Məhkəmə qərarları › İş №2-1(107)-260/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-260/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-260/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehtiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-316/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mənzillə təmin olunmasına kömək edilməsini xahiş etmişdir.

2. İddiaçının ilkin ərizəsi qeyri-müəyyən olduğundan iddiaçıya İPM-nin 13-cü maddəsinə uyğun hüquqi yardım edilmiş, məhkəmənin hüquqi yardımına uyğun qismən dəqiqləşdirilmiş iddia ərizəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2276/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Daha sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, xx xxxxxxxx 1965-ci ildə Qəbələ şəhərində anadan olmuşdur, ailəlidir, 2 övladı var. Azərbaycan Kənd Təsərrüfatı İnstitunun “mühəndis-elektrik'’ fakültəsini bitirmişdir, ali təhsillidir. Həmçinin institutun nəzdində hərbi hazırlıq kursu da keçmişdir. xx.xx.1992-ci il tarixindən Zərdab, Göyçay, Oğuz, Zaqatala, Qəbələ rayonlarında olan Hərbi Komissarlıqda hərbi xidmət keçmişdir. xx.xx.2012-ci il tarixində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra isə xx.xx.2012-ci il tarixədək həmin xidmətdə qulluq keçmişdir. Ümumilikdə, hesablandıqda isə 20 il, 02 aydan çox xidmətdə olmuşdur. Ona görə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə məktub ilə müraciət edərək Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə mənzillə təmin olunmasını xahiş etmişdir. Hal-hazırda yaşadığı ev valideynlərindən qalmış fərdi yaşayış evidir, başqa hər hansı fərdi yaşayış evi və mənzili yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda 20 təqvim ili xidməti olmadığına görə mənzilin verilməsinin ona şamil olunmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, MPM-nin 54-cü maddəsinə müvafiq olaraq, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. İPMnin 13-cü maddəsinə əsasən iddiaçı məhkəmə yardımından istifadə edə bilər. İddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən yuxarıda qeyd olunmuş səlahiyyət Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, onu da bildirmək lazımdır ki, yuxarıda qeyd olunmuş Fərmanın şərtlərinə görə, dövlət hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçunun Azərbaycan Ordusunda ən azından 20 təqvim ili xidmət etməsi şərtdir. İddiaçı isə Azərbaycan Ordusundakı xidməti 19 il 7 ay 14 gün olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil oluna bilməz. Buna görə də, iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 2400 nömrəli məktubda bildirilmişdir ki, onun xidməti 20 ildən az olduğundan mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə tənzimlənir və tövsiyyə olunmuşdur ki, qeydiyyatda olduğu rayon icra hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət etsin.

8. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin xx.xx.2023- ci il tarixli imtina məktubu, - SHXÇÜDX-nin Qəbələ rayon bölməsinin xx.xx.2024-cü il tarixli arayışı, - SHXÇÜDX-nin Qəbələ rayon bölməsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xidmət kartasının təsdiq edilmiş surəti, - EZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti, - Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu.

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli 2- 1(116)-316/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.2012-xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.2012-xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmədiyindən, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili tamamlanmır. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırkı işdə cavabdeh iddiaçının mənzillə təmin olunmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçusu olması faktını sübut edə bilməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-316/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli, obyektiv və tam araşdırmamış, nəticədə qanunsuz və əsassız qərar çıxarılmışdır. Belə ki, o, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edən hərbi qulluqçu olmuş, ona iş fəaliyyəti dövründə hər hansı intizam tənbehi verilməmişdir. Qeyd etdikləri sənədlərdə də öz əksini tapır. Ona görə də, qanunsuz və əsassız olan məhkəmə qərarının ləğv olunaraq bu məsələnin obyektiv, tam və hərtərəfli araşdırılaraq həll olunmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 316/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

18. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ №-li Qanun (26.111993-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin statusu Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır. ... Maddə 5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş komandanı - Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Müdafiə nazirini Azərbaycan Respublikasının Prezidenti təyin edir.

19. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 9 oktyabr 1991-ci il tarixli, 210-Xİİ №-li Qanun (xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.

20. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı

1. 9-cu maddənin İ hissəsi aşağıdakı redaksiyada verilsin: “İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”

21. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” xx.xx.2017-ci il tarixli, 955-VQ №-li Qanun Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 16. Yekun müddəa Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 19-20, maddə N29; 1992, № 5, maddə 102, № 11, maddə 409; 199N, № 2N-24, maddə 670; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2005, № 7, maddə 576) ləğv edilir.

22. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ... Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

23. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin. ...

24. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadı

Apellyasiya şikayətinin mümkünlüyü

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

30. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qəbələ RHK-da, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Zərdab RHK-da, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Göyçay RHKda, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Oğuz RHK-da, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Zaqatala RHK-da, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Qəbələ RHK-da, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək SHXÇDXnin Qəbələ rayon şöbəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. SHXÇDX rəisinin xx.xx.2012-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixində ehtiyatda olmağın son yaş həddinə çatdığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində hərbi qeydiyyatdan çıxarılmışdır.

31. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edən hərbi qulluqçu olmuş, ona iş fəaliyyəti dövründə hər hansı intizam tənbehi verilməmişdir.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və (sonrakı əlavə və dəyişikliklərlə) xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Normaların məzmunundan göründüyü kimi, “Silahlı Qüvvələr” dedikdə, qanunverici Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərini və hərbi qüvvələri nəzərdə tutmuşdur.

33. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.2012-xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir.

34. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında da məhz həmin vaxtda qüvvədə olan ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 4-cü maddəsində təsbit edilən və quru qoşunlarından, hava hücumundan müdafiə və hərbihava, hərbi-dəniz qüvvələrindən ibarət olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular nəzərdə tutulmuşdur.

35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, qeyd olunan normativ aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir. Bu səbəbdəndir ki, həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi vəziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.2012-xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmədiyindən, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili tamamlanmır. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli, 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən də görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədər ki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin (bundan sonra - Silahlı Qüvvələr və digər silahlı birləşmələr) sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

37. Göründüyü kimi, adıçəkilən Xidmətdə xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırkı iş üzrə iddiaçının 20 təqvim ili və ya daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır. Həmin şərt ödənilmədiyindən hazırkı iddianın təmin edilməsi barədə tələb də əsassız olmuşdur.

38. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki: Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.”

39. İşin hallarından da görünür ki, iddiaçı mayor rütbəsində xidmət etmiş zabit heyətinə aid hərbi qulluqçu olmaqla öz arzusu ilə ehtiyata buraxılmışdır. Öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır.

40. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından, iş üzrə birinci instansiyası məhkəməsinin nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadındakı hüquqi mövqeyinə də uyğun olmuşdur.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Həmin maddədən göründüyü kimi, ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ilə yanaşı başqa silahlı birləşmələrin yaradılması da nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, başqa silahlı birləşmələrin yaradılması, onların hüquqi statusunu müəyyən edən normativ hüquqi aktların qəbul edilməsini zəruri etmişdir.

42. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun preambulasma görə Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.

43. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.

44. Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirən “Müdafiə haqqında” 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır.

45. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər.

46. Göründüyü kimi, qanunverici Silahlı Qüvvələri və digər qoşunları ayırmışdır.

47. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında” Fərmanından göründüyü kimi, həmin Fərmanla yalnız 20 il qüsursuz xidmət etmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və bu məqsədlə müvafiq Komissiyanın yaradılması müəyyən edilmişdir. Ona görə də, bu Fərmanda nəzərdə tutulan sosial təminatlar başqa hərbi birləşmələrin hərbi qulluqçularına şamil oluna bilməz.

48. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Silahlı Qüvvələrdə 19 il 07 ay 14 gün xidmət etdiyindən yuxarıda qeyd edilən Fərman ona şamil edilə bilməz.

49. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

51. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-316/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar