Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11156/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından iddiaçının xeyrinə 50000 manat mənəvi ziyanın tutularaq «Yaşat» Fondunun hesabına köçürülməsi; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını vaxtında və qərəzli şəkildə icra etmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının İPM-nin 120.3-cü maddəsinə uyğun olaraq 50.000 manat cərimə edilməsi; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından işi uzatmaq məqsədi ilə əsassız vəsatət, şikayətlər verdiyi üçün MPM-nin 174.5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əməkdaşı X6 500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi “iddiaçıya dəymiş 50000 manat mənəvi ziyanın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından onun xeyrinə tutulması barədə qərar qəbul edilməsi” hissəsində icraata qəbul edilmiş, ərizənin digər hissədə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə Bakı şəhərinoə”anadan olmuşam, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində baş mühəndis vəzifəsində işlədiyi 2006-2014-cü illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilməli vəsaitlərin DSMF-yə köçürülüb-köçürülməməsini müəyyən etmək üçün xx.xx.2015-ci il tarixli ərizə ilə DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinə müraciət etdi, oradan verilmiş xx.xx.2015-ci il tarixli cavab məktubunda göstərilirdi ki, 2006-2013-cü illərdə Nəsimi MKTB tərəfindən Departamentə daxil olan vəsaitlər 25%-dən az təşkil etmişdir və təqdim edilən B3 hesabatlarında əmək haqqına nisbətdə ödənilən vəsaitlər şəxsi hesabına işlənmişdir. 2014-cü il üçün işlədiyi müəssisə tərəfindən təqdim edilən B3 hesabatında uyğunsuzluq olduğu üçün həmin ilin məlumatları bazaya işlənməmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli ərizə ilə DSMF-yə müraciət edib, 2006-2014-cü illər üzrə əmək haqqından tutulmuş sosial sığorta haqları üzrə vəsaitin tələb edilərək şəxsi hesabına tam daxil olmasının təmin edilməsini xahiş etdi. Onunla bağlı hazırlanmış və DSMF tərəfindən qəbul edilmiş B3 hesabatında da qeyd edilən illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilən gəlirin cəmi 10663,82 manat təşkil etdiyi göstərilirdi. Bundan sonra Birlik tərəfindən 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə 10663,82 manat vəsait "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə həmin dövrdə Birliyin uçotda olduğu DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürüldü. Ödəniş tapşırığının Dİ. bölməsində göstərilmişdir: Ödənişin təyinatı və əsas: İddiaçı ödənilməmiş sığorta haqqı 25% ödənilir; SSN **********0513. Ödənilən 10663,82 manat vəsaitin pensiya kapitalında əks edilib-edilməməsi ilə bağı verdiyi ərizəyə Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xx/xx-2272 saylı məktubda göstərilmişdir ki, 2006-2014-cü illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə müvafiq məlumatların ona aid fərdi şəxsi hesabda öz əksini tapması təmin edilmişdir. Bundan sonra iddiaçı tam arxayın oldu ki, DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentə ödənilmiş 10663,82 manat vəsaitin fərdi şəxsi hesabına mədaxil etmişdir. Pensiya kapitalı barədə məlumat əldə etmək üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemi olan e- sosial.az saytına daxil oldum və müəyyən etdi ki, 2006-2014-cü illər üzrə əvvəllər ödənilməyən 10663,82 manat borcu qalır, xx.xx.2015-ci il tarixdə ödənilmiş vəsait isə fərdi şəxsi hesabında əksini tapmamışdır. xx.xx.2019-cu il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək məsələnin araşdırılmasını xahiş etdi. Ərizəsinə cavab verilmədiyi üçün xx.xx.2019-cu il tarixdə yenidən Nazirliyə ərizə ilə müracəl edib. xx.xx.2019-cu il tarixli ərizəmə cavab verilmədiyini bildirdi. DSMF tərəfindən ona göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilirdi ki, müraciətindəki məsələnin həlli ilə əlaqədar guya ki, gecə-gündüz dayanmadan müvafiq işlər aparılır və «araşdırma» yekunlaşdıqdan sonra ona əlavə məlumat veriləcək. Bu cavabdan sonra oturub gözlədi. 1 il, 2 aydan sonra ona göndərilmiş xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubda göstərilmişdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nəsimi rayon MKTB tərəfindən 201 5-ci il üzrə təqdim etdiyi B3 formasında adları qeyd edilmiş sığortaolunanların fərdi şəxsi hesablarında proporsional qaydada bölüşdürülmüşdür. Sonrakı müraciətilərinə xx.xx.2020-ci il tarixli cavabda isə ümumiyyətlə məsələyə işə aidiyyatı olmayan qanun normasına, xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş Sosial Sığorta Haqqında Qanunun 9-1.1-ci maddəsinə istinad edilməklə, guya ki, hüquqları ona izah edilmişdir. Belə ki, həmin normada məcburi dövlət sosial sığorta haqlarının qaytarılmasından söhbət gedir, iddiaçı isə bununla bağlı hər hansı söhbət açmamışdır. Bu fakt onu təsdiq etmişdir ki, DSMF əməkdaşları müraciətini ümumiyyətlə oxumayıblar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsindən Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə verilmiş **********4 saylı 19.05,2020-ci il tarixli cavabda isə məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsinin nəzərdə tutulmadığı üçün, ödənilmiş vəsaitin proporsional qaydada bölüşdürüldüyü göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun və onun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin cavab məktublarında göstərilənlər qanunsuz olmuşdur. Çünki pul vəsaiti ödəyənin ödəniş təyinatında göstərdiyi qaydada bölüşdürülür, təyinatı göstərilmədiyi halda isə ödəmə ardıcıllığına əsasən. Cavabdeh tərəf qanunun bu məqamlarını nəzərə almamış, göstərməyə çalışmışdır ki, guya məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Belə bir qanun norması olmamışdır və cavabdeh həmin normanı məhkəməyə təqdim edə bilməmişdir. Qanunverici ödəniş təyinatını seçmək hüququnu ödəyənə vermişdir, sığortaçının və ya vəsaiti alanın aldığı vəsaiti ödəniş təyinatının əksinə istifadə etməsi səlahiyyəti yoxdur. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alındı. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1187/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə təmin edilmiş, 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Bu qərardan verdiyi kasasiya şikayəti Ali Məhkəmənin 2-1 (102)- 2372/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia təmin edilmişdir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının şikayətində apelyasiya məhkəməsinin diqqətini Əmək Məcəlləsinin 16-cı maddəsinə yönəltməyə çalışırdı. Əvvəla həmin maddədə hesabdan pul vəsaitinin müştərinin sərəncamına zidd şilinə bilməsi və ya DSMF-nin belə bir səlahiyyətə malik olması göstərilməmişdir. Bu maddəyə istinad etməklə DSMF özünü MKTB işçilərinin vəkili kimi göstərməyə çalışmışdır, hansı ki, belə bir səlahiyyətə malik deyil. İddiaçı öz hüquqlarını Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyindən tələb edib, həmin vəsaiti ödətdimişəmsə bunun qalan işçilərə nə aidiyyatı var? O, qalan işçilərə qadağan etmir ki, öz hüquqlarını tələb etsinlər. Başqa işçilər də onun kimi eyni hüquqa malik olsalar da, rəhbərlikdən çəkindikləri üçün bunu etmirlər, iddiaçı isə haqqını tələb edir. Misal kimi ödənilməyən əmək haqqının ödənməsi barədə məhkəmə mübahisələrini gətirmək olar. Misal üçün işəgötürən heç bir işçiyə əmək haqqı ödəmir və işçilərdən yalnız 1 məhkəməyə müraciət edir və onun əmək haqqının verilməsi təmin edilir. Məgər bu iddia və ya tələb başqa işçilərin hüquqlarını məhdudlaşdırır? Onlar müraciət etmir, haqqını tələb etmirsə, o da haqqını tələb etməməlidir? Belə yanaşma təbii ki, absurddur. Cavabdeh ona təşəkkür elan etməli idi ki, o qeyd edilən vəsaitin ödənilməsini təmin etdi, əks halda vəsait ödənilməyəcəkdi. Mənəvi iztirablar çəkməyinə dəlalət edən məqam həmçinin ondan ibarətdir ki, DSMF-nin xx.xx.2015-ci il tarixli xx/xx-2272 saylı məktubunda etiraf edildiyi kimi köçürülmüş 10663,82 manat pul vəsait təyinatına uyğun olaraq onun pensiya kapitalında əks edilmiş, sonradan ona məlum olmayan səbəbdən və məlum olmayan tarixdə pensiya kapitalından çıxarılaraq proporsional qaydada bölüşdürülmüşdür. Hansı səbəbdən cavabdeh bu hərəkəti etməsini izah edə bilməmişdir. Halbuki Mülki Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Cavabdehin ona qarşı etdiyi haqsızlıqlar, mənəvi iztirablar bununla bitməmiş, sonrakı mərhələdə də davam etmişdir. Belə ki, Ali Məhkəmə xx.xx.2021-ci il tarixli qəti qərarını verdikdən sonra qərar Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün cavabdehə məktub göndərilmişdir. Uzun müddət ərzində cavbadeh qərarın icrasını müxtəlif bəhanələr gətirməklə icra etməmiş, yayınmışdır. Cavabdehin inzibati binasına dəfələrlə getməyi, telefonla danışmağı nəticə verməmiş, ona bildirilmişdir ki, guya qərarın icra edilməsi üçün DSMF icazə verməlidir. Məcburiyyət qarşısında qalıb, bundan sonra cavabdehə yazılı müraciət etdi və uzun illər ərzində hüquqlarını pozmaları ilə əlaqədar qanunsuz, hərəkətləri nəticəsində mənəvi iztirablar keçirməyi, bütün əsəblərini itirməyi, müxtəlif xəstəliklərə düçar olmaqla bağlı mənəvi zərəri kimi 50000 manat vəsaitin ona ödənilməsini xahiş etdi. Ərizəsinə verilmiş xx.xx.2022-ci il tarixli cavabda göstərilmişdir ki, qərarın icrası Filialın səlahiyyəti xaricində olduğundan bununla bağlı xx.xx.2022-ci il tarixdə təkrar olaraq Fonda müraciət edilmişdir və qərarın icrası ilə bağlı tədbirlər görülməkdədir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən mənə verilmiş xx.xx.2022-ci il tarixli məktubda nəhayət ki, qərarın 5 aydan sonra (qəbul edildikdən 7 ay sonra) icra olunduğu göstərilmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində çoxsaylı sarsıntılar keçirmiş, eyni zamanda şəkər xəstəliyinə düçar olmuşdur. Belə ki, X4 X5 tərəfindən verilmiş xx.xx.2021ci il tarixli diabetik testin cavabı, Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli cavabı bu faktı təsdiq edir və daimi müalicə qəbul edir. O, heç zaman xəstə olmamış, xəstəliyi məhz cavabdehin ona qarşı etdiyi qanunsuzluqlardan sonra baş vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(112)-5479/2020 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək X9 Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına köçürdüyü 10663,82 manat vəsaitin İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (Hakim: P.Hüseynov). Filial tərəfindən Bakı İnzibati Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 27 sentyabr 2021-ci il tarixli 2-1(103)-1187/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edərək iddiaçının iddia tələbini rədd etmişdir (Sədrlik edən: V.Məmmədov). İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, nəticədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-1(102)-2372/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının iddiası təmin edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən 7 fevral 2022-ci il tarixli 2-1(112)-5479/2020 nömrəli məktubla Filiala müraciət edilərək Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı qanuni qüvvəsini aldığından məhkəmə qərarının icra edilərək icrası barədə qısa müddət ərzində məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin (bundan sonra - MEİS) 2-ci bəndində strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası qeyd edilmişdir. Əsasnamənin 2.3.6- cı yarımbəndinə əsasən, “Sığorta” (Hesabat) altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması nəzərdə tutulmuşdur. Əsasnamənin 1,2-ci bəndinə əsasən MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. Nazirliyin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “DOST X1" MMCnin Nizamnaməsinin 3.1-ci yarımbəndinə əsasən, Cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsini, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsini, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsini, informasiya sistemlərinə dəstəyin göstərilməsini və inkişaf etdirilməsini, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işini təmin edir. Qeyd olunanları nəzərə alaraq, Ali Məhkəmənin Qərarının icrasının təmin edilməsi məqsədilə texniki düzəlişlərin edilməsi Filialın səlahiyyətləri xaricində olduğundan Filialın 14 mart 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə müvafiq düzəlişlərin edilməsi üçün aidiyyəti üzrə Fonda müraciət edilmişdir. Fond 19 may 2022-ci il tarixli **********8 nömrəli məktubu ilə Nazirliyin tabeliyində “DOST X1" MMC-yə (bundan sonra - "xxxx" MMC) müraciət edərək Ali Məhkəmənin Qərarının qəti olmasını nəzərə alaraq. Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a (Forma B3) əsasən fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqının azaldılaraq sığortaolunan İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq bölüşdürülməsi və fərdi şəxsi hesabında əks olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. "xxxx" MMC Fonda 22 iyun 2022-ci il tarixli **********9 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən, təqdim olunan siyahı üzrə sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmin məbləğ sığortaolunan İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq fərdi şəxsi hesabına bərkidilməsi təmin edilmişdir. Fond tərəfindən Filiala 1 iyul 2022-ci il tarixli **********4 nömrəli məktubla bildirilmişdir ki, Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2- 1(102)-2372/2021 nömrəli Qərarı əsasında Birlik tərəfindən sığortaolunan İddiaçı xeyrinə ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı sığortaedən tərəfindən təqdim edilmiş 2015-ci il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanların fərdi şəxsi hesablarından azaldılaraq İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq MEİS-in “Sığorta” (Hesabat) altsistemində **********513 nömrəli fərdi şəxsi hesabına bərkidilməsi təmin olunmuşdur. Filial Bakı İnzibati Məhkəməsinə və Birliyə 4 iyul 2022-ci il tarixli **********4 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2- 1(102)-2372/2021 nömrəli Qərarı tam icra edilmişdir. Göründüyü kimi, Nizamnamədə MEİS-in “Sığorta” (Hesabat) altsistemində sığortaolunanların fərdi şəxsi hesabına texniki düzəlişlərin edilməsi "xxxx" MMC-nin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Bu səbəbdən Ali Məhkəmənin Qərarının icra edilməsi üçün tərəfimizdən Fonda müraciət edilmişdir. Fond tərəfindən isə aidiyyəti üzrə "xxxx" MMC-yə müraciət edildikdən sonra Qərar icra edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı Filiala 15 fevral 2022-ci il tarixdə müraciət edərək Ali Məhkəmənin Qərarının icra edilməsini xahiş etmişdir. Filial tərəfindən 15 mart 2022-ci il tarixli **********6 nömrəli məktubla bildirilmişdir ki, Qərarın icrası ilə bağlı Fonda müraciət edilmişdir. İddiaçı Filiala 4 may 2022-ci il tarixdə təkrar eyniməzmunlu müraciət etmiş, Filialın 18 may 2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bildirilmişdir ki, Qərarın icrası ilə bağlı Fonda təkrar müraciət edilmişdir. “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyü”nə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının aşağıda qeyd olunan maddələrinə əsasən iddia mümkünsüz sayılmalıdır. Maddəsinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri şərt onun mümkünlüyüdür. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünsüz sayılmasının ilkin səbəbi olaraq bildiririk ki, yuxarıda qeyd edilənlərə və İnzibati Prossesual Məcəllənin 35.1-ci maddəsinə əsasən Filial iddiaçının hüququnun pozulması ilə nəticələnən qanunsuz inzibati akt qəbul etməmiş, hərəkət və ya hərəkətsizlik etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının hazırkı tələblə cavabdehə müraciət ərizəsinin surəti və müraciətini təsdiq edən poçt qəbzinin surəti. - İddiaçı AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)- 2372/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyanın dəyməsi işin məhkəmə araşdırılması ilə sübut olunmadığından, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının maddi ziyanla bağlı dəlilinə münasibətdə müəyyən etmişdir ki, iddiaçı iddia tələbində 50000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı tərəf şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə də əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçıya mənəvi zərərin vurulması ilə bağlı iddiaçının şikayətinin dəlilinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının tələbi əsaslı sayıla bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin təqsiri (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. İddiaçı hüququnun pozulması və cavabdehin qanunsuz hərəkətləri səbəbindən keçirdiyi sarsıntı nəticəsində ona mənəvi ziyan vurulduğunu iddia edərək, Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli testin cavabına əsasən diabet xəstəsi olduğunu qeyd etsədə iddiaçının düçar olduğu xəstəlik ilə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında əlaqənin olması ilə bağlı heç bir qeydin olunmadığını və səhhətinə hər hansı bir mənəvi ziyan dəyməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 50000 (əlli min) manat miqdarında hesablanmasına əsas verən hər hansı bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddiaçıya dəymiş 50000 manat mənəvi ziyanın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından onun xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev