Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-702/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(120)-2918/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 iyul 2025-ci il tarixli, 2-1(120)- 2918/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən 1971-1996-cı illər üzrə əmək haqqı almasını təsdiq edən sənədlərin (əmək haqqı arayışlarının) təqdim olunmaması, İmişli rayonu Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozun 1971-1990-cı və 1996-cı illərə aid əməyin ödənişi və hesablaşma kitablarının arxivdə saxlanılmaması, 1993-cü və 1995-ci illərə aid qeydlərə düzəliş edilməsi və digər məlumatların qeydiyyatının mövcud olmaması, bununla əlaqədar həmin dövr üzrə əməkhaqqı alıb-almadığının müəyyənləşdirilməsinin mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. İddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş, əmək kitabçasına və hərbi biletinə əsasən o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci ildən xx.xx.1975-ci ilə qədər İmişli rayon Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozda işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet Ordusunda hərbi xidmətdə olmuş, bundan sonra xx.xx.1977ci ildən xx.xx.1996-cı ilə qədər həmin kolxozda kolxozçu vəzifəsində işləmişdir. Ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Onun 65 yaşı tamam olduğu tarixdə yəni xx.xx.2021-ci il tarixdə onun yaşa görə əmək pensiyası hüququ mövcud olmuşdur. Cavabdeh inzibati orqana müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hərbi biletin surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi sığorta stajı 2 il 18 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçıya məxsus xx.xx.1971-ci il tarixli kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1971-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış, Fondun Mil-Muğan regional filialının İmişli rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi aktlara əsasən M.Əzizbəyov adına kolxozun 1971-1990-cı və 1996-cı illərə aid əməyin ödənişi və hesablaşma kitabları arxivdə saxlanılmadığından, eyni zamanda 1993-cü və 1995-ci illərə aid qeydlərə düzəliş edildiyindən və digər məlumatların qeydiyyatı mövcud olmadığından iddiaçının həmin dövr üzrə əməkhaqqı alıb-almadığının müəyyənləsdirilməsi mümkün olmamışdır. Belə ki, 1993-cü il tarixdə adam gününə düzəliş olunaraq “364” kimi, 1995-ci il tarixdə “285” kimi göstərilmiş, adam gününə dair qeydlər əməkhaqqına dair qeydlərə nisbətən fərqli qələmlə yazılmış, iddiaçının 1991-1995-ci illərdə olan əmək fəaliyyətinə dair göstəriciləri bir kitabda aparılmış, həmçinin kitabda yalnız adam günü və əməkhaqqına dair qeydlər mövcuddur, digər məlumatların qeydiyyatı mövcud deyildir, kitabda olan 900-dən artıq vətəndaşın adları və göstəriciləri (mütləq əksəriyyəti) eyni xətt və qələmlə qeyd olunmuşdur. Bunlar isə kolxozun son hesablaşma kitabının sonradan tərtib edilməsinə dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən də sözügedən dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı ona pensiya təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müraciəti zamanı cavabdeh inzibati orqana hazırda təqdim etdiyi 1971-ci il tarixdə doldurulmuş ******* nömrəli kolxozçunun əmək kitabçasını deyil, 1998-ci il tarixdə doldurulmus HT-İ ******* nömrəli əmək kitabçasını təqdim etmisdir ki, həmin kitabçada onun 1978-2003-cü illərdə İmişli rayonu Əhaliyə Məişət Xidməti Kombinatında qaynaqçı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçının müraciətinin təmin edilməsindən imtina edildiyindən, iddiaçı müvafiq tələblə Şirvan İnzibati Məhkəməsində iddia qaldırsa da, uzun müddət davam edən məhkəmə araşdırması zamanı sonradan iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəmə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 355/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə icraata xitam verilmişdir. Hazırki müraciəti zamanı isə iddiacı HT-İ ******* nömrəli əmək kitabçasını deyil, yalnız 1971-ci il tarixdə doldurulmuş ******* nömrəli kolxozcunun əmək kitabcasını təqdim etmisdir. Eyni zamanda iddiaçının 1971-1975, 1977-1996-cı il tarixlərində İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozda kolxozçu vəzifəsində işləməsi ilə, 1978-2003cü il tarixində İmişli rayonu Əhaliyə Məişət Xidməti Kombinatında qaynaqçı vəzifəsində işləməsi 1978-1996-cı illərə aid hissədə üst-üstə düşür və yuxarıda qeyd olunan səbəblərdən ziddiyyətlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin kollegiyanın müvafiq sualına cavab olaraq bildirdi ki, eyni dövrlərdə həm kolxozda, həm də İmişli rayonu Əhaliyə Məişət Xidməti Kombinatında qaynaqçı işləmişdir, ona görə də onun adına 2 əmək kitabçası açılmışdır. Həmçinin məhkəmə kollegiyasının əvvəlki iclasında İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozun 1991-1995-ci illərə dair əmək haqqı cədvəllərinə arxivin və cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, həmin sənədlərdə iddiaçıya əmək haqqı ödənişi ilə bağlı rəqəmlərə hər-hansı düzəliş edilməsi, fərqli qələmlə yazılma və digər şübhəli məqamlar aşkar edilməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. -НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 18 gün Sovet Ordusu Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. -АЗЕ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının İmişli rayonu Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozun ümumi yığıncağının 10 nömrəli qərarına əsasən xx.xx.1971-ci il tarixdə kolxozçu kimi işə qəbul edilməsi, İmişli RHK-nın xx.xx.1075-ci il tarixli çağırış vərəqinə əsasən Sovet Ordusu sıralarına çağırıldığı üçün xx.xx.1975-ci il tarixdə işdən azad edilməsi, hərbi xidmətdən qayıtdığı üçün İmişli rayonu Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozun ümumi yığıncağının 12 nömrəli qərarına əsasən xx.xx.1977-ci il tarixdə kolxozçu kimi işə qəbul edilməsi, aqrar islahatla əlaqədar kolxoz ləğv olunduğu üçün Aqrar İslahat Komissiyasının ümumi yığıncağının 12 nömrəli qərarına əsasən xx.xx.1996-cı il tarixdə kolxoz üzvlüyündən və işdən azad edilməsi barədə qeydlər mövcuddur. -2450579 nömrəli əmək kktabçasının surətindən görünür ki, iddiaçının 1978-2003cü illər aralığında İmişli rayonu Əhaliyə Məişət Xidməti Kombinatında elektrik qaynaqçısı vəzifəsində işləməsi barəədə qeydlər vardır. Beləliklə, şərh olunan sənədlərlə iddiaçının 25 ildən artıq sosial sığorta stajına malik olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası ilə sübuta yetir. İddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan əməyin ödənişi və hesablaşma kitabları arxivdə saxlanılmamasını, eyni zamanda müəyyən illərə aid qeydlərə düzəliş edilməsini və digər məlumatların qeydiyyatının mövcud olmamasını, həmçinin iddiaçının adına 2 əmək kitabçasının açılmasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müəyyən dövrlər üzrə əmək haqqı ödənişinə dair sənədlərin arxivə verilməməsi, həmçinin şəxsin eyni vaxtda iki fərqli müəssisədə əmək fəaliyyəti ilə məşğul olması əmək pensiyasının təyinatından imtina üçün əsas hesab edilə bilməz. Eyni zamanda əmək haqqı ödənişi sənədlərində düzəliş edilməsi ilə bağlı cavabdehin dəlilləri həmin sənədlərə baxış zamanı öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(120)-2918/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-702/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-702/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver