Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-814/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(120)-3037/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarının ləğv edilməsi və s. tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, aldığı hərbi travmadan uzun müddət əziyyət çəkməyinə hüquqi qiymət verərək xəsarət aldığı ildən müddətsiz olmaqla 2-ci qrup “Müharibə əlili” adı və vəsiqəsilə təmin olunmağı barədə və TSEK-nin sədrinin, həmçinin Agentliyin idarə heyətinin sədr müavini R.Məhərrəmovun vəzifədən sui-istifadə və saxtakarlıq maddələrilə məsuliyyətə cəlb olunmaları qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 28 avqust 2025-ci il tarixli, 2- 1(120)-3037/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı1 mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərardan məlumatlı olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-H- 15369/2024 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyi xx.xx.2011-ci il tarixli 182 nömrəli Qərarda göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq“ “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı sözügedən qərarın ləğv edilməsi üçün iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilməlidir ki, iddiaçı mübahisələndirilən qərardan məlumatlı olduğundan, məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 gün) ötürmüş olur. Başqa sözlə, prosessual müddətin axımını (həmin qərardan məlumatlı olduğu vaxtı) xx.xx.2023cü il tarixdən hesablansa, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 2 (iki) ildən artıq vaxt keçdikdən sonra müraciət etmiş olur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-1994-cü illərdə ehtiyyatda olan hərbi qulluqçu kimi könüllü olaraq ön cəbhədə vətənin azadlığı uğrunda döyüşərək 2 dəfə ağır yaralanmışdır. 30 il müddətində Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsə də, MNnin Mərkəzi Arxiv İdarəsi N və N saylı hərbi hissələrinin əmrlərinin 1992-1994-cü illərdə Arxiv İdarəsinə daxil olmadığını bildirmiş və bu səbəbdən əlilliyin qiymətləndirilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixində Baş Klinik Hospitalın Arxiv İdarəsindən hər iki yaralanmağının şəhadətləndirilməsi barədə arxiv sənədləri aşkar olunmuş və Hərbi Həkim Komissiyasının rəyi ilə xx.xx.2022-ci il tarixli 925 saylı qərarı qəbul edilmişdir. İkinci dəfə ağır yaralanmağının nəticəsi olaraq döş qəfəsinin əzilməsi və qabırğaların sınması nəticəsində uzun sürən Ağ ciyər xəstəliyindən əziyyət çəkir. Mütəmadi olaraq müalicə alaraq dispanser qeydiyyatında olduğu Şirvan şəhər xəstəxanasının “Həkim Ekspert Komissiyası” xx.xx.2023-cü il tarixində “Əlilliyin qiymətləndirilməsi” barədə forma 88 qərarını Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə elektron poçt vasitəsilə gönərilmişdir. 6 ay müddətinə Agentlikdən məlumat olmadığına görə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində süründürməçiliyin səbəbini öyrənmək məqsədilə Agentlikdə olduğu zaman həkim komissiya üzvlərinin kobud rəftarına məruz qalmışdır. xx.xx.2023-cü il tarixində SMS-lə imtina cavabı xx.xx.2024-cü il tarixində isə Agentliyin İdarə heyətinin sədr müavini Rəşad Məhərrəmovun imzası ilə verilən cavabda ona aid olmayan xx.xx.2011-ci il tarixli 182 saylı qərarda göstərilən səbəb və diaqnozları əsas göstərərək imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Şirvan şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diqnozun mətni Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sol ağ ciyərin fibroz-kavernoz vərəmi. Qabırğaların çoxsaylı sınıqları, Döş qəfəsinin və sol bazunun travmadan sonrakı halı. Sol Vİİİ-İX qabırğaların bitişmiş sınığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi, Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, həmçinin bildirmişdir ki, ona əlillik təyinatından imtina edilməsi barədə qərar təqdim edilməmiş, 2023-cü ilin iyul ayında sms bildirişlə imtina edildiyi bildirilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə iddiaçıya əlillik təyinatından imtina edilmiş, iddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı məhkəmə kollegiyasının iclasında həmin qərarla bağlı 2023-cü ilin iyul ayından məlumatlı olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən onun həmin inzibati akta qarşı hüquqi müdafiə imkanı aradan qalxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(120)-3037/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-814/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-814/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver