Məhkəmə qərarları › İş №2-1(112)-10583/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10583/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10583/2022 16.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı «şikayət ərizəsinə cavab verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına 16 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı «şikayət ərizəsinə cavab verilməsi» tələbini irəli sürərək «cavabdehə göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məhkəmə qərarının icra edilməməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müvafiq ərizə 19 dekabr 2019-cu il tarixli 14/A-l 12/196- 019/42 nömrəli məktubla baxılması üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh ərizəyə cavab verilməsini təmin etməmişdir. O hesab edir ki, cavabdehin şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və şikayət ərizəsinə cavab vermək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, iddia ərizəsində və ona əlavə olunmuş sənəddə cavabdeh inzibati orqana hansı məhkəmə qərarının icrası ilə bağlı müraciət etdiyi, həmin işlə bağlı proses iştirakçısı (iddiaçı, cavabdeh və ya digər statusla) kimi çıxış edib-etmədiyi, həmin məhkəmə aktının icrası ilə bağlı cavabdehə ünvanladığı hansı şikayət ərizəsinə cavab verilməməsi və onun iddia tələbi üzrə hüquqi marağını, subyektiv hüququnun mövcud olmasını təsdiq edən məlumatlar qeyd olunmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya iddia ərizəsinin tələb hissəsində cavabdehə ünvanladığı hansı şikayət ərizəsinə cavab verilməməsi dəqiq qeyd olunmaqla dəqiqləşdirilməsi və iddia tələbinə dair subyektiv hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddia tələbinin həmin tələblərə uyğunlaşdırılmamasının onun mümkünsüzlüyünə səbəb olması izah edilmişdir. İddiaçı «Elektron Məhkəmə» sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bütün sübutları məhkəməyə təqdim etdiyini, hər hansı əlavə sübut və vəsatətinin olmadığını bildirmiş, məhkəmə iclasında bilavasitə iştirakı olmadan təqdim olunmuş materiallar əsasında işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaratmaq, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək İcra xidmətinin icra məmurunun vəzifəsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 05 №-li qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlarda irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-32/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli qərarı, 24-cü bənd) Məhkəmə qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, iddiaçı qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçının iddia ərizəsində (ona əlavə olunmuş sənədlərdə) cavabdeh inzibati orqana hansı məhkəmə qərarının icrası ilə bağlı müraciət etdiyi, həmin işlə bağlı proses iştirakçısı kimi (iddiaçı, cavabdeh və ya digər statusla) çıxış edib-etmədiyi, həmin məhkəmə aktının icrası ilə bağlı cavabdehə ünvanladığı hansı şikayət ərizəsinə cavab verilməməsi və iddia tələbi üzrə hüquqi marağı, subyektiv hüququnun mövcud olmasını təsdiq edən məlumatlar qeyd olunmamışdır. İddiaçı, həmçinin bu barədə məhkəməyə əlavə məlumat da təqdim etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar