Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10421/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illər iş stajına daxil edilməklə 57 yaşdan - 17 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illər iş stajına daxil edilməklə 57 yaşdan - 17 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1979cu il tarixədək X8 İdarəsində “motorist köməkçisi” işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı Komvol Kombinatında (indiki adı Azərbaycan Respublikası "Komvol” ASC) darayıcı Sexində "xxxx" vəzifəsində işləmişdir. Komvol ASC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 02 saylı güzəşt arayışından da görünür ki, o həqiqətən də xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı Komvol Kombinatında darayıcı sexində "xxxx" vəzifəsində işləmişdir və qanunvericiliklə “toxuculuq istehsalatı”, "xxxx" vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 24 may 1980-cı il tarixdə (05 nömrəli AKT-ilə təsdiq edilmişdir) Bakı Komvol Kombinatında işləyən zaman iş zamanı darayıcı maşının iynəsi qırılaraq sol gözünə batmış və nəticə etibarilə ağır göz zədəsi almışdır. Hesab edir ki, əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq 57 yaşdan etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təxminən 40 ilə qədər əmək stajı var. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, xx.xx.2014-cü il tarixindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə ki, qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğunu qeyd edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tələbinin təmin olunmasından əsassız yerə imtina etmişdir. Cavabdeh tərəfdən verilmiş xx.xx.2024-cü il tarixli №3-17-l/2-A-129496/2024 saylı cavab məktubu ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri təhrif edilmiş və onun ərizəsində yazılanlara heç bir münasibət bildirmədən onun qanuni tələbləri təmin edilməmişdir. Bununla da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 31-ci və 32.1-ci maddələrindəki hüquqları pozulmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-129496/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilmiş 23 avqust 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 02 nömrəli arayışında xx.xx.1979-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Bakı Komvol kombinatında usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1994-xx.xx.1994-cü il və xx.xx.1995-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 15 aprel 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də, ümumi iş stajı 25 ildən az 16 il 11 ay 25 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17115 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-150935/2024 nömrəli etiraz məktubunda imtinanın məzmununa uyğun olaraq qanunvericiliyin tələblərini qeyd etmiş, əlavə olarq bildirmişdir ki, oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını qeyd edərək əsaslandırmışdır. Yuxarıda göstərilən normalardan da göründüyü kimi ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Bundan başqa analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1031/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə 02 avqust 2023-cü il tarixli 2-1(102)-1597/2023 nömrəli qərarında məhkəmə iddiaçının “Bakı Təcrübə Eksperimental Zavodunda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun olduğunu bildirmişdir. Həmçinin sözügedən analoji qərardad iddiaçının ödənişsiz məzuniyyətinin qısa müddətli olmadığı və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan halların mövcud olmadığı qeyd olunmuşdur. Sonuncu qərarda məhkəmə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna da aydınlıq gətirərək bildirmişdir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədəк ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ‘‘Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun müddəaları tətbiq edilə bilməz. Həmin qərarın 44-cü və 45-ci bəndlərində məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Həmçinin Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilməsinin qanunvericilik əsası yoxdur. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-cı ildə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-ci ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1978-ci ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur; xx.xx.1978-ci ildən motorist köməkçisi, xx.xx.1978-ci il tarixdən motorist işləmiş, xx.xx.1979-cu ildə vəzifəsindən azad edilmişdir; xx.xx.1979-cu ildən darayıcı sexinə usta köməkçisi qəbul edilmiş; xx.xx.1980-ci ildən usta köməkçinə 5-ci dərəcə verilmiş; xx.xx.2013-cü ildən AR Əmək Məcəlləsinin 69-cu il maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 02 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-ci il tarixindən (əmr №129) xx.xx.2013-cü il tarixinə kimi (əmr №12) Bakı Komvol Kombinatında darayıcı sexində usta köməkçisi vəzifəsində işləmişdir. xx.xx.1979-cu ildə Darayıcı sexinə usta köməkçisi qəbul edilmiş; (əmr №129, xx.xx.1979) xx.xx.1980-ci ildə usta köməkçinə 5-ci dərəcə verilmiş; (əmr №43 xx.xx.1980) xx.xx.2013-cü ildə Əmək Məcəlləsinin 69-cu il maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (əmr №12 xx.xx.2013) İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasının əslini və ya notariat qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineinin 12 saylı xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Səh 199 932 Toxuculuq istehsalatı səh
200. Usta köməkçiləri. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci il tarixli Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. Cavabdeh tərəfindən etiraz məktubuna əlavə edilmiş İddiaçı "xxxx" ASC-də xx.xx.1979-xx.xx.2013-cü illər ərzində işlədiyinə dair Xüsusi Şərtlərlə Təyinat üzrə X3 şöbəsinin böyük mütəxəsisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi Xamis Dünyamalıyev tərəfindən imzalanmış 15 aprel 2024-cü il aktda qeyd olunmuşdur ki, yoxlama sənayənin toxuculuq sahəsinə aid fəaliyyət istiqaməti olan "xxxx" ASC-də İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979-cu il tarixdə xx.xx.1979-cu il tarixli 129 nömrəli əmri ilə usta köməkçisi, xx.xx.1980-ci il tarixində xx.xx.1980-ci il tarixli 43 nömrəli əmri ilə usta köməkçisinə 5-ci dərəcə verilmiş, həmin vəzifədə xx.xx.2013-cu il tarixinədək işləmiş, 12 nömrəli xx.xx.2013-cü il tarixli əmrlə xx.xx.2013-cü il tarixindən işdən azad edilmişdir. İşlədiyi müddət ərzində xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə və xx.xx.1995-ci ildən xx.xx.2013-cü ilədək haqqı ödənilməyən öz hesabına məzuniyyədə olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasını Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1506/2024 saylı məktubda qeyd olunmuşdur ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixli, 144/KŞ saylı əmrlə 15.08.94-15.09.94-cü ilə kimi, 23.11.94-31.12.94-cü ilə kimi, xx.xx.1996-cı il tarixli, 33/KŞ saylı əmrlə 01.04.96-01.10.96-cı ilə kimi, 1997-ci il tarixli, 50/KŞ saylı əmrlə 01.07.97-01.01.98-ci ilə kimi,xx.xx.1998-ci il tarixli, 7/KŞ saylı əmrlə 01.01.98- 01.07.98-ci ilə kimi öz hesabına məzuniyyətə buraxılması , 1990, 1991, 1992, 1993, 1994 və 1995-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tətib olunmuş arxiv arayışı əmək haqqı cədvəlinə əsasən: İddiaçı 1990-1994-cü illər üzrə əmək haqqı almışdır. İddiaçı 1995-ci ilin mart, may-noyabr ayları üzrə əmək haqqı almışdır. Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol kombinatının natamam arxiv sənədlərinin 1979,1995,1999-2006-cı illərə dair əmr kitablarında və 1996-cı ilə dair əmək haqqı cədvəlllərində vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəlləri və 2006-cı ildən sonrakı dövrlərə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun iddiaçının müraciət etdiyi tarixə qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (13 may 2022-ci il il tarixli №530-VİQD nömrəli qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş mətn) Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Sadalanan qanunvericilik normalarının mübahisəyə tətbiqi göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşələrdə işləməli, Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay il, ümumi iş stajı minimum 25 il olmalıdır. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əsasən (10 dekabr 1971): Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6). Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: (1 sentyabr 2000-ci il) Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; ... Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; ... Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: ... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı xx.xx.2014-cü il tarixə artıq qanunvericiliklə müəyyən edilmiş 57 yaş həddinə çatmışdır. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 6 ay güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına imkan verən iş stajına malik olduğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan arayışlar və iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçının 01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, 16 il 11 ay 25 gün təşkil edir. İddiaçı xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.2013-cü il tarixləri arasında olan dövr üzrə ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas verən güzəştli iş stajı şərti də ödənilmir. İddiaçı tərəfindən güzəştli arayış məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı onun güzəştli iş stajına malik olmasını təsdiq edən sübutlar aşkar edilməmişdir. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1597/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərilən məsələyə eyni mövqedən yanaşaraq bildirmişdir ki, “...“Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. 45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilsə belə, yenə 25 il ümumi staj mövcud olmayacaqdır.”. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illər iş stajına daxil edilməklə 57 yaşdan - 17 oktyabr 2014-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X6.