Məhkəmə qərarları › İş №2-1(112)-11010/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11010/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11010/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 1815 kv. m. olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 1815 kv. m. olan, torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur və məhkəmənin eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ masivi ünvanında yerləşən, 2000 kv.m. torpaq sahəsi, ona Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-südçülük savxozu tərəfindən verilmişdir və verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsinin daxilindən orta təzyiqli qaz xətti keçir, Azərbaycan Dövlət Neft Şirkətinə sorğu verilmiş və sorğuya cavab gəlməmişdir. Bundan başqa sənəd üzrə torpaq 2000 kv.m qeyd edilsə də faktiki 1817 kv.m təşkil edir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Bundan sonra Dövlət Neft Şirkətindən cavab alaraq təkrar müraciət etmişdir ki, qaz xətti problemi aradan qaldırılmışdır və xahiş etmişdir ki, çıxarışın verilməsində köməklik edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamında və X2 xx.xx.2003-cü il tarixli əmrində ayrılan torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmiş həmçinin yerləşmə cizgisində istinad məsafəsi qeyd edilməmişdir. Aşağıda qeyd edilənlərə görə hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. 1. Torpaq sahəsinə dair sənəd 0.20 ha hesabı ilə ayrılmışdır, sonradan hasarlanmış və hasarlanma vaxtı 1815 kv.m olmuşdur, buna dair torpaq sahəsini ayıran orqan tərəfindən plan cizgi verilmişdir. 2. Azalmasına etirazı yoxdur. 1815 kv.m olaraq dövlət qeydiyyatına alınmasına etiraz etmir. 3. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən cavabdehə rəsmi qaydada bildirilmişdir ki, orta təzyiqli qaz xətti yoxdur. 4. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamında və X2 xx.xx.2003-cü il tarixli əmrində ayrılan torpaq sahəsinin ölçüsü hissəsi barədə qeyd edir ki, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai - Siyasi Sənədlər arxivinin arxiv arayışı ilə təsdiq edilmişdir ki, torpaq sahəsi 0.20 ha hesabı ilə verilmişdir, bundan əlavə isə Abşeron rayon İcra Hakimiyyətinin 1999-cu il tarixli sərəncamından çıxarışda da 0.20 ha düzəliş edilmiş, üzərinə möhür vurularaq təsdiq edilmiş və torpaq sahəsinə dair cizgi də təqdim edilmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 1815 kv.m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** nömrəli ərizələrlə idarəyə müraciət etmiş **********95 və **********35 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışda və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışında ayrılan torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Bundan başqa, təqdim olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cü il, 096 №-li Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışdan müəyyən olunur ki, vətəndaş İddiaçı 0.20 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük savxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli, 27/K №-li əmri nəzərə alınaraq, iddiaçıya verilmiş həyətyanı torpaq sahəsində 0.20 ha. hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmşdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.2003-cü il tarixli, 28 №-li Əmrindən Çıxarışdan müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovzoxu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0.20 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 1-2-28/2-296/2024 №-li Arxiv Arayışından müəyyən edilir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 (Buzovna tərəvəzçilik-südçülük sovxozunun) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.20 ha hesabı ilə 1-1520 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. - Məktubda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər Arxivi tərəfindən tərtib edilmilmiş xx.xx.2024-cü il tarixli “Xəzər rayonu, Buzovna qəsəbəsi X2 balansında olan torpaq sahəsinin istifadəsinə dair İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi”ndən müəyyən olunur ki, torpaq sahəsinin sərhədləri qərb və şərq istiqamətlərindən müvafiq olaraq 67.30 m. və 64.40 m.təşkil etməklə həmin istiqamətlərdən digər torpaq sahələri ilə qonşudur və şimal və cənub istiqamətlərindən müvafiq olaraq 28.50 m. və 26.90 m. təşkil etməklə həmin istiqamətlərdən yol ilə sərhəddir. Torpaq sahəsinin faktiki ərazisi 0.1815 ha. təşkil edir. Sənəddə torpaq sahəsinin kodu 1-1520 və kordinatları aşağıdakı kimi qeyd edilmişdir. 424685 **********3 4484672 660167392 39T İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: - xx.xx.2024-cü il tarixli, **********95 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “...elektron kadastr məlumatına əsasən torpaq sahəsinin daxilindən orta təzyiqli qaz xətti keçir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixli sorğu verilmiş, lakin sorğuya cavab məktubu idarəyə daxil olmamışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 2000 kv.m qeyd edilsə də, faktiki 1817 kv.m. təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - xx.xx.2024-cü il tarixli, **********35 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “...təqdim olunmuş sənədlər surətdir. Bundan başqa, təqdim olunmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışda və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışında ayrılan torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Həmçinin təqdim olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-48351/2025 №-li cavab məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzonva qəsəbəsində yerləşən torpaq sahəsinin ölçüləri hüquq müəyyənedici sənəd üzrə 2000.0 kv.m. və faktiki olaraq 1817.0 kv.m. təşkil edir. Torpaq sahəsi mişar daş hasar daxilindədir. Qapısı və darvazası var. İki tərəf yol, iki tərəf qonşudur. Sahədə 2 ədəd 1 mərtəbəli yaşayış evi və həyət tikililəri var. Sənəddə sahənin koordinatları aşağıdakı kimi göstərilmişdir: 424673.141 4484705,799 424701.241 4484702.446 424700.859 4484694.674 424700.531 4484638.020 424673.630 4484638.318 424672.968 4484677.534 TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi: ... 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: ...

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamənin;

1. Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.

2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında payı olan subyektlərə düşən orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi ilə müəyyən olunan torpaq dəyəri (manatla) formasında hesablanır.

7. Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra onlara təqdim edir. (xx.xx.2006-cı il tarixədək olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 5.1. bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. ... 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 10.1. hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. ... Maddə 10.2.1. qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. .... Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır .... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

MƏHKƏMƏNİN MÖVQEYİ

İddia tələbi ilə bağlı ilk öncə qeyd olunmalıdır ki, yuxarıda sadalan müddəaların tələblərindən də göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mövcud olmalı olan hüquqmüəyyənedici sənədlərin konkret siyahısı təsbit edilmişdir ki, həmin sənədlərdən birinə malik olma hüququn dövlət qeydiyyatına alınmasına yönələn tədbirlərin cavabdeh tərəfindən görülməsi öhdəliyi yaradır. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri əsasında fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. İddia tələbinin təminin hüquqi əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri dayanır. Qeyd olunmalıdır ki, həmin sənəd hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici xüsusiyyətinə malikdir. Cavabdehin imtina bildirişində və etirazda qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunmaqla yanaşı, iddianın təmin olunmaması üçün əsas hesab oluna bilməz. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 1815 kv. m. olan 1-1520 saylı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar