Məhkəmə qərarları › İş №2-1(112)-11139/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11139/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11139/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 100.000 manat dəyərində mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia predmet və subyekt baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi bilavasitə "xxxx" MMC-nin 1123 nömrəli Poçt filialında poçt şöbəsinin əməkdaşlarının öz vəzifələrinin icrası ilə bağlı nöqsanlara yol verdiyi və bununla da ona dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlıdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə əsasən poçt rabitəsi xidmətləri - poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyətidir. -1.0.7-ci maddəsinə görə poçt rabitəsinin milli operatoru (milli operator) - müvafiq icra hakimiyyəti orqanı tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatorudur. -3.0-cı maddəsinə görə Azərbaycan Respublikasında poçt rabitəsini idarə edən müvafiq icra hakimiyyəti orqanı: -3.0.1. Poçt rabitəsi sahəsində öz fəaliyyətini bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirir; -3.0.2. Poçt rabitəsi sahəsində dövlət nəzarətini həyata keçirir; -3.0.3. Poçt rabitəsi sahəsində dövlət proqramlarını işləyib hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirir; -3.0.4. Poçt rabitəsi xidmətlərinin standartlarını müəyyən edir; -3.0.5. Poçt rabitəsi sahəsində vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; -3.0.6. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanı ilə birgə qanunvericiliyə uyğun müəyyən edir; -3.0.7. Poçt göndərişlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edir; -3.0.8. Poçt rabitəsi sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq sənədlərə qoşulması barədə təklif verir; -3.0.9. Milli operatoru təyin edir və onun vəzifələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1464 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının: -1.6-cı bəndinə görə ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə aşağıdakılar aid edilir: 1.6.1. universal poçt rabitəsi xidmətləri; 1.6.2. digər poçt rabitəsi xidmətləri, o cümlədən: 1.6.2.1. sürətli poçt rabitəsi xidmətləri; 1.6.2.2. pul köçürmələri üzrə rabitə xidmətləri; 1.6.2.3. kuryer xidmətləri; 1.6.2.4. əlavə xidmətlər. -1.7-ci bəndinə görə milli operator Azərbaycan Respublikasının bütün ərazisində universal poçt rabitəsi xidmətlərinin göstərilməsini təmin edir. -1.11-ci bəndinə əsasən digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir. -1.12-ci bəndinə əsasən poçt rabitəsi operatorlarının əsas funksiyaları aşağıdakılardır: 1.12.1. poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərə və müqavilə şərtlərinə uyğun olaraq müəyyən edilmiş keyfiyyət səviyyəsində poçt rabitəsi xidmətlərinin göstərilməsi; 1.12.2. universal poçt rabitəsi xidmətlərinə aid olan poçt göndərişlərinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən olunmuş müddətlərdə göndərilməsi; 1.12.3. universal poçt rabitəsi xidmətlərinə aid olmayan poçt göndərişlərinin və pul köçürmələrinin qanunvericiliyə uyğun olaraq onlar tərəfindən müstəqil müəyyən olunmuş müddətlərdə göndərilməsi; 1.12.4. poçt göndərişlərinin və pul köçürmələrinin təhlükəsizliyinin təmin edilməsi; 1.12.5.poçt rabitəsi xidmətlərinin göstərilməsi zamanı poçtun məxfiliyinin qorunması; 1.12.6.qanunla nəzərdə tutulan qaydada istifadəçilərin informasiya almaq imkanının təmin edilməsi; 1.12.7.qanunla müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış tədbirlərinin və prosessual hərəkətlərin həyata keçirilməsində hüquq mühafizə orqanlarına yardım göstərilməsi. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, hazırkı iddia üzrə mübahisə bilavasitə poçt rabitəsi sahəsində dövlət nəzarətini həyata keçirən inzibati orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyəti nəticəsində yaranmamışdır. Belə ki, poçt rabitəsini idarə edən cavabdeh inzibati orqanla mübahisə o zaman yarana və məhkəmə icraatının predmetinə çevrilə bilər ki, inzibati orqan bilavasitə iddiaçının poçt göndərişləri və ya poçt xidməti ilə bağlı inzibati akt qəbul etmiş və ya faktiki xarakterli hərəkətə (hərəkətsizliyə) yol vermiş olsun. Hazırkı iş üzrə iddiaçının mübahisəsi bilavasitə poçt rabitəsinin milli operatoru olan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin özü deyil, nazirliyin strukturuna daxil olmayan "xxxx" MMC ilə yaranmışdır. "xxxx" MMC isə inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi təsnif edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC hüquqi şəxs olmaqla məhkəmədə öz adından cavabdeh olmaq hüququna malikdir. İddiaçı hazırkı iş üzrə "xxxx" MMC-nin poçt xidməti və ya onun xidmət göstərən işçilərinin fəaliyyəti nəticəsində ona zərər dəydiyini iddia etdiyindən mübahisə inzibati mübahisə hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. Mübahisə inzibati mübahisə olmadığından məhkəmə hazırkı inzibati məhkəmə icraatında cavabdehin əsl cavabdehlə əvəz edilməsini də mümkün hesab etmir, eyni zamanda iddiaçının əsl cavabdehə qarşı hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olduğunu izah edir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar