Məhkəmə qərarları › İş №2-1(112)-1120/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1120/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1120/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsinə qarşı vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 3000 (üç min) manat, mənəvi ziyana görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat vəsaitin cavabdehdən tutularaq vurulmuş zərərə görə kompensasiya kimi ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin sonunda xaricdən öz şəxsi istifadəsi üçün aldığı “CHEVROLET MALİBU” minik markalı, 1490 sm. mühərrik həcmi, ağ rəngli, buraxılış ili 2019-cu il olan, qəzalı vəziyyətdəki avtomobilə dair xx xxxxx 2020-ci il tarixdə müvafiq gömrük rəsmiləşdirməsi aparılmış və həmin gömrük rəsmiləşdirilməsi aparılan zaman ondan artıq ödəniş alınmışdır. Sözügedən gömrük rəsmiləşdirmə işləri cavabdehin ünvanında - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən cavabdehə məxsus inzibati binada həyata keçirilmişdir. Belə ki, bütün lazımi sənədlərə malik olmağına baxmayaraq israr və təkidlərlə ondan külli miqdarda artıq gömrük ödənişləri (vergi, rüsum, haqq) kimi ödəməyi təmin olunmuşdur. Gətirdiyi avtomobilin rəsmi olaraq gömrük rəsmiləşdirmə xərci cəmi 3450 manat olduğu halda ondan cəmi 6554,12 manat banka ödəniş etməyi təkid edilmişdir. O bunun doğru olmadığını, onun tələb olunan bütün sənədlərə (invoys, bank sənədləri, valyuta alışı, bank köçürməsi sənədləri və s.) malik olduğundan onun qanun qaydalara uyğun olaraq təqdim etdiyi sənədlərdəki rəqəmlər əsas götürülməli olduğunu israrla söyləsə də gömrük əməkdaşları (adlarını bilmədiyi “qiymətləndirmə otağı”ndakı gömrük əməkdaşları, otaqda iki nəfər idilər) əgər israr edərsə ona baha başa gələcəyini, 7000 manatdan da çox ödəməli olacağını, əlavə olaraq maşının saxlanc xərcləri və cərimələr ödəyəcəyini təkidlə bildirmişlər. Bu şəkildə ona bir çox kağızlara imza atdırıb banka göndərmişlər. O, özünü çarəsiz hiss edib onlar dediyi kimi etmiş, banka gedərək tələb olunan məbləği banka ödəmişdir. Lakin o, narazı qalmış, stress keçirmiş, özünü haqsızılığa uğramış hiss etmişdir. Buna görə Dövlət Gömrük Komitəsinə, Komitənin bütün rəhbərlərinə (sədr və müavinlərə) şikayət yazıb göndərmişdir, ödədiyi əlavə gömrük ödənişlərinin ona geri qaytarılmasını xahiş etmişdir. Onun yazdığı şikayətə cavab olaraq cavabdeh tərəfindən göndərilən məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasına gətirdiyi avtonəqliyyat vasitəsi **********0095 nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında özünüz tərəfindən təsdiq etdiyi məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmişdir”. Cavab məktubunda qeyd olunan **********0095 nömrəli gömrük bəyannaməsi onun iradəsini əks etdirmir. Qeyd etdiyi kimi ona daha artıq xərcin çıxacağı ilə qorxudaraq, “onda daha artıq hesablanacaq”, “maşın gömrükdə qalacaq”, “cərimələr olacaq”, “əlavə saxlanc xərcləri olacaq”, “200 manat ödəyib təkrar başdan başlamalı olacaqsan” və s. sözlər söyləməklə onun artıq ödəniş etməyi təmin olunmuşdr. Doğrudur o, bu ödənişləri banka etmiş, gömrük məmurlarına verməmişdir. Ancaq haqsız olaraq ondan artıq ödəniş alınmışdır və orada şahid olmuşdur ki, çox adamdan artıq ödəniş alırlar. Lakin onun da şahidi olmuşdur ki, çox adamın sənədləri qaydasında olmur, amma onun sənədəri qaydasında idi. Onun cəmi gömrük ödənişləri ən az 3449.1 manat, ən çox isə 4345.79 manat ola bilərdi. O, hesab etmişdir ki, avtomobilin istehsal tarixi 1 ildən az olduğu üçün 3449.1 manat hesablanmalıdır. İstehsal tarixini 1 ildən çox hesablansa belə yenə 4345.79 manat edir ki, bu da indikindən alınan ödənişdən xeyli azdır. İkinci halda belə ondan 2208 manat artıq ödəniş alınmışdır deməkdir. Cavabdeh tərəfindən ondan artıq ödəniş alınması təmin olunduğundan ona dəyən maddi zərər 3000 manatdan artıqdır (6554,12-3449,1=3105). Ona stress yaşadaraq mənəvi zərər də vurulduğu üçün onun cavabdehdən mənəvi zərərin də əvəzini tələb etməkdə haqlıdır. Mənəvi zərəri 5000 manat olaraq qiymətləndirir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki iddiaçının tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X2 New York şəhərinin “X6 İnc” şirkətindən idxal etdiyi mənşə ölkəsi X1, 2019-cu il buraxılışlı, mühərrikinin həcmi 1490 sm3, şassi/ban nömrəsi 1G1ZD5ST5KF162733 olan “Chevrolet Malibu” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə **********0095 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********0095 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 5194,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 20400,00 manat, 46-cı qrafasında statistik dəyəri 12000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120,00 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30,00 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 1773,10 manat, aksiz vergisi 447,00 manat, əlavə dəyər vergisi 4098,62 manat, nəqliyyat vasitəsinin ekspertizasına görə 30,00 manat, texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsinə görə 20,00 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 6554,12 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı **********0095 sorğu nömrəli gömrük bəyannaməsilə bağlı İddiaçı ilə Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük idarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddiaçının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, elektron formada ərizələrlə X7 Baş Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizələr gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. İddiaçı **********0095 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini xx.xx.2020-ci il tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. İddiaçı ilə gömrük orqanı əsasında gömrük dəyəri ilə bağlı mübahisə mövcud olmadığı üçün iddiaçı gömrük rəsmiləşdirilməsi aparılan zaman yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etməmişdir. İddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. İddiaçı **********0095 sorğu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. **********0095 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı elektron formada təsdiqləyərək təqdim etdiyi **********0095 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün İddiaçı təsdiqlədiyi **********0095 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə doğulmuşdur. - “X6 İnc” Şirkəti tərəfindən verilmiş 2412-2/19 №-li, xx.xx.2019-cu il tarixli invoysun surətindən görünür ki, “2019 Chevrolet Malibu” markalı avtomobilin hərracdan alınması üçün İddiaçı ümumilikdə 5.178 ABŞ dolları ödəməlidir. - xx.xx.2019-cu il tarixli xarici valyutada köçürmə orderinin surətindən görünür ki, İddiaçı tərəfindən “X6 İnc” Şirkətinin hesabına 2412-2/19 №-li invoys üzrə 5178 ABŞ dolları köçürmüşdür. - “X6 İnc” Şirkəti tərəfindən verilmiş 2803-3/20 №-li, xx.xx.2020-ci il tarixli invoysun surətindən görünür ki, "2019 Chevrolet Malibu” markalı avtomobilin daşınması üçün İddiaçı 1.000 ABŞ dolları ödəməlidir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının xx.xx.12789.20 №-li, xx.xx.2020-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, sifarişçi İddiaçı, istehsalçı General Motors, X3, inspeksiya xidmət orqanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı, avtonəqliyyat vasitəsi Kateqoriya M1. Benzin mühərrikli, 1490 sm, buraxılış ili 2019 olan VİN:1G1ZD5ST5KF162733, Chevrolet Malibu qeyd olunmuşdur. - **********0095 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, "X6 İnc” Şirkəti tərəfindən İddiaçı adına göndərilmiş minik avtomobili (Chevrolit Malbu ili:2019 müh. Həcmi: 1490 sm3 şassi/ban no: 1G1ZD5ST5KF162733) invoys dəyəri 5194,00 ABŞ dolları, gömrük dəyəri 20400 manat, statistik dəyəri 12000 manat qeyd olunmaqla gömrük rüsumu 6554,12 AZN hesablanmış və həmin bəyannamə İddiaçı tərəfindən təsdiq edilmişdir. - “xxxx” ASC-nin 3 saylı şöbəsi tərəfindən verilmiş **********0095 №-li, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən Dövlət Xəzinədarlığı Agentliyinə **********0095 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə hesablanmış cəmi 6554,12 manat ödənilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 2100-012/0xx-xx/000494 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasına gətirdiyi avtonəqliyyat vasitəsi **********0095 nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında özü tərəfindən təsdiq etdiyi məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “X6 İnc” Şirkətinin hesabına “2019 Chevrolet Malibu” markalı avtomobilinin alışı üçün 5.178 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş, şirkət tərəfindən qeyd olunan avtomobil Azərbaycan Respublikasına idxal edilmiş, avtomobil xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim və təsdiq etdiyi gömrük bəyannaməsinə əsasən rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən təqdim və təsdiq edilmiş gömrük bəyannaməsində avtomobilin gömrük dəyəri 20400 manat qeyd olunmuş, həmin məbləğə uyğun 6554,12 manat gömrük rəsmiləşdirmə xərci hesablanmış, qeyd olunan məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı idxal etdiyi avtomobilə görə ödədiyi gömrük rəsmiləşdirmə xərcinin ondan artıq tutulduğunu iddia edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. - 1.0.2-ci maddəsinə əsasən bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxsdir. - 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. - 1.0.12-ci maddəsinə əsasən gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. - 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. - 1.0.34-cü maddəsinə əsasən mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələridir. - 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. - 40.3-cü maddəsinə əsasən gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir. - 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. - 104-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. - 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. - 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. - 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. -148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. - 150.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. - 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. - 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. - 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlavə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu. - 242.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. - 242.2-ci maddəsinə əsasən Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. - 242.4-cü maddəsinə əsasən gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. - 242.5-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. - 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. - 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri mallar qüsurlu olduqda; gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. - 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. - 299.4-cü maddəsinə əsasən fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. - 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsindən; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsindən; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsindən; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılmasından; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsindən; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsindən; radiasiya təhlükəsi olan malların müəyyən edilməsindən; malların gömrük dəyərinin təyin olunmasından; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsindən ibarətdir. - 322.2, 322.3 və 322.5-ci maddələrinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun: - 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. - 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. - 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. - 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə müəyyən edilir. Qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi idxal edilmiş nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı bəyan edənin təqdim etdiyi gömrük bəyannaməsinə əsasən hesablamalar həyata keçirilir. Həmin bəyannamədə malın gömrük dəyəri bəyan edən tərəfindən göstərilir. Bəyan edən gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük orqanından müvafiq ekspertizanın keçirilməsini tələb edə bilər. Hazırki mübahisə üzrə gömrük bəyannaməsi İddiaçı tərəfindən təsdiq edilmiş, gömrük bəyannaməsi təsdiq edilən zaman malın gömrük dəyəri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bəyannamədəki məlumatların düzgünlüyünə görə cavabdehlik və məsuliyyət iddiaçıya aiddir. Gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannaməsində iddiaçı sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmiş və idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmiş, iddiaçının hüquqlarına qanunsuz müdaxilə məhkəmə araşdırılması zamanı təsdiqini tapmamışdır. Bu əsasla da məhkəmə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar