Məhkəmə qərarları › İş №2-1(112)-10856/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10856/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10856/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşağın adının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşağın adının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq Himayəçilik Komissiyasının 03 aprel 2023-cü il tarixli, 09/2023 saylı qərarının ləğv edilməsi; xx.xx.2022-ci il təvəllüdlü qızları X2 adına əvəzlənib X10 adına dəyişdirilməsi; xx.xx.2022-ci il təvəllüdlü qızları X2 adına tərtib edilmiş AZ-İV seriyalı 722758 nömrəli xx.xx.2022-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin ləğv edilməsi; xx.xx.2022-ci il təəvllüdlü qızları X4 adına “Doğum haqıqnda ilkin şəhadətnamə”nin verilməsi; yeni doğum haqqında şəhadətnamədə qızlarının “Nəsibə” adının əvəzinə “Nilay” adı yaızlması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03 aprel 2023-cü il tarixli, 09/2023 saylı qərarı yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 adına dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərar əsassız, ədalətsiz və Azərbaycan Respublikası Aiə Məcəlləsinin 53.4, 54.1-ci maddələrinin tələblərinə zididr. Övladlarının mənafeyinə uyğun gəlmir, hüquqlarını pozur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komisisyasının 03 aprel 2023-cü il tarixli 09/2023 saylı qərarının əsaslandırıcı hissəsi ilə, nəticə hissəsi ziddiyyət təşkil edir. Həmçinin məhkəmənin diqqətinə çatdırırlar ki, birgə nikahlarından 28 mart 2019-cu il tarixdə anadan olmuş oğlan övladlarının adının hər ikisinin razılığı ilə X11 qoymuşlar. Lakin, 10 mart 2022-ci il tarixdə anadan olmuş qızlarının adı anasının xəbəri və razılığı olmadan doğum haqqında şəhadətnaməsində yazdıranda səhvən X8 yazdırmışdır. Baxmayaraq ki, qızlarını anadan olanda bütün ailə üzvləri, qohumları, hamısı qızları Nilay deyə çağırırlar, qızlarını Nilay kimi tanıyırlar, ailədə heç kəs qızlarına Nəsibə adı ilə müraciət etmir. Məhz bu səbəbdən zaman-zaman əri ilə aralarında məişət zəminində söz-söhbət yaranır, mübahisəyə səbəb olur. Həmçinin Nəsibə adı oğul övladlarının adına da, uyğun gəlmir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, sərəncama əsasən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddiasına etiraz edirlər və işin həllini məhkəmənin mülahizəsinə buraxırlar.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. AZ-İİ seriyalı 268147 nömrəli “Nikah haqqında şəhadətnamə”yə əsasən İddiaçı2 ilə Həsən-zadə Fidan Təvəkkül qızı xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin aprel ayının 05 günündə, 821 nömrə ilə qeyd edilmişdir.

7. AZ-İV seriyalı 722758 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X8 xx.xx.2022-ci il tairxdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı2, ana qrafasında İddiaçı1 qeyd edilmişdir.

8. Məhkəmənin “xx.xx.2022-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydinin və həmin doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olmuş bütün sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə” sorğusuna əsasən 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-517- 2001/2023 nömrəli məktubla X2 doğum haqqında akt qeydinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Doğum haqqında akt qeydində məlumat verənin soyadı, adı və ata adı X5 qeyd edilmiş. Doğum qeydində iştirak edənlərin soyadı, adı, atasının adı və imzası bölməsəsində hər hansı bir qeyd aparılmamışdır.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 1 iyun 2023cü il tarixli 3-16-5/7-837/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydlarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləinin 44-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də, soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Binəqədi rayon İcra Hakimiyyətinin 09/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 adı dəyişdirilmədən saxlanılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə (Uşağın ad, ata adı və soyad daşımaq hüququ) əsasən: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

20. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıların birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X8 doğulmuşdur. Uşağın doğumunun qeydə alınması zamanı yalnız atası X9 ərizə ilə müraciət etmiş, uşağın anası İddiaçı1 razılıq ərizəsi nəzərə alınmamış, o, doğumun qeydə alınmasında iştirakı etməmişdir.

21. Hazırda iddiaçılar cavabdeh inzibati orqana müraciət edərək birgə razılıqları əsasında uşaqlarının adının “Nəsibə”-dən “Nilay”-a dəyişdirilməsi barədə müraciət etsələr də, cavabdeh tərəfindən onların müraciətlərinin təmin edilməsindən Binəqədi rayon İcra Hakimiyyətinin “yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 adının dəyişdirilmədən saxlanılması barədə” 09/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına istinad edilməklə imtina edilmişdir.

22. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıları qeyd edir:

23. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarında şikayətlə bağlı göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Konstitusiyada dövlət dilinin statusunun müəyyən edilməsi Azərbaycan dilinin konstitusion dəyərə malik olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərildiyi kimi, dövlət dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dövlət dilinin statusunun Konstitusiyada təsbiti həm də o deməkdir ki, qanunverici dilin ictimai həyatda istifadəsinə şərait yaratmağa və onu müdafiə vasitələri ilə təmin etməyə borcludur. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır, 13-cü maddəsində isə müəyyən olunur ki, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003cü il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 13.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla) nəzərdə tutulur. Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X6rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X1rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X3rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). “Uşaq hüququları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqularının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüququi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.

24. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək, işin yuxarıda qeyd edilən hallarını qanunvericiliyin sadalanan normalarına tətbiq etməklə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03 aprel 2023-cü il tarixli 09/2023 saylı qərarında qeyd olunan mövqe iddiaçıların övladının adını dəyişdirmək hüququnu məhdudulaşdırmaq və ya həmin hüquqdan onları məhrum etmək keyfiyyətinə malik deyildir. Həmin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı (qərarda ifadə olunan mövqeyi) yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından adın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki halda iddiaçıların hər ikisinin valideyn kimi övladlarının adlarının “Nilay”-a dəyişdirilməsi barədə razılıqları mövcuddur və övladlarının adının dəyişdirilərək “Nilay” şəklində yazılması uşağın cinsinə uyğun gəlməyən və ya gülünc ad kimi səslənmədiyindən, eyni zamanda iddiaçıların övladlarının həmin adı almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunmasına zidd olmadığından, uşağın ətrafının hazırda “Nilay” adı ilə tanımasını və bu ada öyrənməsi halını uşağın mənafeyi baxımından qiymətləndirərək hesab edir ki, iddiaçılarnın tələbi təmin olunmaqla, onların azyaşlı övladının adının “Nilay”-a dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

27. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

28. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 adının “Nilay”a dəyişdirilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar