Məhkəmə qərarları › İş №2-1(112)-10700/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10700/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10700/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçı, Cavabdeh 9 saylı Şəhər Poliklinikasının nümayəndəsi X4, Cavabdeh “Tibb Ərazi Bölmələri İdartetmə Birliyi” X11 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər 9 saylı Şəhər Poliklinikasına, Bakı Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Tibb Ərazi Bölmələri İdarətetmə Birliyi” X10rşı pulsuz müalicə hüququnun bərpa edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 9 saylı Şəhər Poliklinikasına, Bakı Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Tibb Ərazi Bölmələri İdarətetmə Birliyi” X10rşı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə əməl edilməməsi və bugünə kimi onun sağlamlığına vurulan ziyanın aradan qaldırılması, təsərrüfat hesablı dövlət müəssisəsində əvəzinə ödənilməklə müalicəsinin təmin edilməsi, ona vurduqları mənəvi ziyana görə isə 40 000 manat ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) ilə müraciət edərək, mənəvi ziyana görə maddi təzminatdan imtina edərək, kistanın damaq nahiyyəsindən çıxarılması üçün yalnız pulsuz müalicə hüququnun bərpa edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu Bakı şəhər 9 saylı Şəhər Poliklinikasında tibbi müalicə almalıdır, lakin 9 saylı Şəhər Polikilinkası dəfələrlə, hələ icbari tibbi sığorta tətbiq edilməmişdən müraciətlərinə baxmayıb və onun müalicəsini təmin etməyib. Bu barədə, dəfələrlə TƏBİB yaranmamışdan əvvəl Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayət etmişdir. Bu günə kimi, şikayəti təmin edilməyib. Artıq səhhətində ağrılar şiddətlənib və gecələr ağrıdan yata bilmir. Ölkədə səhiyyə pulsuz olduğu şəraitdə onun pulsuz müalicə almaq hüququ təmin edilmir. Bu barədə, Ombudsman aparatına dəfələrlə müraciət etsə də, dolandırıcı cavablar alaraq, rədd edilmişdir. Son ümidi məhkəmədir ki, burada da, hüquqlarını bərpa edə bilməsə, ölkə vətəndaşlığından imtina üçün xarici ölkələrin səfirliklərinə müraciət edəcəkdir. Dəfələrlə 9 saylı Şəhər Poliklinikasının baş həkimi Lalə Hacızadəyə müraciət etsə də, daim kobudluq, hörmətsizlik, şər yaxma ilə üzləşmişdir. Buna sübut olaraq, Ombudsman aparatından daxıl olan məktubla əlaqədar şöbə müdiri Təranə xanım vasitəsi ilə ona zəng etdirib, poliklinikada təcili olmasını bildirib. Bütün işlərini yarımçıq qoyub gedib görüşmüşdür. Heç bir nəticə olmaması bir yana Ombudsman Aparatı 9 saylı Şəhər Polikilinikanın baş həkimi Lalə Hacızadəyə istinad edərək, yazır: "9 saylı Şəhər Poliklinikasının baş həkimi köməklik etmək istəsə də, qəbul zamanı kobudluq edib baş həkimi təhqir etmisiz", buna görə də, sizə tibbi yardım göstərilməyib”. Əlbəttə ki, o, orada baş həkimlə tək olmamışdır və orada onlardan başqa daha 2 həkim olub, belə hallar olsaydı azından onu çoxdan polisə şikayət etmişdilər. Əgər ki, etmədiyi hərəkətə görə onu şərləyib Ombudsmana belə cavab göndərirsə, edəcəyi hərəkətə görə onun daha ciddi cəzalanmasını tələb edərdi. Ümumiyyətlə Poliklinikada onların ailəsinə qarşı terror həyata keçirirlər. Onlara imkan vermirlər ki, dövlətin qanunla pulsuz səhiyyəsindən istifadə etsinlər. Ölkədə səhiyyə pulsuz olsa da, Poliklinikada UZİ-5 manat minimum, rentgen 5 manat minimum, pulsuz göndəriş yoxdur. Lalə Hacızadə hər bir xidməti öz nəzarətinə alıb. Onun icazəsi olmadan pulsuz xidmət almaq olmur. Sonuncu dəfə Lalə Hacızadənin xüsusi icazəsi ilə rentgendən pulsuz keçmişdir. İnsanlara xoş münasibət yoxdur, həkimlərə veriləsi pul olmadığından neçə insan həkimlər tərəfindən açıq təhqir edilir. Şəxsən onun dişinə plomb qoyduqdan sonra həkim 30 manat pul istəmişdir, həkimə aşağı tonda, səhiyyə xidmətlərinin dövlət müəssisəsində pulsuz olduğunu bildirmiş, lakin, həkim qışqırmağa başlamışdır. Pulu ödəməyə razılıq vermiş, amma bildirmişdir ki, çek təqdim edilsin. Bu hallarla razılaşmayıb, təhqir və nalayıq ifadələrə keçmişdir. Hansı ki, dövlət büdcəsindən maliyyələşmə sırasında səhiyyə xərcləri ilk sıralarda yer alır. Həkimlər əhalinin sağlamlığı ilə məşğul olmaq əvəzinə vaxtlarını kabinetlərdə söhbət etmək və pul verən vətəndaşa normal xidmət göstərməklə keçirirlər.Bu bir başa korrupsiya və diskriminasiya halıdır. Bütün bu neqativ hallarla əlaqədar dəfələrlə səhiyyə nazirliyinin qaynar xətti olan 9103 şikayət etsələr də, heç bir dəyişiklik olmayıb. Həkim-endokrinoloq İİ qrup şəkər xəstəsi olan anasının dərmanlarını verməkdən imtina edir, onu poliklinikadan qovur və poliklinikanı ata mülki bilir. Bu qədər qanunsuzluqlar fonunda həkim bacarıqsızlığı, işi bacarmamaq, insanlar üzərində öyrənmə metodu tətbiq edən diş həkimi aləti sındırıb kanalda qoyub və dişi kista verib. Poliklinikada lazımi avadanlıq yoxdur və onu digər tibb müəssisəsinə müalicə almağa göndəriş də, vermirlər. Bu barədə dəfələrlə poliklinikanın diş həkiminə və baş həkimə müraciət etmişdir ki, ona göndəriş verilsin, lazımi yerdə dişinin müalicəsi ilə məşğul olsun, amma artıq üçüncü ildir ki, ona göndəriş vermirlər. Qarşı tərəf ölkədə İcbari Tibbi Sığortanın tətbiqini əsas gətirir və bu zərfə dişin müalicəsinin daxil olmadığını bildirir. X15 Sığortanın tətbiqi 2021-ci ilin aprel ayından bütün ölkə üzrə tətbiq edilməyə başlamışdır. O, isə 2018-ci ildən bu müəssisəyə müraciət edir. İddia tələbinin hüquqi əsası kimi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 34 və 58-ci maddələrinə istinad edilmişdir. Cavabdeh 9 saylı Şəhər Poliklinikası tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. İlk növbədə iddiaçı tələbinin əsaslandırdığı hallara sübutu kimi heç bir sənəd və ya sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi halların heç bir hüquqi əsası yoxdur. O, yalnız özünün irəli sürdüyü fərziyələr əsasında ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Belə ki, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminat verir və bu təminatla bağlı hər bir hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır. Hər bir tibb işçisi öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunauyğun olaraq məsuliyyət daşıyırlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmır və böhtan xarakteri daşıyır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmə tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər-hansı başqa hüquqlarıın müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmn hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünün büruzə verə bilər. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsnini xahiş etmişlər. Cavabdeh “Tibb Ərazi Bölmələri İdarətetmə Birliyi” X17 tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının qeyd etdiyi tələbləri ilə razı deyillər və aşağıdakı əsaslara görə iddianın mümkünsüz olduğunu qeyd edirlər. İddia ərizəsində göstərilmiş hallar işin faktiki hallarını özündə əks etdirmir. İddiaçı dişinə plomb qoydurmaq üçün Poliklinikaya müraciət etdiyini, həkim laqeydliyinin nəticəsində diş alətinin sınaraq kanalda qaldığını və dişində şişin əmələ gəldiyini bildirmişdir. İşin faktiki halları isə tamamilə fərqlidir. Belə ki, İddiaçı Poliklinikaya dişində şiş yaranmış vəziyyətdə müraciət etmiş, stomatoloq Poliklinikada xüsusi avadanlıq olmadığından köməklik göstərə bilməyəcəyini bildirmişdir (həkimin izahatı qoşmaya əlavə edilmişdir). Digər tərəfdən, iddiaçı Poliklinikadan qovulduğunu, həkim-endokrinoloq tərəfindən şəkərli diabet xəstəsi olan anasına dərman verilməsindən imtina edildiyinə dair iddialar da, irəli sürmüşdür. Vəsatətə əlavə edilmiş sənədlərdən göründüyü kimi, hər ay iddiaçının anasına şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərman vasitələrinin verilməsi Poliklinika tərəfindən təmin edilmişdir. Yuxarıda qeyd olunanlar, iddiaçının irəli sürdüyü arqumentlərin bir daha həqiqətə uyğun olmadığını göstərir. İddiaçı iddia tələbini əsaslandırarkən, yalnız şəxsi mülahizələrdən çıxış etmiş, pulsuz tibbi yardım almaq hüququnun pozulduğunu iddia etmişdir. Nəzərə çatdırırlar ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Məlumdur ki, 2021-ci ilin aprel ayından bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi təmin olunmuşdur. Hər bir vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. Vətəndaşlar ailə həkimini seçib tibb müəssisəsi üzrə qeydiyyata alındıqdan sonra icbari tibbi sığorta çərçivəsində xidmətlərdən faydalana bilərlər. Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, səhhətdə yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət olunmalıdır. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və s. kimi 950 sayda cərrahi əməliyyat daxildir. Nəzərə çatdırırlar ki, vətəndaşın xəstəlik və ona qoyulan diaqnoz Xidmətlər zərfində nəzərdə tutulduğu halda müvafiq tibbi xidmətdən icbari tibbi sığorta hesabına yararlana bilər. Bir sıra xidmətlər var ki, bunlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təminata alınmır. Bura poliklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir. Beləliklə, stomotoloji xidmətlər Xidmətlər Zərfinə daxil olmadığından həmin xidmətlərlə bağlı yaranan xərclər icbari tibbi sığorta hesabına qarşılana bilməz. Hazırkı məsələ üzrə Poliklinika qanunvericiliyə uyğun olaraq göndəriş vermək səlahiyyətinə malik deyildir. Eyni zamanda, qeyd etməlidir ki, göndərişlərin verilməsinin qayda və şərtləri X6 25 dekabr 2020-ci il tarixli, 29 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydası ilə tənzimlənir. Həmin Qaydanın 1.1-ci bəndində təsbit edilmişdir ki, bu Qayda sığortaolunanların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi’’ ilə əhatə olunan tibbi xidmətlərlə təmin edilməsi məqsədilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə göndərişlərin verilməsi qaydasını tənzimləyir. İddiaçının tələb etdiyi xidmət Xidmətlər Zərfinə daxil olmadığından Poliklinika tərəfindən hər-hansı müəssisəyə göndərişin verilməsi qanunun tələblərinə uyğun deyildir. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehlərin laqeydliyi səbəbindən vəziyyətinin ağırlaşdığını, təsərrüfat hesablı tibb müəssisəsində müalicəsinin təmin edilməli və 40,000 AZN məbləğində pul vəsaitinin ona verilməli olduğunu xüsusilə qeyd etmiş, lakin ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Diqqətə çatdırmaq istəyirlər ki, bəhs olunan məsələ üzrə cavabdehlərin təqsiri üzündən dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu heç bir sənədlə təsdiq olunmur. Belə ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (386.1 -ci maddə). Həmin Məcəllə ilə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışı və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsasları nəzərdə tutulur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Digər tərəfdən, iddia tələbinin “mənəvi ziyanla” bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən yol verilmiş hərəkətlərlə dəymiş ziyanın onda nə kimi mənəvi iztirablar yaratdığını və stress keçirməsi faktını təsdiq edən heç bir sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından görünür ki, mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarından görünür ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən normalardan görünür ki, zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Lakin iddiaçı ona 15,000 AZN məbləğində dəymiş maddi və mənəvi ziyanın vurulduğunu iddia etsə də, bunu təsdiqləyən hər hansı sübut təqdim edə bilməmiş, tələb olunan məbləğin cavabdehlər tərəfindən ödənilməli olduğunu əsaslandırmaq üçün sadəcə şəxsi mülahizələrə istinad etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, hal-hazırda N.Mehdiyevin cavabdehlərə qarşı sözügedən iddia tələbi ilə çıxış etməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçını TƏBİB-ə qarşı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. 20 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.6-cı maddəsinə istinadən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən X16 təsisçisinin səlahiyyətlərini (işçilərin əmək haqlarının (o cümlədən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi istisna olmaqla) TƏBİB həyata keçirir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə (vəsatətə) uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh 9 saylı Şəhər Poliklinikasının nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X11 nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10700/2021 saylı, 30.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbi digər cavabdehlər Bakı Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Tibb Ərazi Bölmələri İdarətetmə Birliyi” X14 münasibətdə mümkün sayılmamışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən İcbati Tibbi Sığorta üzrə X9 Heyətinin sədrinə ünvanlanmış 27.07.2021-ci il tarixli ərizədən görünür ki, o, müraciətində bildirmişdir ki, 2019-cu ildən 9 saylı Şəhər Poliklinikasına dişin müalicəsi ilə əlaqədar müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Dəfələrlə TƏBİB-ə, TƏBİB-in sığorta departamentində Nərgiz xanım və Sevinc Quliyeva tərəfindən kobud münasibətlə qəbul olunmuşdur. Nərgiz xanım onu, Respublika Klinik Xəstəxanasına başdan rəddedici şifahi göstərişlə göndərmişdir. Orada isə müalicə mümkün olmadığı bildirilmişdir. 2019-cu ildən bugünə kimi o, yalnız bürokratik əngəllərlə üzləşir. “İstehslakçıların Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini rəhbər turaraq, müalicə və müayinə məsələləri həll edilmədiyi üçün, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyana görə, ondan 500000 manat təzminat tələb edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 23.06.2021-ci il tarixli, 2-59/71-72 nömrəli, 21.05.2021-ci il tarixli, 6-5/H-6109 nömrəli məktublardan görünür ki, İddiaçı müraciətləri baxılması üçün aidiyyəti üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmişdir. İşdə olan 9 saylı Şəhər Poliklinikası tərəfindən “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X14 ünvanlanmış 318 nömrəli, 17.11.2021-ci il tarixli məktubdan görünür ki, 11.11.2021-ci il tarixli TƏBİB-in elektron poçtu ilə gələn sorğusuna cavab olaraq məlumat verilmişdir ki, İddiaçı poliklinikadan kənar başqa stomatoloqda müalicə zamanı kanalda qalmış alətin çıxarılması üçün poliklinikanın stomatoloqu X1 müraciət etmişdir. Poliklinikada alətin çıxarılması üçün avadanlıq olmadığından pasientin onu müalicə edən həkimə müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı həkim-stomatoloq M.Yaradanquliyevlə razılaşmayaraq onun ixtisaslaşdırılmış stomatoloji klinikaya göndərilməsini tələb etmişdir. M.Yaradanquliyev stomatoloji problemləri olan pasientlərin digər klinikaların stomatoloqlarına göndəriş verməsinə ixtiyarı olmadığını bildirmişdir. Məlumat üçün bildirmişlər ki, xəstəlik və ona qoyulan diaqnoz Xidmətlər Zərfində nəzərdə tutumadığı halda vətəndaş müvafiq tibbi xidmətdən İcbari Tibbi Sığorta hesabına yararlana bilər. Stomatoloji xidmətlər Xidmətlər Zərfinə daxil olmadığıdan göndərişin verilməsi qanunauyğun deyildir. Vətəndaş İddiaçı onlara dəfələrlə bununla əlaqədar müraciət etmiş və onlar onu məlumatlandırmışlar. Eyni zamanda, İddiaçı anası X2 həkimendokrinoloqun yazdığı reseptlər əsasında imtiyazlı aptek tərəfindən dərmanların çıxarışını təqdim edirlər. İşdə olan 9 saylı Şəhər Poliklinikasının həkimi, stomatoloq Mahmud Yaradanquliev tərəfindən 9 saylı Şəhər Poliklinikasının baş həkimi L.Hacızdəyə ünvanlanmış 14.06.2021-ci il tarixli izahatdan görünür ki, xəstə İddiaçı ona müraciət edərək bildirmişdir ki, o, dişini başqa Poliklinikada müalicə edərkən həkim aləti sındırıb dişinin kanalında qoymuşdu, onu çıxartmaq lazımdır. Kanalda qalmış aləti çıxartmaq üçün onda tibbi avadanlıq yoxdur. Məsləhət görmüşdür ki, həmin dişi müalicə edən həkimə müraciət etsin. Onun onu başqa Poliklinikaya, stomatoloqa göndərməyə, yəni, göndəriş verməyə ixtiyarı yoxdur. İşdə olan İddiaçı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanmış müraciətinə cavab olaraq verilmiş 2/20896-21 nömrəli, 01.09.2021-ci il tarixli məktubdan görünür ki, müayinə və müalicəsi ilə bağlı 9 saylı Şəhər Poliklinikasına müraciətlərinin nəticəsiz qalması, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qaynar xətti”nin operatorları tərəfindən kobud rəftara məruz qalması haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsana) ünvanladığı şikayət ərizəsi ilə əlaqədar tərəflərindən həmin Nazirliyə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə sorğular göndərilmiş, verilmiş cavabda bildirilmişdir ki, o, öz şəxsi həkim-stomatoloqu tərəfindən aparılan müalicə zamanı yaranmış texniki problemlərin aradan qaldırılması şikayəti və eyni zamanda optopedik restorvasiyanın yerinə yetirilməsi ilə bağlı 9 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Qeyd edilən xidmətlərin poliklinika şəraitində həyata keçirilmədiyi ona izah edildiyi təqdirdə, İcbari Tibbi Sığorta hesabına özəl stomatoloji poliklinikalarından birinə göndəriş verilməsi tələbini irəli sürmüşdür. Bununla bağlı nəzərə çatdırılmışdır ki, 2021-ci ilin aprel ayından etibarən Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi” çərçvəsində tibbi göstəriş olan xidmətlərdən istifadə edə bilərlər. Lakin, stomatoloji xidmət qeyd edilən Zərfdə nəzərdə tutulmamışdır. Qaldırdığı məsələ ilə bağlı Bakı şəhər Baş Səhiyyə İdarəsinin məsləhətçisi tərəfindən dəfələrlə qəbul edilmiş və daxil olmuş məktubuna yazılı cavab verilmişdir. Cavablarda, həmçinin qeyd edilmişdir ki, “Qaynar xətt” əlaqə mərkəzinin elektron sistemində müraciəti qeydə alınmış, lakin, sistem açılmadığından araşdırılması mümkün olmamışdır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəhbərliyi tərəfindən mərkəzin tibbi personalına vətəndaşlarla etik-davranış qaydalarına riayət edilməsi barədə ciddi tapşırıq verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 9 saylı Şəhər Poliklinikasından kənar başqa stomatoloqda müalicə zamanı diş kanalında qalmış alətin çıxarılması üçün 9 saylı Şəhər Poliklinikasının həkim-stomatoloqu X1 müraciət etmişdir. Poliklinikada alətin çıxarılması avadanlıq olmadığından İddiaçı onu müalicə edən həkimə müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı həkim M.Yaradanquliyevlə razılaşmayaraq, onun ixtisaslaşdırılmış stomatoloji klinikaya göndərilməsini tələb etmişdir. M.Yaradanquliyev tərəfindən stomatoloji problemləri olan pasientlərin digər klinikalaraın stomatoloqlarına göndəriş verməsinə ixtiyarı olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən 9 saylı Şəhər Poliklinikasının rəhbərliyinə və aidiyyəti üzrə üst qurumlara müraicətlər edilmiş, iddiaçının müraciətləri cavablandırılaraq bildirilmişdir ki, xəstəlik və ona qoyulan diaqnoz Xidmətlər Zərfində nəzərdə tutulduğu halda vətəndaş müvafiq tibbi xidmətdən İcbari Tibbi Sığorta hesabına yararlana bilər. Stomatoloji xidmətlər Xidmətlər zərfinə daxil olmadığından göndərişin verilməsi qanunauyğun deyildir. Bundan sonra iddiaçı tərəfindən hazırki tələblə məhkəmə müraciət edərək, kistanın damaq nahiyyəsindən çıxarılması üçün pulsuz müalicə hüququnun bərpa edilməsi barədə tələb irəli sürmüş, öz tələbini “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 34-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəalarına əsasən Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır: əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi; sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi; səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi; dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi; ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi; icbari tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi; əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi; dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi; ailənin, valideynlərin və uşaqların mühafizəsi; səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi; tibb müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir.Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Uşaqların icbari dispanserizasiyası tədbirləri “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərilir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Həmin Qanunun 17, 17-1, 18, 19, 20, 21, 22, 22-1 və 23-cü maddələrində dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla müvafiq olaraq dövlət və ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibbi-sosial yardımla təmin olunma hüquqları olan şəxslərin dairəsi göstərilmişdir. 17-ci maddə (Əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquqları) - hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunur. 17-1-ci maddə (Əhalinin sağlamlığının qorunması sahəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqları) məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunurlar. 18-ci maddə (Əhalinin sağlamlığının qorunması sahəsində yetkinlik yaşına çatmayanların hüquqları Yetkinlik yaşına çatmayanların: Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq; sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq; peşə yararlığı müəyyənləşdirilərkən dövlət büdcəsinin vəsaiti hesabına tibbi məsləhətlər almaq; büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır. Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial xidmət müəssisələrində saxlanıla bilərlər. 19-cu maddə (Əhalinin sağlamlığının qorunması sahəsində hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hüquqları) Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olmaq hüququ vardır. Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və onların tibbi təminatı qanunvericiliklə müəyyən edilir. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər. 20-ci maddə (Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hüquqları) pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial xidmət müəssisələrində tibbi-sosial yardımla müvafiq olaraq dövlət və ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya məcburi dövlət sosial sığorta vəsaiti hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları vardır. 21-ci maddə (Əlilliyi olan şəxslərin tibbi yardımla təminatı) əlilliyi olan şəxslərin tibbi yardımla təminatı bu Qanun və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 22-ci maddə (Fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların sağlamlığının qorunması sahəsində hüquqları) – Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları vardır. Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların dövlət büdcəsi vəsaiti hesabına müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüquqları vardır. 22-1-ci maddə (Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin tibbi təminatı) - Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərə tibbi xidmət göstərilməsi qaydası və onlara bu sahədə verilən güzəştlər qanunvericiliklə müəyyən edilir. 23-cü maddə tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaçəkmə müəssisələrində məhkumların tibbi yardım almaq hüququ tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların büdcə vəsaitləri hesabına ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq hüququ vardır. Bu kateqoriyadan olan qadınların hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım almaq hüququ vardır. Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb edilməsi qadağandır.Tutulmuş, həbs edilmiş vətəndaşlara, cəzaların çəkilməsi zamanı məhkumlara tibbi yardımın göstərilməsi qaydaları qanunvericilikdə müəyyən edilir. Cəzaçəkmə müəssisələrində məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. Həmin Qanunun 34-cü maddəsində (ixtisaslaşdırılmış tibbi yardım) qeyd edilmişdir ki, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcbari Tibbi Sığorta üzrə X9 heyətinin 25 dekabr 2020-ci il tarixli, 29 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq haızrlanmışdır və sığortaolunanların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” (bundan sonra – xidmətlər zərfi) ilə əhatə olunan tibbi xidmətlərlə təmin edilməsi məqsədi ilə Cavabdeh3n (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisilərinə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibb xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin (bundan sonra – göndəriş vərəqəsi) verilməsi şərtlərini müəyyən edir. Beləliklə yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla müvafiq olaraq dövlət və ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibbi-sosial yardımla təmin olunma hüquqları olan şəxslərin dairəsi göstərilmiş, lakin, məhkəmə araşdırması zamanı iddiaçının sözügedən şəxslər dairəsinə aid olması öz təsdiqini tapmamışdır. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının tələb etdiyi stomatoloji xidmət (kistanın damaq nayihəsindən çıxarılması) tibbi-sosial yardımla təmin olunan müayinə və müalicə, həmçinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” ilə əhatə olunan Xidmətlər Zərfinə daxil olan xidmət olmadığından iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar