Məhkəmə qərarları › İş №2-1(107)-224/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-224/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-224/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2236/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: 1992-ci ilin mart ayından N saylı hərbi hissənin mühafizə bölüyünün atıcısı olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Ağdərə rayonunun azad olunması uğrunda gedən döyüşlərdə Ağdərə rayonun Papravən, Soltanlı, Qırmızı kənd ərazilərində, Ağdamın Uzundərə, Naxcıvanik kəndləri uğrunda gedən döyüşlərdə hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü 1992-ci ilin mart ayından 1992- ci ilin dekabr ayına kimi dövrü əhatə edib. 1992-ci ilin sonu 3 uşaqlı ailəyə və ailə vəziyyətinə görə hərbi xidmətdən buraxılmışdır. 76 nəfər qeyri rəsmi adı ilə Qəbələ batalyonu deyilən bölükdə torpaqların azad olunması uğrunda döyüşmüşlər. Həmin 76 döyüş yoldaşı hamısı iddiaçını tanıyır və döyüşlərdə iştirakını təsdiq edə bilərlər. Hərbi biletinin 7-ci və 13-cü səhifələrində döyüşlərə başladığı Ağdərə rayonu qeyd edilib və hərbi hissənin möhürü ilə təsdiq edilib. Bu yaxınlarda Azərbaycan Respublikası Miidaliə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixdə göndərdiyi məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyi mənə müharibə veteranı adı verilməsindən imtina edib və sənədlərini geri qaytarılmışdır. Cavabdeh təşkilat qərarını onunla əsaslandırıb ki, Müdafiə Nazirin Katibliyi Mərkəzi Arxivin 9\2-2011 nömrəli arayışına əsasən N saylı hərbi hissədə hərbi xidməti haqqında məlumat olmadığından “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, Arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədə xidməti barədə məlumat olmadığından, ona “Müharibə Veteranı” adınının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-9817 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli 4/2-7329 nömrəli məktubuna əlavə edilmiş X1 Arxinin xx.xx.2021-ci il tarixli 4/2-2011 nömrəli iddiaçıya ünvanlanan məktubundan görünür ki, Mərkəzi Arxivdə olan N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022ci il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2236/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2236/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı və cavabdeh olmadan qərar çıxarmış və bununlada məhkəmənin cəkişmə şəraitində keçməsini təmin etməmişdir. İddiasında qeyd edilənlər araşdırılmamışdır. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi həmin vaxt ailəli və körpə övladları olan müharibə iştirakçıları hərbi hisssədən Hərbi hissə komandirinin əmri ilə buraxılırdılar. 1992-ci ilin sonu o da hərbi hissədən buraxılmış və bu barədə hərbi biletinə müvafiq qeydlər edilmişdir. Məhkəmə onun hərbi biletini nəzərdən kecirməmişdir. Bundan başqa Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnaməyə DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmaması, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022- ci il tarixli məktublarından onun barəsində cinayət işi istintaqı olunmamış və təqsirləndirici material olmaması sübut edir ki, o, hərbi hissəni öz başına tərk etməmişdir. Əks halda barəsində axtarış verilər.cinayət işi açılardı. Məhkəmə bütün bunları araşdırmamışdır. Məhkəmə təsdiqini göndərdiyi Hərbi biletindəki qeydlərə imza və möhürlərə baxmamşıdır. Göründüyü ki, məhkəmə qərarında Hərbi bileti haqqında heç bir şərh yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olunmuşdur. Buna baxmayaraq cavabdeh orqan Xidməti barədə heç bir qeydin olmadığını göstərmişdir. Amma məhkəmə bu halı araşdırmamış, məhkəmə qərarında şəxsi heyətə daxil olduğu göstərilsə də, məhkəmə bu məlumatın haradan götürüldüyünü və məlumatın tam şəkildə necə verildiyini göstərməmişdir. Bu hal göstərir ki, cavabdehin verdiyi arxiv arayışı düzgün deyildir. O, hərbi hissəni öz başına tərk etməmişdir. Bunu hərbi biletinin 13-cü səhifəsindəki möhür və imza təsdiq edir. Hərbi biletin 13-cü səhifəsində göstərilir ki 190 gün xidmət etdikdən sonra buraxılmışdır. Birinci instansiya məhkəməsi qərarda göstərmişdir ki, o məhkəməyə verdiyi iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında hərbi hissədə 1992-ci ilin sonunadək olduğunu bildirmişdir. O, məhkəmə iclasında iştirak edə bilmədiyi halda necə məhkəmə iclasında izahat verə bilərdi. Bundan başqa o, 1992-ci ilin sonunda ailəli və uşaqları olanları Hərbi Hisssə komandirinin buraxdığını qeyd etmişdir. Birinci instansiya məhkəmə qərarında göstərilir ki.tərəflər məhkəməyə gələ bilməmələri üzürlü səbəb olması barədə məhkəməyə məlumat verməmişlər. Amma məhkəməyə tərəfindən teleqram vurulub bildirilmişdir ki, ailə vəziyyətinə görə məhkəmə iclasına gələ bilmir Birinci instansiya məhkəməsinə Hərbi biletində hərbi xidməti haqqında qeydlər olduğunu bildirmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi hərbi biletindəki möhürləri və qeydləri şərh etmədən qərar çıxarmışdır. Buna görədə Hərbi biletin səhifə nömrələri və qeydləri ilə burda sübut kimi qeyd edilər. Hərbi biletinin 7-ci səhifəsində o vaxtkı Ağdərə rayonunda müharibədə iştiraka başladığı qeyd edilib. Hərbi biletin 13-cü səhifəsində isə 190 gün hərbi xidmət keçdikdən sonra buraxıldığı göstərilib. Hər iki səhifədə möhür və məsul şəxsin imzası var. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2236/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iştirak etməmişlər. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçiirlməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2236/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan hərbi biletdən görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də hərbi xidmətinin 1992-ci ilin sonunadək olduğunu bildirir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 4/2-2011 nömrəli arxiv arayışında göstərilən qeydlərin doğru olduğunu, iddiaçı barəsində məlumatların olmamasının səbəbinin, iddiaçının faktiki olaraq xidmətinin davam etdirməməsi ilə bağlı olduğunu göstərir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2236/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar