Məhkəmə qərarları › İş №2-1(107)-156/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-156/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-156/2024 05.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən "xxxx" Kiçik Müəssisəsinə (hüquqi varisi İddiaçı) ayrılmış 2 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2-1(116)-103/2024 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən "xxxx" kiçik müəssisəsinə (hüquqi varisi İddiaçı) ayrılmış 2 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən "xxxx" kiçik müəssisəsinə 2,0 ha torpaq sahəsi ayrılmışdır. "xxxx" kiçik müəssisəsinin direktoru müvafiq sənədlərə əsasən X4 olmuşdur. Hal-hazırda "xxxx" kiçik müəssisəsi mövcud olmadığı üçün müəssisəsəyə ayrılan torpaq sahəsi onun hüquqi varisinə, yəni İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMCnin də hazırda direktoru X2r. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-Ə-00xxxx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisində torpaq islahatı aparılan zaman ərizədə qeyd edilmiş torpaq sahəsinə dair texniki və hüquqmüəyyənedici sənədlər əldə edilməsi üçün ilkin sənədlər X5 Komissiyasına təqdim edilmədiyinə görə dövlət aktı, şəhadətnamə və ya plan-ölçü sənədi tərtib edilməmişdir. Bu səbəbdən sözügedən torpaq sahəsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi idarəsində məlumat mövcud deyil. Torpaq sahəsi hal hazırda başqa subyektin istifadəsindədir.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1381/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC-yə ayrılmış Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması üçün əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim etməmişdir. Həmçinin, İddiaçı MMC-in X3 hüquqi varisi olması ilə bağlı müvafiq sənədlər təqdim edilməmişdir. Qəbələ Rayon XDS-nin Rəyasət Heyətin iclasının 21 oktyabr 1993-cü il tarixli, 11 saylı protokolundan çıxarışda uyğunsuzluqlar aşkarlanmışdır, həmin çıxarışda Səma kiçik müəssisəsi 1,0 hektar torpaq sahəsi ayrılması ilə bağlı müraciət edilmiş, lakin XDS-in çıxarış sənədində 2,0 hektar torpaq sahəsi barədə qərar qəbul olunmuş, həmin sənəddə 1,0 hektar torpaq ayrılmasının təsdiq edilməsi öz əksini tapmışdır.

4. İddia olunan torpaq sahəsinin məkan göstəricilərini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir.

5. İddiaçının iddia etdiyi torpaq sahəsi Meşə Fondu təyinatlı torpaq sahəsidir. İddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etmir. Torpaq sahəsi X1 istifadəsindədir, bu səbəbdən də həmin ərazidə ölçü işlərinin aparılması mümkün deyil. Qeyd olunan səbəbə görə müraciətin icrası mümkün olmamışdır.

6. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4145/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində iddiada göstərilən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu qeyd edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbi mübahisəli torpaq sahəsinə yerquruluşu planının hazırlanmasına yönəlsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, son nəticədə məqsəd torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir. 2,0 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət iddia tələbinə münasibətdə iddiaçı və vəkilinin nəzərlərinə çatdırılmışdır ki, yerquruluşu planı hər-hansı hüququ əks etdirmir, yalnız torpaq sahəsinin planını və coğrafi xüsusiyyətlərini əks etdirməklə yerləşmə vəziyyəti, ölçüsü və s. barədə məlumatların qeyd edildiyi texniki sənəddir. Odur ki, sözügedən sənədin İddiaçı MMC-nin adına hazırlanması üçün iddia olunan torpaq sahəsinin MMC-nin mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. İddiaçı ilk növbədə mübahisəli torpaq sahəsi üzərində əmlak hüququnun (icarə, istifadə və ya mülkiyyət) qeydə alınmasını tələb etməli, hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüququnun qeydə alınması proseduru çərçivəsində daşınmaz əmlaka münasibətdə müvafiq texniki göstəricilərin əks olunduğu sənəd və yerquruluşu planı tərtib olunmalıdır.

8. Yardım məktubunda iddiaçıya və onun nümayəndəsi və vəkilinə mübahisəli torpaq sahəsinə münasibətdə müqavilə münasibətlərinə daxil olmaqla, müqavilə əsasında torpaq sahəsinə münasibətdə texniki sənədlərin tərtib edilməsini tələb etmək hüququna malik olduğu da izah olunmuş və qeyd olunanlara münasibət bildirilməsi üçün 10 gün müddətində vaxt təyin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə alınmış (həmçinin xx.xx.2023-cü il tarixdə vəkilin elektron kabinetinə yerləşdirilmişdir), lakin ötən müddət ərzində məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 9 yanvar 2024-cü il tarixli 2-1(116)-103/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2-1(116)- 103/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

16. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun 6-cı maddəsinə görə dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: ... 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ...

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı idda tələbi isə işin göstərilən halları baxımından mümkünlük şərtlərinə cavab verməməkdədir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

23. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün torpaq sahəsi üzərində əmlak hüquqlarının qeydə alınmasını tələb etməklə, vahid sənəd prinsipindən çıxış edərək hüquqmüəyyənedici sənədlərlə birlikdə torpaq sahəsinin yerquruluşu planının da tərtib edilməsini tələb edə bilər.

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun 6-cı maddəsində göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.

26. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, "xxxx" kiçik müəssisəsinə ayrıldığı iddia olunan mübahisəli torpaq sahəsi örüş və meşə fondu torpaqlarından ibarətdir.

27. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1381/2023 nömrəli etirazda sözügedən torpaq sahəsinin “meşə fonduna” aid torpaq sahəsi olduğu qeyd edilmişdir.

28. Göründüyü kimi, iddia olunan mübahisəli torpaq sahəsi faktiki olaraq meşə fondu torpaqlarına aiddir, torpaq sahəsinin ayrılması zamanı da həmin torpaq sahəsinin meşə fondu və örüş torpaqlarına aid torpaqlar kateqoriyasından olması məlum idi. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurum olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydasının 2, 3 və 4cü bəndlərinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir.

29. Qanunvericiliyin tələbindən də göründüyü kimi meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı səlahiyyətli inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir.

30. Qeyd olunan normaların tələblərindən çıxış edərək iddiaçıya mübahisəli torpaq sahəsinə münasibətdə müqavilə münasibətlərinə daxil olmaqla, müqavilə əsasında torpaq sahəsinə münasibətdə texniki sənədlərin tərtib edilməsini tələb etmək hüququna malik olduğu hüquqi yardım məktubunda izah olunmuşdur.

31. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

32. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2-1(116)- 103/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2-1(116)-103/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar