Məhkəmə qərarları › İş №2-1(107)-132/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-132/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-132/2020 22.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 kаtibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Cavabdeh xx.xx.2018-ci il tarixli Ə126 ş/h-158-18 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-263/2019 nömrəli qərarından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Cavabdeh xx.xx.2018-ci il tarixli Ə121-158-18 nömrəli əmrilə “Daxili İşlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 2, 12, 14, 17, 19-cu maddələrinin və İntizam Nizamnaməsinin 3,2, 3.7, 3.9-cu maddələrinin tələblərini pozduğuna görə İddiaçı, “Azərbaycan Respublikası X15 Xidmət Keçmək haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X15n xidmətdən xaric edilmişdir. Belə ki, Cavabdeh təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Ruzi Həsənov xx.xx.2018-ci il tarixdə şöbə rəhbərliyinə raportla məruzə edərək göstərmişdir ki, ünvan 1 mənzil 7 ünvanında yaşayan X1 şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək övladı xx.xx.2003-cü il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə saat 08 radələrində oxuduğu məktəbə getmək adı ilə evdən çıxaraq bir daha evə qayıtmadığını bildirmiş və şəhər polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində Leyla Mansurova xx.xx.2018-ci il tarixdə şəhər ərazisində tapılaraq polis şöbəsinə gətirilmiş və araşdırma zamanı məlum olmuşdur ki, Leyla Mansurovanın evdən çıxıb getməsinin səbəbi anasının yüngül həyat tərzi keçirməsi, tanımadığı kişilərin və polis əməkdaşı İddiaçı xidmətdə və xidmətdən kənar vaxtlarda onların evinə gəlməsi, bununla bağlı etiraz etdikdə isə anası tərəfindən döyülməsi, hətta özünə xəsarət yetirməsi olmuşdur. Faktla bağlı xidməti yoxlama aparılan zaman polis nəfəri İddiaçı 3 il bundan əvvəl əməliyyat-istintaq qrupunda xidmətdə olarkən Samirə Musayeva tərəfindən daxil olmuş müraciəti əsasında onun yaşadığı ünvanda onunla tanış olması, sonuncunun mobil telefon nömrəsini alaraq sonradan onunla əlaqə yaratması, mütəmadi olaraq polis geyim formasında onların yaşadığı ünvana getməsi, idarə etdiyi xidməti avtomobillə Leyla Mansurovanı orta məktəbə və şahmat məktəbinə aparması, Samirə Musayeva ilə azyaşlı övladının qarşısında etik qaydalara zidd hərəkətlər etməsi, baş verənlərə etiraz etdiyi üçün Leyla Mansurovanın özünə xəsarət yetirməsi barədə məlumatlı olduğu halda aidiyyətı üzrə xidmət etdiyi polis şöbəsinə məlumat verməməsi, həmçinin Samirə Musayevanın qızının itkin düşməsi ilə əlaqədar polis şöbəsinə gəlib ərizə yazmasına mane olması müəyyən edilmiş, nəticədə qeyd olunan əmrlə iddiaçı X15 xidmətdən xaric edilmişdir. İddiaçı X15n xidmətdən xaric edilməsi barədə əmri qanunsuz hesab edərək hazırki iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2002-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına xidmətə qəbul olunmuş, həmin tarixdən Cavabdehndə polis nəfəri vəzifəsində işləmişdir. Cavabdehndə sonuncu vəzifəsi Növbəçi hissədə sürücü polis nəfəri olmuşdur. O, X15 işlədiyi müddətdə həmişə qüsursuz xidmət etmişdir. İşlədiyi müddətdə həmişə Azərbaycan Respublikasının Konstitusiyasının, Qanunlarının və "Polis haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutmuş, insan və vətəndaş hüquq və azadlıqlarını qorumaqla üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. Eyni zamanda, xidmət etdiyi 17 il 05 ay 26 gün ərzində həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyinin əmr və göstərişlərini və işlədiyi Cavabdeh rəhbərliyinin və özündən yuxarı rəis heyətinin əmr, göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Vətəndaşların hüquqlarını qorumaqla, onları cinayətkar qəsdlərdən qorumuşdur. Həmişə ictimai qaydanı və ictimai əsayişi qorumaqla bir polis əmədaşı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, xidmətdə fərqlənmiş və dəfələrlə Cavabdeh rəhbərliyinin mükafatlarını almışdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli ə-3573 ş\h nömrəli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Qüsursuz xidmətlərinə baxmayaraq cavabdeh orqanın xx.xx.2018-ci il tarixli ə 126 ş/h-158-18 saylı əmri ilə xidmətdən xaric edilmişdir. Əslində isə heç vaxt polis adına ləkə gətirən hərəkətlər etməmiş, polis andına sadiq olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, X11 onu əsasız ittiham etmişdir. Onun izahatları düzgün deyildir. O, polis şöbəsində Vahid Məmmədovun yanında olarkən bildirmişdir ki, o, özünə xəsarət yetirəndən sonra o, onu həkimə aparmışdır. Həkim yaranı tikəndən sonra həkimə tapşırmışdır ki, polisə məlumat verməsin və ona demişdir ki, uzun qol paltar geysin özünə xəsarət yetirdiyini görməsinlər. Lakin, prokurorluqda üzləşmə zamanı dediklərini inkar etmiş və bildirmişdir ki, o, onu həkimə aparmamışdır. O, hec kimlə qeyri-rəsmi əlaqədə olmamışdır. Onun üç uşağı və ailəsi vardır. Atası qan xəstəsi olduğundan Samirə Musayeva onun qan donoru olmuşdur. Onun yaşadığı evdə bir dəfə çağırışda olduğundan onu qan bankında görən zaman tanımışdır. Atasına başqa qan donorlarının da tapılmasında ona köməklik etmişdir. Mütəmadi olaraq telefon vasitəsilə atasının sağlamlığı ilə maraqlanmış, oktyabr ayının 23-də özünün bildirməyinə görə onun uşağı itmişdir. Həmin vaxt polisə müraciət etməzdən öncə ona zəng edərək polis şöbəsinə gəlmək istədiyini bildirmiş, hadisə ilə əlaqədar ona tez-tez zəng etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, X23 orqanları əməkdaşının etik davranış qaydalarını pozmaqla vətəndaş Samirə Musayeva ilə yaxın münasibətlər qurmuş, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərə zidd hərəkətlər etmişdir. Onun hərəkətləri nəticəsində Samirə Musayevanın azyaşlı uşağı X11 evdən çıxıb getmiş, sonuncu tapıldıqdan sonra polis şöbəsində Bəhruz adlı polis əməkdaşının anası ilə münasibətlərinə etiraz olaraq evdən getdiyini bildirmişdir. Həmin vaxt Cavabdeh Bəhruz adlı üç əməkdaşı olmuşdur. Onların şəxsi işləri çıxarılmış və X11 həmin şəxsin İddiaçı olduğunu təsdiqləmişdir. X11 polis şöbəsində olduğu vaxt onun olduğu otağa İddiaçı çağrılaraq onu tanıyıb-tanımadığını soruşduqda Leyla Mansurovanı tanıdığını, lakin, evlərinə gedib-gəlmədiyini bildirmişdir. X11 evdən qaçdığı zaman Zərdab rayonunda yaşayan ata nənəsinin yanında olmuşdur. İddiaçı vəzifə səlahiyyətlərini aşaraq həmin şəxsə hədə-qorxu gəlməklə onun evinə qayıtmasını tələb etmişdir. İddiaçının X15n xidmətdən xaric olunması barədə qərar əsaslıdır. X11 polis şöbəsində onun yanında olarkən bildirmişdir ki, o, özünə xəsarət yetirəndən sonra onu İddiaçı həkimə aparmış, həkim yaranı tikəndən sonra həkimə tapşırmışdır ki, polisə məlumat verməsin və ona demişdir ki, uzun qol paltar geyin özünə xəsarət yetirdiyini görməsinlər. Onun dediklərini hamı eşitmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi İsmayılov Rövşən Radin oğlu digər nümayəndənin bildirdiklərinə əlavələrinin olmadığını bildirmiş və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxx 2019-cu il tarixli 2-1(84)-263/2019 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli Ə121-158-18 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqısının ona ödənilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-263/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-362/2019 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2- 1(84)-263/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-362/2019 nömrəli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(102)- 3254/19 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-362/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkarar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı 2002-ci il tarixdə X15 xidmətə qəbul olunmuş, 2003-cü il tarixdən Cavabdeh növbətçi hissəsinin sürücü polis nəfəri vəzifəsində xx.xx.2018-ci il tarixə kimi həmin vəzifədə çalışmışdır. O, işlədiyi müddət ərzində hüquq mühafizə fəaliyyətini məqsədyönlü həyata keçirməmiş, hüquq mühafizə əməkdaşına xas şəxsi və işgüzar keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, peşəkarlığının və intellektual səviyyəsinin artırılması üçün öz üzərində çalışmamış, xidmətin əsas meyyarı kimi çalışqanlıq, intizamlılıq və təşəbbüskarlıq göstərməmiş, iş qrafıkinə və xidmət rejiminə riayət etməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütamadi olaraq pozmuşdur. Sabiq polis nəfəri İddiaçı yol verdiyi intizam pozuntusu faktları aparılan xidməti təhqiqat və araşdırmalar zamanı təsdiq olunmuşdur. Belə ki, iş materiallarında Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Ruzi Həsənovun həmin şəhər polis şöbəsinin rəisinə yazdığı raportda qeyd edilir: “...xx.xx.2018-ci il tarixdə ünvan 1 mənzil 7-də yaşayan X1 şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə saat 08 radələrində oxuduğu oxuduğu məktəbə getmək adı ilə evdən çıxdığını, bir daha evə qayıtmadığını, qızının tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı keçirilmiş axtarış tədbirləri nəticəsində X11 xx.xx.2018-ci il tarixdə şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin H.Əliyev prospektində saxlanılmış və ŞPŞ-nə gətirilmişdir. Onun izahatı alınarkən, yaşadığı evdən çıxıb getməsinə səbəb anası Samirə Musayevanın yüngül həyat tərzi keçirməsini, qeyrilərinin və polis əməkdaşı İddiaçı uzun müddətdir ki, onların yaşadığı ünvana gəlməsini və qeyri-rəsmi görüşmələrini göstərmişdir. Odur ki, az yaşlı X5 evdən qaçmasına səbəb göstərdiyi polis əməkdaşı İddiaçı barəsində qanuni tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm.” Məlum edir ki, 24 və 25 oktyabr tarixlərində Cavabdeh rəisinin tapşırığı ilə, ətraflı araşdırmalar aparılmış və ayrı-ayrı şəxslərin, o cümlədən İddiaçı, azyaşlı X5 (Mingəçevir şəhər 7 saylı orta məktəbin müəllimi X4 iştirakı ilə) və X8 izahatları alınmışdır. Bundan sonra, Cavabdeh rəisi tərəfindən, özünün X25 Üzrə köməkçisi, polis polkovnik-leytenantı Vahid Məmmədova raportda qeyd olunanları təcili araşdırıb məruzə etmək barədə göstəriş verilir. Cavabdeh rəisinin X25 Üzrə köməkçisi, polis polkovnik-leytenantı Vahid Məmmədov tərəfindən yuxarıda qeyd olunan raport əsasında xidməti yoxlama aparılmış və raportda yazılanların öz təsdiqini tapdığı sübut olunmaqla, əlavə olaraq müəyyən edilmişdir ki, İddiaçı mütəmadi olaraq polis geyim formasında azyaşlı qızın yaşadığı ünvanda olması, idarə etdiyi xidməti avtomobillə Leyla Mansurovanı şahmat məktəbinə və oxuduğu orta məktəbə aparması, yaşadıqları mənzildə olarkən Samirə Musayeva ilə onun azyaşlı övladının gözü qarşısında etik qaydalara zidd hərəkətlər etməsi, baş verənlərə etiraz etdiyi üçün Leyla Mansurovanın özünə xəsarət yetirməsi barədə məlumatlı olduğu halda aidiyyəti üzrə xidmət etdiyi polis şöbəsinə məlumat verməməsi, həmçinin Samirə Musayevanın azyaşlı qızının itkin düşməsi ilə əlaqədar polis şöbəsinə gələrək müraciət etməsinə müdaxilə edərək ərizə yazmasına mane olması müəyyən olunmuşdur. Bu əsasla da, polis baş serjantı İddiaçı barəsində intizam məsuliyyətinə cəlb edilməsinə dair Rəy verilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə əmr verilmişdir. İş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Mingəçevir şəhər prokurorluğunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunub ki, istintaq zamanı şahid qismində ifadəsi alınmış X11 anasının Mingəçevir ŞPŞ-nin İddiaçı adlı polis əməkdaşı ilə münasibət qurduğunu və İddiaçı vaxtaşırı onların evinə gedib-gəldiyini təsdiq etmişdir. Həmçinin istintaqla sübut olunur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı ilə Musayeva Samirə arasında 25 dəfə telefon danışığı olmuşdur. Bu danışıqlardan altısı xx.xx.2018-ci ildə, digər altısı isə xx.xx.2018-ci il tarixdə olmuşdur. X8 ölümündən bir gün əvvələdək -xx.xx.2018-ci il tarixdə özünü öldürməsi istintaqla müəyyən edilib. Məhkəmə yuxarıda qeyd olunanları cavabdehin apardığı araşdırma hesab etməmişdir. Eyni zamanda hakim yanlış olaraq gəldiyi nəticəni “..cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər zəng və sms mətni və başqa halın aşkar edilməməsi” ilə əsaslandırmışdır. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, iddiaçı cinayət əməlini törətməkdə ittiham olunmayıb. Lakin, iddiaçının barəsində DİN-nin X7, Mingəçevir ŞPŞnin apardığı araşdırmalar və Mingəçevir şəhər Prokurorluğunun apardığı istintaq təsdiq edir ki, İddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyyarı kimi intizamlılıq göstərməmiş, bununlada xidməti intizamı və etik davranış qaydalarını mütamadi olaraq pozmuşdur. Bunun nəticəsində Azərbaycan Respublikası “X15 Xidmət Keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndini rəhbər tutmaqla X15 xidmətdən xaric edilmişdir. Şərh olunanlara baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilən qərarı qəbul etmişdir. Birinci İnstansiya Məhkəməsi mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxarkən, mülki prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-in 8.1, 9,14-cü maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 14.1-ci maddələri ilə imperativ xarakterə və göstərişə malik normalara əməl etməmişdir. İşdən görünür ki, iddiaçı prosessual hüquq normaları ilə üzərinə qoyulmuş subut etmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə etmişdir. Şikayətin yuxarı hissəsində qeyd olunduğu kimi qərarı qəbul etmiş birinci instansiya məhkəməsi hansı maddi hüquq normaları əsasında iddianı təmin etməsi qərardan görünmür. Mübahisənin predmetini iddiaçı X15 xidmətdən xaric edilməsinə yönələn cavabdeh İnzibati Orqan tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə qəbul olunmuş Ə 121-158-18 nömrəli əmr təşkil edir. Sözü gedən əmri verən inzibati orqan Polis Şöbəsi olmaq etibarı ilə iddiaçı “İntizam Nizamnaməsinin” və DİO əməkdaşlarının etik davranış kodeksinin tələblərini kobud şəkildə pozmasına görə, “Azərbaycan Respublikası X15 Xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsaslanaraq xidmətdən xaric edilmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi ilk növbədə yuxarıda adı çəkilən nizamnamə və eləcə də Əsasnamənin xidmətdən xaric etmə ilə bağlı normalarının tətbiq olunma əsaslarının baş verib-verməməsini yoxlayıb qiymət verməli idi. Birinci instansiya məhkəməsi öz qərarında tamamilə təsdiqini tapa bilməyən və sübutlarla əhatələnməyən mücərrəd ifadələr göstərmişdir. Əslində məhkəmənin gəldiyi nəticə heç bir dəlil və faktlara istinad edilmədən MPM-in 9.3-cü maddəsində nəzərdə tutulmuş qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırılmışdır ki, belə bir hərəkət yolverilməz hesab edilir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaçının Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə nəzərdə tutulmuş daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyini əmrdə əsaslandırmışdır. Bu hal üzrə məhkəmə araşdırmalarında da mövqeyini cavabdehin nümayəndəsi birmənalı müdafiə edərək bildirmişdir. Digər tərəfdən DİO əməkdaşlarının etik davranış kodeksinin 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi, xidməti və icra intizamının pozulması, DİO əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və “ Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Həmçinin “Azərbaycan Respublikası X15 xidmət keçmə haqqında əsasnamə ” nin 135-ci maddəsdinə əsasən daxili işlər orqanı əməkdaşının polis adına ləkə gətirən ləyaqətsiz hərəkət etməsi, xidmətdən xaric etməyə səbəb olan hallardandır. Birinci instansiya məhkəməsi bütün şərh olunan halları araşdırıb, qiymət vermək, “Azərbaycan Respublikasının X15 xidmət keçmə haqqında Əsasnamə”də nəzərdə tutulmuş halları araşdıraraq onlara əməl olunub olunmamasını yoxlamaq əvəzinə, şöbə rəisinin qanuni və əsaslı əmrini şübhə altına almışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəvəkili Nümayəndə bildirdi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsində İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2018-ci il tarixli Ə126 ş/h-158-18 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” iddia tələbi təmin edilmişdir. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)- 263/2019 nömrəli qərarından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apelyasiya şikayəti verilmişdir. Qeyd edir ki, Apelyasiya İnstansiya Məhkəməsində işə baxılarkən işin obyektiv hallaarı tam araşdırılmamışdır. Ali məhkəmənin qoyduğu göstərişlər əsasında işin araşdırılması zərurəti yaranmışdır. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaçının Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə nəzərdə tutulmuş daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyini əmrdə əsaslandırmışdır. İddiaçı X15 xidmətdən xaric edilməsinə yönələn cavabdeh İnzibati Orqan tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə qəbul olunmuş Ə 121-158-18 nömrəli əmr lə iddiaçı “İntizam Nizamnaməsinin” və DİO əməkdaşlarının etik davranış kodeksinin tələblərini kobud şəkildə pozmasına görə, “Azərbaycan Respublikası X15 Xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsaslanaraq xidmətdən xaric edilmişdir. İşdə xüsusilə vurğulanan hal ondan ibarətdir ki, daxili araşdırma zamanı müəyyən olunmuşdur ki, X1 şəhər polis şöbəsinə qızının itkin düşməsi ilə başlı ərizə ilə müraciət edir. Bununla bağlı keçirilmiş axtarış tədbirləri nəticəsində X11 xx.xx.2018-ci il tarixdə şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin H.Əliyev prospektində saxlanılmış və ŞPŞ-nə gətirilir və orada müəlliminin iştirakı ilə izahatı alınır. Ali Məhkəmənin göstərişində bu məqamaların araşdırılması xüsusilislə vurğulanır. Bildiyiniz kimi əmrdə də göstərilmişdir ki, iddiaçı idarə etdiyi xidməti avtomobillə Leyla Mansurovanı orta məktəbə və şahmat məktəbinə aparması, eyni zamanda o ailəyə gedib gəlməsi, növbətçi hissədə X13 tərəfindən ərizənin verilməsinə müqavimət göstərməsi məqamı görüntülərdə öz əksini tapmışdır. Ali məhkəmənin göstərişindən göründüyü kimi X5 məhkəmədə dindirilməsi ilə bağlı Zərdab rayon polis şöbəsinə müraciət olunmuşdur. Oradan daxil olan arayışa əsasən X16 rayonunda olmadığı onun Rusiyada atası ilə birlikdə yaşadığı bildirildi. İş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Mingəçevir şəhər prokurorluğunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunub ki, istintaq zamanı şahid qismində ifadəsi alınmış X11 anasının Mingəçevir ŞPŞ-nin İddiaçı adlı polis əməkdaşı ilə münasibət qurduğunu və İddiaçı vaxtaşırı onların evinə gedib-gəldiyini təsdiq etmişdir. Həmçinin istintaqla sübut olunur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı ilə Musayeva Samirə arasında 25 dəfə telefon danışığı olmuşdur. Bu danışıqlardan altısı xx.xx.2018-ci ildə, digər altısı isə xx.xx.2018-ci il tarixdə olmuşdur. X8 ölümündən bir gün əvvələdək -xx.xx.2018-ci il tarixdə özünü öldürməsi istintaqla müəyyən edilib. Daxili işlər nazirliyinin orqanlarında vətəndaşların təhlükəsizliyinin, ictimai asyışı qoruyur. Bu cür hərərkətlərin verilməsi polis orqanalrının nüfuzuna xələl gətirən haldır. Digər bir məqam isə İddiaçı verdiyi ifadələrdə qeyri səmimi olmasıdır. Apelyasiya şikayətinin bütövlüyünü müdafiə edərək bildirir ki, apelyasiya şikayəti təmin edilməlidir. Bildirdi ki, İddiaçı 2016-ci ildə "Qüsursuz xidmətə görə” medalla təltif edilmişdir. Bu o demək deyil ki, "Qüsursuz xidmətə görə” medal almış şəxs gələcəkdə hər hansı bir nöqsana yol verməyəcəkdir. Ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, iddiaçının verdiyi suallardan işin mahiyyətinə aid hissəsi yalnız telfon zənglərinin sevgi münasibətləri ilə əlaqəli olduğunu necə müəyyən etməyimizdir. Həmin zənglərin sevgi zəngləri olması o qədər əhəmiyyətli deyildir. əhəmiyyətli olan odur ki, bir gündə 6 dəfə zəng olunan şəxs intihar edən şəxsdir. Digər tərəfdən də X11 bildirmişdir ki, o evdən ona görə getmişdir ki, onun anası digər şəxslərlə yanaşı İddiaçıla da əlaqədə olmuşdur. Rəşad müəllimdə ifadəsində təsdiq etdi ki, Bəhruz Samirə xanıma demişdir ki, gedək bəlkə uşaq gəldi. Bütün bunları Bəhruz demişdir. Leylanın anası qorxduğu üçün ərizə verməyə gəlmişdir. Məhkəməkollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 bildirdi ki, iş üzrə araşdırmanı o aparmışdır. Araşdırma zamanı bir çox hallar ortaya çıxmışdır ki, əvvəllər sabiq əməkdaşı tanımadığını bildirmişlər. Sonradan müəyyən edilmişdir ki, X13 ilə İddiaçı arasında əlaqələr mövcuddur. X2 qızının evdən qaçmasına səbəb bu əlaqələr olmuşdur. Bu hadisə üzrə yalnız bir nəfər şahid olduğuna görə onun izahatı alınmış, dır. Həmin vaxt Cavabdeh Bəhruz adlı üç əməkdaşı olmuşdur. Onların şəxsi işləri çıxarılmış və X11 həmin şəxsin İddiaçı olduğunu təsdiqləmişdir. Sonradadn araşdırma zamanı videogörüntülərdən də müəyyən edilmişdir ki, mərhum Samirə ilə İddiaçı yaxına əlaqədə omuşdur. Polis əməkdaşının özünün evli olduğu halda qadın kişi münasibətlərinin olması mərhumun intiharına gətirib çıxardı. Bunu sübut etmək üçün sübutlar kifayət etmədi. Bu cür hərəkətə yol verən əməkdaşın digər əməkdaşlarla eyni sırada xidmət etməsi yol verilməzdir. Polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətdir. Ona ünvanlanmış suallara cavab olaraq isə bildirdi ki, Bəhruz bir dəfə çağırışla əlaqədar Samirə dilə getmiş, tanışlıqda oradan yaranmışdır. Bundan sonra onun evində bəzi məişət əşyalarını xarabolduqda düzəldirmiş. Qızın intiharının səbəbini prokurorluq araşdırdığından onlar bunu bilməmişlər. Bəhruzun anası və qaynı dindirilərkən bildirmişlər ki, onlar Samirəni tanımırlar. Ona ünavanlanmış suallara cavab olaraq bildirdi ki, vətəndaş övladıının itkin düşməsi ilə bağlı məlumat verirsə o yazılı ərizə təqdim etməlidir. Çünki bu məlumatlar cinayət xarakterli məlumat sayılır. Və hadisələr dəftərinə qeyd olunur. Qadın həmin vaxt ərizənin verilməsindən çəkindirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, onun birinci çıxışı görüntü ilə bağlıdır. Deyilənə görə guya o Samirəyə ərizə yazmaq üçün icazə verməmişdir. 23 oktyabrda Samirə ona zəng edərək qızının itdiyini bildirmişdir. O da Samirəyə onun heç bir səlahiyyətinin olmadığını, onun yalnız növbətçi maşın, polis nəfəri olduğunu, şöbəyə gələrək ərizə yazmalı olduğunu bildirmişdir. Dediklərini təhqiqat bölməsinin rəisi Pərviz Hüseynov da təsdiqləyə bilər (şöbədə işlədiyindən səmimi ifadə verməsinə inanmır). Oktyabr ayının 24-də O Pərviz Hüseynova bildirmişdir ki, qadın ərizə vermir. Ona görə ərizə verməkdən imtina edir ki, istəmir ki evinə polis gəlsin. Azyaşlı qızının ləkələnəcək və qızı orta məktəbdə oxuyur. Onun Leylanı tanımasının səbəbi onun uşaqları ilə bir məktəbdə oxumasıdır. Şahmat məktəbinə gəldikdə isə onu qeyd edir ki, Mingəçevir şəhərinin kameraları vardır və o kameralar hər şeyi çəkir. Həmin kameralarla sübut olunsun ki, o Leylanı xidməti maşınla şahmat məktəbinə aparmışdır. Şahmat məktəbinin müəllimi Hafiz müəllim vardır. Oda belə bir halın olmasını inkar etmişdir. Hörmətli Vahid müəllim Şəki Apelyasiya Məhkəməsinin Hakimi Gündüz müəllimin sədrliyi ilə keçən prosesdə bildirdi ki, qadın ölməsəydi onlar onu işdən çıxarmayacaqlardı. Bu zaman vəkil ona niyə onun tərəfində deyil Bəhruz tərəfdən çıxış etdiyini bildirmişdir. O qurban getmişdir. O heç bir vaxtı polisə ləkə gətirməmişdir. O həmişə qüsursuz xidmətlə bağlı medallar almışdır. Bütün bunlar rəhbərliyini diqqət və qayğısı nəticəsində baş vermişdir. Asayişi qorumaq onun vəzifəsi və işidir. Ramazan ayına, üç uşağına, ağır diabet xəstəsi olan anasına körpə uşağının olmasına xatir köməklik edilməsini xahiş etmişdir. Onun pensiyaya çıxmağına 6 ay qalmışdır. İşə qayıtmaq istəyir. Ata əvəzi evdə odur. Samirə onun atasının donoru olmuşdur. Əgər Samirə sağ olsaydı və oda işləsəydi atasının donoru olduğu üçün ona dünyalar hədiyyə etməyə hazır olmuşdur. Samirə tekstilni işləyirmiş. Ona bildirmişdir ki, gecəni yatmayıb qızını axtarmışdır. Ondan onu şöbəyə düşürtməsini xahiş etmişdir. Ona ünvanlanmış suallara cavab olaraq isə bildirdi ki, Samirənin ölmünün səbəbi şantaj olmuşdur. Samirəni 5-6 il bundan əvvəl Samirənin çağrışına gedərkən tanımışdır. Həmin çağrışdan xeyli vaxt sonra Atası şəhər xəstəxanasının qan bankına gedərək qan alırdı. Bankda qan olmayanda orada xəstəxanadakılar donora zəng edirdilər ki, gəlib qan versin. Samirə də onun atasının donoru olmuşdur. Rəhbərlik onun atasının xəstəliyi ilə əlaqədar ona mükafatlar vermiş, atasının Türkiyədə müalicəsinə köməklik göstərmişlər. Ona uşağı xəstəxanaya onun apardığını bildirmişlər. Lakin o apardığını yalandan deyə bilməzdi. O Vahid müəllimin otağına girərkən o izahatlarda göstərildiyi kimi qızı “tanımıram” deyə bilməzdi. Çünki onu kamera çəkirdi və o növbətçiyə yaxınlaşaraq onun atasının donor xəstəsi olduğunu bildirmişdir. Bu necə ola bilərdi? Samirə ona zəng edib. 23 və 24-ü olan 6 zəng uşağın tapılıb-tapılmamasını öyrənmək üçün olmuşdur. Məhkəmə iclasında Cavabdeh baş tədqiqatçısı təhqiqatçısı, polis mayoru Ruzi Həsənov şahid qismində ifadə verərək bildirdi ki, 23 oktyabrda o növbədə olmuşdur. Növbətçi Rəşad Məmmədov ona zəng edərək bir nəfər qadının uşağını itirdiyini bildirdi. O da qadının onun yanına dinlənilməsi üçün gətirməsini bildirmişdir. Bu zaman Rəşad qadın birdə İddiaçı gəlmişdir. Qadından məsələnin nə olduğunu soruşduqda o uşağının evdən qaçıdığını bildirdi. Bundan başqa bir dəfə də evdən qaçdığını bildirmişdir. Bundan sonra o qdına ərizə yazmasını bildirmişdir. Qadında cavabında “xeyir, GÖZLƏYİN BİRDƏN QAYİDAR” demişdir. Onlar qadının ərizə yazaması üçün təkid etmişlər. Lakin o yazmamışdır. Bundan sonra qadın çıxıb getmişdir. Lakin bu zaman o növbətçi hissəyə onun nömrəsini almağı bildirmişdir ki, uşağın tapılıb-tapılmamasını öyrənə bilsinlər. Növbəti gün növbəni təhvil verməzədən əvvəl (növbəni saat 9 da götürüb saat 9 da təhvil verirlər) qadın yenidən gəlmişdir. Onlarda qadına ərizə verməsini bildirmişlər ki, uşağı axtara bilsinlər. Çünki şifahi müraciət əsasında axtarış aparmaq olmur. Bundan sonra qadının ərizəsini almışlar. Daha sonra növbəni təhvil verərək getmişdir. Bundan sonra ona uşağın tapıldığı və şöbəyə gətirildiyi bildirilmiş, o uşağın izahatının alınması üçün çağrılmışdır. O uşağı dinləmiş və uşağa evdən niyə qaçdığını soruşduqda bildirmişdir ki, onun anası düzgün həyat tərzi yaşamır. Ona görə də evdən qaçmışdır. Qız 2 nəfər şəxsin adını şəkmişdir. Bildirmişdir ki, onlardan biri həkim digəri isə polisdir. Bundan sonra Bəhruzun adını çəkmişdir. Bundan sonra Bəhruzu çağırmışlar. Bəhruzda gələrək Mansurova Leylanı tanımadığını bildirdi. Qız isə bildirdi ki, bu həmən polisdir. Leylanın izahatını aldıqdan sonra anasının izahatını almışdır. Bundan sonra onlar getmişlər. Səhəri gün də qadın özünü asaraq öldürmüşdür. Ona ünvanlanan suallara cavab olaraq isə bildirdi ki, Bəhruz birinci gün gələndə yəni ərizə verməzdən əvvəl də qadınla onun otağına gəlmişdir. Növbəti gün də qadınla birlikdə gəlmişdir. Onun vəzifəsi sürücü olmuşdur. Bəhruz şöbəyə Samirəni tanıyan adama kimi gəlmişdir. Bəhruz əvvəlcə uşağı tanımadığını bildirdi daha sonra isə bildirdi ki, onun uşağı ilə birlikdə şahmat məktəbinə gedir. Daha sonra isə Leyla bildirdi ki, Bəhruz onu evdən şahmat məktəbinə aparır. Bizə bunları azyaşlı demişdir. Onlar bunu başqa heç bir yerdən öyrənə bilməzdilər. Qızı ümumi dindirəndə Bəhruz bildirdi ki, qızı tanımıram. Bu zaman şöbənin bir sıra işçiləri orda olmuşdur. Sonra bildirdi ki, leylanı onun uşağı ilə bir yerdə şahmat məktəbinə getməsinə görə tanıyır. 2 dəfə növbətçi, Samirə və Bəhruz onun otağına gəlmişlər. Samirə ilə Bəhruz vəziyyəti ona danışmışlar. Polis əməkdaşı olduğundan Bəhruzdan Samirəni hardan tanımasını həmin vaxt soruşmamışlar. Cavabdeh İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupu baş inspektoru X12 şahid qismində ifadə verərək bildirdi ki, hadisə ilə bağlı onu deyə bilər ki, okyabr ayının 23-ü axşam saatlarında Bəhruz şöbənin içərisində ona yaxınlaşaraq bildirmişdir bir nəfər yaxın adam vardır. Onun ona yaxınlaşamasının səbəbi onun yetkinlika yaşına çatmayanların işi ilə məşğul olması idi. Bildirdi ki, bir yaxın adamın uşağı var çətin tərbiyə olunanadır. Onunla söhbət etmək lazımdır. O da problem olmadığını bildirmişdir. Demişdir ki, nömrəsin versin növbədənə çıxdıqdan sonra zəng edib əlaqə saxlayar. Oda razılaşmışdır. Axşam saat 11 radələrində bildirmişdir ki, onunla söhbət edilməsi üçün şöbəyə gətirilməsini məsləhət görmüş, o da razılaşmışdır. Gələnində qadın və kişi olmasından xəbəri olmamışdır. Bəhruz şöbəyə bir qadınla gəlmişdir. Qadın bildirmişdir ki, uşağı səhər məktəbə getmiş və geri qayıtmamışdır. O da qadına ərizə yazmasını bildirmişdir. Qadın razılaşmamış və bildirmişdir ki, əri Rusiyadadır. O da ərindən qorxub gəlmişdir ki, birdən əri uşağın harda olmasını soruşar. Qadın ərizə verməmiş o da qadını Ruzi Həsənovun otağına aparmışdır. Qadın orada da bildrimişdir ki, əri rusiyadadır ondan qorxub gəlmişdir. Ərizə vermək istəmir. Onda Bəhruz demişdir ki, “Rəşad müəllim gözləyək gəlməsə səhər gəlib ərizə verər”. Onlar da Bəhruza polis əməkdaşı olduğu üçün inanmışlar ki, qadın onun yaxın adamıdır. Səhər saat 9-da növbəni təhvil vermişdir. Saat ona işləmiş Bəhruz qadınla yenidən şöbəyə gəlmiş, və yenidən ərizə verməmişdir. Qadını şöbənin təhqiqat rəisi Pərviz Həsənovun otağına salmış və qadının məsələsini ona danışaraq ərizə vermək istəmədiyini bildirmişdir. Sonradan ö şöbədən çıxıb maşınının matorunu isidərkən görmüşdür ki, qadınla Bəhruz maşına oturaraq getmişlər. Ondan sonra o çıxıb getmişdir. Nahardan sonra qızı tapdıqdan sonra müəllim tapmalı olduğu üçün müəllim dəvət etmişdir. Qızla söhbət apardıqdan sonra Leyla baş verənləri danışmışdır. Bildirmişdir ki, Bəhruz onu maşınla şahmat məktəbinə aparmışdır. Bu zaman Bəhruzun oğluda maşında olmuşdur. Bəhruz isə bildirmişdir ki, Leyla onun dostunun qızıdır. Ona ünvanlanmış suallar cavab olaraq şahid bildirdi ki, avtomobilin yanında Bəhruza bildirmişdir ki, qadınla əlaqə saxlamaq üçün nömrəni versin. Bəhruzda razı olmamışdır. Bildirmişdir ki, qadını özü gətirəcək. Məhkmə iclasında Cavabdeh kadr və peşə hazırlığı üzrə baş inspektoru polis kapitanı İsmayılov Rövşən Radin oğlu şahid qismində ifadə verərək bildirdi ki, hadisə baş verməmişdən əvvəl məsul növbətçi hissə əvəzi olan Rəşad Məmmədov növbəni təlimtəslim zamanı bildirildi ki, bir azyaşlı evdən çıxaraq geri qayıtmamışdır. Bununla bağlı vətəndaşa ərizə verilməsi bildirilsə də qadın razılaşmamışdır. Amma ümumi vəziyyətlə bağlı şəxsi heyyətə məlumat verilmişdir ki, məlumatlı olsunlar. Əgər tapılarsa şöbəyə gətirilsin. Növbəti gün günorta saatlarında şəhər polis şöbəsinin rəisi onu otağına çağırmışdır. Otağa girdikdə bölmə rəislərini və azyaşlı qız uşağını görmüşdür. O da əyləşmişdir. Rəis tərəfindən iki dəqiqə ərzində qiz uşağından müəyyən suallar soruşulmuşdur. O da bildirmişdir ki, onun evdən getməsinə səbəb anasının Bəhruz adlı şəxslə yaxın münasibətdə və onun gözünün qabağında cinsi münasibətdə olmasıdır. O bu hərəkətləri qəbul edə bilmədiyindən evdə qala bilmir. Bu səbəbdən də çıxıb getmişdir. Şöbədə 2 nəfər Bəhruz adında polis olduğundan Rəis bildirmişdir ki, Bəhruzların şəxsi işləri gətirilsin və şəxsi işdəki şəkillər uşağa göstərilsin. O da şəxsi işləri gətirmiş və şəkilləri uşağa göstərmişdir. Və həmin uşaq bildirmişdir ki, həmin polis əməkdaşı İddiaçıdur. Sonra qız Vahid müəllimin otağına dəvət olunmuşdur. O qızla üzbəüz əyləşmişdir. Həmin ərəfədə də Bəhruzu otağa dəvət etmişlər. Bəhruz qapıdan içəri girəndə bildirdi ki, o bu qızın valideynini tanımır. Hansı ki, qızın arxası Bəhruza tərəf idi. Halbu ki, həmin vaxt Bəhruza hər hansı bir sual verilməmişdir. Sonradan xidməti yoxlama aparılmışdır. Bu zaman Bəhruz bildirmişdir ki, guya 5-6 il bundan əvvəl çağrışa gedərkən hadisə yerinə getmiş, həmən xanımla danışıqları baş tutmuş və bir-birilərinin nömrələrini götürmüşlər. Bəzi zəruri işlər zamanı Bəhruzu çağırmış Bəhruz da onun krantını və sair təmir olunası əşyalarını təmir etmişdir. Sonradan Bəhruz ifadələrini dəyişdi ki, onu əməliyyat qrupunun tərkibində hadisə yerinə gedərkən deyil xəstəxanada həmin qadınla tanış olmuşdur. Atası xərçəng xəstəsi olduğuna görə Samirə onun atasının donoru olmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Cavabdeh TB-nin təhqiqatçısı, polis kapitanı Ruzi Həsənovun Cavabdeh rəisinə yazdığı xx.xx.2018-ci il tarixli raportdan görünür ki, xx.xx.2018-ci il tarixdə ünvan 1 mənzil 7-də yaşayan X1 şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə saat 08 radələrində oxuduğu məktəbə getmək adı ilə evdən çıxdığını, bir daha evə qayıtmadığını, qızının tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı keçirilmiş axtarış tədbirləri nəticəsində X11 xx.xx.2018-ci il tarixdə şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin H.Əliyev prospektində saxlanılmış və ŞPŞ-nə gətirilmişdir. Vət. X11 xx.xx.2018-ci il tarixdə izahatı alınarkən, yaşadığı evdən çıxıb getməsinə səbəb anası Samirə Musayevanın yüngül həyat tərzi keçirməsini, qeyrilərinin və polis əməkdaşı İddiaçı uzıın müddətdir ki, onların yaşadığı ünvana gəlməsini və qeyri-rəsmi görüşmələrini göstərmişdir. Odur ki, az yaşlı X5 evdən qaçmasına səbəb göstərdiyi polis əməkdaşı İddiaçı barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh təhqiqatçısı, Ruzi Həsənovun polis əməkdaşı İddiaçı barəsində raportla etdiyi müraciət əsasında aparılmış xidməti yoxlamanın nəticəsinə dair xx.xx.2018-ci il tarixli rəydən görünür ki, "Daxılı işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin 2,

12. 14, 17, 19-cu maddələrinin, İntizam Nizamnaməsinin 3.2, 3.7, 3.9-cu maddələrinin tələblərini pozduğuna görə növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi barədə rəyə gəlinmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli Ə121-158-18 nömrəli əmrindən görünür ki, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına zidd olaraq ailəli və himayəsində 3 azyaşlı övladının olmasına baxmayaraq vətəndaş X13 ilə tanış olaraq xidmətdə və xidmətdən kənar vaxtlarda qadın-kişi münasibətində riyakarlığa və pozğunluğa yol verdiyinə, öz xidməti vəzifələrinin icrası ilə bağlı oimayan xidməti məsələlərə müdaxilə etdiyinə, xidməti təhqiqat prosesində qeyrı-səmimlik göstərməklə "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 2, 12, 14, 17 və 19-cu maddələrinin, intizam Nizamnaməsinin 3.2, 3.7. 3.9-cu maddələrinin tələblərini pozduğuna görə şəhər polis şöbəsinin növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı İddiaçı «AR DİO-da xidmət keçmək haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X15 xidmətdən xaric edilmişdir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Daxili İşlər Nazirliyi X15 xidmət müddəti: təqvimi hesablama ilə 17 il 05 ay 26 gün təşkil edir. İddiaçı medal ilə təltif edilməsi barədə diplomdan görünür ki, Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli ə 3573 ş/h nömrəli əmri ilə İddiaçı “Qüsursuzxidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. X8 xx.xx.2018-ci il tarixdə ozünü asaraq öldürməsi faktı ilə əlaqədar başlanılmış ********* nömrəli cinayət işində saxlanılan sənədlər (şahidlərin dindirilməsi haqqında protokollar, üzləşdirmə haqqında protokollar və cinayət işi üzrə icraata xitam verilməsi haqqında Mingəçevir şəhər Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarı) və və digər sənədlər.

Əsaslandırma hissəsi

Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddiaçı tərəfindən iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli 2-1(102)- 3254/19 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-362/2019 nömrəli qərarını ləğv edib işi yeni apelyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmrə görə, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına zidd olaraq ailəli və himayəsində 3 azyaşlı övladının olmasına baxmayaraq vətəndaş X13 ilə tanış olaraq xidmətdə və xidmətdən kənar vaxtlarda qadın-kişi münasibətində riyakarlığa və pozğunluğa yol verdiyinə, öz xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xidməti məsələlərə müdaxilə etdiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərməklə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 2, 12, 14, 17 və 19-cu maddələrinin, İntizam Nizamnaməsinin 3.2, 3.7. 3.9-cu maddələrinin tələblərini pozduğuna görə şəhər polis şöbəsinin növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı İddiaçı “AR DİO-da xidmət keçmək haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X15 xidmətdən xaric edilmişdir (Cavabdeh 2018ci il 25 oktyabr tarixli, Ə121-158-18 nömrəli əmri). Cinayət işi üzrə dindirilən və iddiaçı ilə üzləşdirilən X11 iddiaçı ilə üzləşmə zamanı yalnız “özünə xəsarət yetirəndən sonra onu İddiaçı həkimə aparmış, həkim yaranı tikəndən sonra həkimə tapşırmışdır ki, polisə məlumat verməsin və ona demişdir ki, uzun qol paltar geyin özünə xəsarət yetirdiyini görməsinlər” söylədiyini inkar etmiş, digər hallar – iddiaçının onun mərhum anası ilə yaxın, qeyri-rəsmi əlaqədə olduğunu, onların mənzilinə gəlib-getdiyini, onu öz maşını ilə və xidməti maşınla məktəbə, habelə stadiona, şahmat məktəbinə aparıb-gətirdiyini təkrar təsdiq etmişdir. O, həmçinin təsdiq etmişdir ki, onun yanında iddiaçı polis şöbəsinin rəisinin suallarına cavab olaraq, əvvəlcə onu (Leylanı) tanımadığını, daha sonra qohumluq münasibətlərində olduqlarını, növbəti sualdan sonra, yalnız tanış olduqlarını, mərhum Samirənin telefon nömrəsinin onda olduğunu əvvəlcə inkar etdiyini, sonra təsdiq etmək məcburiyyətində qaldığını, beləliklə də, özünü qeyrisəmimi apardığına görə işdən çıxarıldığını bildirmişdir (iş v. 81-84; həmçinin bax: iş v.43, 49/2). İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmə yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, normanın tələbi nəzərə alındıqda, cinayət işi üzrə istintaq orqanının qərarı (hətta şəxsin həmin hadisəyə aidiyyəti müəyyən olunduqda belə) inzibati mübahisəyə baxılarkən məhkəmə üçün məcburi deyil, həmin qərarda istinad edilən və hazırkı inzibati mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair (iddianın predmetinə aid olan) sübutlar inzibati məhkəmə icraatı çərçivəsində, həm də digər sübutlarla birgə bilavasitə yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, mübahisələndirilən əmrin məzmunundan da göründüyü kimi, həmin məzmunda əmrin qəbul edilməsinin səbəbi kimi, təkcə iddiaçının mərhum S.Musayeva ilə qarşılıqlı münasibətləri (və həmin münasibətlərin xarakteri) deyil, həm də xidməti yoxlama zamanı iddiaçının ona verilən suallara münasibətdə özünü qeyri-səmimi aparması da göstərilmişdir. Bundan başqa, mübahisəli əmrdə qeyd edilən İntizam Nizamnaməsinin 3,2, 3.7, 3.9-cu maddələrinin tələblərinin pozulması ilə bağlı işin halları ümumiyyətlə araşdırma predmeti olmayıb. Digər tərəfdən iş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Mingəçevir şəhər prokurorluğunun xx.xx.2019-cu il tarixli Qərarından bəlli olur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı ilə Musayeva Samirə arasında 25 dəfə telefon danışığı olmuşdur. Bu danışıqlardan altısı xx.xx.2018-ci ildə, digər altısı isə xx.xx.2018-ci il tarixdə, yəni X8 ölümündən bir gün əvvələdək olmuşdur. Hansıki, istintaqla müəyyən edilib ki, X13 xx.xx.2018-ci il tarixdə özünü öldürmüşdür. Həmçinin, mübahisələndirilən əmrdən görünür ki, iddiaçı cinayət əməlini törətməkdə ittiham olunmayıb. Lakin, iddiaçının barəsində DİN-nin X7, Mingəçevir ŞPŞ-nin apardığı araşdırmalar, Mingəçevir şəhər Prokurorluğunun apardığı istintaq, eləcədə məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri təsdiq edir ki, İddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyyarı kimi intizamlılıq göstərməmiş, bununlada xidməti intizamı və etik davranış qaydalarını mütamadi olaraq pozmuşdur. Bunun nəticəsində Azərbaycan Respublikası “X15 Xidmət Keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndini rəhbər tutmaqla X15 xidmətdən xaric edilmişdir. Kollegiya hesab edir ki, İddiaçı Daxili İşlər Nazirliyi orqanlarından xaric edilməsi barədə Cavabdeh xx.xx.2018-ci il tarixli Ə126 ş/h-158-18 nömrəli əmri qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməli, apelyasiya şikayəti təmin edilməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmişapelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-263/2019 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2018-ci il tarixli Ə126 ş/h-158-18 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar