cü il tarixdə əyani magistr təhsili almağa başlamışdır. Həmin universitetə daxil olandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə çağrılmışdır. Cavabdeh orqana getmiş və təhsil almağı ilə bağlı arayışı təqdim etmişdir. Lakin ona bildirilmişdir ki, sağlamlıq vəziyyəti ilə bağlı möhlət hüququ olduğuna görə təhsillə bağlı ona möhlət hüququ verilə bilməz. Ona görə də, gözləməlidir ki, oktyabr ayında həqiqi hərbi xidmətə cəlb edilsin. Ona göstərilən məsələlərlə bağlı ölkəni tərk etməmək tapşırıldığına görə məcburiyyət qarşısında qalaraq ölkəni tərk edə bilməmişdir. Buna görə də Xidmətdən xahiş etmişdir ki, məsələni mümkün qədər tez həll etsinlər ki, ölkədən gedə bilsin. Buna baxmayaraq, məsələ həddindən artıq uzanmış və Xidmətin ona bildirdiyinə görə xidmətə yararlı olması barədə Tibbi Sosial Ekspert və Reabiliyasiya Agentliyinin yekun rəyi xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Rəy oktyabr ayının sonunadək gəlsəydi ona təhsillə bağlı möhlət veriləcəkdi, amma indiki halda işinə 2025-ci ilin yanvar ayında baxıla bilər. Bu səbəbdən də o, arayışı vermiş, xx.xx.2024-cü il tarixdə təhsillə bağlı Türkiyə Respublikasına yollanmışdır. Onu da diqqətə çatdırır ki, əvvəlcədən telefonla universitetlə əlaqə saxlayıb öyrənmişdir ki, il sonu olduğundan daha dərsləri götürə bilmir, bundan başqa əgər gəlib-gəlməmə səbəbini bildirməsə universitetdən xaric ola bilər. Həmçinin, Türkiyə Respublikasında “Oturum izni” (Yaşamaq hüququ) alaraq universitetə təqdim etməsə xaric oluna bilər. Ona görə də 3 günlük bilet alaraq universitetə getmiş və ərizə yazaraq bunun üçün ona 2025-ci ilin fevral ayınadək möhlət verilməsini xahiş etmişdir. Çünki, həmin tarixədək getməsə universitet onu xaric edəcəkdi və ödədiyi illik 2000 USD pul məbləği batacaqdır. Bu ilin yanvar ayının 7-si cavabdeh orqandan ona zəng edərək bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna xx.xx.2024-cü il tarixdə dəyişiklik edilmişdir və həmin dəyişikliyə əsasən artıq yalnız 26 yaşınadək olan şəxlərə möhlət hüququnun verilməsi mümkündür. O, universitetə girən zaman bunu bilməyinin mümkün olmadığını, bu halın onu hüquqdan məhrum etdiyini və vəziyyətinin ağırlaşdırdığını bildirmişdir. Göründüyü kimi, neçə aydır bu məsələlərlə bağlı Türkiyəyə Respublikasına gedərək təhsil ala bilmir. Ortada qalan noyabr ayında isə ağrıları səbəbindən əməliyyat olunmuş və 1 ay ev şəraitində müalicə almalı olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya etirazda qeyd etmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı 2024cü ilin sentyabr ayında təkrar tibbi müayinədən keçmiş və barəsində verilmiş “Dinc dövrdə həqiqi hərbi xidmətr yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarına uyğun olaraq yekun müayinə olunması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunmuşdur. DTSERA-nın “A-3 “Fərqli kateqoriya üzrə təsdiq” yekun qərarına əsasən vətəndaş hərbi xidmətə yararlı sayılmış və 2025-ci ilin yanvar çağırışına cəlb edilmişdir. Çağırışçı müddətli həqiqi hərbi xidmətə çağırışa yararlı sayıldıqdan sonra İstanbul Gedik Universitetində magistratura səviyyəsi üzrə təhsil alması barədə arayış təqdim etmiş və təhsil alması üçün çağırışa möhlət verilməsini xahiş etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1ci maddəsinə uyğun olaraq mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan çağırışçılara təhsilini davam etdirmək üçün qanunla müəyyən edilmiş qaydada çağırışa möhlət verilir. Qanunun qüvvədə olan və əvvəlki redaksiyasında bakalavriatda və magistraturada təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Qanunda təhsil alan çağırışçılara möhlətin verilməsi qeyd olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları hesab olunur. İddiaçı təqdim etdiyi arayışda kursunun hazırlıq kursu olması ilə yanaşı, tələbəlik statusunun gözləmə statusunda olması qeyd edilmişdir ki, bu da onun aktiv tələbə və təhsilalan olmaması deməkdir. Qeyd edildiyi kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə görə isə magistratura səviyyəsində və aktiv təhsilalan çağırışçılara çağırışa möhlət verilməsi göstərilmişdir. Qanunun 13.1-ci maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayon (şəhər) çağırış komissiyası yaradılır. Komissiya çağırışı keçirmək üçün yaradılırsa, çağırış isə Qanunun 12.3-cü maddəsinə əsasən yanvar, aprel, iyul və oktyabr aylarında keçirilirsə, deməli komissiyanın fəaliyyəti və qanunvericiliyə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə göndərilmə, çağırışa möhlət və çağırışdan azadetmə qərarları da yalnız həmin aylarda verilə bilər (və verilir). Çağırışçı barəsində təqdim etdiyi təhsilalma haqqında arayış əsasında qərar verilməsi prosesi Qanuna edilmiş 29 dekabr tarixli dəyişiklikdən sonrakı dövrə aid olduğu üçün artıq yeni müddəalar tətbiq olunur. Əks halda, belə hesab edilsə ki, yeni Qanunun müddəaları Qanun qəbul edildikdən sonrakı dövrə şamil ediləcəksə, o, halda gərək ən azı 1 il yeni Qanun tətbiq olunmasın və əvvəlki redaksiya ilə qərar verilsin. Əgər Qanunun 21-ci maddəsinin əvvəlki redaksiyası qüvvədən düşübsə və 29 dekabrdan sonra yeni müddəalar təsdiq olunubsa, qərar da yanvar ayında verilməlidirsə, qüvvədən düşmüş müddəalarla necə rəsmiləşdirmə apara bilər və ya yeni Qanun qüvvəyə minibsə, onun tətbiqini necə ləngidə və gözləyə bilərlər? Qanunun 21.3-cü maddəsindən də göründüyü kimi çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırılmamaları üçün təhsil almaları haqqında rəsmi sənədi məhz çağırış ayınadək struktur quruma təqdim etməlidir. Deməli, maddədə çağırış ayının xüsusiləşdirilməsi də çağırışçının barəsində qərarın həmin ayda verilməsini göstərir. Çağırışçının təqdim etdiyi təhsilalma haqqında arayış əvvəlki tarixdə tərtib oluna bilər (necə ki, İddiaçı təqdim etdiyi sənəd xx.xx.2024-cü il tarixə aiddir), amma qərar veriləndə arayışın tarixi ilə yox, komissiyanın fəaliyyət dövrünün tarixi ilə rəsmiləşdirilir. Eyni qayda ilə çağırışçı iyul ayının arayışını dekabr ayında struktur quruma təqdim edirsə, bu, o demək deyil ki, çağırış komissiyası həmin tarixlərin izi ilə hərəkət etməli və çağırışa möhləti geri tarixə - iyul ayına rəsmiləşdirməlidir. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-2518/2025 nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair etiraz: Təhsilinin birinci il üzrə dondurulması təhsil almasını istisna etmir və bu halda möhlət verilməsini istisna edən qanunvercilikdə norma mövcud deyildir. Təhsilinin dondurulması (təhsil ala bilməməsi) cavabdehin hərəkətlərinə görə olmuş, universitetdən qovulmamaq üçün təhsilini dondurmalı olmuşdur. Belə ki, təhsil üzrə dərs qeydiyyatı aparmalı olduğu 2024-cü ilin sentyabr ayında onu cavabdeh buraxmamış, həmin ay üçün mesajla onun aidiyyəti quruma yaxınlaşmalı olduğunu bildirmişdir. Hətta, avqust ayında bu xüsusatı cavabdehə bildirilmiş, sonuncu isə getməməyini, hər an çağrıla biləcəyini demişdir. Digər smestr üçün nəzərdə tutulmuş qeydiyyat müddətində - 2025-ci ilin yanvar ayında da eyni hadisə baş vermiş, tərəfindən təhsil almağı ilə bağlı müvafiq arayış təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ona çağrışa cəlb edildiyi bildirilmiş və ölkə xaricinə çıxacağı halda bunun yayınma kimi qiymətləndiriləcəyi deyilmişdir. Bundan başqa, işdə olan mesajlardan həmin ilin oktyabrında çağrılmağı, işdə olan epikrizdən isə noyabr ayında səhhətində olan problemlə bağlı əməliyyat olunmağı və 1 ay ev şəraitində müalicə almalı olmağı görünür. Belə bir şəraitdə təhsil alma hüququnu realizə etmək üçün ilk fürsətdə Türkiyə Respublikasına gedərək TÖMER (dil) imtahanı vermiş və universitetdən xaric olmamaq üçün “oturum izni” (yaşamaq hüququ) əldə etmişdir. Buradan da aydın olur ki, niyyəti məhz təhsil almaq olmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 31. Təhsil prosesinin iştirakçıları 31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları; Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ... 29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir. ... 5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: 5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə - xidmətdən tərxis edilənədək; 5.1.2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək; 5.1.3. səhhətinə görə - həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla); 5.1.4. sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə; 5.1.5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə - bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla; 5.1.6. xaricdə öz hesabına təhsil aldıqda - 1 (bir) il müddətinədək. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 18. Çağırışa möhlət verilməsi 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ... 18.1.3. təhsili davam etdirmək üçün; Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi (27 dekabr 2024cü il tarixdən sonrakı redaksiya). 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: ... 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi (əvvəlki redaksiya). 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: ... 21.1.5. xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının magistratura pilləsi üzrə təhsil dövrü Qanuna müvafiq dəyişiklik edilməmişdən əvvəlki tarixdə başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməməsi müəyyən edilmişdir. Belə olan halda iddiaçıya münasibətdə Qanunun 21-ci maddəsinin yeni redaksiyası tətbiq oluna bilməz. Əks halda bu onun konstitusion hüquqlarının pozulması və onun hüquqi vəziyyətinin çətinləşməsi ilə nəticələnmiş olar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı həqiqi hərbi xidmətdə olmamış, xx.xx.2015-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixlərdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. O, İstanbul Gedik Universitetinin tələbəsidir, təhsil səviyyəsi - magistratura, təhsil forması - əyani, tədris ili - 2024-2025, normal tədris müddəti - 2 il, maksimal tədris müddəti - 3 il, hazırlıq kursu - 1 il, tələbəlik statusu: aktiv-gözləmədədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qiymətləndirilməsi nəticəsində iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “...Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 21.15-ci maddəsinə əsasən əyani təhsilalma formasında magistraturada təhsil alanlara-müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla) müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsi həmin Qanuna dəyişiklik edilməsi barədə 27 dekabr 2024-cü il tarixli 111-V11QD nömrəli Qanun qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixdən sonra magistratura səviyyəsi üzrə ali təhsil müəssisəsinə daxil olan çağırışçılara şamil olunur. Türkiyə Respublikası İstanbul Gedik Universitetində ali təhsil pilləsinin magistratura səviyyəsində əyani təhsil almağınız barədə arayış Qanuna edilmiş dəyişiklikdən əvvəlki tarixdə (xx.xx.2024-cü il) təqdim edildiyi üçün Sizə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi qanunamüvafiq hesab edilir və bu barədə Xidmətin İmişli rayon şöbəsinə müvafiq məlumat verilmişdir.” Cavbadeh tərəfindən də iddiaçıya xx.xx.2025-ci il tarixli oxşar məktub göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “spinal anesteziya altında iki tərəfli varikoselektomiya əməliyyatı” olunmuş, iddiaçıya 1 ay ərzində istirahət rejimi və ağır fiziki işdən imtina, 10 gün sonra kontrol baxışa gəlmək” tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş “SMS məlumat”dan görünür ki, onun 2024-cü ilin oktyabr çağırışına cəlb edildiyi və əlavə tibbi müayinə edilməsi bildirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə edilmiş müvafiq dəyişikliyə (27 dekabr 2024-cü il) qədər xarici ölkədə əyani təhsilalma formasında magistraturada təhsil almaq hüququ qazanmışdır. Qanuna sonradan edilmiş müvafiq dəyişiklik hazırki vəziyyətdə ona tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: - fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; - hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə sonradan (27 dekabr 2024-cü il) edilmiş dəyişiklik iddiaçının Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Mühahisə üzrə məhkəmənin gəldiyi mövqe (iddianın əsaslılığı barədə) cavabdeh orqan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış yuxarıda qeyd edilmiş məktublarda da əksini tapmışdır. Bundan başqa, iddiaçının təhsili ilə bağlı tələbəlik statusunun gözləmədə olması (cavabdehin mövqeyinə görə aktiv təhsil almaması) mübahisə üzrə vəziyyəti dəyişmir. Belə ki, “Təhsil haqqında” Qanunun 31.0.1-ci maddəsinə əsasən təhsilalanlar uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqalarıdır. Həmin Qanunun 29.0.10-1-ci maddəsinə əsasən ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək təhsil sahəsində dövlətin vəzifələrindədir. Qanunun 29.0.10-1-ci maddəsinə əsasən “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiqlənmişdir. Qaydalarda təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələləri də nəzərdə tutulmuşdur. Yəni, şəxsin təhsilini müvvəqqəti dayandırması onun təhsilalan statusunu dəyişmir. İddiaçıya təhsil aldığı İstanbul Gedik Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 65891546-302.10.01 nömrəli arayışda da onun tələbəlik statusu: aktiv göstərilir. Həmçinin, mübahisə ilə bağlı iddiaçının təhsilinin ilk ili üzrə vəziyyətin belə olmasında cavabdeh tərəfindən onun çağırışa cəlb edilməsi və tibbi vəziyyəti də nəzərə alınmalıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-2518/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-651/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-651/2025
21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver