Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-88/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatına qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2-1(116)-1028/2021 nömrəli qərarından iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialına qarşı "mülkiyyətində olan Yevlax şəhəri F.Məmmədov küçəsi 61 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatına qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin mühafizə zonasında ona məxsus fərdi yaşayış evi ilə yanaşı onlarla ev yerləşir. Həmin evlər elektrik enerjisi ilə təmin olunmuş, yalnız ona məxsus fərdi yaşayış evi enerji ilə təmin olunmamışdır. Daha sonra məhkəmənin yardım məktubuna uyğun olaraq iddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək, eyni tələbi cavabdeh "xxxx" ASC-yə qarşı irəli sürmüşdür. İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da iddiaçıya məxsus olan Yevlax şəhəri F.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin nömrəsi 61A olduğu halda, iddia ərizəsində səhvən 61 nömrəli evin enerji təchizatına qoşulması xahiş edildiyinə görə məhkəmə tərəfindən iddiaçıya müvafiq yardım edilmiş və iddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək, enerji təchizatına qoşulmasını tələb etdiyi ev kimi 61A nömrəli evi göstərmişdir. Məhkəmənin 27.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2-1(116)-1028/2021 nömrəli qərarı ilə, iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatına qoşulması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən İddiaçı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 0,0302 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərkən müvafiq icra hakimiyyəti orqanından həmin evin inşa edilməsinə icazə verən rəsmi sənəd (evin təsdiq olunmuş layihə planı) alıb-almadığı məsələsini aydınlaşdırmamışdır.Halbuki, layihə planı tərtib olunarkən cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonası nəzərə alınmalı idi.Digər tərəfdən iddiaç İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinə əsasən yaşayış evinin inşa edilməsi üçün elektrik şəbəkəsinin mülkiyyətçisi olan "xxxx" ASC-nin rəsmi razılığını almalı olduğu halda bunu etməmiş, “Qaydalar” ın 5-ci bəndinin tələblərində 110 KV-luq hava elektrik ötürücü xətti boyunca mühafizə zonası 20 metr nəzərdə tutulduğu halda yaşayış evini həmin xəttin 12 metrliyində inşa etmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə qərar qəbul edərkən iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qonşuluğunda yerləşən yaşayış evlərinin 2009-cu ildə "xxxx" ASC-nin layihəsi əsasında elektrik enerjisi ilə təchiz edildiyini və abonentlərin həmin vaxtdan elektrik enerjisindən yaşadıqları evlərə quraşdırılmış elektrik hesablama sayğacları vasitəsi ilə istifadə etdiklərini əsas götürərək İddiaçı yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qənaətinə gəlmişdir.Lakin məhkəmə ünvan 1 ünvanında 0,0302 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olduğunu və onun mülkiyyət hüququnun 15.09.2020-ci ildə “Daşınmaz Əmlakın Dövlət Reyestrin”də qeydiyyata alındığını qeyd etsə də, həmir torpaq sahəsinin İddiaçı hansı əsaslarla və hansı icra hakimiyyəti orqanı tərəfindən ayrılmasını araşdırmamışdır. Cavabdeh "xxxx" ASC-nin İddiaçı ünvanladığrt3'01'2021-ci ilvə 26.04.2021-ci il tarixli məktublarla ona məxsus fərdi yaşayış evi 110/35/10 kv-luq “Yevlax” yarımstansiyasından çıxan 110 kv-luq “Ucar 1-2” hava elektrik xəttinin mühafizə zonasında inşa edildiyi üçün yaşayış evinin elektrik enerjisi ilə təhiz edilməsinin mümkün olmadığı bildirilərək imtina edilmişdir. Məhkəmə isə iddiaçıya məxsus yaşayış evinin qonşuluğunda yerləşən digər yaşayış evlərinin elektrik enerjisi ilə təchiz edildiyini əsas götürərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında qonşuluqda yerləşən yaşayış evlərinin elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən 2009-cu ildə təchiz edildiyi, ünvan 2 ünvanında 0,0302 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olduğunu və onun mülkiyyət hüququnun 15.09.2020-ci ildə “Daşınmaz Əmlakın Dövlət Reyestrin”də qeydiyyata alındığını qeyd etsə də, həmin torpaq sahəsinin İddiaçı hansı əsaslarla və hansı icra hakimiyyəti orqanı tərəfindən ayrılmasını araşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2-1(116)-1028/2021 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edəsiniz. xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş cavabdehin 26.04.2021-ci il imtina məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasından çıxan 110 kV-luq "Ucar 1-2" hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının 27.04.2021-ci il tarixli məktubundan görünür ki, 110 kV-luq "Ucar 1-2" hava elektrik verilişi xətti fərdi yaşayış evinin tikildiyi F.Məmmədov küçəsi boyunca parallel quraşdırılmışdır. 110 kV-luq elektrik xətti ilə yaşayış evinin həyətyanı ərazisinin çöl hasarının arasındakı məsafə təqribən 12 metrdir. Həmçinin, hava elektrik verilişi xəttinin küçə ilə çəkilməsi ona texniki xidmət göstərilməsi üçün maşın və mexanizmlərin hərəkətinə maneə yaratmır. Yevlax şəhəri F.Məmmədov küçəsində iddiaçıya və bir neçə vətəndaşa məxsus fərdi yaşayış evləri istisna olmaqla, ərazidə xəttin mühafizə zonasında yerləşən fərdi evlər və müxtəlif təyinatlı obyektlər enerjitəchizatı müəssisəsi tərəfindən sayğac quraşdırılaraq elektrik enerjisi ilə təmin edilir. Yaşayış massivində enerjitəchizatı müəssisəsi tərəfindən 0,4 kV-luq şəbəkə qurulmuş və istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 2-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Bu Qaydaların 12-ci bəndinə əsasən isə, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Lakin Qaydalarda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin elektrik enerjisi təchizatına dair məhdudiyyətlər qoyulmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.5.14.7-ci yarımbəndinə əsasən, yüksək gərginlikli 110 kV-luq hava elektrik verilişi xətləri yaşayış yerlərindən keçdikdə hava xəttinin kənar naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 4 metrdən az olmamalıdır. Göstərilənlər nəzərə alınaraq, iddiaçının fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məsələsinə yenidən baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktuba cavab olaraq fərdi yaşayış evinin 110/35/10 kVluq "Yevlax" yarımstansiyasından çıxan iki dövrəli 110 kV-luq "Ucar 1-2" hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi üçün elektrik sayğacının quraşdırılmasının yolverilməz olduğu bildirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın 1.3-cü bəndinə əsasən, bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə (enerji təchizatı şəbəkəsinə) qoşulma hüququ vardır. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, sifarişçinin tikinti obyektinin ETŞyə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018- ci il tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği"nə əsasən, güc 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) olduqda qoşulma haqqının məbləği (ƏDV ilə) 160 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005- ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 2-ci bəndinin ikinci cümləsinə əsasən, elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, malqaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.5.14.7-ci yarımbəndinə əsasən, kənar HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə göstərilənlərdən az olmamalıdır: 2 m - gərginliyi 20 kV-dək olan HX üçün, 4 m - gərginliyi 35-110 kV olan HX üçün, 5 m - gərginliyi 150 kV olan HX üçün və 6 m – gərginliyi 220 kV olan HX üçün. Yuxarıda göstərilənlərlə və şikayətin dəlliləri ilə baglı kollegiya qeyd edir ki, qanunvericilikdə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağan edilsə də, bu zonalarda yerləşən tikinti obyektlərinin elektrik enerjisi təchizatını qadağan edən heç bir müddəa yoxdur. Bununla baglı, Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi, müəssisələrin fəaliyyətinin təhlili, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsi, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsi məqsədilə ölkə başçısının 22.12.2017-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "X4 Agentliyi"nin Mingəçevir filialı da hazırkı mübahisə ilə bağlı eyni məzmunlu rəy vermişdir. "Mərkəzi Aran" X11 və Satışı İdarəsinin Yevlax elektrik şəbəkəsi "Mərkəzi Aran" X11 və Satışı İdarəsinə 12.10.2021-ci il tarixli "Xidməti məlumat" verərək bildirmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz etmək üçün 10 kV-luq Kür hava xəttindən qidalanan ******* nömrəli 400 kVA KTM-nin 9 nömrəli dəmir dayağından 12 metr uzunluğunda SİP2x10 markalı kabel xətti çəkilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi küçənin əhalisi vaxtilə Yevlax şəhər xəstəxanasının tikildiyi ərazidə yaşamış, xəstəxananın tikintisinə başlananda həmin əhali oradan köçürülmüş və hal-hazırda adı çəkilən küçədə məskunlaşmışdır. Küçə "xxxx" ASC-nin layihəsi əsasında 2009-cu ildə Azenko tərəfindən kabelləşdirilmiş və abonentlərə məxsus sayğaclar həmin xəttə köçürülmüşdür. Həmin küçədə 110 kV-luq EVX keçir. Yeni sayğacların quraşdırılmasına görə müraciətlər "Asan Xidmət" mərkəzinə keçdikdən sonra iddiaçıya məxsus fərdi yaşayış evi 110 kV-luq EVX-nin mühafizə zonasının 12 metrliyində olduğu üçün həmin evə sayğacın quraşdırılmasına "xxxx" ASCnin Texniki şərtlər şöbəsi tərəfindən imtina verilmişdir. Həmin "Xidməti məlumat"dan aydın olur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi küçənin əhalisinin yaşadığı ərazidə Yevlax şəhər xəstəxanasının binası tikilməyə başlamış, bu səbəbdən həmin əhali oradan köçürülmüş və hal-hazırda Yevlax şəhəri F.Məmmədov küçəsində məskunlaşmışdır. Küçə "xxxx" ASC-nin layihəsi əsasında 2009-cu ildə kabelləşdirilmiş və abonentlərə məxsus sayğaclar həmin xəttə köçürülmüşdür. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Birinci instansiya məhkəməsinin 28.09.2021-ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, Yevlax şəhəri F.Məmmədov küçəsində iddiaçının evi ilə qonşuluqda yerləşən fərdi yaşayış evlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasını təsdiq edən sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən həmin sorğuya cavab olaraq məhkəməyə göndərilmiş 06.01.2020-ci il tarixli "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə"lərdən görünür ki, "xxxx" ASC iddiaçı ilə eyni küçədə yaşayan X5, X14, X6, X9, Əzizov Rafiq, X2, Şirinov Eldar, Mikayılov Çingiz, X3, Abdullayev Abdulla, X10 adlı şəxslərlə müqavilə bağlayaraq onları elektrik enerjisi ilə təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2-1(116)-1028/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2-1(116)-1028/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-88/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-88/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver