Məhkəmə qərarları › İş №2-1(107)-172/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-172/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-172/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1962-ci il tarixdə Oğuz (keçmiş Vartaşen) rayon Kərimli (keçmiş Vardanlı) kəndində anadan olmuşdur.

3. 1987-ci ildən Rusiya Federasiyasında yaşamış və işləmişdir. Rusiya Federasiyasının vətəndaşıdır və hal-hazırda həmin dövlətdən pensiya alır.

4. Rusiya Federasiyası vətəndaşlığından çıxması onun hüquq və mənafelərinə uyğun gəlmədiyinə görə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsini cavabdehdən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona xx.xx.2018-ci il tarixdə beş il müddətinə DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir.

6. 2023-cü ilin may ayında Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Bu günlərdə ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar göndərilmişdir. Eyni zamanda ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir.

7. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. Çünki həmin qərar guya onun “daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəminin 180 gündən çox olması” ilə əsaslandırılmışdır.

8. Lakin qərarda həmin günlərin hansı ilə təsadüf etdiyi qeyd edilməmişdir. Cavabdeh inzibati orqan hazırda mübahisələndirilən qərarı qəbul edən zaman Covid - 19 pandemiyasını və Rusiya-Ukrayna müharibəsini nəzərə almamışdır.

9. Onun arvadı Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan başqa onun qeydiyyatda olduğu ev qohumunun adına olsa da özünə məxsusdur.

10. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

11. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, ona xx.xx.2018-ci il tarixindən 5 illik olmaqla, yəni xx.xx.2023-cü il tarixinə kimi ölkə ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Şəxs adını dəyişdiyi üçün (belə ki, əvvəlki müraciətində şəxsin Rusiya Federasiyasına məxsus pasportda adı Seyran olmuş, daha sonra isə Seıran olaraq dəyişdirmiş) xx.xx.2023-cü il tarixində DYİ vəsiqə dəyişmə üçün DMX-ya müraciət etmişdir. Şəxs xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazəsinin müddətinin uzadılması üçün müraciət etmişdir. Müraciətin araşdırılması zamanı təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə uyğun olaraq şəxsin daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduğu müəyyən edilmişdir.

12. Bu zaman sözügedən şəxsin xx.xx.2018-ci il tarixli müraciəti əsasında 5 il müddətinə verilmiş (etibarlıq tarixi xx.xx.2023) Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddələrinə əsasən ləğv edilmişdir və şəxsə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 20573 nömrəli icazə vəsiqəsi qüvvədən düşmüşdür. Bununla bağlı DMX tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.10-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmiş və şəxsin ünvanına bu barədə rəsmi məktub göndərilmişdir.

13. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-ci il tarixli, ******* №-li qərarından görünür ki, Rusiya Federasiyası vətəndaşı ********* nömrəli pasporta malik olan Osmanov Seiranın Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmiş, ona 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və bu bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 20573 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilmişdir. - Sərhədkeçmə müddətinin hesablanması haqqında məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixədək ölkə xaricində olmuş, xaricdə olduğu günlərin sayı 271 gündür. - Sərhədkeçmə müddətinin hesablanması haqqında məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixədək ölkə xaricində olmuş, xaricdə olduğu günlərin sayı 357 gündür.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): ... 45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda. 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda, 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;https://eqanun.az/framework/46959 45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda ... 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir).

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

25. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

26. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Odur ki, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətlə bağlı iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.

29. İş materiallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Ona xx.xx.2018-ci il tarixindən 5 illik olmaqla, yəni xx.xx.2023-cü il tarixinə kimi ölkə ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Cavabeh orqan tərəfindən inzibati araşdırma aparılarkən iddiaçının xx.xx.2022-xx.xx.2023-cü il tarixədək 271 gün, xx.xx.2022-xx.xx.2023-cü il tarixədək 357 gün ölkə xaricində olması müəyyən edildiyindən xx.xx.2023-ci il tarixli, ******* №-li qərar qəbul edilərək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmiş, ona 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və bu bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmişdir.

30. Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinin tələbinə əsasən əcnəbinin daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olması Azərbaycan Respublikasında daimi yaşamaq üçün verilmiş icazənin ləğvi əsası kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Miqrasiya Məcəlləsinin 45.1.2, 45.1.3, 45.1.3-1, 45.1.3-2 və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar iddiaçıya münasibətdə mövcud deyil.

31. İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il və xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ölkə hüdudlarından kənarda olmasını xəstəliyi və sərhədlərin bağlı olması ilə əsaslandırmışdır.

32. İddiaçının həmin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi rejimi dövründə ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti” Qaydaların 2.1.3-cü bəndinə əsasən (iddiaçının ölkə hüdudlarından kənarda olduğu müddət ərzində qüvvədə olan redaksiya) Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul etməsi öz əksini tapmışdır: 2.1.3.2. ... Azərbaycan Respublikasında ... daimi yaşamaq icazəsi olan əcnəbilər ... və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış əlilliyi olan uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər əsasında;https://eqanun.az/framework/45172 2.2. Müntəzəm beynəlxalq uçuşların bərpası ölkələrin, hava limanlarının və aviadaşıyıcıların müəyyən etdiyi qaydalar və ümumi sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ikitərəfli əsasda müqabil tərəflə əldə olunacaq razılaşma əsasında həyata keçirilir.

33. Birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı Rusiya Federasiyasında pensiyaya çıxmasını, aylıq pensiyasının 80.000 rubl məbləğində (1500-1600 manat) olmasını və əlavə ödənişlər almasını bildirmişdir. Bu isə onun qeyd edilən dövrlədə faktiki olaraq hava nəqliyyatı ilə Azərbaycan Respublikası ərazisinə gəlmək iqtidarında olmasını birbaşa sübut edir.

34. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Miqrasiya Məcəlləsinin 55.0.8ci maddəsinin tələbini pozduğundan və bunun üzürlü səbəblərinə dair hər hansı sübut təqdim edə bilmədiyindən cavabdeh orqan xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarın qəbul edilməsində haqlı olmuşdur.

35. Göründüyü kimi iddiaçının iddia tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur.

36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati aktın ləğv edilməsinə dair iddia tələbi əsassız olmuşdur.

37. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar