Məhkəmə qərarları › İş №2-1(112)-1082/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1082/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1082/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, “Usta” məharət dərəcəsinin bərpa olunması və pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının 2013-cü ildə keçirilmiş məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların nəticələrinin 9 il keçdikdən sonra mübahisələndirdiyini, habelə malik olduğu “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddətinin bitməsi səbəbindən məhv edilməsini əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 noyabr 2013-cü il tarixli əmrinin ləğv edilməsi və təqaüdə çıxdığı 3 mart 2016-cı il tarixdən hal-hazıradək ona təyin edilmiş pensiyasına hesablanmış əlavələrin “Usta” məharət dərəcəsinə uyğun aylıq vəzifə maaşının 35 faizi miqdarında yenidən hesablanması və 10 faiz həcmində əlavənin pul fərqi hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin tərtib edilməklə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-1987-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil aldıqdan sonra Sovet Ordusu və Azərbaycan Respublikası Silahlı Qüvvələrində peşəkar zabit kimi ümumilikdə 31 təqvim ili müxtəlif vəzifələrdə qüsursuz xidmət etmişdir. Xidmət etdiyi müddətdə Müdafiə nazirinin 25 dekabr 2012-ci il tarixli əmrinə əsasən ona “Usta” məharət dərəcəsi verilmişdir. Bundan sonra öz arzusu əsasında Müdafiə nazirinin 3 mart 2016-cı il tarixli 0184 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi vəzifəsindən “polkovnik” rütbəsi ilə Azərbaycan Respublikası Ordu Sıralarından tərxis olunaraq təqaüdə çıxmış və həmin tarixdən halhazıradək təqaüdçüdür. Ona məlum olmuşdur ki, təyin edilən pensiyaya məharət dərəcəsinə görə hesablanmış əlavə “Usta” məharət dərəcəsi üçün nəzərdə tutulan faiz məbləğində deyil, (yəni aylıq vəzifə maaşının 35%) həmin maaşın 25%-i miqdarında hesablanaraq pensiyasına əlavə olunmuşdur. Bu vaxtadək onun pensiyasına hesablanmış əlavənin “Usta” məharət dərəcəsinə uyğun aparıldığını zənn edərək, onun hesablanmasının düzgün aparılıb-aparılmadığını bilməmişdir. Eləcə də ona bəlli olmuşdur ki, onun pensiyasına hesablanmış əlavə aylıq vəzifə maaşının 25%-i miqdarında, yəni “Birinci” məharət dərəcəsinə uyğun hesablanmışdır. Məsələnin araşdırılması və ona “Birinci” məharət dərəcəsinə görə pensiya məbləğinə edilmiş əlavələrin verilməsinə əsas olmuş əmrin ləğvi və pensiyasına əlavənin “Usta” məharət dərəcəsinə uyğun yenidən hesablanması ilə bağlı rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11/1187 №-li cavab məktubunda göstərilmişdir ki, “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlər, sənədlərin saxlama müddəti bitdiyindən məhv edilmişdir. Bu səbəbdən də müraciət üzrə tələbinin təmin olunması mümkün hesab olunmamış və bununla bağlı məhkəməyə şikayət etmək hüququ ona izah edilmişdir. Ona “Birinci” məharət dərəcəsinin verilməsi barədə 15 noyabr 2013-cü il tarixli əmrini qanunsuz və əsassız hesab edir. Belə ki, Müdafiə Nazirliyi tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11/1187 №-li cavab məktubundan da göründüyü kimi Baş Qərargah rəisinin 20 noyabr 2013-cü il tarixli 327 nömrəli əmri ilə 20 noyabr 2013-cü il tarixdən 19 dekabr 2013-cü il tarixədək məzuniyyətdə olmuş və məzuniyyətdə olduğu müddət ərzində Azərbaycan Respublikası Müdafiə nazirinin 14 dekabr 2013-cü il tarixli əmrinə əsasən vəzifəsindən azad edilərək Müdafiə nazirinin sərəncamına keçirilmişdir. Həmçinin cavab məktubunda o da göstərilmişdir ki, 2013-cü il dekabr ayının 9-dan 13-dək sınaq imtahanları keçirilmiş və həmin sınaq imtahanlarının nəticəsinə əsasən ona "Birinci" məharət dərəcəsi verilmişdir. Halbuki cavabdeh orqanın özü cavab məktubunda rəsmi etiraf edir ki, həmin müddət ərzində o, məzuniyyətdə olmuş, eləcə də əmr verilən tarixdə Müdafiə Nazirliyinin sərəncamında olmaqla xidmətdə olmamışdır. Bütün qeyd edilənlər isə ziddiyyətli olmaqla onun bu şəraitdə (məzuniyyətdə və sərəncamda olduğu şəraitdə) sınaq imtahanlarında iştirakının mümkün olmasını birmənalı olaraq istisna edir. Digər tərəfdən Müdafiə Nazirliyinin 15 noyabr 2013-cü il tarixli əmri ona elan edilməmiş və ya qanunda nəzərdə tutulmuş qaydada rəsmi şəkildə ona təqdim olunmamışdır. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı 1983-cü il tarixdə Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil olaraq 1987-ci il tarixdə leytenant hərbi rütbəsi ilə xidmətə başlamışdır. Xidmət dövründə iddiaçıya Müdafiə nazirinin 25 dekabr 2012-ci il tarixli müvafiq əmrinə əsasən “Usta” məharət dərəcəsi verilmişdir. X4 müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 noyabr 2013-cü il tarixli 327 nömrəli əmri ilə 19 dekabr 2013-cü il tarixədək İddiaçı məzuniyyətə buraxılmışdır. 14 dekabr 2013-cü il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən iddiaçı tutduğu vəzifədən azad edilərək Müdafiə nazirinin sərəncamına verilmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) məqsədilə 2013-cü ilin dekabr ayının 9-dan 13-dək keçirilən sınaq imtahanlarının nəticəsinə görə iddiaçıya “Birinci” məharət dərəcəsi verilmişdir. Müdafiə nazirinin 3 mart 2016-cı il tarixli 0184 nömrəli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq, öz arzusu ilə tərxis olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnal”ında imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin iddiaçı bunu etməmiş və 9 (doqquz) il keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş Silahlı Qüvvələrin Baş Qərargah X2 Müavinin 29 oktyabr 2013-cü il tarixli 021 №-li Əmrindən Arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin aparatında vəzifəli şəxslər tərəfindən əmr və sərəncamların icrasının pozulması və təqsirkar şəxslərin cəzalandırılması haqqında öz vəzifə səlahiyyətlərini aşdığına görə İşlər İdarəsinin rəisi polkovnik İddiaçı “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ehtiyatda olan İddiaçı barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 21 dekabr 2013-cü il tarixli 053 №-li əmrinə əsas olumuş sənədlər və hərbi qulluqçuların əmrlə tanış olunması barədə qeydiyyat sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır; Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında” 053 №-li, 21 dekabr 2013-cü il tarixli əmrindən arxiv çıxarışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2013-cü il tarixli 0100 №-li əmrinə əsasən, məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) məqsədilə, 2013-cü il dekabrın 09-dan 13-dək yardımçı komissiyalar tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq sınaqlar keçirilmişdir. Sınaqların nəticələrinə və hərbi qulluqçuların faktiki ixtisas səviyyələrinə görə, ixtisas komissiyalarının təsdiq olunmuş aktlarına əsasən hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) məqsədi ilə motoatıcı və tank ixtisasları üzrə Müdafiə naziri müavinin sərəncamında polkovnik İddiaçın Birinci məharət dərəcəsi (kateqoriyası) verilmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə alınan məbləğlərlə bağlıdır ki, iddiaçıya da təminat xərcliyi əsaslı olaraq ehtiyata buraxıldığı gün aldığı məbləğlərə əsasən hesablanmışdır. İddiaçının hazırkı tələbi “usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin tərtib edilməklə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ilə bağlıdır. Lakin, iş materiallarında olan Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında” 053 №-li, 21 dekabr 2013-cü il tarixli əmri ilə iddiaçıya “birinci” məharət dərəcəsi (kateqoriyası) verilmişdir. İddiaçıya da “birinci” məharət dərəcəsinə uyğun olaraq məlumat vərəqəsinin tərtib edilməsi işin mübahisəsiz hallarındandır. Göründüyü kimi, iddiaçının məharət dərəcəsinin aşağı salınması barədə yuxarıda qeyd olunan əmr qüvvədə olduğundan (iddiaçı tərəfindən mübahisələndirilməmişdir), həmin əmrin qanuniliyi hazırkı inzibati işin baxış predmeti olmadığından, cavabdeh inzibati orqan tərəfindən məlumat vərəqəsinin “birinci” məharət dərəcəsinə uyğun olaraq tərtib edilməsi və hazırda “usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin tərtib edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar