Məhkəmə qərarları › İş №2-1(112)-11023/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11023/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11023/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxxxx 1974-cü il tarixdə doğulmuşdur. 1 sentyabr 1993-cü il tarixdə AR Daxili İşlər Nazirliyinin Hospitalında tibb bacısı kimi ilk əmək fəaliyyətinə başlamışdır. 25 oktyabr 2004-cü il tarixdən 24 fevral 2004cü il tarixədək AR Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Sıravi və Kiçik X2 məktəbin feldşeri, tibb xidməti serjantı vəzifəsində işləmişdir. Xidmət müddəti 15 il 2 ay təşkil edir. Heç bir əsaslı səbəb olmadan 25 fevral 2020-ci il tarixdə məktəbin rəhbərliyi Daxili İşlər Nazirliyinin əmri ilə işdən azad olunduğunu ona şifahi qaydada bildirmiş, onu işə buraxmamış və xidmətdən uzaqlaşdırmışdır. DİO-da xidmətdən əsassız azad edilməsi, əmri surətinin ona təqdim olunmaması səbəbindən işdən çıxarılmasının səbəbini taç olaraq bilmədiyi üçün Daxili İşlər Nazirliyində qəbul olunması ilə bağlı çoxsaylı müraciətlər etmişdir. Nazirliyin rəsmiləri tərəfindən qəbul edilməmiş, işdən çıxarılmasının səbəbləri araşdırılmamış və ona rəsmi cavab verilməmişdir. Karantin dövrünə düşməsi səbəbindən, rəsmi qəbulllara getmək imkanı olmamışdır. Bundan sonra onun müvafiq müraciətinə AR Daxili İşlər Nazirliyi Daxili Təhqiqat İdarəsi 13 may 2020-ci il tarixli 023-26598-3220, 023- 21680/3R-3220 saylı məktubla cavab verərək bildirmişdir ki, tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edərkən 2014-cü ildə ailə həyatı qurduğu vətəndaşla nikah münasibətləri rəsmiləşdirilmədiyinə, həmkarı (iş yoldaşı) ilə etik normalara zidd münasibətlər qurduğuna, xidmət yerinin dəyişdirilməsi ilə bağlı müəyyən edilmiş qaydalara zidd yollar axtardığına, ayrı-ayrı vaxtlarda bağladığı kredit müqavilələri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri razılaşdırılmış şərtlərə uyğun icra etmədiyinə, “Facebook” sosial şəbəkəsində “X3” adı ilə qeydiyyatdan keçməklə resurslardan istifadə etdiyinə, habelə xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə görə DİN-in 24 fevral 2020-ci il tarixli əmri ilə xidmətdən xaric edilmişdir, qəbul edilmiş qərar əsaslıdır, onun dəyişdirilməsi məqsədəuyğun deyil. Müraciətlər əsasında onun işdən (xidmətdən) xaric olunmasına dair Daxili İşlər Nazirliyinin əmri ona rəsmi təqdim olunmadığından, habelə əmək kitabçasındakı rəsmi işdən azad olunanın hüquqi əsası (səbəbi) göstərilmədiyindən, yəni AR Əmək Məcəlləsi və ya «Azərbaycan Respublkasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin normalarına istinad olunmadan əmək kitabçasında yalnız bu orqanda imtiyazlı iş stajının müddəti göstərilmişdir. Bununla da, onun işdən hansı əsas və səbəblərə görə azad edilməsi məlum deyil. Qeyri-müəyyən bu hərəkətlə onun hüquqları pozulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində karantin elan olunmaqla, o, hüquqlarının bərpa edilməsi məqsədilə aidiyyəti səlahiyyətli şəxslərin qəbulunda olmaq hüququndan da məhrum olunmuşdur. İşdən (xidmətdən) əsassız xaric olunması və əmrin surətinin verilməsi ilə bağlı aidiyyəti instansiyalara, o cümlədən Daxili İşlər Nazirliyinə müraciətlər ünvanlamışdır. X1 Nazirliyi Daxili Təhqiqat İdarəsinin 22 iyun 2020-ci il tarixli məktubu ilə cavab verilmişdir. Ona surəti təqdim olunmuş 25 fevral 2020-ci il tarixli ş/h 0-035-20 saylı əmrdə göstərilir ki, Daxili İşlər Nazirliyinin 24 fevral 2020-ci il tarixli Ə202-001-20 nömrəli əmrinin tələblərinə uyğun olaraq, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, məktəbin tibb məntəqəsinin feldşeri, tibb xidməti serjantı İddiaçı 25 fevral 2020-ci il tarixdən ştat cədvəlindən çıxarılsın (Əsas – DİN-in 24 fevral 2020-ci il tarixli Ə202-001-20 nömrəli əmri). Qeyd olunduğu kimi, soxsaylı müraciətlərdən sonra DİN Kadrlar İdarəsinin 24 iyun 2020-ci il tarixli məktubu əsasında ona poçt vasitəsilə təqdim olunmuş A.M.Heydərov adına Sıravi və X2 Məktəbin 25 fevral 2020-ci il tarixli əmrindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikası DİN-in 24 fevral 2020-ci il tarixli Ə202-001-20 nömrəli əmri əsasında xidmətdən xaric olunmuş, məktəbin əmri ilə ştat siyahısından çıxarılmışdır. Onun işdən azad edilməsi DİN-in 24 fevral 2020-ci il tarixli əmri əsasında həyata keçirilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Tədqiqat İdarəsinin 22 iyun 2020-ci il tarixli məktubundan aydın olur ki, barəsində Nazirliyinin 24 fevral 2020-ci il tarixli Ə202-001-20 nömrəli əmrinin verilməsi üçün əsas aşağıdakılar olmuşdur: 1) 2014-cü ildə ailə həyatı qurduğu şəxslə nikahının rəsmiləşdirilməməsi – Vətəndaşlıq nikahında olduğu şəxslə nikah münasibətlərinin rəsmiləşdirilməməsi ilə bağlı qanunvericilikdə məcburetmə norması yoxdur. Onun nikah münasibətlərinin rəsmiləşdirilməməsi ilə əlaqədar hərəkətlərin tibb məntəqəsinin feldşeri olaraq, hansı normativ aktın pozulmasına səbəb olması aydın deyil. Şəxsi həyat münasibətlərindən xidmət orqanına qarşı hansı hüquqa zidd halın olması bəlli deyil. Bu mülahizə işdən çıxarılma üçün əsas ola bilməz; 2) Həmkarı (iş yoldaşı) ilə etik normalara zidd münasibətlərdə olması – Məktəbin təsərrüfat sahəsinə rəhbərlik edən həmkarı xidmətdə fərlqi davranış nümayiş etdirir, adekvat olmayan hərəkətlərdən zövq alırdı. Həmin şəxs ona (iddiaçıya) işinin dəyişdirilməsi təklifinin başqa məqsədlərlə bağlı olduğunu bildirmiş, telefon (watsapp) vasitəsilə etikadankənar video materiallar göndərmişdir. Lakin iddiaçı onu lazımi tərzdə cavablandırmış və bu hərəkətlərə milli adət ənənəyə uyğun olaraq sərt deaksiya vermişdir. Etika sözü əxlaq və ənənə mənasını daşıyır. Həmin şəxs bu hərəkərlərə görə yeni vəzifəyə təyin olunur, o (iddiaçı) isə işdən çıxarılır; 3) Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar müəyyən edilmiş qaydalara zidd yollar axtarması – Ona Akademiyada vakant olan yüksək maaşlı işçi vəzifəsinə təmənnasız olaraq keçirilməsi təklif olunduqda, etiraz etməmişdir. Müvafiq sənədləri təqdim etdikdən sonra məlum olmuşdur ki, bu hərəkətlər ona qarşı qərəzli və mərkli planın tərkibidir; 4) Ayrı-ayrı vaxtlarda banklarda bağlanmış kredit müqavilələri üzrə öhdəlikləri icra etməməsi – Banklarla kredit müavilələri bağlanmış, lakin ödəmələr vaxtında aparılmışdır. Bank tərəfindən ona qarşı heç bir narahatçılıq olmamışdır. Kredit götürüb özünün səhhəti ilə əlaqədar məsələrə sərf etmiş, xəstə anasının və 2-ci qrup Qarabağ Müharibəsi əlili olan qardaşının müalicəsinə kömək göstərnişdir. Çünki, bu xərcləri maşla ödəmək olmurdu; 5) “Facebook” sosial şəbəkəsində “X3” adı ilə qeydiyyatdan keçməsi – Təəssüf hissi ilə qeyd olunmalıdır ki, onun sosial şəbəkələrdə olması «Polis haqqında» Azərbaycan Respublikası Qanunu və digər qanunlarla qadağan olunmur. Sosial şəbəkədə olarkən hər hansı bir hüquqa zidd fikir və s. bildirməmişdir; 6) Xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərməsi – Təhqiqat zamanı aidiyəti vəzifəli şəxs ona başqa işə keçirilməsi ilə bağlı təmənnasız olaraq köməklik göstərdiyini bildirmişdir. Onun (iddiaçının) maddi imkanı da aşağı səviyyədədir. Akademiyada işlə təmin olunması ona təklif edildikdə, rəhbərliyi bununla bağlı məlumatlandırmışdır. Göstərilənlərə və İPM-in 2, 33, 35, 47, 38-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 1, 28, 67-ci maddələrinə, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə əsaslanaraq, cavabdehin 24 fevral 2020-ci il tarixli Ə202-001-20 nömrəli əmrinin ləğv edilməsi və məvburi işburaxmaya görə müvafiq dövr üzrə əmək haqqının ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşadakılar bildirilir: - İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğvi və keçən dövr üçün aylıq əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Aparılmış xidməti təhqiqat nəticəsində müəyyən edilmişdir ki, DİN-in A.Heydərov adına Sıravi və Kiçik X2 Məktəbin Tibb məntəqəsinin feldşeri İddiaçı 2014-cü ildə ailə həyatı qurduğu vətəndaşla nikah münasibətlərini rəsmiləşdirməmiş və 26 aprel 2016-cı il tarixdə övladları M.Rzazadə doğulmuş, habelə rəsmi nikahda və himayəsində 3 övladı olan həmkarı ilə əxlaq normalarına zidd münasibətlər qurmaqla cəmiyyətdə qəbul olunmuş ailəməişət normalarına riayət etməmişlər. Tibb xidməti serjantı İddiaçı 14 avqust 2018-ci il tarixdə 8.500 manat və 27 may 2019-cu il tarixdə 4.600 manat məbləğində "xxxx" ASC-nin Xəzər Filialı ilə bağladığı kredit müqavilələri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri razılaşdırılmış şərtlərə uyğun icra etməmiş, 1 noyabr 2019-cu il tarixdə isə, müəyyən edilmiş qaydalara zidd yollar axtarmaqla ərazi polis şöbəsində bölmə rəisi vəzifəsində işləyən polis əməkdaşından xidmət yerini DİN-in Polis Akademiyasına dəyişdirilməsinə köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, internetdən yalnız xidməti fəaliyyətilə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda, “Facebook” sosial şəbəkəsində “X3” adı ilə qeydiyyatdan keçərək resurslardan istifadə etmişdir. Qeyd olunan qəbahətlərə yol verdiklərinə görə aidiyyəti əməkdaşlar intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən feldşer İddiaçı DİN-in müvafiq əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göstərilənlərdən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və keçən dövr üçün aylıq əmək haqqının ödənilməsi” tələbi barədə qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əsslanaraq, İPM-in 48.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin iş üzrə 17 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı məhkəməyə 24 fevral 2020-ci il tarixli əmri mübahisələndirilməsi üzrə iddia ərizəsini qanunla müəyyən edilmiş iddia müddətini buraxmaqla təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1200/2021 sylı iş üzrə 22 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadı ləğv olunmuş edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda məhkəmə kollegiyası vurğulamışdır ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının əmrin ləğvi üzrə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etsə də, mübahisələndirilən əmrin iddiaçıya təqdim olunması barədə hər hansı sənəd – sübut iş materiallarında mövcud deyil. Birinci instansiya icraatı zamanı məhkəmə tərəfndən mübahisələndirilən 24 fevral 2020-ci il tarixli Ə2020-001-20 nömrəli əmrin iddiaçıya təqdim edilməsini sübut edən sənədləri cavabdeh inzibati orqandan tələb etməlidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra məktubla mübahisənin predmeti olan 24 fevral 2020-ci il tarixli Ə2020-001-20 nömrəli əmrin iddiaçıya təqdim edilməsini təsdiqləyən sübutların məhkəməyə təqdim olunmasının zəruriliyi bildirilsə də, bununla bağlı hər hansı sənəd məhkəmə icraatına daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə vurğulayır ki, məhkəmə iclasları barədə xəbərdar olunduğu, məlumatlı olduğu apellyasiya instansiyası məhkəməsinin iş üzrə 22 iyun 2021-ci il tarixli qərardadında iddianın mümkünlüyünə, o cümlədən mübahisə predmeti olan 24 fevral 2020-ci il tarixli Ə202-001-20 nömrəli əmrin iddiaçıya hansı tarixdə təqdim edilməsinin müəyyənləşdirilməsi məsələsinə yenidən baxılmasının zəruriliyi vurğulandığı, habelə ünvanına müvafiq məktub ünvanlandığı halda, cavabdehin nümayəndəsi məhkəmə icraatı üzrə iclaslara gəlmədiyindən və qeyd olunanlarla əlaqədar məhkəməyə hər hansı yazılı münasibət təqdim etmədiyindən, məhkəmə iddiaçının “əmrin ona rəsmi qaydada təqdim edilməməsi” mövqeyi ilə razılaşır və iddia müddətini buraxılmış qiymətəndirmir. Odur ki, iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtləri (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də ödənildiyindən, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü maddəsinəgörə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edlmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddəı 12) Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir; - (maddə 13) İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir; - (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; - (maddə 20) Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir; - (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Göründüyü, mövcud qanunvericiliyin daxili işlər orqanlarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinn tətbiqini isə, başqa hallarla yanaşı onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, xidməti təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq da daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının daxili işlər orqanlarından xaric edilməsi barədə 24 fevral 2020-ci il tarixli Ə202-001-20 nömrəli əmri cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi onun hərəkətlərini “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. İnzibati orqan belə hərəkətlər kimi İddiaçı nikah münasibətləri rəsmiləşdirmədən övladının doğulmasını, rəsmi nikahda olan həmkarı ilə əxlaq normalarına zidd münasibətlər qurmasını, kredit müqaviləsi üzrə bank təşkilatı qarşısında götürdüyü öhdəliyini yerinə yetirməməsini, xidməti yerinin dəyişdirilməsi ilə bağlı müəyyən olunmuş qaydalara zidd yollar axtarmaqla köməklik göstərilməsini istəməsini, sosial şəbəkədə qeydiyyata alınmaqla internet resurslarından istifadə etməsini və xidməti təhqiqat zamanı qeyri-səmimilik göstərməsini qiymətləndirmişdir. Məhkəmə hazırkı iddia üzrə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçının rəsmi nikaha daxil olmadan ailə münasibətləri qurmaqla müşayiət olunan hərəkətləri qanunla qadağan olunmasa da, cəmiyyətdə qəbul edilmiş ailə-məişət qaydalarına zidd sayılır. Onun belə hərəkətləri, eləcə də hətta özü buna etiraz bildirsə də, həmkarının ona qarşı qeyri-etik davranışı üçün şərait yaratması xidmət etdiyi DİO-nun bir çox əməkdaşının fədakar əməyi və nümunəvi xidməti hesabına cəmiyyətdə əldə olunmuş ciddi nüfuzuna kölgə sala bilən haldır. Odur ki, buunla da o, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 12-ci maddısinin tələblərini pozmuşdur; - İddiaçı polis əməkdaşı kimi bank təşkilatından kredit müqavilələri əsasında borc pul vəsaitəri götürərkən, özünün əmək haqqı məbləğini və gündəlik məsrəflərini nəzərə almaqla öhdəliyinin icrasının mümkünlüyünü qiymətləndirməli və mütənasibliyi gözləməli idi. Lakin xidmət etdiyi qurumda onun “krediti vaxtında ödəməməsi” məsələsinin müzakirəyə çıxarılmasına imkan verməsinə səbəb, öhdəlik götürərkən yuxarıda qeyd olunan meyarları nəzərə almamasıdır. - İddiaçının xidməti yerinin dəyişdirilməsi ilə bağlı müəyyən olunmuş qaydalara zidd yollar axtarması və bununla əlaqədar başqa şəxslərə müraciət etməsi, eləcə də xidməti təhqiqat zamanı qeyri-səmimilik göstərməsi birbaşa «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin müddəalarının pozulması qismində dəyərləndirilir və tərəflərin mövqeləri bu məsələ ilə bağlı bir-birinə qarşı yönəlsə də, hazırkı iddia tələbi üzrə iddiaçının dəlilləri bu xüsusatların təkzib olunmasına tam istiqamətlənmir; - İddiaçı sosial şəbəkədə xüsusilə də adı qısaldılmış formada və əlavə söz artırılmaqla qeydiyyata alınmasını özü inkar etmir və internet resurslarından bu vasitə ilə istifadə etdiyini təsdiqləyir. Sosial şəbəkədə müzakirə olunan məsələlərin mövzularının dairəsi çox geniş olduğundan, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmayan müzakirələrin yaranması ehtimalı böyükdür. Lakin hər hansı şəxsin, o cümlədən iddiaçının belə müzakirələrdən yayınması və ya onlara qatılması müasir texnologiyalar nəzərə alınmaqla sosial şəbəkədə hər an mümkün və izsiz ola (məlum olmayan) biləndir. Hazırkı iddiaçının “Facebook” sosial şəbəkəsində birbaşa hansı mövzular üzrə müzakirələrdə iştirakı barədə sübut olmasa da, adı fərqli formada təqdim olunaraq qeydiyyatdan keçirilməklə internet resurslarından bu şəkildə istifadə etməsi ictimai mühütdə polis əməkdaşı kimi xidmət etdiyi orqanın nüfuzunun artırılmasına istiqamətlənmir. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, qulluq dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi haqlı olaraq daxili işlər orqanlarının əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Cavabdeh AR Daxili İşlər Nazirliyinin apardığı inzibati icraat üzrə qəbul etdiyi 24 fevral 2020-ci il tarixli əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh AR Daxili İşlər Nazirliyinin 24 fevral 2020-ci il tarixli Ə2020-001-20 nömrəli əmri qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. “Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar