Məhkəmə qərarları › İş №2-1(112)-11243/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11243/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11243/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakı, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 443 kv.m qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq çıxarışın və texniki pasport verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 noyabr 2021-ci il tarixli 2-1(112)-11243/2021 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 443 kv.m qeyri-yaşayış binası ona məxsusdur. Sabunçu RİH-nin xx.xx.2012-ci il tarixli, 58 nömrəli sərəncamı ilə həmin əmlakın tikintisinə icazə verilmiş, həmin RİH-nin xx.xx.2012-ci il tarixli, 212 nömrəli sərəncamı ilə isə qeyri-yaşayış binasının istismarına icazə verilmiş və qeyd edilən sərəncamlar əsasında müvafiq olaraq 17 dekabr 2013-cü il tarixli istismara hazırlıq aktı və xx.xx.2015-ci il tarixli istismara icazə aktı iddiaçıya mənə təqdim edilmişdir. Bundan əlavə, qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi 481.4 kv.m torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2021-ci il tarixli, 434 nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı qeyd edilən sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, lakin İdarə tərəfindən ona **********86 saylı, xx.xx.2021-ci il tarixli imtina verilmişdir. Hesab edirm ki, imtina qanununvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 443 kv.m olan qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən qeyri-yaşayış binasına dair “Tikintiyə icazə” və “Tikinti obyektinin istismarına” icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, layihədə göstərilən qeyri-yaşayış binasının arakəsmələri inşa edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********86 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir...Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2012-ci il tarixli, 18/03-8/1382 saylı məktubdan görünür ki, sonuncunun xx.xx.2012-ci il tarixli M-93 saylı müraciət məktubu nəzərə alınaraq, vətəndaş İddiaçı məxsus Sabunçu rayonu, ünvan 7 ünvanında tikintisi nəzərdə tutulmuş qeyri-yaşayış obyektinin eskiz həlli ("xxxx" MMC-nin işi.memar A.Abdulkərimova) müstəsna hal olaraq razılaşdırıldığı, sahədə aşkar olunmamış mühəndisi komunikasiya xətləri qeydə alınarsa, onların sahədən çıxarılması aidiyyəti təşkilatlarla razılaşdırmaqla sifarişçinin vəsaiti hesabına həyata keçirilməli olduğu qeyd edilmişdir. - Bakı şəhər Sabunçu rayon Hakimiyyəti Başçısı tərəfindən verilmiş “ünvan 4 ünvanında İddiaçın qeyri-yaşayış obyektinin tikintisinə razılıq verilməsi barədə” 28 avqust 2012-ci il tarixli 58 saylı Sərəncamda qeyd edilmişdir: Əliyev X4 Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı sahə ünvanında yerləşən qeyri-yaşayış obyektinin tikintisinə razılıq verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı sahə ünvanında təqdim edilmiş layihəyə uyğun olaraq İddiaçı tərəfindən qeyri-yaşayış obyektinin tikintisinə razılıq verilməsi ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən M-93 saylı, xx.xx.2012-ci il tarixli məktubla Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Sabunçu RİH aparatına daxil olmuş 18/03-8/1312 saylı, xx.xx.2012-ci il tarixli məktubda İddiaçı Sabunçu rayonu,ünvan 7 ünvanında təqdim edilmiş layihə əsasında qeyri-yaşayış obyektinin tikintisinə etiraz edilmədiyi bildirilmiş və qeyd edilən layihə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq: İddiaçı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı sahə ünvanında Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış 18/03-8/1312 saylı, xx.xx.2012-ci il tarixli layihəyə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə razılıq verilsin. Vətəndaş İddiaçı tapşırılsın: tikintinin aparılacağı torpaq sahəsinə qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnu təsdiq edən sənəd alınsın; tikinti ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınsın; işçi layihəsinin memarlıq-planlaşdırma bölməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edilərək Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılsın; tikinti obyekti üçün təchizat müəssisələri tərəfindən texniki şərtlərin alınması təmin edilsin; -tikinti işləinin aparıldığı ərazinin tullantılardan təmizlənməsi məqsədi ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlansın. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının «Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı sahə ünvanında yerləşən vətəndaş İddiaçı məxsus qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi barədə» 12 may 2015-ci il tarixli, 212 saylı Sərəncamdan görünür ki, vətəndaş İddiaçı tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısına ərizə ilə müraciət edilərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı sahə ünvanında yerləşən ona məxsus qeyri-yaşayış obyektinin istismarına icazə verilməsini xahiş etdiyi, Sabunçu rayon İcra Hakimiyyəti başçısının 58 saylı 28 avqust 2012-ci il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı sahə ünvanında yerləşən qeyri-yaşayış binasının tikintisinə razılıq verildiyi, tikintiyə dair aidiyyəti təşkilatlardan müvafiq rəylər və kommunikasiya təminatı sistemləri ilə bağlı aktların alındığı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən inşa edilmiş tikintiyə 17 dekabr 2013-cü il tarixli, №0/001136 saylı hazırlıq aktının verildiyi qeyd olunmuşdur. Qeyd olunan Sərəncama əsasən ünvan 4 ünvanda inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış obyektinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş formaya uyğun istismar aktı verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, ünvan 4 ünvandakı qeyriyaşayış binasının yerləşdiyi 481.4 kv.metrdən ibarət torpaq sahəsinin icarəyə verilməsinə dair 27 may 2021-ci il tarixli, 434 №li icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən qeyriyaşayış binasının müfəttişlik tərəfindən Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsini təsdiq edən Ö/001136 №li 17 dekabr 2013-cü il tarixli tikintinin istismarına hazırlıq Aktı verilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının eskiz layihəsinin surətindən görünür ki, İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş qeyri yaşayış obyektinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. - Tikinti obyektinin 31 nömrəli 12 may 2015-ci il tarixli istismarına İcazə sənədindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı ünvanında yerləşən İddiaçı məxsus tikinti layihəsinə uyğun inşa edilmiş 1 mərtəbəli qeyriyaşayış obyektinin istismarına icazə verilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya verilmiş 29 sentyabr 2021-ci il tarixli, **********86 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən qeyri-yaşayış binasına dair “Tikintiyə icazə” və “Tikinti obyektinin istismarına” icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, layihədə göstərilən qeyri-yaşayış binasının arakəsmələri inşa edilməmişdir. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 nömrəli qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər əlavə olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı ona məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq çıxarışın və texniki pasport verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İşin faktiki hallarından müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq Müqavilənin) və istismara icazə sənədinin (Tikinti obyektinin istismarına İcazənin) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin imtina məktubunda qeyd etdiyi tikintiyə icazə sərəncamının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmədiyinə dair dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, münasibətlərin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsasən tikintiyə icazə sərəncamının deyil, qərarın qəbul edilməsi tələbi nəzərdə tutulmuşdur ki, həmin qərarın forma və məzmunu nəzərdə tutulmadığından, yuxarıda qeyd edilən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci il tarixli, 18/03-8/1312 nömrəli məktubu tikintiyə icazə verilməsinə dair inzibati akt kimi qəbul edilməlidir. Belə ki, məhkəmə təcrübəsində digər işlərlə bağlı (yuxarı instansiya məhkəmələrində) tərəfindən formalaşmış hüquqi mövqeyə əsasən qüvvədə olan qanunvericilikdə hər hansı məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilməli olan inzibati akt qəbul edilmədikdə və həmin inzibati orqanın qeyd edilən məsələ ilə bağlı öz iradə ifadəsini məktubda göstərdiyi hallarda həmin məktub inzibati akt kimi qiymətləndirilir. Qeyd olunanlarla bağlı məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə - yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75 -ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11 -ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Həmin Məcəllənin 75.10-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Həmin Məcəllənin 75.11 -ci maddəsinə əsasən Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Beləliklə, iş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti Başçısına ünvanlanan xx.xx.2012-ci il tarixli, 18/03-8/1382 saylı məktuba əsasən vətəndaş İddiaçı məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi, 30 saylı sahə ünvanında tikintisi nəzərdə tutulmuş qeyri-yaşayış obyektinin tikintisi müstəsna hal olaraq razılaşdırılmış, Bakı şəhər Sabunçu rayon Hakimiyyəti Başçısı tərəfindən verilmiş 28 avqust 2012-ci il tarixli 58 saylı Sərəncama əsasən qeyri-yaşayış obyektinin tikintisinə razılıq verilmiş, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 12 may 2015-ci il tarixli, 21 saylı Sərəncamına əsasən qeyri-yaşayış obyektinin istismarına icazə verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən qeyri-yaşayış binasının yerləşdiyi 481.4 kv.metrdən ibarət torpaq sahəsinin icarəyə verilməsinə dair 27 may 2021-ci il tarixli, 434 №li icarə müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən sözügedən qeyri-yaşayış obyektinin istismarına hazırlıq Aktı verilmiş, o cümlədən obyektin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq, istismarına icazə verilmişdir. Göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına icazə verilməsi, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Başqa sözlə iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair yuxarıda sadalanan sənədlərinin olduğu təqdirdə cavabdeh inzibati orqan tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq çıxarışın və texniki pasport verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq çıxarışın və texniki pasport verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar