Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10578/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi və s barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10 may 2020-ci il tarixdə əmək müqaviləsi bağlayaraq təmirçi fəhlə vəzifəsinə qəbul edilmişdir. 27 sentyabr 2020-ci il tarixdə isə qazanxana operatoru vəzifəsinə keçirilmişdir. İddiaçı qeyd edir ki, 28 sentyabr 2020-ci il tarixdən 11 may 2023-cü il tarixə kimi həftədə 40 saat əvəzinə 60 saat işlədilmiş, şənbə, bazar və bayram günlərinə düşən əmək haqqı ödənilməmişdir. Əmək haqqını tələb etdiyindən onunl aəmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Bu zaman istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı da, əlavə saat və günlərə görə ödənilməmiş əmək haqqı kimi ödənilməmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsiin vaxtı 11 may 2023-cü il tarixdə bitmişdir. Həmin müqavilədə növbə saatı 24 saat olaraq göstərilmişdir. Müqavilənin müddətinin uzadılması qarşılıqlı razılıq əsasında işəgötürənin səlahiyyətinə aiddir. Əmək müqaviləsindən görünür ki, iddiaçı və cavabdeh arasında 11 may 2020-ci il tarixdən başlamaqla müddətli əmək müqaviləsi bağlanılmış, əmək haqqı 260 manat miqdarında müəyyən edilmişdir. Əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, adıçəkilən müqavilənin redaksiyasında dəyişiklik edilərək iddiaçı qazanxana operatoru vəzifəsinə keçirilmişdir. 11 may 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi ilə, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsasında xitam verilmişdir. İşin göstərilən faktiki halları ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Eyni zamanda qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmir. Tərəflərdən biri olan cavabdehin inzibati orqan olması da iddianın mümkünlüyü baxımından vəziyyəti dəyişmir. Belə ki, hazırkı iş üzrə cavabdeh olan inzibati orqanın ümumilikdə hakimiyyət səlahiyyətinə malik olması, publik sferada olan münasibətlərin tərəfi olması və həmin sferada digər şəxslərlə yaranmış mübahisələrin inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında qiymətləndirilməsinin mümkün olması şübhə doğurmur. Lakin hazırkı iddiaçı ilə yaranmış mübahisəyə münasibətdə cavabdeh hakimiyyət səlahiyyətinə malik olmamış, hazırkı mübahisə fərdi əmək mübahisəsi olmaqla xüsusi hüququn nizamasalma predmetinə daxil olmaqla publik hüquqi münasibətlərinə aid olmayan münasibətdən yaranmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı hərbi hissədə mülki işçi kateqoriyasına aid olan şəxs olmaqla hərbi qulluqçu hesab edilmir. O, cavabdehə münasibətdə bərabərtərəfli subyekt kimi çıxış edən işçidir. Cavabdeh isə hazırkı əmək mübahisəsində hakimiyyət səlahiyyəti daşıyan inzibati orqan yox, əmək qanunvericiliyində təsbit olunmuş əmək münasibətlərinin digər tərəfi kimi işəgötürəndir. Bərabərtərəfli əmək münasibətlərinin tərəfi olan işçi və işəgötürən arasında yaranmış əmək mübahisəsinin həlli isə işəgötürən inzibati orqan olsa belə inzibati məhkəmə icraatı qaydasında yox, mülki icraat qaydasında həll edilməlidir. Belə ki, cavabdehin iddiaçıya münasibətdə hakimiyyət səlahiyyəti mövcud olmamış, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən işçi əmək funksiyalarını icra etmiş və sonda da iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. Həmin maddənin tələbindən də göründüyü kimi əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Eyni zamanda, həmin Məcəllənin: Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi
1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. https://www.e-qanun.az/framework/46943
4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Maddə 287. Fərdi əmək mübahisələri anlayışı
Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti
Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.
Maddə 289. Fərdi əmək mübahisələrində tərəflər
Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Qanunvericiliyin tələbindən də görünür ki, iddia olunan ödənişlərin ödənilməməsi, işə bərpa fərdi əmək mübahisəsinin predmeti qismində çıxış edir ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinin həlli isə inzibati yox, mülki işlərə baxan rayon məhkəməsinin səlahiyyətində olan məsələdir. Digər bir ifadə ilə inzibati orqanın təbii haldır ki, dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və ya hərbi qulluqçu statusunda olan şəxslərə münasibətdə qəbul etdiyi aktların və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyin publiklik əlaməti xüsusiyyətinə malik olması şübhə doğurmamaqla hazırkı icraat qaydasında baxılması üçün də əsas yaratmış olur. Səbəb isə onunla bağlıdır ki, inzibati orqan qeyd olunan statusa malik şəxslərə münasibətdə bərabərtərəfli subyekt hesab edilmir, hakimiyyət səlahiyyətinə malikdir, tərəflər arasında tənzimlənən mübahisə publiklik əlaməti daşıyır. Lakin, işəgötürən inzibati orqan olsa belə hərbi qulluqçu, xüsusi rütbəli şəxs olmayan, dövlət qulluqçusu və ya bələdiyyə qulluqçusu statusunda olmayan işçiləri kimi mülki işçilərinə münasibətdə hər hansı hakimiyyət səlahiyyətinə malik olmur, münasibət publiklik əlaməti daşımır və ən əsası da həmin münasibətlərin, eləcə də aralarında yaranmış mübahisənin tərəfləri kimi hər ikisi bərabərtərəfli subyekt qismində, yəni işəgötürən və işçi qismində çıxış edir. İddiaçı isə bərabərtərəfli subyekt qismində çıxış etdiyi mübahisə üzrə məsələnin həllini mülki icraat qaydasında rayon məhkəməsində həll etmək əvəzinə inzibati qaydada həll etməyə yönələn iddia vermişdir ki. Odur ki, iddiaçıya izah edlir ki, hazırkı tələblə mülki icraat qaydasında səlahiyyətli məhkəməyə müraciət edilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həsənov Orxan