Məhkəmə qərarları › İş №2-1(112)-10323/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10323/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10323/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı əmək stajının nəzərə alınması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsində işlədiyi illərdə olan əmək stajının nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 8 yanvar 1957-ci ildə Azərbaycan SSR Şəki şəhərində anadan olmuşdur. 1981-cı ildə 8 illik natamam təhsili bitirdikdən sonra həmin ildə Bakı Rabitə Elekto-texnikumuna qəbul olumuşdur və 1975-ci ildə həmin texnikumu bitirmişdir. Oxuduğu müddət ərzində, 1972-ci ilin fevral ayında Bakı şəhər Radio-televizor atelyesinin 9 saylı filyalında şagird kimi çalışmışdır. 11 noyabr 1972-ci ildə əyani təhsil almağı səbəbindən çalışdığı yerdən ayrılmışdır. 2 avqust 1974-cü ildə Qarabağ Melarasiya Tikinti müəssəsinin 13 saylı Səyyar Mexanikiləşdirilmiş dəstəsində (PMK-13) fəhlə kimi işə başlamışdır. 20 iyun 1975-ci ildə öz xahişi ilə işdən azad olmuşdur. 26 iyul 1975-ci ildə Şəki şəhər Suvarma Sistemləri İdarəsinə İİİ dərəcəli fəhlə kimi işə qəbul olmuş və 25 noyabr 1976-cı il tarixində təhsili ilə əlaqəli işdən azad olmuşdur. 8 dekabr 1976-cı ildə Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutunun, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin hazırlıq bölməsinin əyani şöbəsinə dinləyici qeydiyyatına alınmışdır. 14 iyul 1977-ci il tarixində həmin institutun əyani şöbəsinin X1 və iqtisadiyyatı fakültəsinə qəbul olmuşdur. 19 fevral 1979-cu ildə ailə məsələləri ilə bağlı İİ kursdan axşam şöbəsinə keçmişdir. 15 mart 1979-cu ildə Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin mərkəzi buxalteriyasına buxalter vəzifəsinə qəbul olmuşdur. 30 mart 1975-ci ildə həmin müəssisənin Maddi X4 ekspeditor, 22 sentyabr 1980-cı ildə isə mütəxəssis çatışmamazlığı səbəbindən həmin müəssənin Səs Yazma studiyasının operator vəzifəsinə keçirilmişdir. 22 noyabr 1980-cı ildə Bakı şəhər X2 8№-li K.P.P. sifarişlərin qəbulu, 10 sentyabr tarixində isə X4 böyük əmtəəşünas vəzifəsinə keçmişdir. 25 oktyabr 1985-ci ildə X9 Xidməti Avadanlıqların Təmiri zavoduna böyük əmtəəşünas vəzifəsinə göndərilmiş, lakin yolun uzaq olması səbəbindən öz xahişilə işdən azad olmuşdur. Qeyd edir ki, işlədiyi müddət ərzində yaxşı işçi olduğuna görə Azərbaycan Respublikası Məişət Texnikası idarəsinin təşəkkürnaməsinin almışdır. 15 mart 1978-ci il tarixindən 25 oktyabr 1985-ci il tarixinədək olan bütün əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmişdir. Əmək kitabçasının dolması səbəbindən əmək kitabçasına əlavə içlik yazılmışdı. Həmin içlikdə Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin işdən azad olma əmri və növbəti illərdə olan əmək fəaliyyətinin məlumatları qeyd edilmişdir. Yaşayış yerini dəyişdiyi müddətdə əmək kitabçasının əlavə içliyini itirmişdir. Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin işdən azad olma əmri içlikdə qeyd edildiyindən həmin müəssisə üzrə olan stajı nəzərə alınmır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF xx.xx.2022-ci müraciət etmişdir. **********8 saylı məktubla xahişi təmin edilməmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 verdiyi izahatında iddiaçının Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” alt sistemi məlumat bazasında pensiyaçı kimi qeydiyyata alınmadığını, iddia tələbində qaldırılan məsələnin inzibati icraat qaydasında baxılmasının mümkün olmadığını bildirərək iş üzrə qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyasının müvafiq pensiya təminatı orqanından əmək pensiyası alır. İddiaçının əmək kitabçasında qeyd olunmayan 25 oktyabr 1985-ci il tarixdən Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin işlədiyi əmək fəaliyyəti dövrünün pensiya təyinatı orqanı tərəfindən qəbul edilməməsinə əsaslanaraq həmin dövrün əmək stajı kimi tanınmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. İşin hallarından müəyyən edildiyi kimi İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycan Respublikasında daimi yaşamır və Azərbaycan Respublikasında əmək pensiyası təminatı hüququna malik deyildir. İddiaçının hüququ marağı isə əmək kitabçasında qeyd olunmayan, arxiv arayışı ilə deyil, şahid ifadələri əsasında əmək stajının müəyyən edilməsindən ibarətdir ki, bununla bağlı onun hazırki iş üzrə cavabdeh qismində göstərdiyi inzibati orqan arasında hər hansı mübahisə yoxdur. Bundan əlavə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi iddiaçı əmək kitabçasında qeyd edilməyən əmək stajının müəyyən edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət etməklə məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün müvəqqəti qeydiyyatda olduğu yer üzrə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi üzrə cavabdeh qismində qeyd olunmuş inzibati orqan iş üzrə cavabdehlik daşımadığından, bununla da həmin inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qonunla qorunan maraqlarının pozulması halları müəyyən edilmədiyindən, həmçinin iddiaçının tələbinə inzibati məhkəmə icraatında baxılması qanunvericiliklə müəyyən edilmədiyindən, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar