Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-154/2021 09.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı1 və onun qızı İddiaçı2 Zaqatala rayon Muxax kəndində yaşayırlar. Həmin kənddə İddiaçı2 məxsus fərdi yaşayış evi vardır. 2012-ci ildə Azərbaycan Respublikasının şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində həmin ev qəzalı vəziyyətə düşmüşdür. Zaqatala Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli 2(033)-132/2020 nömrəli qətnaməsi ilə İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuş və Cavabdeh2 28.04.2020-ci il tarixli 60 nömrəli sərəncamı ilə anası İddiaçı1 onun üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamına əsasən, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən Zaqatala rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmiş, lakin ötən müddət ərzində həmin evə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı evə dəymiş ziyanın aradan qaldırılması üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə müraciət etmiş, cavabdeh isə 16.07.2019-cu il tarixli 37/kd-03884 nömrəli cavab məktubu ilə bildirmişdir ki, təbii fəlakət nəticəsində ziyan dəymiş evlərə baxış keçirilərək müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 məxsus fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə və Cavabdeh2nə qarşı "zəlzələdən dağılan evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Onlar iddialarını belə əsaslandırmışlar ki, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evlər tikildiyi halda, onlara məxsus dağılan fərdi yaşayış evi hələ də tikiləsi evlər siyahısına daxil edilməmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibət bildirməmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli 21(84)- 1277/2019 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-622/2019 nömrəli 29.10.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati- İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli 2-1(84)-1277/2019 nömrəli qərardadı ləğv edilərək baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsi İddiaçı2 tərəfindən imzalanmadığına, eləcə də iddia tələbinin Cavabdeh2nə aidiyyəti olmadığı halda, həmin orqan da iddia ərizəsində cavabdeh kimi göstərildiyinə görə, məhkəmənin 10.02.2020-ci il tarixli məktubu ilə həmin çatışmazlıqlarln aradan qaldırılması İddiaçı1 təklif edilmişdir. Bundan sonra İddiaçı1 birinci instansiya məhkəməsinə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı yeni iddia ərizəsi vermiş və həmin ərizədə fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Cavabdeh2 başçısının Muxax kənd İƏD üzrə nümayəndəliyinin 08.05.2019-cu il tarixli 504 nömrəli arayışından görünür ki, Muxax kəndində İddiaçı2 məxsus 0,03 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində 76 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. İşdə olan, 27.08.2016-cı il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayon Muxax kəndində yerləşən 0,0305 ha həyətyanı torpaq sahəsinə İddiaçı2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan, cavabdehin 16.07.2019-cu il tarixli 37/kd-03884 nömrəli məktubundan görünür ki, təbii fəlakət nəticəsində ziyan dəymiş evlərə baxış keçirilərək müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 məxsus fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 08 dekabr 2020-ci il tarixli 2- 1(116)-96/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qızı İddiaçı2 Zaqatala rayon Muxax kəndində yerləşən, zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Zaqatala rayonu, Muxax kənd sakini İddiaçı1 və onun qızı İddiaçı2 Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı 2012-ci ildə baş verən təbii fəlakət zamanı zərər dəymiş fərdi yaşayış evinin əvəzinə yeni yaşayış evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 saylı qərarı ilə iddiaçının tələbi təmin olunmuşdur. Həmin qərar 21 dekabr 2020-ci il tarixdə Agentliyə daxil olmuşdur. Hesab edirlər ki, 1-ci instansiya məhkəməsinin qeyd olunan qərarı aşağıda göstərilənlərə görə ləğv edilməlidir. Məlum olduğu kimi, 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X3 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. Həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan kəskin qəzalı vəziyyətdə olan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan tədbirlər çərçivəsində iddiaçı Zaqatala rayonu, Muxax kənd sakini İddiaçı1 və onun qızı İddiaçı2 evlərinə baxış keçirilmiş və 28 fevral 2013-cü il tarixində tərəfimizdən İddiaçı1 adına, 23 may 2012-ci il tarixində İddiaçı2 adına baxış aktları tərtib olunmuşdur. Həmin Aktlara uyğun olaraq evlər bərpa gücləndirməyə ehtiyac olan kimi qeyd olunub. Bununla bağlı, dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına müvafiq tədbirlər yerinə yetirilmişdir. Hər iki vətəndaşa bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçı1 5000 AZN (beş min manat, 00 qəpik), İddiaçı2 4000 AZN (dörd min manat, 00 qəpik) birdəfəlik maddi yardım ödənilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin 01 may 2014-cü il tarixli, 83 nömrəli məktubuna əsasən İddiaçı2 məxsus ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddənin 3-cü bəndə görə kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi həmin Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu da öz növbəsində İddiaçı2 məxsus ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa olunduğundan yeni evin tikintisinə əsas vermir. Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 saylı Qərarın təsviri hissəsində məhkəmənin 25.02.2020-ci il tarixli Qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Halbuki, bu barədə Agentliyə qeyd olunan qərardad daxil olmamış və keçirilmiş ekspertizanın rəyi təqdim edilməmişdir. Hazırkı işdə Agentlik prosessual tərəf olduğuna görə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi Agentliyə təqdim olunmalı idi. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Nəzərinizə çatdırırıq ki, vətəndaşların şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı məhkəmə orqanlarında iddiaların qaldırılması kütləvi hal almış və Nazirlər Kabinetinin müvafiq sərəncamında təmirlə bağlı işlərin icra olunması Fövqəladə Hallar Nazirliyinə şamil olunmadığı üçün Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)- 96/2020 saylı Qərarı tərəfimizdən icrası mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamı əsasında müvafiq tədbirlər görə bilər. Belə ki, Agentlik icra hakimiyyəti orqanı olduğundan onun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən məqsədli olaraq ayrılan vəsait hesabına maliyyələşdirilir. Agentliyin bundan başqa digər maliyyə mənbəyi və ya fərdi bank hesabı olmadığına görə büdcədən bu məqsədlər üçün dövlət vəsaiti ayrılmadığı təqdirdə həmin vətəndaşlar üçün tərəfimizdən evlərin tikilməsi mümkün deyil. Eyni zamanda, mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirik ki, İnzibati Prosessual Məcəlləsinin 33-cü və 38.1 -ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Həmçinin, iddiaçının iddia tələbi yeni evin tikilib verilməsindən ibarətdir, halbuki Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı qərarına əsasən evin təmir edilməsi Agentliyin öhdəliyinə qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxa bilməz. Odur ki, Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 saylı qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı1 Nüzəffər qızı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 4000 (dört min) manat pul zəlzələdə zərər vurulmuş evin spkülüb yenidən tikilməsi üçün kafayət deyil. Çünki ekspert rəyi ilə təsdiq edilir ki, həmin evi sökülüb yenidən tikilməlidir. Ona görə də həmin pul onlar tərəfindən qəbul edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin iddiaçının qızı İddiaçı2 evini kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyindən yeni evin tikintisinə əsas olamaması, qəzaya düşmüş evin sahibi tərəfindən bərpa və təmir edilməli olması, İddiaçı2 evinin bərpası üçün 4000 (dört min) manat pulu ödənilməsi dəlilləri ilə razılaşmır. İşdən göründüyü kimi, iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qızı İddiaçı2 məxsus olan fərdi yaşayış evinə 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymişdir. Cavabdeh tərəfindən həmin evə baxış keçirilərək evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 30.10.2020-ci il tarixli 10/279 nömrəli ekspert rəyindən məlum oldu ki, İddiaçı2 məxsus olan və Zaqatala rayonu Muxax kəndində yerləşən ev hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən Zaqatala rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən, İddiaçı2 fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Həmin yaşayış evində baş vermiş zəlzələ nəticəsində divarların çatladığı və bir-birindən aralandığı, döşəmənin yararsız vəziyyətə düşdüyü, hörgü daşlarının bəzi yerlərdə yerindən çıxdığı və ümumilikdə yaşayış evinin yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Buna görə də həmin yaşayış evinin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün sökülərək yenidən inşa edilməsi zəruri hesab edilir. Belə ki, işdə olan sübutlardan görünür ki, İddiaçı2 məxsus yaşayış evi harada yerləşməsinən aslı olmayaraq həmin evə mülkiyyət hüququna dair çıxarış verilmiş və onun mülkiyyətindədir. O, öz evini sığorta etdirmək vəsifəsi deyil, hüququna malikdir. İddiaçı1 Nüzəffər qızının məhkəmə iclasında təqdim etdiyi "xxxx" MMC-nin Zaqatala Poçt filialı tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli 10/257 saylı arayışdan görünür ki, Muxax kənd sakini İddiaçı2 ünvanına Fövqəladə Hallar Nazirliyi tərəfindən 13.09.2019-cu il tarixdə evin bərpası üçün 4000 (dört min) manat pul vəsaiti daxil olmuşdur və həmin vəsait alınmamışdır. İddiaçı1 Nüzəffər qızı məhkəmə iclasında bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 4000 (dört min) manat pul zəlzələdə zərər vurulmuş evin spkülüb yenidən tikilməsi üçün kafayət deyil. Çünki ekspert rəyi ilə təsdiq edilir ki, həmin evi sökülüb yenidən tikilməlidir. Odur ki, həmin pul onlar tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası vətəndaşlara əmlakının pozulması və onlara dəymiş zərərin aradan qaldırılması üçün zəmanət vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamından görünür ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi haqqında Əsasnamə"nin 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 511 nömrəli Fərmanına əsasən, Tikintidə X3 Agentliyi haqqında Əsasnamə təsdiq edilmiş və həmin əsasnaməyə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı kimi təsbit edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən, Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərini rəhbər tutur. Göründüyü kimi, fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını da rəhbər tutmalı olan cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamından irəli gələn məsələləri hələ də həll etməmiş və iddiaçının bununla bağlı irəli sürdüyü tələbin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-154/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-154/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver