Məhkəmə qərarları › İş №2-1(107)-299/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-299/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-299/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 may 2021-ci il tаrixli, 2-1(116)-816/2021 saylı qərardadından cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı ASC cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “29.12.2020-ci il tarixli **********143347 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi birinci instansiya məhkəməsinə vəsatət verərək iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 4 saylı Ərazi Vergilər İdarəsi müstəqil balansa, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN: **********) və hüquqi ünvana (Şamaxı şəhəri, Bakı-ünvan 2) malik olmasına baxmayaraq iddia ərizəsi məhkəmə aidiyyəti pozularaq Şəki İnzibati Məhkəməsinə təqdim edilmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-816/2021 saylı inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Şəki İnzibаti Məhkəməsinin 19 may 2021-ci il tаrixli, 2-1(116)-816/2021 saylı qərardadına (hakim Vüqar Musayev) ilə İddiaçı ASC-nin cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iş üzrə cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinin iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi Şəki İnzibаti Məhkəməsinin 19 may 2021-ci il tаrixli, 2-1(116)-816/2021 saylı qərardadından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 saylı Ərazi Vergilər İdarəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin struktur bölməsi olaraq ona verilmiş öz səlahiyyətləri daxilində fəaliyyət göstərir. Belə olan halda İPM-in 8.1.2-ci maddəsində qeyd edilənlər inzibati orqanın struktur bölməsinə deyil, inzibati orqanın özünə (Dövlət Vergi Xidmətinə) münasibətdə tədbiq edilə bilər. Hazırkı iş üzrə cavabdeh qismində 4 saylı ƏVİ göstərildiyindən, idarənin hüquqi ünvana (Şamaxı şəhəri, Bakı-ünvan 2) malik olduğunu nəzərə alaraq, iddia ərizəsi məhkəmə aidiyyəti pozularaq Şəki İnzibati Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsinə və aydın başa düşülməsinə zəmanət verir. Beləliklə, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Ona görə də, Şəki İnzibаti Məhkəməsinin 19 may 2021-ci il tаrixli, 2-1(116)-816/2021 saylı qərardadının ləğv edilməsini və inzibati işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə, tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibаti Məhkəməsinin 19 may 2021-ci il tаrixli, 2-1(116)- 816/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddianın ərazi aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İnzibati orqana edilən müraciətlərlə bağlı qaldırılan iddia növləri müvafiq orqanın qərar qəbul edə bilmək imkanlarından və hərəkətlərindən asılı olaraq dəyişir. Mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) yönəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1-ci maddələrinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə haqqında iddiaya dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Ancaq nəzərə almaq lazımdır ki, tələbin mübahisələndirmə haqqında iddianın predmetinə aid olub-olmadığını müəyyənləşdirmək üçün əlverişli və əlverişsiz inzibati aktın fərqləndirilməsi zəruri şərtdir. Belə ki, mübahisələndirmə haqqında iddianın predmeti, əsasən əlverişsiz inzibati akt olur. İddia ərizəsindən görünür ki, İddiaçı ASC 29.12.2020-ci il tarixli **********143347 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini arzu edir. Həmin qərar iddiaçı barəsində əlverişsiz inzibati aktdır və iddianın növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı ilkin olaraq cavabdehə qarşı “4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması aktının ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(120)-575/2021 saylı qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Şəki İnzibati Məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən iddia ərizəsi dəyişdirilərək məhkəmədən “29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Müvafiq ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin birinci cümləsindən göründüyü kimi, mübahisələndirmə haqqında iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Müəyyən edilmişdir ki, cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti Şamaxı, Ağsu, Qobustan rayonlarının ərazilərini əhatə edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin, Şamaxı və Qobustan rayonları isə Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, 4 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti, iki məhkəmənin (Şəki İnzibati Məhkəməsi və Sumqayıt İnzibati Məhkəməsi) yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə cavabdeh inzibati orqanın deyil, iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı ASC-nin hüquqi ünvanı Ağsu şəhəri Meleratorlar qəsəbəsi olduğundan və Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətlidir. Yuxarıda göstərilən əsaslara görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibаti Məhkəməsinin 19 may 2021-ci il tаrixli, 2-1(116)-816/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibаti Məhkəməsinin 19 may 2021-ci il tаrixli, 2-1(116)-816/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar