Məhkəmə qərarları › İş №2-1(107)-128/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-128/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-128/2020 02.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14rşı "Zaqatala rayon X6 qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, X2 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarından iş üzrə üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, Zaqatala Rayon X7 qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə ********** nömrəsi ilə aparılmış qeydiyyatda düzəliş edilərək, X1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyininDƏDRX-in 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasıqərara alınmışdır. işin halları: İddiaçı və X5 xx.xx.1996-cı ildə nikah bağlamış, sonuncuya Məmmədova soyadı verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur. Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında İddiaçı cəmi 0,23 ha pay torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Zaqatala Rayon X7 xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2301,85 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Zaqatala Rayon X7 xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1381,06 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planında 0,2301 ha və 0,1381 ha pay torpaq sahələrinin sənədi üzrə planı və 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin faktiki vəziyyətinin planı əks olunmuşdur. RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Zaqatala Rayon X7 qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, X1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli **********63 nömrəli məktubla bildirmişdir ki, hazırkı məsələnin həlli idarənin səlahiyyətləri daxilində deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Zaqatala Rayon X7 qərarına əsasən, bir-birinə bitişik ümumi sahəsi 0,3227 ha olan 2 ədəd (0,2301 ha və 0,1381 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqları xx.xx.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Lakin qeyd olunan torpaq sahəsi Zaqatala Rayon X7 qərarına əsasən onun mülkiyyətinə verildiyi halda, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində keçmiş arvadı X4 da mülkiyyətçi kimi qeyd edilmişdir. Halbuki, Zaqatala Rayon X7 təsdiq etdiyi və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş Zaqatala rayonu Çökəkoba kəndində aparılan torpaq islahatı ilə bağlı torpaq payı alacaq subyektlər siyahısından göründüyü kimi, həmin torpaq sahəsi yalnız onun mülkiyyətinə verilmiş və orada arvadının adı qeyd edilməmişdir. X1 qeydiyyatda olduğu ərazidə ona X7 qərarı ilə torpaq sahəsi verilmişdir. O, həmin səhvin aradan qaldırılması məqsədi ilə cavabdeh DƏDRX-nin 18 saylı X13 müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli **********63 nömrəli məktubla bundan imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, X7 qərarının ləğv edilməsi və ya dəyişiklik edilməsi, o cümlədən subyektlər siyahısında düzəlişlər edilməsi DƏDRX-in 18 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3cü və 2.4-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, iddiaçılara aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Belə ki, İddiaçı Zaqatala Rayon X7 xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə Zaqatala rayonu Çökəkoba kəndindən 0,3682 ha torpaq sahəsi verilmişdir. Lakin faktiki yerində 0,3227 ha torpaq sahəsi olduğu üçün həmin torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən AN seriyalı 406896 nömrəli və AN seriyalı 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. AN seriyalı 406896 nömrəli və AN seriyalı 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərində qeyd olunan 0,1381 ha və 0,2301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı və iş üzrə Gülüşən Məmmədovanın ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının texniki səhv adlandırdığı qeydlər əslində üçüncü şəxsin mülkiyyət hüquqlarının yaranmasına əsas olmuş inzibati aktdır. Bu inzibati akt başqa hüquq müəyyənedici sənədlər əsasında aparılmışdır. Həmçinin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür. Eyni zamanda, özəlləşdirilmiş torpaq sahəsində üçüncü şəxsin də payı mövcuddur. Bundan başqa, Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı iddiaya heç bir aidiyyəti olmayan 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, iş üçün əhəmiyyət kəsb edən X7 xx.xx.2017-ci il tarixli qərarı və subyektlərin siyahısı arxivdə aşkar edilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarından iş üzrə üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxx 2019-cu il tarixli, 2-1(107)-216/2019 saylı qərarı ilə üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2-1(84)-19/2019 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-2321/19 saylı qərarı ilə üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(107)-216/2019 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbində göstərmişdir ki, qeyd olunan torpaq sahəsi X7 qərarı ilə təkcə onun mülkiyyətinə verildiyi halda, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində iddiaçı ilə yanaşı keçmiş arvadı X4 da mülkiyyətçi kimi qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi yalnız iddiaçının mülkiyyətinə verilmişdir. X1 qeydiyyatda olduğu ərazidə X7 qərarına əsasən torpaq sahəsi verilmişdir.Həmin səhvin aradan qaldırılması barədə iddiaçının müraciətinə cavabdeh təşkilatın xx.xx.2018-ci il tarixli **********63 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. Hesab etmişlər ki, birinci instansiya məhkəməsinin həmin qərarı tamamilə qanunsuzdur. Belə ki, məhkəmə üçüncü şəxsin nümayəndəsinin yazılı etirazında göstərilən dəlillərə düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq etdiyi üçün iş üzrə yalnış nəticəyə gəlmişdir.İddiaçı ilə üçüncü şəxs Gülüşən Hudulova xx xxxxxxx 1996-cı ildə rəsmi nikaha daxil olduqdan sonra Zaqatala rayon Çökəkoba kəndində birlikdə tikdikləri fərdi yaşayış evində yaşamışlar. Mübahisə predmeti olan torpaq sahəsi sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi yolu ilə “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli 81 saylı qərarı əsasında tərəflərin mülkiyyətinə verilmişdir. Lakin bu qərarın əsli və ya surəti saxlanmamışdır. İkincisi, yenə də hazırda mövcud olmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2013-ci il tarixi 688 və 689 nömrəli arayışlardır. Arayışlar verilib Zaqatala rayonu Çökəkoba kənd sakini İddiaçı ondan ötrü ki, A406895 №-li və A406896 №-li “Torpaq sahəsinin Planı və Ölçüsü”ndə qeyd olunan 0.2301 ha və 0.1381 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi Zaqatala R.İ.H.B-nın Göyəm inzibati ərazi nümayəndəliyinin xx.xx.2013-cü il tarixli 1291 saylı arayışına əsasən onun və ailə üzvü X1 ümumi birgə mülkiyyətinə verilmişdir.Zaqatala Rayon X7 xx xxxxxx 1999-cu il tarixli 81 saylı qərarı ilə ayrılmış torpaq sahələrinin ümumi ölçüsünün 0,3682 ha (0.2301+0.1381=0,3682) olmasına baxmayaraq, Dövlət Torpaq və Xəritəməkmə Komitəsinin Zaqatala rayon şöbəsinin mütəxəssisi, Göyəm bələdiyyəsinin sədri və iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib olunmuş torpaq sahəsinin mövcud vəziyyətinin planında torpaq sahələrinin faktiki vəziyyətinin 0,3227 ha (0,2301+0,0926) olduğu müəyyən edilmişdir. Bütün araşdırmaların nəticəsində xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Zaqatala rayonu Çökəkoba kəndində reyestr nömrəsi **********48 olan 0,3227 ha kənd təsərrüfatı təyinatlı əkinə yararlı, torpaq sahəsinə tərəflərin ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış və iddiaçıya DƏDRX tərəfindən RX seriyalı ******* №-li çıxarış verilmişdirİddiaçı həmin çıxarışı aldıqdan sonra 4 il 6 ay ərzində heç bir etiraz və şikayət bildirməmiş, hər hansı bir iddia qaldırmamışdır. Mübahisə predmetinin mahiyyəti daşınmaz əmlakın dövlət reyestrində yol verilmiş texniki səhvlərin düzəldilməsindən deyil, üçüncü şəxsin mülkiyyət hüququna xitam verilməsindən ibarətdir. Belə ki, Gülüşən Hudulovanın ümumi birgə mülkiyyətçi qisimində adı reyestrə texniki səhv nəticəsində deyil, inzibati icraat qaydasında əldə edilmiş rəsmi sənədlərə və məlumatlara əsasən məqsədli şəkildə qeyd olunmuşdur.Lakin iddiada aparılması tələb olunan düzəliş Gülüşən Hudulovanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun xitamına səbəb olan hərəkətdir.Qeyd olunanlardan göründüyü kimi, edilməsi tələb olunan düzəliş texniki səhv nəticəsində yazılmadığı və onun icrası Gülüşən Hudulovanın mülkiyyət hüququnun xitam verilməsinə səbəb olduğu üçün iddia ümumiyyətlə inzibati icraat qaydasında baxıla bilməz.Mübahisəyə inzibati icraatın öhdəliyin icraatı haqqında iddia qaydasında baxıla bilməz. Cavabdeh xx xxxx 2018-ci il tarixli etirazında hesab etmişdir ki, İPM-nin 36.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara baxılmalıdır. Həmin maddədə qeyd olunub ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bununla, cavabdeh öz hərəkətlərini deyil, bu hərəkətlərin aparılması üçün əsas olmuş X7 xx.xx.1999-cu il tarixli qərarının etibarsız sayılması barədə iddia qaldırılmasını iddiaçıya tövsiyə etmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin və üçüncü şəxsin dəlilləri ilə razılaşmamış, bunu belə əsaslandırmışdır ki, tələbin mahiyyətindən öhdəliyin icrası haqqında iddiaya aid olduğu müəyyən edilir, çünki iddiaçı cavabdeh inzibati orqantərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb edir. Qeyd olunanlardan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli torpaq sahəsinə Gülüşən Hudulovanın ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması onun üçün əlverişli olan inzibati aktın qəbul edilməsi sayılır. Həmin qeydiyyatın ləğvi (onun adının mülkiyyətçilər sırasından çıxarılması) isə onun üçün əlverişsiz, iddiaçı üçün isə əlverişli inzibati aktın qəbul edilməsi sayılır.Hazırkı iddia ilə iddiaçı Gülüşən Hudulova üçün əlverişli olan inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasını tələb etmişdir. Ona görə də bu iddia İPM-nin 32.1-ci maddəsinə görə inzibati aktın mübahisələndirilməsi sayılır. İş üçün mühim əhəmiyyət kəsb edən X7 xx xxxxxx 2017-ci il tarixli qərarı və həmin torpaq sahəsinə pay hüququ olan subyektlərin siyahısı isə arxivdə aşkar edilməmişdir.Qeyd edilmişdir ki, bu hal qanunvericiliklə mübahisəyə iddia müddətinin tətbiq olunmasının vacibliyini bir daha ifadə edir. Çünki məhz sübutların uzun müddət saxlanılmasının mümkünsüzlüyü nəzərə alınaraq, qanunvericilkdə iddia müddəti müddəaları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sübutların tam, məcmu şəkildə və xronoloji ardıcıllıqla tədqiqi nəticəsində müəyyən olunur ki, Gülüşən Hudulovanın kolxozların torpaqlarının özəlləşdirilməsi ərəfəsində yaşayış yerini dəyişdiyi üçün adı payçıların ilkin siyahısına düşməyə bilərdi. Lakin 1999-cu il dekabr ayının 27 də X7 müvafiq qərarı qəbul ediləndə onun da pay almaq hüququ nəzərə alınmışdır. Ona görə də ilkin siyahıda nəzərdə tutulandan iki dəfə çox əkin sahəsi iddiaçı ilə bərabər Gülüşən Hudulovanın ümumi birgə mülkiyyətinə verilmişdir.Onların həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları sonuncu dəfə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır və iddiaçıya müvafiq çıxarış verilmişdir. Bu iddia tamamilə əsassızdır. Ona görə də təmin olunmamalıdır. tərəflərin izahatları: Məhkəmə kolegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı və onun vəkili X15 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-19/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rafael Ömər oğlu qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. DƏDRX-in 18 saylı Ərazi İdarəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmə kollegiyasına müraciət edərək hazırkı məhkəmə iclasının yazılı icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, onun vəkili X15, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinin nümayəndəsi, üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı və onun vəkili Vəkil məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı; A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsü; A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü; DTXK-nin Zaqatala rayon şöbəsi və Göyəm Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planı; RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"; Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********13 nömrəli məktubu və mütəxəssis rəyi; Zaqatala rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli 1278 və 1279 nömrəli nikahın bağlanması və pozulması haqqında məlumat; Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-1840/2017 nömrəli qətnaməsi; DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********63 nömrəli məktubu və xx.xx.2018-ci il tarixli **********74 nömrəli etirazı. Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivininin xx xxx 2020-ci il tarixli, 21 nömrəli məktubu; DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, **********13 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədləri; Zaqatala rayon Göyəm bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli 61 nömrəli arayışı; Daşınmaz Əmlakın kadastr və ünvan reyestr xidmətinin xx xxxxxx 2020-ci il tarixli **********98 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədləri əsaslandırma hissəsi: Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). İş üzrə Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-2321/18 saylı qərarında qeyd edilir ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay almaq hüququ olan şəxslərin dairəsinə daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər aid edildiyindən, üçüncü şəxsin adının sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında olmamasına baxmayaraq, cavabdeh tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” hazırlanarkən iddiaçı ilə yanaşı onun da adı qeyd edilmişdir. Bu mövqeyi mübahisələndirən üçünçü şəxsin bir dəlilinə görə, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli torpaq sahəsinə üçüncü şəxsin mülkiyyət hüququnun yaranmasına inzibati akt olan Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli qərarı əsas olmuşdur və həmin qərar ləğv olunmadan üçüncü şəxs öz mülkiyyət hüquqlarından məhrum edilə bilməzdi. Məhkəmə kollegyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : 16.3-ci maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddələrin tələbləri belə izah olunur ki, dövlət reyestrində hüququ düzgün qeydə alınmamış şəxs qeyddə düzəlişin aparılmasını tələb edə bilər. Belə düzəlişin aparılması düzəlişlə hüququna toxunulan şəxsin razılığı əsasında, razılıq olmadığı halda məhkəmə qərarı əsasında aparıla bilər. İddiaçı dövlət reyestrində aparılmış qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmadığı əsası ilə düzəlişin edilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi, reyestrdə 0,3227 ha torpaq sahəsi üzərində iddiaçının və üçüncü şəxsin ümumi birgə mülkiyyəti Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 81 saylı qərarı əsasında qeydə alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər;2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 12-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır; 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən isə, kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. Apellyasya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsası torpaq sahəsinin qanunvericliyin bu tələblərinə görə düzgün ayrılıb-ayrılmaması təşkil etmədiyindən, apellyasiya məhkəməsinin yalnız bu maddəyə istinadı əsassızdır. İşin hallarından göründüyü kimi, Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 81 saylı qərarı əsasında aşağıdakı torpaq sahələri ayrılmışdır: fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsinin kolxozun xx xxxxxx 1994cü il tarixli, Zaqatala XDS xx xxxxxxxx 1995-ci il tarixli qərarlarına uyğun olaraq (iş vər .83) və nəməlum mənbəyi olan siyahının “258”-ci sıra nömrəsi ilə həyatyanı torpaq sahəsi iddiaçının adına qeyd olunmuşdur (iş vər.6); "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı” adlı sənədə əsasən, iddiaçının adı “64” sıra nömrəsi ilə qeydə alınmaqla həyatyanı torpaq sahəsi 0,06 və əkin sahəsi 0,21, cəmi 0,23 ha torpaq sahəsinin ayrılması göstərilmişdir; 1381,06 kv.m torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər işdə mövcud olmamışdır. Beləliklə, göstərilmiş işin hallarından göründüyü kimi, iddiaçıya və ya üçüncü şəxsə Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 81 saylı qərarı ilə ayrılmış torpaq sahələrinə dair həm istinad olunan qərar, həm də ona əlavə edilmiş siyahı müəyyən edilməmiş, məhkəmənin istinad edilən siyahıların mənbəyi isə qeyri-müəyyən olmaqla, iddiaçının adı müxtəlif sıra nömrələri ilə qeyd olunmuşdur ki, bu halda torpaq qanunvericiliyin tələblərinə əsasən ilkin sənədlərin hansı sənədlər təşkil etdiyi aydın deyildir. Eyni zamanda, ilkin sənədlərin mövcudluğu ilə bağlı məhkəmələr tərəfindən yalnız cavabdehə sorğular verilmiş, lakin həmin qərarın və ona əlavə edilmiş siyahı ilə bağlı Zaqatala rayon İcra hakimiyyətinə və ya Zaqatala rayon Dövlət Arxivinə sorğular verilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dairsənədlərin hazırlanması, qeydiyyatı vəverilməsi haqqında” Əsasnamənin 5-ci bəndində müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Maddənin göstərilməsi onunla bağlıdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi “Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından” (iş vər.38) göründüyü kimi, iddiaçıya 0,23 torpaq sahəsinin ayrılması 52A1176 saylı aktla qeydə alınmışdır ki, həmin sənəddə işdə mövcud olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının və üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənədlər tam təqdim edilmədiyindən, iddiaçının hüququnun düzgün qeydə alınmaması barədə apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq mahiyyəti üzrə əsaslı hesab etmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Zaqatala rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli 1278 və 1279 nömrəli nikahın bağlanması və pozulması haqqında məlumatdan və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-1840/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Gülüşən Hudulovanın nikahı haqqında xx.xx.1996-cı ildə 69 №-li, nikahın pozulması haqqında isə xx.xx.2018-ci ildə 11 №-li akt qeydi tərtib edilmişdir. Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından görünür ki, İddiaçı cəmi 0,23 ha pay torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından görünür ki, İddiaçı cəmi 0,23 ha pay torpaq sahəsi verilmişdir. A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon X7 xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2301,85 kv.m torpaq sahəsi verilmişdir. A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon X7 xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1381,06 kv.m torpaq sahəsi verilmişdir. DTXK-nin Zaqatala rayon şöbəsi və Göyəm Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planından görünür ki, həmin planda 0,2301 ha və 0,1381 ha pay torpaq sahələrinin sənədi üzrə planı və 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin faktiki vəziyyətinin planı əks olunmuşdur. RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqları ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və Gülüşən Məmmədovanın adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********13 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Kadastr və X9 Mərkəzinin bazasında Gülüşən Məmmədovaya torpaq sahəsi verilməsi barədə məlumat yoxdur. "Bakı fəhləsi" kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında yalnız İddiaçı adı vardır. İşdə olan sənədlərdən göründüyü kimi Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında İddiaçı adı qeyd olunmuş, Zaqatala Rayon X7 xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə ona 2301,85 kv.m və 1381,06 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Lakin sözügedən torpaq sahəsi ilə bağlı RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" hazırlanarkən İddiaçı ilə yanaşı Gülüşən Məmmədovanın adı da qeyd olunmuşdur. Halbuki, Gülüşən Məmmədovanın adı sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında olmamışdır. Apellyasiya məhkəməsi araşdırması zamanı məhkəmə kollegiyasına təqdim edilən Zaqatala rayon Göyəm bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli 61 nömrəli arayışından görünür ki, keçmiş “Bakı fəhləsi” kalxozunda Aqrar İslahatları aparılan zaman İddiaçı xüsusi mülkiyyətinə 0,23 ha pay torpaq sahəsi verilmişdir. Lakin 2003-cü ildə dürüstləşmə aparılan texniki səbəblərə görə **********0033 N-li plan ölçü sənədinə əlavə olaraq 1381,06 m2 torpaq sahəsi əlavə verilmişdir. Onun keçmiş həyat yoldaşı Hudulova/ X2 adına Göyəm kəndi ərazisində pay torpaq sahəsi verilməmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırması zamanı Daşınmaz Əmlakın kadastr və ünvan reyestr xidmətinin xx xxxxxx 2020-ci il tarixli **********98 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədlərindən görünür ki, “Bakı Fəhləsi” kolxozunda özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında İddiaçı və X8 adları qeyd edilmiş, üçüncü şəxs X3 adı isə qeyd edilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi-dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kushoglu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli qərarı). Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. 14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. 26-cı maddəsinə əsasən, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Göründüyü kimi, qanunverici orqan sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin konkret dairəsini müəyyənləşdirmişdir. Onlardan biri də bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri, inzibati aktın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətinin ötürülməsi, özəlləşdirilmiş torpaq sahəsində üçüncü şəxsin də payının mövcud olması, Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısının iddiaya heç bir aidiyyəti olmayan 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilməsi, iş üçün əhəmiyyət kəsb edən AİKnın xx.xx.2017-ci il tarixli qərarı və subyektlərin siyahısı arxivdə aşkar edilməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda "inzibati akt" anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) əsələləri nizamasalmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu tələbin mahiyyətinin də öhdəliyin icrası haqqında iddiaya aid olduğu müəyyən edilir, çünki iddiaçı cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb edir. Belə olan halda, hazırkı mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiq edilməsi istisna edilməlidir. Bundan başqa, Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısının iddiaya heç bir aidiyyəti olmayan 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilməsi də iş materialları ilə təkzib olunur. Belə ki, Zaqatala AİK-sı tərəfindən təsdiq edilmiş "Zaqatala rayonu Göyəm kənd Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında 0,06 ha həyətyanı və 0,21 ha əkin torpaq sahəsi qeyd edilmişdir. Göründüyü kimi, sözügedən siyahı həm həyətyanı torpaq sahəsi, həm də əkin torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq AİK-nın xx.xx.2017-ci il tarixli qərarı və subyektlərin siyahısı arxivdə aşkar edilməməsi ilə bağlı bildirmişdir ki, Zaqatala Rayon X7 xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə iddiaçıya verilmiş 2301,85 kv.m və 1381,06 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, habelə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən əlavə araşdırma aparılması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi, inzibati icraat zamanı birinci instansiya məhkəməsi tərəfindən əlavə sənədlərin toplanması qanunvericiliyin tələblərinə zidd olmamaqla yanaşı, məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərin mötəbərliyinə də şübhə doğurmamışdır. Bununla yanaşı kollegiya hesab edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün iddiaçının təqdim etdiyi sübutlarla və işdə olan digər materiallarla iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, əlavə sübutlar toplamış və bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən əlavə araşdırmanın aparılması üçün zərurət yaranmamışdır. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Zaqatala Rayon X7 qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, X1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar