Məhkəmə qərarları › İş №2-1(112)-10972/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10972/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10972/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ksenofontova (Ağabəyova) Medina Gennadiyevnanın (Vidadi qızı) Azərbaycan Respublikasının vətəndaşı kimi tanınması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23.09.2020-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, Ksenofontova (Ağabəyova) Medina Gennadiyevnanın (Vidadi qızı) barəsində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında qeydin ləğv edilməsi və Ksenofontova (Ağabəyova) Medina Gennadiyevnanın (Vidadi qızı) vətəndaşlıq əldə etmək hüququnu itirmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamədə onun adı X4 göstərilmişdir. Lakin, 2012-ci ildə o,soyadını və ata adını dəyişdirmişdir. 2020-ci ilin iyun ayında Rusiya Federasiyası Ədliyyə Nazirliyinin xətti ilə Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə məktubla vətəndaşlıq haqqında məlumatın alınması ilə bağlı müraciət edilmişdir. Həmin məktuba cavab olaraq isə məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı ilə o, Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmışdır. İddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşı olması səbəbi ilə həmin qərarın əsassız olduğunu hesab edir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyəti tanınması haqqında 23.09.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.

14. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun: -1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. -5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. -11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. -16-cı maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilir. -18-ci maddəsinin 1-ci hissəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: -1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. -2.2.Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2.Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3.valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4.valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5.valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7.1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. -3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. -4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasınının vətəndaşı olub-olmamasının müəyyən edilməsi müvafiq inzibati orqanın səlahiyyətindədir ki, bu zaman inzibati orqan yalnız qanunvericilikdə səciyyələnmiş əsaslar olduğu halda öz səlahiyyətləri çərçivəsində şəxsi Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır. Hazırki işin faktiki hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyəti tanınması haqqında qərarın ləğvin istəyir və bu halı onunla əsaslandırır ki, o, hazırda digər dövlətin vətəndaşlığını könüllü əldə etdikdən qanunvericiliyin tələbləri baxımından onun vətəndaşlığının itirilməsi üçün əsas yaranır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının vətəndaşlığına mənsubiyyətin tanınması ilə əlaqədar aparılmış inzibati icraat materiallarını tələb etmişdir. Təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən ünvanlanmış sorğu əsnasında iddiaçının vətəndaşlığına mənsubiyytinin müəyyənləşdirilməsi məqsədi ilə icraat başlanılmış, icraat çərçivəsində iddiaçının doğulduğu anda hər iki valideyinin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və bunun nəticəsində onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məhkəmə tərəfindən iddiaçının doğulduğu anda valideyinlərinin hər ikisinin Azərbaycan Respublikasının vətəndaşı olub-olmaması, həmçinin sonuncunun ölkə ərazisində qeydiyyatının olub-olmaması müəyyən edilməlidir. Aparılmış araşdırmanın nəticəsi olaraq təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı X4 xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə qeyd doğum haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Sonradan, iddiaçı soyadını və ata adını dəyişdirərək Rusiya Federasiyası tərəfindən yeni şəhadətnamə almışdır. Bundan başqa nəzərə alınmalıdır ki, X1 doğulduğu anda onun valideyinləri X2 və X5 Azərbaycan Respublikasının vətəndaşları olmuşdurlar. Digər tərəfdən isə qeyd olunmalıdır ki, Mənzil Kommunal Təsərrüfat Departamentinin arayışına görə X3 anası ilə birlikdə 01.10.2008-ci il tarixədək Bakı şəhəri, A.İsmayılov küçəsi dalan 2, 6№-li evdə yaşamışdırlar. Şərh olunmuş maddi hüquq normalarının tətbiqi nəticəsində Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, hazırki tələb üzrə söhbət vətəndaşlığın tanınması barədə qərarın ləğvindən gedir. Halbuki, bu qərarı qəbul edərkən cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində müvafiq araşdırma aparmış, Rusiya Federasiyasının sorğusu əsasında icraata başlamış və iddiaçının doğum anında hər iki valideyinin Azərbaycan Respublikasının vətəndaşı olmasını nəzərə alaraq, iddiaçının vətəndaşlığını tanımışdır. Başqa sözlə desək, inzibati orqan inzibati icraat qaydaları üzrə bütün zəruri xarakter daşıyan əsaslar üzrə düzgün araşdırma aparmış və hər hansı qanunazidd hərəkətə yol verməmişdir. Məhkəmə xüsusi ilə bir məqamıda vurğulamağı zəruri hesab edir ki, bu mübahisə üzrə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığının tanınması üçün ərizəsinin mövcudluğu zərurət təşkil etmir. Çünki, bu cür hallarda Dövlət Miqrasiya Xidməti öz xidməti vəzifəsinə uyğun olaraq şəxsin Azərbaycan Respublikasının vətəndaşı olubolmaması uçotunu aparır, əsaslı hallar olduğu təqdirdə isə vətəndaşlığı tanıyır. Həmçinin, həm Qaydalarda belə nəzərdə tutulmuşdur ki, Dövlət Miqrasiya Xidməti daxil olmuş sorğunu bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla müvafiq qərar qəbul edir. Məhkəmə bildirir ki, hazırki iddia tələbinin təmin edilməməsi, iddiaçının gələcəkdə Azərbacan Respublikasının vətəndaşlığının itirilməsini tələb etmək hüququndan məhrum etmir. Çünki, Azərbacan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlı prosedur tamamilə fərqlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin:

20. Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər.

21. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir.

24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir. 25-1. Xarici İşlər Nazirliyi xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatı həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanması üçün Dövlət Miqrasiya Xidmətinə təqdim edir. 25-2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-5. Bu Əsasnamənin 25-2 - 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olubolmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. 25-9. Məhkəmə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxır.

32. Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. -355-8.1.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. -355-10.1. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. -355-10.3 İşə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə bildirir ki, hər nə qədər ki hazırki iddia üzrə iddiaçının vətəndaşlığının tanınması barədə qərarı ləğv olunmasa da, o, yuxarıda şərh olunmuş qanunvericiliyin tələbləri baxımından vətəndaşlığın itirilməsi ilə bağlı gələcəkdə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsini tələb etmək hüququna malikdir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar