Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-297/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış sahəsinə kodun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2-1(116)-197/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində inşa edilən qeyri yaşayış sahəsinə kod nömrəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmin qeyri yaşayış sahəsinin mülkiyyət hüquqi əsasında adına qeydiyata alınması öhdəliyini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən xüsusi mülkiyyətimdə olan 0,05 ha torpaq sahəsində inşa edilən qeyri yaşayış sahəsinə kod nömrəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə iddiaçıya Ağdaş rayonu Orta Ləki bələdiyyəsinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində ümumi sahəsi 50 kv.metr torpaq sahəsi ayrılaraq verilmişdir. Həmin torpaq sahəsini bələdiyyədən aldıqdan və torpaq sahəsi naturada ayrılaraq ona tanıdıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanından razılaşdırılmış layihə və icazə alaraq həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tikinti işləri aparmış və başa çatdırmışdır.
5. Həmin torpaq sahəsi 15 noyabr 2021-ci il tarixdə cavabdeh inzibati orqan Əmlak Məsələləri Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış və bu barədə ********** qeydiyyat nömrəli 15 noyabr 2021ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir.
6. Sahibkarlıq məqsədi ilə inşa etdirdiyi obyekt tam hazır olandan sonra aidiyyati qurumlar tərəfindən obyektə baxış keçirilmiş, tikilinin bütün tikinti norma və qaydalarına uyğun olaraq tikildiyi, heç bir mühafizə zolağında yerləşməməsi aşkar olunmuşdur. Obyekt xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında və qanunvericiliyin tələblərinə uyğun inşa edildiyindən və heç bir şəxsin hüquqlarının və mənafelərinin pozulmadığına, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığına görə özbaşına tikili hesab olunmur.
7. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün inşa etdirdiyi qeyri-yaşayış sahəsi olan obyekt tam hazır olduqdan sonra Ağdaş rayon İcra hakimiyyətinin başçısının Sərəncamı ilə tikintinin iddiaçının adına rəsmiləşdirilməsi qərar alınmışdır.
8. Bundan sonra iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə kodun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
9. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-8314 nömrəli iddia tələbinə etirazında qeyd etmişdir ki, tikinti obyektinə dair sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə təqdim edilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 01-718 nömrəli məktubu ilə Komitəyə təqdim edilmişdir. Lakin təqdim edilən memarlıq-planlaşdırma bölməsində bir sıra nöqsanlar aşkar olunduğundan və tikinti obyektinin tikintisinə icazənin surəti təqdim edilmədiyindən sözügedən müraciətə yenidən baxılacağına dair Komitənin xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021-05682 nömrəli məktubu ilə münasibət bildirilmişdir.
10. Belə ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən 50 m2 torpaq sahəsində inşa edilmiş tikinti obyektinə dair verilmiş xx.xx.2019-cu il tarixli 198 nömrəli Sərəncam tikinti obyektinin tikintisinə icazə məqsədi ilə deyil, mövcud tikinti obyektinin İddiaçı adına rəsmiləşdirilməsinə dair verilmişdir. Həmin Sərəncam Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun verilməmişdir.
11. Göründüyü kimi yerli icra hakimiyyəti tərəfindən verilən Sərəncam tikinti işlərinin başlanmasına əsas olan tikintiyə icazə sənədi deyil, icazəsi olmadan inşası başa çatmış tikinti obyektinin rəsmiləşdirilməsi məqsədi ilə verilmişdir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
13. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir.
15. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.01,2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1-ci bəndində Reyestrə daxil edilən məlumatların tərkibi göstərilmişdir. Belə ki, tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatları, o cümlədən obyektin tikintiyə icazə sənədinin surətini təqdim etməlidir.
16. Göründüyü kimi, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikinti obyektinə Tikintiyə icazə sənədi verilməmişdir.
17. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı kodun verilməsi öhdəliyinin Komitənin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 yanvar 2023-cü il tarixli 2- 1(116)-197/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
20. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
21. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2-1(116)-197/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2-1(116)-197/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2-1(116)- 197/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
24. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən 0.005 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. - Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 198 nömrəli sərəncamından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2017-ci il tarixli, Seriya RX, ******* saylı Çıxarışına əsasən rayonun Orta Ləki kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0,0050 ha torpaq sahəsində inşa olunmuş tikintialtı sahəsi 50 kv.m olan bir mərtəbəli qeyri-yaşayış obyekti onun adına rəsmiləşdirilməsi, rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinə rəsmiləşdirilmiş layihənin təsdiq edilməsi qərarı alınmışdır. - xx.xx.2020-ci il tarixli 004278 nömrəli X6n görünür ki, obyektin tikintisinin xx.xx.2020-ci ildə başlanması, xx.xx.2020-ci ildə başa çatması, ümumi sahəsinin 184 kv.m olması qeyd edilmişdir. - Fövqəladə Hallar Nazirliyinin X4 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2020-ci il tarixli 37/H-00662 məktubundan görünür ki, Ağdaş rayon Orta Ləki kəndində 1 (bir) mərtəbəli sahibkarlıq obyektinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulmuş sahəsinin razılaşdırılmasına dair müsbət rəy verilmişdir. - X4 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2020-ci il tarixli 002 nömrəli aktından görünür ki, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın-texniki müayinədən obyektin qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 1.6-2 “Tikintinin Təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X1 Qaydaları”nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2- 2022-362 nömrəli və xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021-05682 nömrəli məktublarından görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - qeyri-yaşayış binasının layihəsindən görünür ki, müvafiq sənəd 081446 qeydiyyat nömrəli lisenziya verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş, Ağdaş rayon İH-nin Memarlıq və Tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. - “Azəriqaz” İB-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddia olunan qeyriyaşayış binasının yaxınlığından keçən qaz xətlərinin mühafizə zonası pozulmamışdır. - Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, tikinti aparılan sahə sanitar epidemioloji cəhətdən məqsədəuyğun hesab edilmişdir. - "xxxx" ASC-nin “Mərkəzi Aran” X7 və Satış İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, qeyri-yaşayış binası yüksək gərginlikli elektrik xətlərinin qoruq zonasında deyil. - "xxxx" MMC-nin X2 xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, qeyri-yaşayış binasının tikintisi rabitə kommunikasiya xətlərinə heç bir maneə yaratmır. - “Elektra” müəssisəsinin sınaq və Təftiş protokollarından görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndi ərazisində İddiaçı məxsus qeyri yaşayış sahəsində kabellərin və naqillərin izolyasiyasının ölçülməsi, elektrik avadanlıqların mühafizə torpaqlanması müqavimətinin yoxlanması və ölçülməsi işləri aparılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları:
3. Reyestrə daxil edilən məlumatların tərkibi 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. (-) 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir.
27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Məhkəmə kollegiyası il olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının tələbləri baxımından tikinti obyektinə kodun verilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.
33. Yuxarıda qeyd edilən hüquqi mövqeni nəzərə alaraq kollegiya qeyd edir ki, hazırkı işin hallarından göründüyü kimi Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən 0.005 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir.
34. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə X6 obyektin tikintisinin xx.xx.2020-ci ildə başlanması, xx.xx.2020-ci ildə başa çatması qeyd edilsə də, Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 198 saylı sərəncamının məzmunundan görünür ki, sözügedən sərəncam artıq inşa olunmuş qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsi ilə bağlıdır. Həmin qeyri-yaşayış sahəsinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulmuş sahəsinin razılaşdırılmasına dair Fövəqladə Hallar Nazirliyinin X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən müsbət rəy verilmiş, həmçinin xx.xx.2020-ci il tarixli 002 nömrəli akt əsasında tikilinin qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 1.6-2 “Tikintinin Təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X1 Qaydaları”nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilməsi və yanğın-texniki ləvazimatlarla təmin edilməsi müəyyən edilmişdir.
35. Həmçinin “Azəriqaz” İB, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi, "xxxx" ASC-nin “Mərkəzi Aran” X7 və Satış İdarəsinin Ağdaş Elektrik Şəbəkəsi, "xxxx" MMC-nin X3 sözügedən qeyri yaşayış sahəsi barədə müsbət rəylər vermişlər.
36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısı xx.xx.2019-cu il tarixli 198 nömrəli sərəncamı verməklə müvafiq tikilinin leqallaşdırılması və hüquqi sənədlərin hazırlanması prosedurunu nəzərdən keçirmiş və qanunvericiliyin tələblərinin pozulmasını aşkar etməmişdir. Yəni, inşa edilərkən müvafiq icazə sənədi verilməsə belə, sonradan həmin tikilinin rəsmiləşdirilməsi barədə sərəncam həmin tikilinin faktiki mövcudluğuna Ağdaş rayon İcra Hakimiyyətinin icazəsinin ifadəsi kimi nəzərdən keçirilməlidir.
37. Cavabdeh orqanın etirazının digər dəlili isə “memarlıq-planlaşdırma bölməsində bir sıra nöqsanlar aşkar olunması” ilə bağlıdır ki, ümumiyyətlə həmin nöqsanlara dair cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə xx.xx.2020-ci il tarixli 004278 nömrəli X9 ilə etirazın həmin dəlili təkzib olunur.
38. Belə ki, “Qaydalar”ın tələbləri baxımından cavabdeh orqanın təqdim edilən memarlıq-planlaşdırma bölməsini yoxlamaq, nöqsanlar aşkar etmək və buna qiymət vermək səlahiyyəti yoxdur. Qaydaların 3.1.2.7-ci bəndinin tələbinə görə tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən sənəd olaraq X9 təqdim edilməlidir ki, cavabdeh orqan məhz həmin sənədi tələb edə bilər.
39. İşdə mövcud olan xx.xx.2020-ci il tarixli 004278 nömrəli X5 məzmunundan görünür ki, sözügedən akt Fövəqladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti müfəttişliyinin və layihəçinin nümayəndəsi tərəfindən imzalanaraq, möhürlə təsdiq edilmiş və qeyd edilmişdir ki, bu akt – obyektdə tikinti quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, Müfəttişil tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirdildiyini təsdiq edir.
40. İstinad olunan “Qaydaların” 4.3-cü bəndində qeyd edilir ki, Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir.
41. Göründüyü kimi cavabdeh orqanın yalnız Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatların tam tərkibdə təqdim edilmədiyi halda müraciətin təmin edilməsindən imtina etmək səlahiyyətinin mövcudluğu imperativ qaydada müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqanın X6 qeyd edilmiş məlumatları yenidən yoxlamaq səlahiyyəti olmadığından etirazın həmin dəlili tamamilə əsassızdır.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia olunan qeyri-yaşayış sahəsinin tikinti normalarına uyğun olması iş materialları ilə sübut edildiyindən, həmçinin Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 3-cü bəndində nəzərdə tutulmuş sənədlər iş materiallarında mövcud olduğundan, cavabdeh orqanın inşası başa çatmış tikinti obyektinin rəsmiləşdirilməsi ilə bağlı sərəncamı nəzərə almadan, tikintiyə icazə sənədinin olmamasına və aşkar olunmuş nöqsanlara istinad etməklə müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
44. Buna oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1303/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqedən görünür ki, “Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikiliyə dair icazənin verilməsinin nəzərdə tutulmaması” ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi düzgün hesab edilməmiş və sözügedən Məcəllədə belə bir qadağanedici maddi hüquq normasının mövcud olmaması qeyd edilmişdir. Sözügedən qərarda tikili və ona dair verilmiş bir sıra müsbət rəylərin mövcudluğuna istinad edilmiş, əsas məsələnin sözügədən tikilinin tikinti normalarına uyğun olub-olmamasının araşdırılmasından ibarət olması qeyd edilmişdir.
45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış sahəsinə kodun verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2-1(116)-197/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.