Məhkəmə qərarları › İş №2-1(112)-10907/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10907/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10907/2023 24.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona 15 il 7 ay 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqısının 51,75 faizi məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla bağlı müraciət edərək iddiaçı ona orta aylıq əmək haqqısının 80 faizi miqdarında pensiya təyin edilməli olmasını tələb etsə də, müraciətin təminindən əsassız imtina edilmişdir. Cavabdeh nəzərə almamışdır ki, onun pensiya almaq hüququna dair münasibətlər 28 iyul 2012-ci il tarixdə yaranmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş normasının tətbiqi üçün əsas mövcud olsa da, cavabdeh həmin halı nəzərə almamışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, 01 may 2023-cü il tarixindən iddiaçının hakimlik stajına xitam verildiyindən onun hakim kimi pensiya hüququ 02 may 2023-cü il tarixdən yaranmışdır və bu səbəbdən pensiya məbləği hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsi əsasında hesablanmışdır. Tərəflər izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin məktubundan görünür ki, iddiaçıya 15 il 7 ay 3 gün sabiq hakim kimi iş stajına əsasən orta aylıq əmək haqqının “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 51,75 faizi məbləğində, yəni 4585,46 manat məbləğində pensiya məbləği müəyyən edilmişdir. 12 may 2023-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh qeyd etmişdir ki, 01 may 2023-cü il tarixindən iddiaçının hakimlik stajına xitam verildiyindən onun hakim kimi pensiya hüququ 02 may 2023-cü il tarixdən yaranmışdır və bu səbəbdən pensiya məbləği hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsi əsasında hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsini Arayışından görünür ki, 01 mart 2021-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək iddiaçının almış olduğu əmək haqqısı 166087,57 manat təşkil etmişdir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 28 iyul 2007-ci il tarixdən Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmış, daha sonra 06 avqust 2013-cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilmiş, 01 mart 2023-cü il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi son yaş həddinə çatması əsası ilə səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır. Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya 01 mart 2023-cü il tarixdə pensiya təyin edilmiş, onun əmək pensiyası dövlət məvacibi 8860 manat 80 qəpik olması nəzərə alınmaqla 51,75 faiz nisbətində hesablanmaqla 4585 manat 46 qəpik məbləğdə müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin arayışından görünür ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsində sədr vəzifəsində işlədiyi dövrdə 01 mart 2021-ci il-28 fevral 2023-cü il tarixlərdə həmin vəzifənin icrası ilə əlaqədar da əmək haqqı almışdır. Komitənin məhkəməyə təqdim edilmiş 20 iyul 2023-cü il tarixli məktubundan görünür ki, həmin əmək haqqından məcburi dövlət sosial sığorta haqqı və digər ödəmələr həyata keçirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. “Məhkəmələr və hakimlər haqqında” Qanunun iddiaçı hakim təyin edilən zaman qüvvədə olan 109-cu maddəsinin redaksiyası Maddə 109. Hakimlərin sosial müdafiəsi Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; (-). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; (-). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarı: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Bu Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, həmin qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə görə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla əlavə hesablanır. Qeyd edilməlidir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının hakim kimi əmək pensiyasının hesablanması ilə bağlı yuxarıda adıçəkilən Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədən olan redaksiyasının və ya hazırkı redaksiyasının tətbiq edilibedilməməsi ilə bağlıdır. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya tətbiq edilməklə onun əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməli olması qənaətindədir. Cavabdeh isə, qüvvədən düşmüş normalarının tətbiqinin istisna edilməklə, Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq adıçəkilən Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. İş materiallarından da müəyyən edildiyi kimi iddiaçı 28 iyul 2007-ci il tarixdən Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmış, daha sonra 06 avqust 2013cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilmiş, 01 mart 2023-cü il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi son yaş həddinə çatması əsası ilə səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır. Onun hakim kimi iş stajı 15 il 7 ay 3 gün təşkil etmişdir. İş üzrə materiallardan görünür ki, iddiaçıya 01 mart 2021-ci il -28 fevral 2023-cü il tarixlərdə Sumqayıt Apellyasiya Məhkəməsində işlədiyi dövrdə vəzifə maaşı, bir aylıq vəzifə maaşına görə əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məhkəmənin həmkarlar ittifaqı komitəsinin sədri kimi əmək haqqı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı ödənilmiş və sosial sığorta haqqları həmin məbləğlərdən tutulmuşdur. Yuxarıda adıçəkilən normanın xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir Odur ki, iddiaçı bir aylıq vəzifə maaşına görə əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məhkəmənin həmkarlar ittifaqı komitəsinin sədri kimi əmək haqqı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-48/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 saylı qərarında da analoji mövqedən çıxış edilmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı bir aylıq vəzifə maaşı həcmində aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məhkəmənin həmkarlar ittifaqı komitəsinin sədri kimi ona ödənilən əmək haqqı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, habelə həmin əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki (01 mart 2021-01 mart 2023-cü illər ərzindəki) əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar