Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11262/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs: Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti) “parklanma talonunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi X5 Əmir oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs: Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti) “parklanma talonunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AA seriyalı 396581 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) 1993-cü ildə Zəngilan rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malik olmuş və Nəsimi rayonunda müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Nərimanov rayonu sektorunun 793 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən Zəngilan rayonu, Vənətli kəndindən məcburi köçkün İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Grand Cherokee markalı, **-SB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İddiaçı fərdi parklanma talonunun verilməsi barədə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydasfnın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 22 aprel tarixli 187 nömrəli Qərarına əsasən təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri müraciət edərək fərdi parklanma talonu aldıqdan sonra, həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. Məlumat üçün qeyd edirik ki, şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbi olduğundan, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Şəxs yaşayış yeri üzrə qeydiyyata alındıqda onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qeyd edilənləri nəzərə alaraq, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqli olduqda fərdi parklanma talonunun verilməsi müsbət həll oluna bilmir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2 məxsus olan “Mersedes Benz-320” markalı, **-XG-*** dövlət nömrə nişanlı avtomobilini yaşadığı ünvanın ərazisində parklamaq üçün ona Fərdi parklanma talonunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “iddiaçıya məxsus olan Grand Cherokee markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələrlə əlaqədar olaraq 1993-cü il tarixdə Zəngilan rayonundan məcburi köçkün düşərək ünvan 1 ünvanda məskunlaşmışdır. Ona məxsus olan avtomobilini yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə Fərdi parklanma talonunun verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmişdir. AYNA iddiaçının müvəqqəti məskunlaşdığı ünvanda deyil, işğaldan yeni azad olunmuş Zəngilan rayonu, Vənətli kəndində daimi qeydiyyatda olduğunu əsas gətirərək ona Fərdi parklanma talonunun verilməsindən imtina etmişdir. Qeyd edir ki, iddiaçı Zəngilan rayonu, Vənətli kəndində daimi qeydiyyatda olmasına baxmayaraq, Hökumət portalında yaşayış yeri ünvan 1 ünvan qeyd edillmşdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (“Agentlik”) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda əksini tapmışdır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Həmin Qanunun 2.2-ci bəndinə əsasən fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Həmin Qanunun 2.3-cü bəndinə əsasən fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Belə ki, Qaydanın 1.3.1-ci yarımbəndinə əsasən parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar deyildikdə təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar nəzərdə tutulur. Həmin Qanunun 2.4-cü bəndinə əsasən müraciətə minik avtomobilinin istifadəçisi tərəfindən Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti əlavə edilir. Həmin Qanunun 2.10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur. Həmin Qanunun 2.11-ci bəndinə əsasən fərdi parklanma talonu zədələndikdə və ya itirildikdə, nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən Qaydanın 2.3 -cü bəndinə uyğun olaraq təkrar müraciət edilir və onlara fərdi parklanma talonunun dublikatı verilir. Həmin Qanunun 2.17-ci bəndinə əsasən bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onu qeydiyyatda olduğu yer hesab edilir. Eyni zamanda, Qaydanın 2 nömrəli Əlavəsində olan ərizə nümunəsində şəxsin qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun verildiyi bir daha öz təsdiqini tapır. Bu səbəbdən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonun verilməsi qanunaziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin İİİ hissəsinə əsasən dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 88.1-ci maddəsinə əsasən normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. Həmin Qanunun 88.2-ci maddəsinə əsasən normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Həmin Qanunun 90.1ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Odur ki, göründüyü kimi normativ hüquqi aktların şərh edilməsi AR Konstitusiya Məhkəməsinə aid edilmişdir. Eyni zamanda, ölkə başçısı tərəfindən “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanda Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. "Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 53. Parklanma İ. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. İİ. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir. İİİ. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Vİİİ. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 24 nömrəli Fərmanı: Bənd 2.5. həmin Qanunun 6-1-ci maddəsinin İİ hissəsində, 9-cu maddəsinin 1-ci və 8-ci hissələrində, 9-1-ci maddəsinin İ hissəsinin ikinci cümləsində və İV hissəsində, 16-cı maddəsinin 1-ci hissəsinin ikinci cümləsində, 24-cü maddəsinin 4cü hissəsində, 25-ci maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin İİ hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda), 6-1-ci hissəsində, 30-cu maddəsinin 3-cü və 4-cü hissələrində, 31-ci maddəsinin 1-ci hissəsində, 34-cü maddəsinin İ hissəsində, 35-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində və 53-cü maddəsinin İİİ və Vİİİ hissələrində, Xİİ hissəsinin birinci cümləsində və nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bənd 2.34. həmin Qanunun 53-cü maddəsinin İ və İİ hissələrində, XİX hissəsinin ikinci və üçüncü cümlələrində və XXV hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”: Bənd 1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar; 1.3.2. pulsuz parklanma yerinin ayrılması - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXİİİ hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılması. Bənd 2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Bənd 2.2. Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Bənd 2.3. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. Bənd 2.4. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.4.1. minik avtomobilinin istifadəçisi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə; 2.4.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti; 2.4.3. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti; 2.4.4. nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanı: Bənd 2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 12. ... Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 28 iyun 2024-cü il tarixli 1-8-10/2- 1204/2024 saylı məktubunda göstərilmişdir ki, “...Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu kəndlərindən olan məcburi köçkünlər artıq 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerlərə qayıtdıqlarına, eləcə də kənd sakinlərinin faktiki olaraq orada yaşadıqları və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyinə görə, 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən onların məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı bildirilir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi fərdi parklanma talonu avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçilərinə verilir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı Zəngilan rayonu, Vənətli kəndindən məcburi köçkündür, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır, həmçinin “Grand Cherokee” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11262/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “iddiaçıya məxsus olan Grand Cherokee markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi” barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir. Cavabdeh tərəfindən qərardadın icrası ilə bağlı xx.xx.2024-cü il tarixli məktub məhkəməyə göndərilmişdir. Həmin məktubda göstərilmişdir: “... Məlumat üçün bildiririk ki, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 14, mənzil 1 ünvanına 100 metr məsafədə P10447, P10448, P10449, P10461, P10462 və P10463 nömrəli ödənişli parklanma məntəqələri təşkil olunmuşdur. Lakin iddiaçının şəxsiyyət vəsiqəsində Zəngilan rayonu, Vənətli kəndi ünvanı qeyd edildiyindən və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən, İddiaçı fərdi parklanma talonunun verilməsi qeyri-mümkündür.” Göründüyü kimi, cavabdehə məhkəmənin qərardadında göstərilmiş mövqe nəzərə alınmaqla iddiaçının müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilsə də, cavabdeh yenidən iddiaçının tələbini təmin etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının müraciətini təmin edilməsindən imtina edərkən, onun Zəngilan rayonu, Vənətli kəndindən məcburi köçkün olmasını və həmin ststusun hazırda qüvvədə olmasını nəzərə almamışdır. Cavabdeh orqanın mövqeyi ilə razılaşmaq o anlama gələr ki, məcburi köçkünün şəxsiyyət vəsiqəsində yaşayış yeri onun daimi yaşayış yerini tərk etməyə məcbur olduğu yaşayır yeri olduğundan o, hazırki vəziyyətdə qanunvericiliyin verdiyi bu imkandan istifadə edə bilməz. Məcburi köçkün ya bu hüquqdan istifadə etməməli, ya da bu hüquqdan istifadə etmək üçün hökmən daimi yaşayış yerini (tərk etməyə məcbur olduqları yaşayır yerini) dəyişməlidir, başqa cür məcburi köçkün tərk etdiyi daimi yaşayış yerinə qayıdanadək bu hüquqdan istifadə edə bilməz. Belə yanaşma isə qəbul edilən deyil. Beləliklə, məhkəmə iddiaçının məcburi köçkün olmasını və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yerinin Zəngilan rayonu, Vənətli kəndi olmasını əsas gətirərək imtina verməsi əsassızdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və İddiaçı məxsus olan “Grand Cherokee” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın (məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanının) ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan “Grand Cherokee” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın (məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanının) ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(112)-11262/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11262/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver