Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10848/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənayə Universiteti nəzdində Bakı Neft-Energetika Kolleci üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə pul məbləğinin ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabadeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəfindən ödənilmiş 2200 (iki min iki yüz) manat məblğində nağd pulun cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10848/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi (hazırda Elm və Təhsil Nazirliyi) və Azərbaycan Dövlət Neft və Sənayə Universiteti nəzdində Bakı Neft-Energetika Kolleci üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlat Neft və Sənayə Universiteti nəzdində Bakı Neft-Energetika Kollecinin “ətraf mühitin qorunması və təbii ehtiyatlarından səmərəli istifadə” ixtisasına daxil olaraq qiyabi tahsil almağa başlamışdır. xx.xx.2019-cu il tarixində isə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft-Energetika Kollecini bitirmişdir. Buna dair ona diplom da təqdim edilmişdir. Təhsil almaq hüququnun yarandığı vaxt, yəni 2015-ci ildə təhsil haqqından azad olunmağına dair sənədi təhsil müəssisəsinə təqdim etsə də, təhsil haqqından azad olmadığı ona bildirilmişdir. Belə ki, atası X3 1-ci qrup əlildir və qanunla müəyyən olunduğu qaydada əlillik vəsiqəsi də verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zaman əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqadar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qeyd olunan Sərəncamdan da aydın olduğu kimi onun atası Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda 1-ci qrup əlil olduğundan o, təhsil haqqından azad olunmalı, tərəfindən hər hansı bir ödəniş edilməməli idi. Lakin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən qanunun tələbinə əməl olunmayaraq ondan hər il üzrə 550 (beş yüz əlli) manat məbləğində, ümumilikdə 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaitinin, təhsil haqqının alınması qanunla yolverilməzdir. Odur ki, tərəfindən ödənilmiş pul vəsaitinin qaytarılması üçün cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etsə də cavabdeh tərəf müraciətə baxılması üçün sənədi Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Beləliklə, cavabdeh tərəfindən ona ödənilməli olan 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaitinin ödənilməsindən imtina olunmuşdur. Belə olan halda qanunla müəyyən olunmuş hüquqlarının bərpası, pozulmuş hüquqlarının realizə edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, ödənilmiş 2200 (iki min iki yüz) manat məbləğində nəğd pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən onun xeyrinə ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasını qanunauyğun hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X4 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, iddiaçının qaldırdığı məsələ onunla təhsilverən müəssisə arasında olan müqavilə üzrə tənzimlənməlidir. İddiaçı statusuna uyğun olaraq buna təsdiq edən sənədlərlə birlikdə təhsil aldığı müəssisəyə müraciət etməli idi. Ödənilmiş təhsil haqqının geri qaytarılması mümkün hesab edilmir. Bununla bağlı analoji məhkəmə qərarları da mövcuddur. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və digər üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və digər üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA 127802 nömrəli diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 24 iyun 2019-cu il tarixli qərarı ilə İddiaçı “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəki istifadə” ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. - Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində 551 manat, xx.xx.2016-cı il tarixində 301 manat, xx.xx.2017-ci il tarixində 251 manat, xx.xx.2017-ci il tarixində 301 manat, xx.xx.2018-ci il tarixində 251 manat, xx.xx.2018-cı il tarixində 251 manat, xx.xx.2019-cu il tarixində 301 manat təhsil haqqı müvafiq hesaba ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının 17.10.206-cı il tarixli çıxarışından görünür ki, X2 xx.xx.2016-cı il tarixdən səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”, “Baş beyinin travmatik xəstəliyi, şəxsiyyətin dəyişməsi və dərin ağıl zəifliyi” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 117 nömrəli, xx.xx.2021-ci il tarixli, 134 nömrəli, xx.xx.2022-ci il tarixli, 75 nömrəli məktublardan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 12/t saylı əmrlə tam orta təhsil bazasından ödənişli əsaslarla olmaqla Bakı Neft-Energetika Kollecinin 040580 “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisasının qiyabi şöbəsinə qəbul olunmuşdur. xx.xx.2019cu il tarixində ADNSU-nin nəzdində Bakı Neft-Energetika Kollecini bitirmişdir. Qəbul ilinin İ kursundan kolleci bitirənədək təhsil haqqını tam ödəmişdir. İddiaçı valideyninin İ dərəcə əlil olması barədə kollecə heç bir sənəd təqdim etməmişdir. Əlavə olaraq nəzərinə çatdırır ki, təhsilalan təhsil haqqı ödəməkdən azad olunarkən qeyd olunan vəsait təhsil müəssisəsinə dövlət büdcəsindən ayrılır. Qeyd olunanları nəzərə alaraq məsələ ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə müraciət etmiş, məhkəmə 2(008)-980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə ilə hesab etmişdir ki, iddiaçı ödədiyi təhsil haqqını təhsil müəssisəsindən istəməli deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia cavan verməli olan cavabdehlərə yönəldilmədiyindən rədd edilməlidir. - Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-980/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dövlət Neft və Sənaye Universitetinə və onun nəzdində Bakı Neft-Energetika Kollecinə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, U-59977/10-24 nömrəli məktubdan görünür ki, onun təhsil haqqının geri qaytarılması ilə bağlı 10 may 2021-ciil tarixli, U-5977 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyində baxılmışdır. Bildirilir ki, ərizəsində qaldırdığı məsələ ilə bağlı ona Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən 75 nömrəli, 19 may 2022-ci il tarixli məktub göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zaman əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqadar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli, 347 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 12/t saylı əmrlə tam orta təhsil bazasından ödənişli əsaslarla olmaqla Bakı Neft-Energetika Kollecinin 040580 “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisasının qiyabi şöbəsinə qəbul olunmuş və 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019-cu tədris illəri üzrə aralarında bağlanmış müqaviləyə əsasən Kollecin hesabına pul ödəmişdir. İddiaçının atası X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlildir. Hazırda İddiaçı tədris illərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə ödədiyi 2200 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına ona cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 iyul tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ixtisasdan asılı olaraq təhsil haqqının məbləği mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilir və aşağıdakı qaydada ödənilir: - ödənişli əsaslarla təhsil alan tələbələr tərəfindən təhsil haqqı onların təhsil aldıqları müəssisələrin müvafiq xəzinə hesablarına banklar və onların filialları vasitəsilə köçürmə qaydasında ödənilir; - müvafiq ali və orta ixtisas təhsili müəssisəsinin mühasibatlığı tərəfindən təhsil haqqının ödənilməsi üçün tələbələrə onların adlarını, atalarının adlarını və soyadlarını, təhsil aldığı müəssisənin və fakültənin adlarını, qrupun nömrəsini, habelə ödəniş məbləğini göstərməklə hesab-faktura verilir; - təhsil haqqının ödənilməsi üçün tələbəyə verilən hesab-fakturaya təhsil müəssisəsinin rektoru (direktoru) və baş mühasibi imza etdikdən sonra hesabfaktura müəyyən olunmuş qaydada xüsusi olaraq açılmış kitabda qeydiyyata alınır və alınması üçün həmin kitabda imza etdikdən sonra tələbəyə təqdim edilir; - tələbə tərəfindən təhsil haqqının ödənilməsini təsdiq edən sənədin surəti məlumat üçün təhsil müəssisəsinin mühasibatlığına təqdim olunur. Göründüyü kimi iddiaçı mövcud qanunvericiliyə əsasən ödənişli əsaslarla təhsil alan tələbə kimi təhsil haqqını təhsil aldığı müəssisənin, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin müvafiq xəzinə hesabına ödəmişdir. Hazırda isə iddiaçı atasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlil olmasını əsas gətirərək, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin müvafiq xəzinə hesabına ödədiyi təhsil haqqının cavabdeh qismində göstərdiyi Maliyyə Nazirliyi tərəfindən ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci inzibati orqan kimi müəyyən olunmadığından, məhkəmə cavabdehin əsl cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci ilə əvəz edilməsi məsələsinin həll edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10848/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10848/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver