Məhkəmə qərarları › İş №2-1(112)-10061/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10061/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10061/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ******* nömrəli, 17 aprel 2023-cü il tarixli qərarla Miqrasiya Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması barədə qərar qəbul etmişdir. Həmçinin qərarda H.Amirhosseinin üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulduğu qeyd edilmişdir. Belə ki, H.Amirhossein Azərbaycan Respublikası ərazisində 5 ildir ki, icazə müddəti olmaqla müvəqqəti yaşayır və işləyir. Bugünə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müvəqqəti yaşamaq üçün icazəyə dair etdiyi müraciətlər barədə rədd qərarı almamışdır. Yaşadığı müddət ərzində Azərbaycan Respublikası ərazisində hər hansı qanun pozuntusuna yol verməmiş, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmamışdır. Bu müddət ərzində H.Amirhossein Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmuş və sonradan Məhkəmə qaydasında nikahları pozulmuşdur. Həmin nikahdan bir uşaqları dünyaya gəlmişdir. H.Amirhossein hər ay aliment ödəməsinə və uşağı ilə hər həftə ünsiyyətdə olmağına dair Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. inzibati orqan işə baxarkən və qərar qəbul edərkən Miqrasiya Məcəlləsinin 50ci maddəsini rəhbər tutması, lakin konkret olaraq müvafiq bəndə istinad olunmaması, iddiaçının əməli ilə bağlı hər hansı sübutun göstərilməməsi və qərarda da buna əsaslandırılmaması onu səmərəli müdafiə olunmaq imkanından məhrum edir. İddiaçının ölkədən çıxarılmasına səbəb olmuş hallar barədə məlumat verilməməsi iddiaçının müdafiə hüququnu pozmaqla yanaşı, Azərbaycan Respublikası tərəfindən təminat verilən "İnsan Hüquqlarının və X2 haqqında" Konvensiyanm 4 saylı Protokolunda göstərilən hərəkət etmək azadlığını pozub. Belə ki, qeyd edilən normaya əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, onun heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin (bundan sonra- MYİ) verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsinə əsasən MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 17 aprel 2023-cü il tarixli, ******* №-li qərara əsasən İran İslam Respublikası vətəndaşı B97427639 nömrəli pasporta malik olan X4 14 mart 2023-ce il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97427639 nömrəli pasporta malik olan X2 üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, işin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin 17 aprel 2023-cü il tarixli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması barədə Qərarı mübahisələndirir. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Göründüyü kimi nəinki Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurma halı, həmçinin də milli təhlükəsizliyə zərər vurula biləcəyi halı da müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün və əvvəlki icazənin ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti, yox aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının rəyi nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir. Hazırkı iş üzrə də cavabdeh iddiaçı barədə araşdırma aparılması məqsədlə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 47.5 və 47.6-cı maddələrinin tələblərinə uyğun olaraq rəy alınması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğular göndərilmiş, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı etiraz edərək müvəqqəti icazənin uzadılması barədə mənfi mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Bu zaman aidiyyəti elektron rəy (inzibati icraat materiallarında elektron sorğuya cavab kimi qeyd olunmuş etiraz) məhkəmə iclasında tətqiq edilmiş, qərarın qəbulu zamanı həmin halın əsas götürülməsi barədə qərarın qəbuluna əsas olan digər hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, milli təhlükəsizliyə ziyan vurma ehtimalının mövcudluğu özündə Azərbaycan Respublikasında yaşayan şəxslərin, o cümlədən ailələrin təhlükəsizliyini ehtiva edir. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar