Məhkəmə qərarları › İş №2-1(112)-1051/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1051/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1051/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 saylı qərarı əsasında həmin İcra Hakimiyyətinin tabeliyində olan X3 14 yanvar 1995-ci il tarixli, 06 saylı əmri ilə ona hazırkı Sabunçu rayonu, Ramana Südçülük kəndi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş 0.10 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq verilməsi öhdəliyinin Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 saylı qərarı əsasında həmin İcra Hakimiyyətinin tabeliyində olan X3 14 yanvar 1995-ci il tarixli 06 saylı əmri ilə İddiaçı hazırkı Sabunçu rayonu, Ramana Südçülük kəndi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin naturada plan ölçüsü və yaxud yerləşmə sxemi verilməmişdir. Yerləşmə sxemi olmadığı üçün torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının bu günə kimi dövət reyestrində qeydiyyatı baş tutmamışdır. Abşeron rayon Dövlət Arxivindən verilmiş H-34 saylı xx.xx.2019-cu il tarixli arayış və ona əlavə edilmiş, yuxarıda adı çəkilən qərar və əmrdən çıxarış da 12 yanvar 1995-ci il tarixli, 25 saylı qərarla torpaq sahəsinin ayrıldığını təsdiq edir. Torpaq sahəsi Abşeron Rayon İHnin qərarı ilə ayrılsa da, hazırda Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Odur ki, həmin torpaq sahəsinə yerləşmə sxemi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilməlidir. İddiaçı bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli, S-58-091 saylı məktubla İddiaçı müraciətinə imtina verərək bildirmişdi ki, Abşeron Rayon İH və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Sabunçu Rayonu İcra Hakimiyyətinə təhvil verilmədiyindən ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi mümkün deyildir. Sabunçu Rayon İcra Hakimiyyətinin imtinası qanunsuz və əsassızdır, həmin torpaq sahəsi hazırda Sabunçu Rayon İH-nin tabeliyinə verildiyindən vaxtilə Abşeron Rayon İH tərəfindən tam həyata keçirilməmiş öhdəliklər Sabunçu Rayon İH tərəfindən icra edilməlidir. Sözügedən torpaq sahəsi 27 ildən artıqdır, iddiaçı və ailəsinin sahiblik və istifadəsindədir, indiyədək hər hansı başqa şəxslə torpaq sahəsinin hasarlanmış yerləşmə yeri və digər mülkiyyət hüquqları ilə bağlı mübahisəsi olmamışdır. Torpaq sahəsi ilə əlaqədar yerli bələdiyyəyə ödənişlər mütəmadi həyata keçirilmiş, bütün kommunikasiyalara qoşulmuşdur. Həmin torpaq sahəsinə dair ayrıc aktları, baş planları və koordinatlarının Sabunçu Rayon İcra Hakimiyyətində olmaması iddiaçının təqsirindən deyil, o, cavabdeh orqan əvəzindən sənədlərin əldə olunmasına və ya bərpa olunmasına görə məsuliyyət daşımır. Əksinə, sözügedən ərazidə yaşayanlara xidmət göstərilməsi Sabunçu Rayon İH-ə həvalə olunduğu vaxtdan cavabdeh ərazi üzrə çatışmayan sənədlərin tərtib olunmasını indiyədək öz təşəbbüsü ilə bitirməli idi. Sabunçu Rayon İH-ə təhkim olunmuş ərazinin plan ölçüləri və yerləşmə sxemləri həmin tələb olmadan belə, ən azı ərazi üzrə kommunikasiya, abadlaşma və s. tədbirlərin həyata keçirilməsi üçün cavabdehdə mövcud olmalı idi. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı münasibətində iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Abşeron rayonu Ramana südçülük-maldarlıq sovxozunun 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri ilə X2 0.1 ha torpaq sahəsi ayrılarkən həmin qurum tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar Sabunçu Rayon İcra Hakimiyyətində olmadığından imtina əsaslı olmuşdur. Həmçinin iddiaçının qeyd etdiyi torpaq sahəsində hər hansı tikilinin mövcud olması və həmin ərazinin iddiaçının istifadəsində olması barədə onlarda məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, işdə olan Abşeron rayonu İH-nin xx.xx.1995-ci il tarixli, 25 saylı sərəncamından görünür ki, Ramana südçülük sovxozunda yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssislərə vermək üçün hər ailəyə 0,10 hektar hesabı ilə 150 ailəyə 15 hektar həyətyanı, 4.8 hektar küçə və yollar altına, cəmi 19,8 hektar həyətyanı torpaq fondu ayrılması haqqında tərtib edilmiş ilkin sənədlər təsdiq edilmiş, torpaq sahələrinin Ramana südçülük sovxozunda yaşayan, adına ev və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara fərdi mənzil tikintisi üçün növbəlik əsasında, müvafiq qaydada sənədləşdirməklə sovxozun əmri ilə paylanması qərara alınmışdır. Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X6 X1 17 fevral 2000-ci il tarixli 06 saylı əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakmiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli sərəncamına əsasən sovxozda yaşayan ehtiyacı olan əhaliyə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərə alınaraq İddiaçı fərdi ev tikintisi üçün 0,1 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhərinin inzibati ərazisində yerləşməklə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan və vaxtilə Abşeron rayonunun Ramana südçülük və digər sovxozlarına təhkim edilmiş və həmin sovxozda işləyən işçilərə fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılmış torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin (müvafiq rayonun inzibati ərazisi nəzərə alınmaqla) idarəçiliyinə qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinə S.Əliyev adına Damazlıq Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Bundan əlavə sözügedən ərazi “Yaşayış məntəqələri" torpaqları kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir. İddiaçı hazırda ayrılmış həmin torpaq sahəsinə dair yerləşmə sxeminin (cizgisinin) verilməsini xahiş edir, hansı ki, bu iddianı Sabunçu rayon İcra Hakimiyyətinə qarşı qaldırmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı həmin torpaq sahəsinin X3 14 yanvar 1995-ci il tarixli, 06 saylı əmri ilə ona ayrıldığını iddia etmiş və həmin əmri iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə qeyd edir ki, birincisi, iddia ərizəsinə əlavə edilmiş həmin əmrin qəbul edilmə tarixi oxunmur, eyni zamanda əmrin həm tarix, həm də nömrəsində düzəlişlər edilmişdir. Əmrin surətinin təqdim edilməsi ilə bağlı Abşeron rayon Dövlət Arxivinə verilmiş sorğuya cavabda isə həmin əmr deyil, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X6 X1 17 fevral 2000-ci il tarixli 06 saylı əmri təqdim edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıya müvafiq torpaq sahəsi X3 14 yanvar 1995-ci il tarixli, 06 saylı əmri ilə deyil, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X6 X1 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə ayrılmışdır. Məhkəmə hesab edir ki, bu hal işin həlli üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, xx.xx.1995-ci ildə qüvvəyə minmiş “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 2-ci maddəsinə əsaəsn islahatın vəzifələri sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kəndtəsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin aşağıdakı təşkilati-hüquqi formaları nəzərdə tutulur: dövlət müəssisəsi formasında fəaliyyət göstərən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri; məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən birgə təsərrüfatlar, kooperativlər və təsərrüfatlararası müəssisələr; səhmdar cəmiyyətləri; fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları; şərikli, payçı və şərikli müəssisə formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri; müəssisələr birliyi formasında fəaliyyət göstərən birliklər, assosiasiyalar və digərləri. Həmin Qanunun 14-cü maddəsinə əsasən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında yaradılır. Dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin maddi-texniki təchizatına, maliyyəkredit resurslarına tələbatının ödənilməsinə, sosial inkişaf məsələlərinin həllinə dövlət himayəçilik göstərir. Dövlət həmin müəssisələrə yalnız onların əsas istehsal istiqamətinə aid məhsullara sifariş müəyyən edir. Qalan məhsullara müəssisə sərbəst sərəncam verir. Belə müəssisələr tam təsərrüfat hesabı əsasında işləyir və istehsal-təsərrüfat fəaliyyətini sərbəst həyata keçirirlər. Göründüyü kimi, 1995-ci ildə keçirilən islahatlar nəticəsində sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında dövlət kənd təsərrüfatı istehsalı müəssisələri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli 74 nömrəli qərarı ilə “Dövlət mülkiyyətində saxlanılan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların Siyahısı” təsdiq edilmiş, südlük maldarlıq damazlığı üzrə Abşeron rayonu S.Əliyev adına sovxozun adı həmin siyahıda mövcud olmuşdur. Nazirlər Kabinetinin həmin qərarının 2-ci hissəsinə əsasən həmin qərarın əlavəsində göstərilən mövcud təsərrüfatların (atçılıq zavodları və cıdır meydanı istisna olmaqla) adları dəyişdirilərək bundan sonra aşağıdakı müvafiq sahələr üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisələri adlandırılaraq "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 9 noyabr tarixli 221 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu"na daxil edilmişdir: südlük maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi. İşdə olan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, “Dövlət mülkiyyətində saxlanılan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli, 74 nömrəli Qərarına əsasən Abşeron rayonu S.Əliyev adına sovxozun adı dəyişdirilərək Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi adlandırılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli Qərarının 7-ci hissəsinə əsasən, Abşeron rayonundakı “Güzdək" qoyunçuluq üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, "S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qobu" dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X4 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli Qərarının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bəzi məhdud məsuliyyətli cəmiyyətlər, eləcə də “X4 İstehsalat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X4 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.” Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçıya torpaq sahəsi ayıran S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi 1999-cu ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmiş, həmin tarixdən etibarən onun tabeliyində fəaliyyət göstərmişdir, həmin müəssisə 2015-ci ildə “X4 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə birləşdirilmiş qurumlardan biri olmuş, 2018-ci ildə isə birləşdirildiyi “X4 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti digər qurumlarla birləşdirilərək “X4 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Göründüyü kimi, iddiaçı ona torpaq ayırdığını iddia etdiyi müəssisə Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olmamış, həmin müəssisənin cavabdehə hər hansı bir aidiyyəti müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbindəki hüquqi marağı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 664 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilmiş və Siyahıya aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunmuşdur: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;”. Eyni zamanda həmin Fərmanın 2-ci hisəssi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.” Göründüyü kimi, qanunverici dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmrini o halda mötəbər hesab etmişdir ki, müvafiq əmr həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda (hazırda Kənd Təsərrüfatı Nazirliyi) saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etsin və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olsun. Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər isə torpaqayırma zamanı torpaqayran qurum tərəfindən tərtib edilir və həmin qurumda və torpaq ayrılan şəxsdə saxlanılır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 65-ci maddəsinə əsasən: - 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. - 5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 13-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini torpağa mülkiyyət və istifadə hüququna dair mövcud formalarda əks etdirir. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün torpaq sahəsinin təhvil verilməsi zamanı ayrılan sahənin planının, daha doğurusu yerləşməsini göstərən cizginin (sxemin) təqdim edilməsini ona torpaq ayıran qurum olmayan, onun varisi hesab edilməyən və həmin sənədi saxlamaq vəzifəsi daşımayan cavabdehdən tələb edir. Qeyd edilməlidir ki, iddiaçı bununla əslində ona torpaq ayrılan zaman tərtib edilən cizginin “dublikatı”nın (surətinin) verilməsini xahiş edir. Lakin nə qədər ki, həmin sənədi torpaq ayırma zamanı tərtib etmək cavabdehin vəzifəsi olmamışdır, onun özünün, yaxud artıq tərtib edilmiş cizginin “dulikatı”nın (surətinin) verilməsi də cavabdehdən tələb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar