Məhkəmə qərarları › İş №2-1(106)-844/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-844/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-844/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X4” publik hüquqi şəxsin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işsizlikdən sığorta ödənişinin geri qaytarılmasından imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X4” publik hüquqi şəxs Cavabdeh qarşı “işsizlikdən sığorta ödənişinin geri qaytarılması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2547/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: X1 və Təyinat Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli “İşsizlikdən sığorta ödənişinin təyin edilməsi haqqında əmrindən və əmrə əlavə edilmiş siyahıdan görünür ki, 01 sentyabr 2022-ci il tarixdən işsizlikdən sığorta ödənişi təyin edilən şəxslərin siyahısı təsdiq edilmişdir. Cavabdeh işsiz hesab edilmiş, xx.xx.2022-ci il tarixdən ona hər ay üçün 300 manat sığorta ödənişi təyin edilmişdir. X1 və Təyinat Filialının xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-1172/2023 nömrəli “İşsizlikdən sığorta ödənişinin dayandırılması haqqında əmrindən və əmrə əlavə edilmiş siyahıdan görünür ki, adları əlavədə qeyd olunan 642 nəfər şəxsə təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. İşsizlikdən sığorta ödənişi dayandırılan şəxslərdən biri də Cavabdeh olmuş, sığorta ödənişinin dayandırılma səbəbi kimi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci maddəsinə istinad olunmuşdur. Bank çıxarışından görünür ki, iddiaçıya işsizlikdən sığorta ödənişi qismində 2079 manat pul ödənilmişdir. X1 və Təyinat Filialı tərəfindən iddiaçıya ünvanlanmış 13 iyul və 17 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Sizə xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 2079.00 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətinizdə kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 2079.00 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X2 (bundan sonra - Agentlik) qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən 30 gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığınız təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir.” “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Cavabdeh ümumibirgə mülkiyyətində JN-0074 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Kürdəmir rayonu, Qaramahmudlu kəndində 3.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat Filialı (bundan sonra - Filial) tərəfindən qəbul edilən 26 sentyabr 2022-ci il tarixli **********9 nömrəli əmrlə cavabdehə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən 1 sentyabr 2022-ci il tarixdən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 2079.00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmışdır. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 31 mart 2023-cü il tarixli 3-17-2/3-2-1172/2023 nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. İşsizlikdən sığorta ödənişi təyinatı 1 sentyabr 2022-ci il tarixindən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır, işsizlikdən sığorta ödənişi altı ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Cavabdehin etirazları: Cavabdeh iddiaya münasibət bildirməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2547/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.1-ci bəndinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. “Məşğulluq haqqında” Qanunun 4.4.4-cü maddəsinə əsasən bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar məşğul şəxslərin reyestrinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminin məlumatları əsasında daxil edilir. Şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman cavabehin qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını, habelə ona işsizlikdən sığorta ödənişinin verilməsini məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi altı ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh torpaq payı olduğu halda Agentliyə bununla bağlı məlumat verməmiş, üstəlik işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. “Məşğulluq haqqında” Qanunun 4.4.4-cü maddəsinin tələbləri çərçivəsində inzibati orqan qismində Agentlik cavabdehin torpaq payı ilə əlaqədar məlumatlarını daşınmaz əmlakın qeydiyyatına dair informasiya sistemindən əldə etməli olduğu halda, şəxs həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmədiyi üçün həmin məlumatların həm cavabdehin işsiz kimi qeydiyyata alınması, həm də ona işsizlikdən sığorta ödənişinin təyinatı ilə əlaqədar araşdırma aparılan zaman nəzərə alınması obyektiv səbəblərdən mümkün olmamışdır. Cavabdeh Agentliyə səhv və həqiqətə uyğun olmayan məlumatlar vermişdir və bu səbəbdən mübahisə üzrə etimad hüququnun qorunması prinsipinə istinad edə bilməz. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2547/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli 2-1(120)-2547/2025 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Məşğul şəxslər 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: ... 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya müvafiq təyinatın aparılması zamanı onun mülkiyyətində torpaq sahəsinin olub-olmamasının müəyyən edilməsi, zəruri inzibati icraatın və araşdırmanın aparılması qanunvericinin tələblərinə istinadən inzibati orqanın birbaşa vəzifəsidir. Həmin hal iddiaçının təqsiri nəticəsində baş verməmişdir və onun məsuliyyət sferasına aid edilə bilməz. Cavabdehin etimad hüququ qanunla qorunur. Belə olan halda inzibati orqanın ehtimal olunan səhvi nəticəsində vəsaiti artıq ödəməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. İnzibati orqan tərəfindən ödəmə hər hansı əsasla səhvən artıq ödənilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli **********9 nömrəli “İşsizlikdən sığorta ödənişinin təyin edilməsi haqqında əmr ilə iddiaçıya 01 sentyabr 2022ci il tarixdən hər ay üçün 300 manat işsizlikdən sığorta ödənişi təyin edilmiş və ona işsizlikdən sığorta ödənişi qismində 2079 manat pul ödənilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin ümumibirgə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Bu səbəbdən səhv olaraq işsiz kimi qeydiyyata alınmış və ona işsizlikdən sığorta ödənişi ödənilmişdir. xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-1172/2023 nömrəli “İşsizlikdən sığorta ödənişinin dayandırılması haqqında əmr verilmişdir. İddaçı ödənilmiş vəsaitinin qaytarılması üçün cavabdehə müraciət etmiş, müsbət nəticə olmadığı üçün hazırkı iddianı qaldırmışdır. Kollegiya qeyd edir ki, inzibati orqanın öz vəzifəsini düzgün icra etməməsi nəticəsində ödənilmiş pul vəsaiti iddiaçının hesabına ödənilə bilməz. Hər hansı şəxsin işsiz şəxs hesab edilərək, ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün əsasların olub-olmamasının tam şəkildə araşdırılması inzibati orqanın vəzifəsidir və bu vəzifənin düzgün icra edilməməsi səbəbindən yaranmış nəticənin yükünü onun özü daşıyır. İPM-in 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İşsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini (təyinatını) nəzərdə tutur. Bu o demək deyil ki, iddiaçının yalnız elektron qaydada yoxlaya bildiyi məlumatlar yoxlanaraq, elektron qaydada yoxlanılması mümkün olmayan məlumatlar isə yoxlanılmadan şəxs işsiz şəxs hesab edilərək, ona işsizlikdən sığorta ödənişi təyin edilməlidir. İddiaçı cavabdehin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olub-olmaması məsələsini sadəcə bir məktub yazmaqla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi qrumundan aydınlaşdıra bilərdi və bununla da ona işsizlikdən sığorta ödənişinin dayandırılmasına əsas olan hal elə ilk vaxtdan məlum olardı. Qeyd edilən halı araşdırmaq inzibati orqanın vəzifəsi olmuşdur. Cavabdehin isə ona təyin edilmiş işsizlikdən sığorta ödənişinin düzgün təyin edilibedilməməsini aydınlaşdırmaq və düzgün təyin edilməməsini zənn etdiyi halda iddiaçıya məlumat vermək vəzifəsi də olmamışdır. Bundan başqa, cavabdehin təhsili və bilik səviyyəsi nəzərə alındıqda onun sığorta ödənişinin düzgün olmayarq təyin edilməsini bilməsi də mümkün görünmür. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh etimad göstərdiyi qərar əsasında ona ödənilmiş sığorta ödənişini xərclədiyi, hazırda isə maddi imknının məhdudluğu və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ona ödənilmiş vəsaitin qaytarılmasının tələb olunması qanuni hesab edilə bilməz. Bundan başqa, ödənilmiş sığorta ödənişinin dayandırılması və tələb edilən pul vəsaitinin qaytarılması ilə bağlı aparılmış icraat üzrə inzibati orqan tərəfindən cavabdeh icraata cəlb edilməmiş, onun dinlənilmə hüququ təmin edilməmişdir. “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2547/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar