Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11065/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmək haqqının 50%-in ona verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – cavabdeh və ya Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx"da onun adına olan hesaba köçürülmüş əmək haqqının 50 faizinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi üzrə verilmiş 2080 saylı xx.xx.2018-ci il tarixli əmrlə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinə birinci katib vəzifəsinə təyin olunub və Minsk şəhərinə uzunmüddətli ezamiyyətə göndərilib. “Diplomatik xidmət haqqında” AR Qanununun 23.3-cü maddəsinə əsasən uzunmüddətli ezamiyyətdə olduğu müddətdə Xarici işlər Nazirliyindən aldığı əmək haqqının 50 faizi "xxxx"da onun adına olan hesaba köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə "xxxx"-ın mərkəzi ofisinə pul vəsaiti əldə etmək üçün müraciət etdikdə ona bildiriblər ki, "xxxx"-ın bank fəaliyyətinin aparılması üçün lisenziyası ləğv edilib və bankdakı əmanətlərə görə kompensasiyaları əldə etmək üçün xx.xx.2020-ci il tarixdən başlayaraq bir il müddətində ərizələrin qəbul olunduğu bildirilib. O, 2021-ci il tarixdə məzuniyyətdə olmağı və xidməti zərurətlə əlaqədar müxtəlif vaxtlarda qısamüddətli ezamiyyətlər istisna olmaqla qeyd edilən dövr ərzində Azərbaycan Respublikasında olmayıb. Bu müddət ərzində isə iş fəaliyyətinin sıxlığı ilə əlaqədar "xxxx"ın mərkəzi ofisinə müraciət etməyi qeyri-mümkün olub. O, adına banka köçürülmüş əmanəti almaq üçün Ləğv Prosesində olan "xxxx" ASC-yə müraciət etdikdə ona kompensasiya almaq üçün təqdim etdiyi sənədlərin tələb olunan müddət ərzində müraciəti qeyri-mümkün hesab etmiş halların mövcudluğunu təsdiq edən sənəd kimi məqbul hesab edilməmişdir. Bankdan ona verilən imtina onun hüquqularını pozur, ona görə ki, onun əlində bütün əsaslı sübutlar vardır. O, dövlətin maraqlarını başqa bir dövlətdə qoruyan və xalqına xidmət edən, nüfuzunu qoruyan və xarici dövlətdə təmsil edən vəzifəli şəxsdir. Vaxtında Azərbaycanda olmamağı onun günahı deyildir. O, işini icra etmək üçün Azərbaycan hüdudlarından kənarda olub. Ona görə də hesab edir ki, iddiası əsaslıdır. Lakin bank tərəfindən iştirakı olmadan, ona xəbərdarlıq etmədən birtərəfli olaraq onun banka qoyduğu əmanət pul sığortadan çıxarılmışdır. Bank tərəfindən Mülki Məcəllənin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçının iddia ərizəsində göstərdiyi ünvana məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş poçt xidməti tərəfindən həmin ünvana xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə gedilmiş və bildiriş üzərində “bu ünvanda yaşayış yoxdur” qeydi ilə məhkəməyə geri qayıtmışdır. Cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı işdə iddia tələbindən göründüyü kimi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-də olan əmanətinin (əmək haqqının 50%-in) ona verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Mərkəzi X2 27 aprel 2020-ci il tarixli qərarı ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə müvəqqəti inzibatçılar təyin olunub, bu bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib. Müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib. "xxxx" ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunub. Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə X3 Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən "xxxx" ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən "xxxx" ASC-nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 yanvar 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun müraciətdə şərh edilməsi xahiş edilən 72.1.3-cü maddəsinə Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarı ilə aydınlıq gətirilmişdir. X1 Məhkəməsinin Plenumu göstərmişdir ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Bank fəaliyyəti - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirilməsi üzrə fəaliyyətdir. Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti isə bankın fiziki və hüquqi şəxslərin müxtəlif mülki-hüquqi əsaslar (bank fəaliyyəti ilə əlaqədar olmayan) üzrə tələblərinin icrasına yönəlmiş fəaliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının həmin Qərardadının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq məhkəmə qeyd etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti həll edilərkən iddiaların müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyətinə və ya hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətə aid olub-olmaması aydınlaşdırılmalıdır”. Konstitusiya Məhkəməsinin Palatasının Qərardadında ifadə edilmiş hüquqi mövqedən aydın olur ki, ləğv prosessində olan banklara (bankın ləğvedicisinə) qarşı tələblərin məhkəmə aidiyyəti müəyyən edilərkən həmin tələbin predmeti, iddianın növü və s. nəzərə alınmaqla bu tələbin bankın bilavasitə bank fəaliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı irəli sürülməsi, yaxud hüquqi şəxsin (bankın) hüquq qabiliyyətinə aid olan məsələ ilə bağlı irəli sürülməsi aydınlaşdırılmalıdır. Hazırkı tələbdən iddiaçı əmək haqqının yarısının ləğv edilmiş "xxxx" ASC-də olan hesabına köçürüldüyünü bildirərək həmin məbləğin geri qaytarılmasını istəyir. Bu tələb ləğv prosesində olan bankın məhz bank fəaliyyəti ilə bağlı olan tələbdir. Həmçinin hazırkı iş üzrə tələb cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı yönəlməli, bankın ləğvedicisi isə, bankın (hüquqi şəxsin) səlahiyyətli nümayəndəsi kimi çıxış etməli idi. “Banklar Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Maddə 72.1 Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: - 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; - 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; - 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; Maddə 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Maddə 87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Maddə 87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Maddə 87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Sadalanan normalardan göründüyü kimi, iddiaçı bankın ləğvedicisinə qarşı kreditor kimi qeydə alınmaq üçün müraciət etməli, həmin siyahının təsdiq edilməsi üçün bankın ləğvinə nəzarət edən məhkəməyə göndərilməsi xahiş edilməlidir. Qanunverici bunun üçün müddət təyin etmişdir. Belə ki, “Əmanətlərin Sığortalanması Fondu” haqqında AR Qanununun: Maddə 28.1. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Maddə 28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Konstitusiya Məhkəməsinin Palatasının yuxarıda istinad edilən qərardaddında bankın bilavasitə bank fəaliyyətindən irəli gələn bu növ iddialar üçün hansı məhkəməyə müraciət edilməsinə də aydınlıq gətirilmişdir. Belə ki, qərardadda ifadə edilmiş hüquqi mövqeyə görə, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırkı tələbinə inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsində baxıla bilməz. İddiaçı hüquqi marağına "xxxx" ASC-nin ləğvinə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmək üçün Fonda ərizə ilə müraciət edə bilər. İddiaçı müraciətinin təmin edilməsindən imtina edilməsini isə, iflas proseduruna nəzarət edən məhkəməyə müvafiq iddia (ərizə) verməklə nail ola bilər. Əgər iddiaçı bunun üçün qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürdüyünü hesab edirsə, həmin tələblə yanaşı buraxılmış müddətin bərpa edilməsi barədə müvafiq müraciətlə həmin məhkəmə qarşısında məsələ qaldıra bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmək haqqının 50%-in ona verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11065/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11065/2023
12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver