Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-23/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi 14 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 13.10.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 01.08.1985-ci il tarixdən 15.01.1988-ci ilədək İsmayıllı rayon 14 nömrəli X1 və 01.10.1991-ci ildən 15.09.2016-cı ilədək Şəki Rayonlararası Subartezian Quyuların İstismarı İdarəsində əl ilə elektrik qaynaqçısı işləmişdir.Eyni zamanda 24.02.1988-ci il ildən 10.01.1989-cu ilədək müqavilə üzrə əvəzçilik əsasında bir sıra təsərrüfatlarda qaynaqçı işləmişdir. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin 09.09.2020-ci il tarixli qərarla pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. Belə ki, cavabdeh orqan iddiaçıya ünvanladığı 16.09.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı 14 nömrəli X1 və Şəki Rayonlararası Subartezian Quyuların İstismarı İdarəsində qaynaqçı vəzifəsində işləsə də, qanunvericilikdə əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu səbəbindən həmin dövrlərin xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İş materiallarında olan DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 16.05.2021-ci il tarixli, **********9 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı E.Ə.X3 rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən hüququ yarandığı 18 avqust 2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 35-ci bölməsinə bəndinə əsasən, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə “əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının” “Əmək Pensiyaları haqqında” AR qanunun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı 01.08.1985 - 15.01.1988-ci illərdə İsmayıllı rayon 14 nömrəli SMD-də və 01.10.1991 - 15.09.2016-cı illərdə “Şəki Rayonlararası Subartezian Quyuların İstismarı İdarəsi”ndə "qaynaqçı” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” AR Qanununun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair 09.09.2020-ci il tarixli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019- cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir (əlavə olunur). Sözügedən Əmrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında Əmrinin 2-ci bəndinə əsasən 2019-cu il 10 may tarixindən etibarən Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin (Mərkəzi Filialın) müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq adıçəkilən İdarəyə (Mərkəzi Filiala) təhvil verilməlidir (əlavə olunur). Əmrin 3- cü bəndinə əsasən həmin Əmrin 2-ci bəndinə uyğun olaraq təhvil verilmiş pensiya işlər üzrə ödənişlər İdarə (Mərkəzi Filial) tərəfindən həyata keçirilməlidir. Sözügüdən Əmrdə qeyd olunanlara əsasən müvafiq pensiya işlərinin Mərkəzi Filiala təqdim edilməsi prosesi çərçivəsində Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən pensiya təyin edilmiş şəxslərin pensiya işləri 25.09.2020-ci il tarixində Mərkəzi Filiala təhvil verilmiş, bununla əlaqədar olaraq təhvil-təslim aktı imzalanmışdır. Pensiya ödənişi yuxarıda qeyd olunan tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayon şöbəsinin bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur. Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarı ilə, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 01 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi qoyulməsı qərara alınmışdır. Həmin qərardan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi 14 saylı Regional Ərazi Filialı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 18.08.2015-ci il tarixli qərarın həmin şöbənin 09.09.2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi qanunidir. Belə ki, 18.08.2015-ci il tarixli qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. 09.09.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Beləliklə, İsmayıllı rayon şöbəsinin 09.09.2020-ci il tarixli qərarı qanunidir, formal- hüquqi baxımdan qanunilik şərtlərinə cavab verir. Nəzər yetirilməli digər nüans ondan ibarətdir ki, məhkəmə qərarının "qərara aldı” hissəsində 14 saylı regional ərazi filialının üzərinə “güzəştli şərtərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi” öhdəliyi qoyulur. Halbuki Fondunun 23 iyul 2020-ci il tarixli, **********1 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 5 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasım yoxlamalıdırlar. Lakin, məhkəmə tərəfindən bu tələbə əhəmiyyət verilməmişdir. Məhkəmə prosesində cavabdehin əvəz olunmasına dair vəsatət təqdim edilməsinə baxmayaraq, həmin vəsatət təmin olunmamış, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə qərarından da göründüyü kimi 14 saylı regional ərazi filialının üzərinə qoyulmuş öhdəlik Filialın səlahiyyətləri xaricindədir və icrası qanunvericiliyin tələblərinə ziddir, həmçinin qeyri-mümkündür. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı cavabdeh orqanın 16.09.2020-ci il tarixli, **********6 nömrəli imtina məktubunu aldıqdan sonra məhkəməyə poçt vasitəsilə iddia ərizəsi ünvanlamış, iddia ərizəsi 13.10.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. İddia müddəti ötürülmədiyi üçün iddia mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Cavabdeh orqanın 09.09.2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərarla qaynaqçıların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olmadığı üçün iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçıya məxsus 20.10.1981-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasında iddiaçının 01.08.1985-ci il tarixdən 15.01.1988-ci ilədək İsmayıllı rayon 14 nömrəli X1 və 01.10.1991-ci ildən (əmək kitabçasında işdən azad olunmasına dair qeydlər yoxdur) Şəki Rayonlararası Subartezian Quyuların İstismarı İdarəsində qaynaqçı işlədiyi qeyd edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26.11.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının İsmayıllı rayon 14 nömrəli X1 və Şəki Rayonlararası Subartezian Quyuların İstismarı İdarəsində qaynaqçı işlədiyi dövr güzəştli iş stajına daxil edilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına əsasən Fondun İsmayıllı rayon filialı tərəfindən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə ödənilən pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 27.04.2021ci il tarixli, **********9 nömrəli məktubdan müəyyən edilir ki, iş üzrə İddiaçı pensiya işi Mərkəzi Filiala 25.09.2020-ci il tarixdə təhvil-təslim aktı tərtib edilərək təhvil verildiyinə və pensiya ödənişi qeyd olunan 25.09.2020-ci il tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayon filialının (Fondun hazırkı 14 saylı regional ərazi filialı) bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli qərarı formal-hüquqi baxımdan qanunsuzdur. Belə ki, həmin qərarın (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, lakin orqan buna müvafiq səlahiyyəti olmayan inzibati orqandır, qərar qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, icrası mümkündür və kimə ünvanlandığı aydındır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019- cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08.02.2019-cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.07.2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndinə əsasən 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanununun 9-cu və 20-ci maddələrində qeyd edilir ki, pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın. Yuxarıda sadalanan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli Əmri, Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinə və əsasnaməyə əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığının nədən ibarət olması əsaslandırılmamış, hətta tapşırıq olduğu halda belə pensiyanın dayandırılması qanunsuz olmuşdur.Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunda həmçinin inzibati aktların mübahisələndirilməsi imkanları da müəyyən edilmişdir. Buna görə müxtəlif əsaslardan çıxış etməklə inzibati aktlar etibarsız sayıla (“İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi) və ya ləğv edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Lakin bununla bağlı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, inzibati orqanın səlahiyyətli olub-olmamasının yoxlanılmasına predmet, instansiya və ərazi aidiyyətinin yoxlanılması daxildir. İnzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyətli olub-olmaması məsələsi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, İİQ-nin 65ci maddəsinin hazırkı redaksiyasına əsasən, inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu da inzibati aktın etibarsızlığı üçün əsaslardan biri qismində çıxış edə bilər. Kollegiya səlahiyyət məsələsi ilə baglı qeyd edir ki, səlahiyyət əksər hallarda yalnız formalhüquqi baxımdan qanuniliyə aid olan bir məsələdir. Yoxlama üçün əsas qismində İİQ-nin 4-cü maddəsində nəzərdə tutulmuş qaydalar çıxış edir. Predmet aidiyyətində söhbət inzibati aktın əsl səlahiyyət daşıyıcısı tərəfindən qəbul edilib-edilməməsindən gedir. Səlahiyyət daşıyıcıları qismində müvafiq cavabdeh qurumlar vasitəsilə təmsil olunan əyalət, şəhər və ya rayonlar çıxış edə bilər. İnstansiya aidiyyəti o zaman əhəmiyyət kəsb edir ki, inzibati orqanlar müxtəlif səviyyələr üzrə bölünmüş olsun. Belə ki, əgər müxtəlif rayonlara cavabdeh olan müxtəlif inzibati orqanlar mövcuddursa, onda hər hansı bir rayonla bağlılığı olan inzibati akt həmin rayon üzrə səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş olmalıdır. Daha dəqiq desək, eyni məsələ üzrə yalnız bir inzibati orqan qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlarla əlaqədar, İİQ-nin 65.1.2-ci maddəsində təsbit olunmuş qayda problematik hesab edilir. Həmin normaya əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Etibarsız sayılmaq o deməkdir ki, inzibati akt qəbul edildiyi andan heç bir hüquqi nəticə yaratmır (bax: İİQ-nin 65.2-ci maddəsi). Beləliklə, sözügedən normanın mətninə uyğun olaraq, inzibati aktın səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu heç vaxt onun qanuna zidd olmasına deyil, əksinə, birbaşa etibarsızlığına səbəb olur. Lakin mətnin bu cür təfsiri bir çox səbəbdən inandırıcı görünmür. Çünki İİQ-nin 65-ci maddəsində sadalanmış əsasların müqayisəsi inzibati aktın yalnız dar şərtlər çərçivəsində, yəni aydın şəkildə anlaşıla bilən müstəsna hallarda etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Buraya hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (İİQ-nin 65.1.1-ci maddəsi) və ya maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt (İİQ-nin 65.1.4-cü maddəsi), yaxud faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (İİQ-nin 65.1.5-ci maddəsi), eləcə də kimə ünvanlandığı aydın olmayan inzibati akt (İİQ-nin 65.1.6-cı maddəsi) aiddir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. İnzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu qismən təşəkkül tapmamış hazırkı inzibati strukturlarda baş verə bilər. Hətta inzibati orqanların səlahiyyətləri aydın şəkildə qanunla tənzimləndiyi hallarda belə, səlahiyyəti olmayan inzibati orqanın səhvən qərar qəbul etməsi realdır. Bu kimi hallarda inzibati akt etibarsız sayılarsa, onda müvafiq səlahiyyəti olmayan inzibati orqan mövcud olmayan bir inzibati orqanla eyniləşdirilmiş olardı. Bu baxımdan, hüquqi nəticələr böyük əhəmiyyət kəsb edir. Ona görə də İİQ-nin 65.1.2-ci maddəsində yalnız açıq-aşkar müvafiq səlahiyyətə malik olmayan inzibati orqanların başa düşülməsi tövsiyə edilir. Əksinə, səlahiyyətli olmadığı halda pensiyanın dayandırılması barədə inzibati orqanın hərəkəti isə yalnız qanuna zidd hesab olunmalı və onun mübahisələndirilməsinə yol verilməlidir.Cavabdeh yuxarıda qeyd olunduğu kimi 08.02.2019-cu il tarixinə qədər mübahisəli qərarı qəbul etmək səlahiyyətinə malik olmuşdur. Lakin həmin tarixdən sonra ondan bu səlahiyyət alınmış və 3-cü şəxsə verilmişdir. Ona görə də bu prizmadan yanaşmaqla cavabdehin qərarı qanunsuz olduğu üçün ləğv olunmalı və həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələr aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun : 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08.12.2021-ci il tarixli, 2-1(102)-2298/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi 14 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-290/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-23/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-23/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver