Məhkəmə qərarları › İş №2-1(107)-102/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-102/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-102/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fermanın ətrafında yerləşən JN-367, JN-366, JN-365, JN-303, JN- 364, JN-363, JN-362, JN-361, JN-322, JN-288 olan dövlət aktlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-147/2020 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 Səxavət qızı və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “fermanın ətrafında yerləşən JN-367, JN-366, JN- 365, JN-303, JN-364, JN-363, JN-362, JN-361, JN-322, JN- 288 olan dövlət aktlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyətlərində olan fermanın ətrafında yerləşən torpaq sahələrinin əksəriyyət hissələri ilə bağlı qanunsuz dövlət aktları hazırlanmışdır. Hansı ki, həmin torpaq sahələrinin bir hissəsi ilə bağlı tərtib edilmiş dövlət aktlarının qeydiyyatı yoxdur, habelə dövlət aktlarında adları olan şəxslərin kəndin başqa yerində torpaq sahələri var. Pay torpaq sahəsi islahat zamanı bir dəfə verilir. Onların bu hərəkətləri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə ziddir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, JN-367 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı itirildiyindən 2.52 ha torpaq sahəsinin 1.80 ha konturuna **********9675 reyestr nömrəli, 0.72 ha konturuna **********9675 reyestr nömrəli, JN-303 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.71 ha torpaq sahəsinin 1.57 ha konturuna **********65 reyestr nömrəli, 0.14 ha konturuna **********20 reyestr nömrəli, JN-288 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından vərəsəlikdən sonra 1.85 ha torpaq sahəsinin 0.44 ha konturuna **********73 reyestr nömrəli, 1.41 ha konturuna **********42 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddia ərizəsində göstərilən digər dövlət aktlarının qeydiyyatı üçün ərazi idarəsinə müraciət edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 4-cü maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında iddiaçı bildirdi ki, ləğvini tələb etdiyi aktlarda adları qeyd olunan şəxslər qanunsuz olaraq onun ərazisindən istifadə edirlər, ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-147/2020 nömrəli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fermanın ətrafında yerləşən JN-367, JN-366, JN-365, JN-303, JN-364, JN-363, JN-362, JN-361, JN-322, JN-288 olan dövlət aktlarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, «Aqrar islahatların əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılınasmı və müxtəlifnövlü təsərrüfatların yaradılmasını aqrar islahatların əsas istiqamətləri kimi təsbit etmişdir (maddə 2).«Sovxoz, və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu da öz növbəsində bu bölmədə həyata keçirilən islahatın məqsədinin bazar iqtisadiyatına uyğun müxtəlifnövlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdən ibarət olduğunu təsbit etmişdir. İslahatın vəzifələrinin isə sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarət olduğu müəyyən edilmişdir (maddə 2).«Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu həmçinin islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, habelə rayon və yerli aqrar islahat komissiyalarının yaradılacağını və onların islahatların aparılması ilə əlaqədar yalnız səlahiyyətləri hüdudlarında cavabdehlik daşıdıqlarını müəyyənİəşdirmişdir.Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 1995ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının xx xxxx 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və yerli aqrar islahat komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir.Bununla əlaqədar nəzərə alınmalıdır ki. «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlifnövlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir. Qanun sovxoz və kolxozların istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verməyə yönəlmişdir. Buna görə qeyd edir ki, mübahisələndirilən məsələ çərçivəsində islahatın obyektlərinin və həmin obyektlərdən pay almaq hüququ olan subyektlərin dəqiq müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. «Sovxoz və kolxozların islahatı haqqında) Azərbaycan Respublikası Qanunuınin 3-cii maddəsinə əsasən islahatın "obyektləri sovxoz 'və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-147/2020 saylı qərardadını ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-147/2020 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı işdə mübahisə olunan torpağa mülkiyyət hüququna dair aktlar Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 42 nömrəli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Həmçinin ləğv edilməsi tələb olunan aktlar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl tərtib olunmuşdur. İddiaçıların ləğv edilməsini tələb etdiyi aktlar Şəki rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən tərtib olunmuş və həmin qərar ləğv olunmamış və mübahisələndirilməmişdir. Həmin dövrdə mövcud olmuş DTXK-nin Şəki rayon şöbəsinin hazırki halda mübahisəli aktların tərtib olunması ilə əlaqədar vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) iddiaçılar tərəfindən həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisələndirilməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçıların öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, onun tələbi əslində istifadəsində (və ya mülkiyyətində) olan torpaq sahəsindən ləğvi tələb olunan aktlarda adları qeyd olunan şəxslərin qanunsuz istifadəsinə son qoyulmasından ibarətdir. Bununla bağlı iddiaçıya məhkəmə kollegiyası tərəfindən iclasda yardım edilərək, mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsindən 3-cü şəxslərin qanunsuz istifadəsinə son qoyulması üçün müvafiq iddia tələbi ilə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-147/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-147/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar